Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-646/2022 31.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçılar X1, İddiaçı2 və Cavabdeh Ağahüseyn oğlunun iştirakları ilə, İddiaçılar X4 və İddiaçı2 Cavabdeh Ağahüseyn oğluna qarşı su yolunun açılması tələbinə dair Qobustan Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(026)-416/2021 saylı qətnaməsindən Cavabdeh Ağahüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Qobustan Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(026)-416/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Ağahüseyn oğlu tərəfindən bağlanılmış iddiaçılar X4 və İddiaçı2 həyətinə gedən su yolunun açılması qət edilmişdir (hakim Quliyev Mirələm ). Cavabdeh Ağahüseyn oğlu tərəfindən apellyasiya şikayəti verilərək Qobustan Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(026)-416/2021 saylı qətnaməsinin ləğv edilməklə ona dəymiş ziyanın iddiaçılardan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçılar X4 və İddiaçı2 Cavabdeh Ağahüseyn oğluna qarşı cababdehin həyətindən keçən su xəttinin açılaraq su keçidinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Qobustan rayonunun Poladlı kəndində yaşayırlar və Cavabdeh onların əmisi oğludur. Həyətyanı sahələrini suvarmaq üçün “Pirsaat” çayından su xətləri çəkib nasosla su vurub təsərrüfatlarını suvarırlar. Həmin su xətləri təxminən 50 ilə yaxındır çəkilib. Onların həyətlərinə gələn su xətləri Cavabdeh həyətindən keçir. 2021-ci ilin iyun ayının sonlarında Ayaz həyətindən onların həyətinə gələn su xətlərini kəsmişdir. Su xəttinin açılması üçün özlərinin, kənd icra nümayəndəsinin, kənd bələdiyyəsinin və kənd ağsaqqallarının Cavabdeh demələrinə baxmayaraq Cavabdeh su xəttini bərpa etmir. Ona görə də həyətlərindən keçən su xəttinin açılaraq suyun keçidinin bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş edirlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin kimi həmin maddədə göstərilir. Lakin həmin su xəttini iş üzrə iddiaçıların işlətməsi nəticəsində ona çox ziyan dəyir. Həm onlar onun həyətindən atasının şəxsi vəsaiti hesabına çəkdiyi su xəttindən istifadə edirlər. Həmin su nasosu sıradan çıxdığında onlar heç bir qəpik belə ödəmirlər o, öz şəxsi vəsaitilə təmir edir (hər dəfə də təmir üçün 200 manat xərc çəkir), həm də suyun işlənməsi üçün su nasosu elektrik enerjisi ilə işlədiyinə görə işıq sayğacına yığılan pulu o ödəyir. Bunun nəticəsində o yetərincə ziyan çəkir. Apellyasiya şikayətində Qobustan Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(026)-416/2021 saylı qətnaməsinin ləğv edilməklə cavabdehə dəymiş ziyanın iddiaçılardan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh Ağahüseyn oğlu apellyasiya şikayətinə uyğun izahat verərək Qobustan Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(026)- 416/2021 saylı qətnaməsinin ləğv edilməklə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçılar X4 və İddiaçı2 apelyasiya şikayətinin dəlillərini əssasız hesab edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair JN 059F Kod 30711018 saylı şəhadətnamənin surətindən görünür ki, Qobustan rayon aqrar islahat komissiyasının 17 may 1997-ci il tarixli 22 saylı qərarı ilə X2 və X3 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən X4 və İddiaçı2 həyətində Poladlı kəndi ərazisində yerləşən çaydan gələn su xətləri kəsilmişdir. Su xəttinin bərpa olunması ilə əlaqədar Cavabdeh deyilməsinə baxmayaraq o, su xəttini bərpa etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normasının tələbinə əsasən cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətinə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Ağahüseyn oğlunun apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(026)-416/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-646/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-646/2022
31.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver