Məhkəmə qərarları › İş №2(105)-633/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-633/2024

01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-633/2024 01.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənəvi ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X20 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4087/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci ildə travmatik şok səbəbindən ölmüşdür.

2. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1995-ci il tarixdə anadan olan Dadaşzadə (Sultanova) Kəmalə Gülmirzə qızının anası X1, atası X10r.

3. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı həyat yoldaşı X10r.

4. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-154/2022 nömrəli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 18 (on səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən maddi ziyana görə 500 manat, qızının qətlə yetirilməsinə görə dəymiş mənəvi zərərə görə 30000 manat, onun sağlamlığına vurulmuş xəsarətlərə görə dəymiş mənəvi zərərə görə 10000 manat məbləğində pulun Cavabdeh alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Cəfər Cabbarlı küçəsi 45 nömrəli evin yaxınlığında, əvvəllər nikahda olduğu, lakin Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-437/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş X2 qisas almaq niyyəti ilə öldürmək qərarına gəlmiş, həmin vaxt üzərində olan bıçaqla Kəmalə Sultanovanın ilkin olaraq ürək və qarın boşluğu nahiyələrinə zərbə vurmuş, K.Sultanovanın yıxılmasına, onun yalvarışlarına, ətrafda olan şəxslərin müdaxiləsinə, həmin vaxt yaxınlıqda olan azyaşlı uşaqlarının “ata eləmə” demələrinə baxmayaraq, öz ictimai borcunu yerinə yetirərək cinayətin qarşısını almaq istədiyi zaman Cavabdeh onu qəsdən 1.9 metr hündürlükdən itələyərək, yenidən K.Sultanovanın yanına qaçmış və müstəsna qəddarlıq nümayiş etdirərək, azyaşlı uşaqlarının gözü qarşısında həm azyaşlı övladlarına, həm də mərhum K.Sultanovaya xüsusi əzab verdiyini dərk edərək K.Sultanovanın həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi nahiyələrinə ümumilikdə 25 bıçaq zərbəsi vuraraq K.Sultanovanı qətlə yetirmişdir. Cavabdeh onu 1.9 metr hündürlükdən qəsdən itələyərək yıxması nəticəsində ona sol yanaq, sağ almacıq, sağ said, sol ayaq pəncəsinin sıyrıqları, sağ bazu, sol said nahiyəsinin qançırları, sağ ayağının iç topuğunun və pəncə nahiyələrinin aşıq-baldır oynağında hərəkət məhdudluğu ilə müşaiyət olunan qançırşişkinliyi kimi sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik və 1 bel fəqərəsinin kompression sınığı kimi sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə, həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığının uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Hadisədən sonra Cavabdeh barəsində Abşeron Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 127.2.1-ci maddələri ilə cinayət işi başlanmış, Cavabdeh təqsirləndirilən şəxs qismində cəlb edilərək və o, isə zərərçəkmiş şəxs qismində tanınaraq cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-154/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 120.2.4 və 127.2.1-cimaddələri ilə təqsirli bilinərək ona qəti olaraq 18 (on səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd edir ki, Cavabdeh əməlləri nəticəsində o qızını itirmiş, özü isə əlil olmuşdur. Nəticədə o əzab-əziyyət çəkərək, fiziki və mənəvi iztirablar keçirməklə onda dərin psixoloji stress yaranmışdır. Bu hadisələrin nəticəsində o əsəb gərginliyindən və yuxusuzluqdan əziyyət çəkir, tibbi və psixoloji müalicəyə ehtiyacı vardır. Hadisədən sonra o uzun müddətdir ki, müalicə alır, əmək qabiliyyəti itirmiş, müayinələr və müalicələr üçün böyük məbləğdə xərclər ödəmiş və bu gün də ödəyir. Bundan başqa, hadisədən sonra o “Şəkərli diabet” xəstəliyinə düçar olmuş və hazırda xəstəliklə bağlı müalicələr alır. Cavabdeh isə hadisə törədildiyi gündən bu günədək qızına və ona qarşı törətdiyi cinayət nəticəsində çəkilmiş xərcləri ödəməmiş və heç bir maddi köməklik göstərməmişdir. Cavabdehin ona qarşı törətdiyi cinayət hadisəsi nəticəsində onun sağlamlığına vurulmuş ziyana görə çəkdiyi xərcin məbləği təxminən 500 (beş yüz) manat təşkil edir. Həmçinin cavabdehin qızına və ona qarşı törətdiyi cinayət nəticəsində qızının qətlə yetirilməsi, onun müxtəlif xəsarətlər alaraq xəstəxanada yatmağı, ona heç bir dəstək olunmaması onun fiziki və psixoloji sıxıntılar keçirməyinə, iztiraba və mənəvi sarsıntıya səbəb olmuşdur. Bunun nəticəsində ona mənəvi zərər vurulmuşdur. O, qızının qətlə yetirilməsinə görə dəymiş mənəvi zərəri 30000 (otuz min) manat, onun sağlamlığına vurulmuş xəsarətlərə görə dəymiş mənəvi zərəri 10000 (on min) manat məbləğində qiymətləndirir. Cavabdeh tələb etməyinə baxmayaraq, o, tələbi yerinə yetirməkdən, ona vurulmuş maddi və mənəvi zərəri ödəməkdən imtina edir. Ona görə də hazırda Cavabdeh onun sağlamlığına vurduğu ziyana görə çəkdiyi maddi ziyanı, qızının qətlə yetirilməsinə və onun sağlamlığına vurulmuş xəsarətlərə görə dəymiş mənəvi zərəri könüllü olaraq ödəmədiyindən ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir

7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4087/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə qızının qətlə yetirilməsinə görə vurulmuş mənəvi ziyana görə 15000 (on beş min) manat, özünün sağlamlığına vurulmuş xəsarətlərə görə vurulmuş mənəvi ziyana görə 2000 manat olmaqla, cəmi 17000 (on yeddi min) manat pulun tutularaq ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin Cavabdeh aid edilməsi, Cavabdeh iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 141 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1097-ci maddələri, “Tibbi sığorta haqqında” 28 oktyar 1999-cu il tarixli Azərbaycan Respublikası qanununun 15-2.1-ci maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarındakı hüquqi mövqeyi, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi, “Azərbaycan Respublikası Mülki Məcəllənin 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli plenum qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(012)-4087/2023 nömrəli qətnaməsinin ləğv olunması, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Belə ki, xx.xx.2013-cü il təvəllüdlü X13, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X11 onun övladlarıdır. O həbsdə, uşaqların anası X5 isə vəfat etdiyindən Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 283 saylı sərəncamı ilə dayıları X8 uşaqlara qəyyum təyin edilmiş və uşaqların saxlanılması üçün dövlət tərəfindən bir uşağa 100 manat və uşaqlar körpə olduğuna görə əlavə 100 manat olmaqla cəmi 400 manat pul vəsaiti təyin etmişlər. Lakin cavabdeh olan dayıları X8 uşaqlara qəyyum təyin edilsə də uşaqlar 24 avqust 2021-ci il tarixdən onun atasının yanında yaşayırlar və uşaqlara onun atası baxır. Atasının müraciəti əsasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 280 saylı sərəncamı ilə X4 qəyyun olmasına dair Abşeron icra hakimiyyətinin xx.xx.2021-ci il tarixli 283 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmiş və o uşaqların qəyyumu təyin edilmişdir. Uşaqlara qəyyum təyin olunması ilə əlaqədar hər ay bir uşağa 100 manat olmaqla 300 manat, körpə uşağa baxılması üçün əlavə olaraq 100 manat pul kəsilsə də X9 uşaqlara baxmadığı halda 10 ay həmin pulu “Kapitalbank” vasitəsilə almış və özü xərcləmiş, uşaqlara verməmişdir. Hazırda uşaqlara verilən 10 ay müddətində hər ay 400 manat olmaqla 4000 manat X9 tərəfindən mənimsənilmişdir. Bu barədə məhkəmədə iddia qaldırmışlar və bundan sonra iddiaçı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. X14 qətlə yetirilməsi zamanı iddiaçıya mənəvi zərər dəyməsini iddia etsə də lakin ona hansı mənəvi ziyanın dəyməsini əsaslandırmamış və məhkəmə əsassız olaraq onun iddiaını qismən təmin etmişdir.

11. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikaslı Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvülərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Lakin həmin qərarın açıqlamasında ailə üzvü dedikdə birinci növbədə ər-arvad və uşaqlar nəzərdə tutulur. Həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq yəni ailə başıcısı itirilməsi zamanı ailənin düşdüyü hal nəzərə alınaraq təzminatın tutulması və vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almasını qeyd edir. Qərarda da qeyd edldiyi kimi yaxınlarını ölümü ilə nəticələnən cinayətlər üzrə birinci növbədə ailənin düşdüyü maddi cətinliklər nəzərə alınmalı və buna görə təzminat müəyyən edilməli idi. Lakin iddiaçının qızının ölümü nəticəsində ailənin maddi vəziyyətinə hər hansı bir cətinlik yaranmamış, yeganə həmin iş üzrə zərərçəkən uşaqlar olmaqla təzminat onlara ödənilə bilər ki, uşaqları da onun atası saxlayır və bununla bağlı iddiaçı mənəvi sarsıntı keçirməsi üçün hər hansı bir cətinliklə üzləşməsini təsdiq edən sübut təqdim etməmişdir.

12. Hal-hazırda o azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilmiş və etdiyi əmələ görə cəza çəkir. Yenidən əlavə olaraq etdiyi cinayətə görə ondan mənəvi ziyana görə pul tutulması əsassızdır. Üç uşağı var əsas zərər çəkən onlardır. Çünki onlar valideynsiz qalmışlar və həmin uşaqlara da onun atası baxır. Uşaqların saxlanması üçün dövlət maddi yardım edir. Uşaqlara edilən yardımı mənimsəyən bir şəxsin öz qızı üçün mənəvi əziyyət çəkməsi inandırıcı deyildir. İmkanı olarsa uşaqlarının tələbatını ödəyər və etdiyi əmələ görə də cəza çəkir. Gələcəkdə cəzasını çəkib qurtardıqdan sonra övladlarına baxmalıdır. Əgər cəza çəkdiyi müddətdə işləyə bilsə övladlarına köməklik göstərməlidir. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına tam istinad edərək iddia tələbini bu əsasla təmin edərkən səhv nəticəyə gəlmişdir. Məhkəmənin istinad etdiyi Konstitusiya Məhkəməsinin qərarı üzrə həmin müraciətdə cavabdehin işçisinin hüquqazidd əməli nəticəsində ailə başçısını itirməsi, stress, narahatlıq, mənəvi sarsıntı keçirməsi səbəbindən ona maddi və mənəvi zərər dəydiyindən pul təzminatı ödənilməsi tələb olunmuş, bununla bağlı Konstitusiya icraatı aparılaraq cavabdeh olaraq “Azəriqaz” İB-dən mənəvi ziyana görə pul tutulmuşdur. Müraciətedən Mülki Məcəllədə mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən hüquq normasının olmaması və məhkəmələrdə belə mübahisələrin həlli zamanı qeyri-müəyyənliyin yarandığını nəzərə alaraq vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə qaldırılan məsələ üzrə müvafiq şərhin verilməsinin zəruriliyi qənaətinə etməməyin mümkün olub olmadığının aydınlaşdırılması xahiş olunmuşdur.

13. İddiaçı qızının ölümü ilə əlaqədar mənəvi sarsıntı keçirməsini və xəstəliyə düçar olmasını və buna görə ondan mənəvi zərərə görə pulun tutulmasına dair iddia qaldırsa da buna dair öz tələbinin əsası kimi məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə 17000 manat pulun tutulmasına dair qətnamə qəbul etsə də, onun maddi vəziyyətini, azyaşlı uşaqların hazırda kimin yanında qalmasını və uşaqlara kimin baxdığını və idddiaçının hansı mənəvi ziyan çəkməsini bunun onun həyat şəraitinə təsirini müəyyən etməmiş və aydınlaşdırmamışdır. Belə ki, onun üç azyaşlı uşağı vardır. Həbsdən çıxanda 50-dən artıq yaşı olacaq və o, övladlarına kömək etməklə məşğul olmalıdır. İddiaçını ancaq maddi vəsait maraqlandırır. Onun barəsində ibtidai istintaq getdiyi müddətdə idddiaçı uşaqlara baxmadığı halda qəyyumluq təyin etdirmiş və uşaqlara ödəniləcək müavinəti almışdır. Ödənilmiş müavinətin geri qaytarılması ilə bağlı iddia qaldırıldıqdan sonra iddiaçı hazırkı tələblə müraciət etmişdir. Hökmün çıxarılmasından üç ildən artıq vaxt keçmişdir. İddiaçı əgər həqiqətən də mənəvi ziyan çəkmişdirsə bunu onun iddiasından sonra deyil, hökm çıxarılarkən və ya hökmdən sonra qaldıra bilərdi. Bu onu sübut edir ki, bütün bunlar onun uşaqlara görə ödənilmiş müavinətin tələb etməsindən sonra baş vermişdir.

14. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamışdır. Yaxınlarının ölümü ilə nəticələnən cinayətlər üzrə birinci növbədə ailənin düşdüyü maddi çətinliklər nəzərə alınmalı və buna görə təzminat müəyyən edilməli idi. Lakin iddiaçının qızının ölümü nəticəsində ailənin maddi vəziyyətinə hər hansı bir çətinlik yaranmamış, yeganə həmin iş üzrə zərərçəkən uşaqlar olmaqla təzminat onlara ödənilə bilər ki, uşaqları da onun atası saxlayır və bununla bağlı iddiaçı hər hansı bir çətinliklə üzləşməmişdir. Bu səbəbdən də məhkəmənin iddiçıya həmin pulun tutulması barədə gəldiyi nəticə tamamilə əsassızdır.Məhkəmə işə baxarkən onun maddi durumunu, azyaşlı uşaqların hazırda kimin yanında qalmasını və uşaqlara kimin baxdığını nəzərə almamışdır. Sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyünə görə onun hər hansı bir sübut təqdim etməyə ehtiyacı yoxdur. Ata-anasız qalmış uşaqlara kimin sahib çıxması, övladlarına kimin baxması iddiaçının necə mənəvi iztirab keçirməsini sübut edir və bunun əlavə şərhə ehtiyacı yoxdur. Həmçinin birinci instansiya məhkəməsində iştirak edə bilmədiyindən hazırkı iddia ərizəsi üçün zəruri sənədləri təqdim edə bilməmişdir. Hazırda həmin sənədləri apellyasiya şikayətinə əlavə edir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. İddiaçı iddia ərizəsinə uyğun apellyasiya şikayətinə etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etriaz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh iclasda iştirak etməmiş, öz yazılı mülahizələrini məhkəməyə təqdım etməmişdir.

18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə 18 sentyabr 2009-cu il tarixli Qərarı

20. Mənəvi zərər şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissidir, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyətdir. Maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.

21. “Azərbaycan Respublikası Mülki Məcəllənin 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir.

“Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

22. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

26. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

27. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, Cavabdeh qətnaməni tam mübahisələndirir, iddia isə qismən təmin olunmuş, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Bu səbəbdən kollegiya Abşeron Rayon Məhkəməsinin qətnaməsini mübahisələndirilən hissəsində, yəni iddianın təmin edilən hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

36. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçının qızı X5 xx.xx.2021-ci ildə travmatik şok səbəbindən ölmüşdür. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 127.2.1-ci maddələri ilə təqsirli bilinərək, 18 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə uşaqların və İddiaçı gözü qarşısında X3 ürək və qarın boşluğu nahiyələrinə zərbə vuraraq, onların yalvarışlarına baxmayaraq, ümumilikdə 25 bıçaq zərbəsi vuraraq K.Sultanovanı qətlə yetirmişdir. Cavabdeh həmçinin Kəmalə Sultanovanın anasını 1.9 metr hündürlükdən qəsdən itələyərək yıxması nəticəsində ona sol yanaq, sağ almacıq, sağ said, sol ayaq pəncəsinin sıyrıqları, sağ bazu, sol said nahiyəsinin qançırları, sağ ayağının iç topuğunun və pəncə nahiyələrinin açıq-baldır oynağında hərəkət məhdudluğu ilə müşaiyət olunan qançır-şişkinliyi kimi sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik və 1 bel fəqərəsinin kompression sınığı kimi sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə, həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığının uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur.

37. Göründüyü kimi, cavabdeh ananın (iddiaçının) gözü qarşısında qızını xüsusi amansızlıqla öldürərək, İddiaçı mənəvi sarsıntı, iztirab vermişdir. Cavabdeh eyni zamanda iddiaçının sağlamlığına az ağır zərər vuraraq zərərçəkmişin şüuruna mənfi psixolojı təsir göstərmiş, iddiaçıya mənəvi sarsıntı, iztirab vermişdir.

38. Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq, hesab edir ki, cavabdehin hüquqazidd hərəkətlər nəticəsində ailə üzvü olan İddiaçı keçirtdiyi mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququ yaranmışdır.

39. Apellyant öz şikayətini onunla əsaslandırmışdır ki, onun uşaqlarına - xx.xx.2013cü il təvəllüdlü X13, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-i il təvəllüdlü X12 atası tərəfindən baxıldığından, iddiaçının mənəvi zərərlə bağlı iddiası təmin olunmamalıdır.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, cavabdehin həmin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi, tutulması qət edilmiş məbləğin dəyişdirilməsi üçün əsas ola bilməz.

41. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4087/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4087/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar