Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-636/2023 05.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb olunmaqla) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(060)-6861/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları xx.xx.2020-ci il tarixli BPM**********98 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı "xxxx" ASC tərəfindən illik 20 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 9400 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli kassa məxaric orderinə əsasən İddiaçı 9306 manat pulu "xxxx" ASC-dən qəbul etmişdir. Maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixə İddiaçı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 8154.84 manat məbləğində əsas borcu, 1658,15 manat faiz borcu, 0,40 manat komissiya haqqı olmaqla, ümumilikdə 9813.39 manat borcu mövcuddur. xx.xx.2022-ci il tarixli 22-11050/2022 saylı bildirişə əsasən borcun ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinini tələblərinə əsasən tələbkar qarşısında icra edilmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı barədə İddiaçı məktub ünvanlanmışdır. 293964 nömrəli qaiməyə əsasən, həmin məktub xx.xx.2022-ci il tarixdə “Qonaqbəyov” adlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN:**********) xeyrinə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2019 - Asan-Sumqayıt; FİN: xxxxxxx, d/t: xx.xx.1988) BPM**********98 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 9813 manat 39 qəpik (doqquz min səkkiz yüz on üç manat otuz doqquz qəpik) tutulması və 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 9838 manat 39 qəpik pul tutulmalıdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb olunmaqla) icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin xüsusi notariusunun 8İ-12183 saylı xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notarisu 81-12183 saylı xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən ondan BPM**********98 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 9813 manat 39 qəpik pulun tutulması müəyyən olunmuşdur. İcra qeydi Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Gülmalı Əzizovun icraatındadır. xx.xx.2022-ci il tarixdə icra məmuru icraata başlamaq haqqında qərar qəbul etmişdir. İcra qeydi ilə razı deyil. Belə ki, icra qeydi verilərkən, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin, Təlimatın 161, 162-2-ci bəndlərinin tələbləri kobud şəkildə pozulmuşdur. Onun icra qeydinin verilməsindən xəbəri olmayıb. Ondan əsassız olaraq artıq məbləğdə pul tələb olunur. Əmək haqqından tutulmalar olsa da, bu nəzərə alınmamışdır. Ona görə də hesab edir ki, icra qeydi ləğv olunmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(060)-6861/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Günel Tanrıverdiyeva) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından, o cümlədən üçüncü şəxs "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, icra qeydinin aparılması üçün notariat orqanına müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış və alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə maliyyə arayışı təqdim olunmuşdır. İddiaçı iddia tələbinin əsası kimi icra qeydinin aparılmasından xəbərsiz olmasına istinad etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Üçüncü şəxs "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 293964 saylı qaimənin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanına göndərilmiş bildiriş xx.xx.2022-ci il tarixdə “Qonaqbəyov” adlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. İcra qeydi isə xx.xx.2022-ci il tarixdə aparılmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, icra qeydi aparılmamışdan 20 gün əvvəl borclu icra qeydinin aparılacağı barədə məlumatlandırılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu və digər halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Notariat haqqında” Qanunun 76-cı maddəsinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmənin gəldiyi əsassız və qanunsuz qətnamə ilə razılaşmır. Məhkəmə maddi və prossesual hüquq normalarını düzgün tətbiq və təfsir etməmişdir. İddia tələbini rədd edərkən belə nəticəyə gəlmişdir ki, üçüncü şəxs "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 293964 saylı qaimənin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanına göndərilmiş bildiriş xx.xx.2022-ci il tarixdə “Qonaqbəyov” adlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. İcra qeydi isə xx.xx.2022ci il tarixdə aparılmışdır. Üçüncü şəxs "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 293964 saylı qaimənin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanına göndərilmiş bildiriş xx.xx.2022-ci il tarixdə “Qonaqbəyov” adlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Bununla bağlı bildirir ki, onun həmin məktubdan xəbəri olmayıb. Həmin imza ona məxsus deyil. Bundan əlavə soyadı “Qonaqbəyov” yox, “Qonaqbəyli”dir. Məktub rəsmi qaydada ona təqdim olunmayıb. Hesab edir ki, məhkəmə bu halı aydınlaşdırmaq üçün iş üzrə ekspertiza təyin etməli idi. Həmin imzanın ona məxsus olub-olmaması müəyyən olunmalı idi. Lakin məhkəmə bu halı aydınlaşdırmadan və onun iştirakını təmin etmədən iddia tələbini rədd etmişdir. Hesab edir ki, işə apellyasiya məhkəməsində baxılarkən bu hal aydınlaşdırılmalıdır. Poçt haqqında Azərbaycan Respublikasının Qanunun 1.0.10-cu maddəsinə görə sifarişli poçt göndərişi göndərmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Onun adına belə bir məktub göndərilsə də, həmin məktubu şəxsən almamış, imza etməmiş və bu barədə ümumiyyətlə məlumatsız olmuşdur. Hesab edir ki, həmin məktub ona ünvanlandığından poçt işçisi həmin məktubu şəxsən ona təqdim etməli idi. Əks halda isə həmin məktubu geri qaytarmalı idi. Qeyd olunanlara əsasən hesab edir ki, qətnamə ləğv olunmalı və iddia tələbi təmin olunmalıdır. Məhkəmə qətnaməsi lazımi əsaslandırılmadan qəbul edilmişdir. Qətnamə tamamilə qanunsuz və əsassızdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2pellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəsində hazırkı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh notariusu Cəmaləddin Rüstəmov məktubla məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini əsas götürərək işə İddiaçı və Cavabdeh notariusunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Notariat Haqqında Azərbaycan Respublikası Qanunu Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı Bənd 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Bənd 162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Bənd 164. İcra qeydləri ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); haqqın miqdarı, tələbkarın ödəyəcəyi və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləğini özündə əks etdirməlidir. Bənd 170-1. İcra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün “Elektron notariat” informasiya sisteminə daxil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Verilmiş apellyasiya şikayətindən görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia təmin olunmalıdır. Belə ki, "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsi və Təlimatın 162-ci bəndi borcun mübahisəsiz qaydada alınmasına əsas olan sənədlər təqdim olunduğu halda İcra qeydinin aparılmasını nəzərdə tutmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi icra qeydlərinin aparılmasının vacib şərtlərindən biri də təqdim olunan sənədlərin borcun mübahisəsiz olduğunu təsdiq etməsidir. Göründüyü kimi qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. İşin tədqiq olunan hallarından görünür ki, xx.xx.2020-ci il tarixli BPM**********98 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı mübahisə mövcuddur. Belə ki, İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində ondan əsassız olaraq artıq məbləğdə pul tələb olunduğunu, əmək haqqından tutulmalar olsa da, bunun nəzərə alınmadığını bildirmişdir. Belə olan halda yuxarıda sadalanan normaların tələbləri baxımından hazırkı vəziyyətdə icra qeydinin verilməsi yolverilməzdir. Bundan başqa İddiaçı "xxxx" ASC tərəfindən ona ünvanlanmış borcun ödənilmədiyi halda notarius tərəfindən icra qeydinin aparılacağı barədə xx.xx.2022-ci il tarixli 22- 11050/2022 saylı xəbərdarlıq bildirişinin çatdırılması ilə bağlı qəbzin onun tərəfindən imzalanmadığını və bu barədə onun məlumatının olmadığını bildirir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydaları”nın 9.22-ci bəndinə əsasən, fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Həmin qaydaların 9.28-ci bəndinə əsasən xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Göründüyü kimi müvafiq bildirişin çatdırılması ilə bağlı qəbzdə soyadı “Qonaqbəyov” kimi göstərilən şəxsin ünvançıya - İddiaçı münasibəti göstərilməmişdir. Buna görə də ona ünvanlanmış bildiriş çatdırılmamış hesab olunduğundan belə vəziyyətdə icra qeydinin verilməsi qanunvericiliyin tələbləri baxımından əsaslı deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə səhvə yol vermişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(060)- 6861/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(060)-6861/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın, iddia təmin edilsin. Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin xüsusi notariusunun 8İ-12183 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-636/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-636/2023
05.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver