Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-648/2022 29.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2345/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2345/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsinə dair iddiaları təmin edilməmişdir.(hakim X.Quliyev) Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2345/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2018-ci tarixli, 4Ə-700 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestrindən Cavabdeh adına verilmiş 17 mart 2021-ci tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və azyaşlı uşaqları X8 və X3 şəhəri, Aşıq Ələsgər küçəsi 45 ünvanında yaşayırlar və həmin ünvanda qeydiyyatdadırlar. Onlar həmin ünvanda yaşayan vaxtlarda X5 ilə Cavabdeh arasında daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə iddiaçılara məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsindən 0.01704 ha torpaq sahəsi X4 verdiyi və Xaçmaz rayon 1saylı Dövlət notariat kontorunda təsdiq edilmiş 11 iyul 2017-ci il tarixli, 4Ə-1474 reyestr nömrəli bağışlanma müqaviləsinə və 7E-16241 reyestr nömrəli bölgü planına əsasən İddiaçı2 adına özgəninkiləşdirilmiş, yerdə qalan 0.04296 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə X4 adına dövlət reyestrindən 25.01.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********70-10301 reyestr nömrəli çıxarış işlənmişdir. Bundan əlavə X5 adına olan 0.04296 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini Xaçmaz rayonu 1 saylı Dövlət notariat kontorunda təsdiq edilmiş 05 aprel 2018-ci tarixli, 4Ə-700 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirmiş və həmin bağışlama müqaviləsi əsasında Cavabdeh adına 17 mart 2021-ci tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış işlənmişdir. X1 ilə Cavabdeh arasında daşınmaz əmlakın bağışlanmasına dair müqavilə bağlanarkən iddiaçılar İddiaçı2 və İddiaçı1 razılığı alınmamışdır. 16 fevral 2019-cu il tarixdə X5 vəfat etmişdir. X2 bağışlama müqaviləsinə əsasən torpaq sahəsini və evini Cavabdeh adına özgəninkiləşdirilməsi və dövlət reyestrindən Cavabdeh adına reyestrdən çıxarış sənədi verilməsindən iddiaçıların məlumatı olmamışdır. Yalnız 2021-ci ilin iyun ayında müvafiq sorğu ilə sənədlərin alınmasından sonra bu proseslərin həyata keçirildiyi iddiaçılara məlum olmuşdur. Daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı bağışlama müqaviləsi bağlanarkən müqavilənin etibarlı olması üçün həmin əmlakda qeydiyyatda olan şəxslərin razılığı tələb olunur. Mübahisələndirilən bağışlama müqaviləsi bağlanarkən qanun pozuntusuna yol verilməklə notariusa təqdim edilmiş arayışda bağışlanan ünvanda bir nəfərin- mülkiyyətçinin qeydiyyatda olduğu göstərilmişdir. İddia ərizəsinə əlavə olunmuş arayışla da təsdiq olunur ki, iddiaçılar həmin ünvanda qeydiyyatdadırlar. Həmçinin iddiaçıların şəxsiyyət vəsiqələri ilə də bağışlama müqaviləsi bağlanmamışdan əvvəl və həmin dövrdə də iddiaçılar qeyd olunan ünvanda qeydiyyatda olmuşlar. Beləliklə, mübahisələndirilən müqavilə rəsmiləşdirilərkən iddiaçıların razılığı alınmadığından həmin müqavilə qanunsuz bağlanmış əqd olduğundan etibarsız hesab edilməli və həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarış ləğv edilməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməli, X6 ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2018-ci tarixli, 4Ə-700 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməli və dövlət reyestrindən Cavabdeh adına verilmiş 17 mart 2021-ci tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə istinad etsə də, işin faktiki hallarını nəzərə almamışdır. Belə ki, qarşı tərəf notariat kontoruna saxta sənəd təqdim etmişdir. Bundan əlavə məhkəmə əqdin birbaşa olaraq mülkiyyətçi tərəfindən bağlanmadığını nəzərə almamışdır. Belə ki, mülkiyyətçi digər sənədləşmələrin aparılması üçün cavabdehin qardaşına etibarnamə vermişdir. Həmin şəxs mülkiyyətçinin məlumatı olmadan, ondan gizli formadan başqa məqsədlər üçün verilmiş etibarnamədən sui-istfadə etmək ilə əmlakı öz bacısına bağışlamışdır. Bu hallar məhkəmədə qeyd edilsə də, məhkəmə bu hissələrə hüquqi münasibət bildirməmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələblərinə əsasən müqavilə bağlanarkən daşınmaz əmlakda qeydiyyatda olan şəxslərin yazılığı razlığı alınmalıdır. Bu razlıq alınmadığı üçün qanunvericiliyin tələbləri pozulmuşdur və bu səbəbdən bağlanmış müqavilə etibarsız hesab edilməlidir. İşin faktiki hallarından da bəlli olur ki, mübahisələndirilən müqavilə etibarsız hesab edilməlidir. Belə ki, qarşı tərəf notariat konturunu aldatmış və həqiqəti əks etdirməyən sənədlər əsasında əqdi bağlamışdır. Məhkəmə əqdin bağlanması zamanı saxta sənədin təqdim edilməsinə hüquqi münasibət bildirməmişdir və bu halı nəzərə almamışdır. Məhkəmə əqdin bağlanması zamanı istfadə olunan etibarnamənin əslində başqa məqsədlər üçün verildiyini, bu etibarnamədən suiistfadə edilərək, mülkiyyətçinin məlumatı olmadan əqdin bağlandığına hüquqi münasibət bildirməmişdir. Habelə, məhkəməyə notariat konturunun əqdin bağlanmasının pozuntu ilə apardığını təsdiq edən Ədliyyə Nazirliyinin məktubu təqdim edilmişdir. Məhkəmə bu hala münasibət bildirməmişdir. Bütün bu hallar onu sübut edir ki, məhkəmə qətnaməsi maddi və prosesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və buna görə də, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Apellyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdhin vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 25 yanvar 2018-ci il tarixli, **********70-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 yaşayış ev və evin yerləşdiyi 0,04296 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X2 mülkiyyətində olmuşdur. Yenə də iş materiallarında olan 05 aprel 2018-ci il tarixli, 4Ə-700 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviəsinin surətindən görünür ki, X5 xüsusi mülkiyyətinə aid ünvan 3 yaşayış evini və evin yerləşdiyi 0,04296 ha həyətyanı torpaq sahəsini Cavabdeh bağışlamışdır. İşə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 21 iyun 2021ci il tarixli, **********50 nömrəli məktubdan görünür ki, 19 iyun 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X2 mülkiyyətində olmuşdur. Həmin yaşayış evinin yerləşdiri 0,06 ha həyətyanı torpaq sahəsindən 0.01704 ha torpaq sahəsi X4 verdiyi, Xaçmaz rayonu 1 saylı Dövlət notariat kontorunda təsdiq edilmiş 11 iyul 2017-ci il tarixli, 4Ə-1474 reyestr nömrəli bağışlanma müqaviləsinə və 7E-16241 reyestr nömrəli bölgü planına əsasən İddiaçı2 adına özgəninkiləşdirilmiş, yerdə qalan 0.04296 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə X4 adına dövlət reyestrindən 25.01.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********70-10301 reyestr nömrəli çıxarış işlənmişdir. Bundan sonra X5 adına olan 0.04296 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini Xaçmaz rayonu 1 saylı Dövlət notariat kontorunda təsdiq edilmiş 05 aprel 2018-ci tarixli, 4Ə-700 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmiş və həmin bağışlama müqaviləsi əsasında həmin əmlaklara dair Cavabdeh adına 17 mart 2021-ci tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış işlənmişdir. İş materiallarında olan 11 iyul 2017-ci il tarixli, 4Ə-1474 reyestr nömrəli bağışlanma müqaviləsindən görünür ki, X5 xüsusi mülkiyyətinə aid ünvan 3 ünvanda yerləşən ona məxsus 0,06 ha həyətyanı torpaq sahəsindən 0,01704 ha həyətyanı torpaq sahəsini cavabdeh İddiaçı2 bağışlamışdır. Yenə iş materiallarında olan AZE seriyalı, ******** nömrəli və AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən və Xaçmaz rayon Polis Şöbəsinin 27.10.2021-ci il taixli məktubundan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 13 mart 2015-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadırlar. Tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, ünvan 3 yaşayış evi və evin yerləşdiyi 0,04296 ha həyətyanı torpaq sahəsi X2 xüsusi mülkiyyətinə aid əmlak olmuş, sonuncu həmin əmlakları 05 aprel 2018-ci il tarixdə hazırda iş üzrə cavabdeh olan nəvəsi Cavabdeh bağışlamış, həmin bağışlama müqaviləsi əsasında Cavabdeh 17 mart 2021-ci il tarixdə həmin əmlaklara mülkiyyət hüququna dair adına reyestrdən çıxarış almışdır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2345/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X2 mülkiyyətində olmuşdur. Həmin yaşayış evinin yerləşdiri 0,06 ha həyətyanı torpaq sahəsindən 0.01704 ha torpaq sahəsi X6 tərəfindən nəvəsi İddiaçı2, 0.04296 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi digər nəvəsi Cavabdeh bağışlanmışdır. Hazırda iddiaçılar X6 tərəfindən 0.04296 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin Cavabdeh bağışlanmasını, əqd bağlanarkən onların razılığının alınmaması səbəbilə mübahisələndirirlər. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki hüquqla tənzimlənən münasibətlər sahəsində tətbiq olunan müqavilələr mülki hüquqi müqavilələr anlayışı ilə əhatə olunur və hüquqi fakt, müqavilə öhdəliyi, sənəd mənasında işlədilir. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. AR Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi müqavilənin formasından aslı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. Yuxarıdakı normaların tələblərindən görünür ki, mülkiyyətçi özgəninkiləşdirilməsi məhdudlaşdırılmayan daşınmaz əmlakını notariat qaydasında təsdiqlənən müqavilə bağlamaqla digər şəxsə bağışlaya bilər və onun tərəfindən əmlakın qəbul edilməsi ilə bağışlama müqaviləsi bağlanmış sayılır. Eyni zamanda bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Yenə Mülki Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi mərhum X6 mülkiyyətində olan 0.04296 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini təmsilçisi vasitəsilə nəvəsi Cavabdeh bağışlamışdır. Həmin müqavilə notarial qaydada təsdiq edilmişdir. Qeyd edildiyi kimi iddiaçılar dəlillərini onunla əsaslanıdırmişlar ki, mübahisələndirilən müqavilə rəsmiləşdirilərkən iddiaçıların razılığı alınmadığından həmin müqavilə qanunsuz bağlanmış əqd olduğundan etibarsız hesab edilməlidir. Bu tələbi irəli sürərkən onlar, tələbin hüquqi əsası kimi Mülk Məcəllənin 337-ci maddəsinə istinad etmişlər. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. AR Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alğı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alğı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. “Notariat haqqında” AR Qanununun 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. İşə əlavə olunmuş bağışlama müqaviləsinə dair sənədlərdən görünür ki, notarius bu vəzifəsini yerinə yetirmişdir. Hazırki halda notariusun həmin hərəkətləri etməməsinə dair iddia tərəfi heç bir sübut təqdim edə bilməmişdir. Digər tərəfdən isə Konstitusiya Məhkəməsinin daha öncə istinad olunan mövqeyinə görə müqavilənin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının alınmaması əqdin etibarsızlığı üçün əsas hesab edilə bilməz. Başqa sözlə, iddiaçılar məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, sübutetmə yükü daşıyan iddiaçılar öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, mövcud əqdin bağlanması zamanı Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilmiş və mülki qanunvericilikdə nəzərdə tutulan şərtlər pozulmamışdır. Bundan başqa, işdən görünür ki, iddiaçılar hazırkı iddianı qaldırarkən müddəti ötürmüşdür. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İş materiallarından görünür ki, mübahisələndirilən bağışlama müqaviləsi 05 aprel 2018-ci il tarixdə bağlanmış, lakin bu müqavilə 05 avqust 2021-ci ildə mübahisələndirilmişdir ki, bununla da qanunla nəzərdə tutulmuş 1 illik kəsici müddət ötürülmüşdür. Başqa sözlə, iddiaçılar hazırkı iddiasını vaxtında qaldırmadığından, bağışlama müqaviləsini mübahisələndirmək hüququnu itirmişlər. İddiaçılar özlərinin izahatlarından göründüyü kimi Zina Paşayeva 16.02.2019-cu ildə vəfat etmişdir. Yəni ən azı onlar həmin vaxtdan mübahisəli evin və altında yerləşən torpaq sahəsinin bağışlanmasını bilməli idilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün istinad edərək, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin, iddia tələbinin ikinci hissəsinə qiymət verərək hesab edir ki, 05 aprel 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsızlığına dair iddia təmin edilmədiyindən, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da ləğv edilə bilməz. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinin, o cümlədən apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası yekun hüquqi dəyərləndirmə aparmaqla apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2345/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-648/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-648/2022
29.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver