Məhkəmə qərarları › İş №2(105)-657/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-657/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-657/2021 27.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi Ömərova Günel Əjdər qızının, Cavabdeh Sücayət oğlunun iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh Sücayət oğluna qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1847/2020 saylı qətnaməsindən Cavabdeh Sücayət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddianın təmin edilməsi, Cavabdeh Sücayət oğlundan iddiaçı “xxxx”ASC-nin xeyrinə 1651,14 manat sığorta ödənişi və ödənilmiş 30,40 manat dövlət rüsumu, ümumilikdə 1681,54 manat məbləğində pulun tutulması qət edilmişdir. Cavabdeh Sücayət oğlu qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh Sücayət oğluna qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sücayət oğlundan subroqasiya qaydasında «xxxx» ASC-nin xeyrinə dəymiş ziyana görə 1651,14 manat sığorta ödənişinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Sücayət oğlu tərəfindən idarə olunan **-VB-*** dövlət qeydiyyat nişanlı Kia Optima markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2018-ci il tarixində, “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** PK *** dövlət qeydiyyat nişanlı Chevrolet Niva markalı avtonəqliyyat vasitəsinə, yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar DYP əməkdaşı tərəfindən xx xxxxxx 2019-cu il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və sürücü təqsirli bilinmişdir. “xxxx” MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-PK-*** dövlət qeydiyyat nişanlı Chevrolet Niva markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1751,14 manat müəyyən edilmişdir. “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən “xxxx” ASC tərəfindən 100 manat azadolma çıxılmaqla dəymiş ziyana görə 1651,14 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün “xxxx” MMC-nin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Təmir edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 1651,14 manat məbləğində vəsaitin “xxxx” ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Kərimov X1 şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mübahisə edilən qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə işin hallarını ətraflı araşdırmamış, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. İşə birtərəfli yanaşaraq, iddiaçının maraq mövqeyindən çıxış edərək işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işə baxarkan onun iştirakını təmin etmədən ədalətsiz qətnamə çıxarmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh Sücayət oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Ömərova Günel Əjdər qızı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tələbin əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Sücayət oğlu vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Mülki Məcəllənin 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər (Mülki Məcəllənin 1108.1. və 1108.2. maddələri). Subroqasiya hüququ bu Məcəllənin 936.6. maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (Mülki Məcəllənin 936.1., 936.2. və 936.5. maddələri). İşdən görünür ki, Cavabdeh Sücayət oğlu idarə etdiyi Kia Optima markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2018-ci il tarixdə Bakı-Quba yolunun 24-cü kilometrliyində «xxxx» ASC tərəfindən xx xxxx 2018-ci il tarixində "Avtonəqliyyat vasitələrinin tam sığortası" növü üzrə sığortalanmış **-PK-*** dövlət qeydiyyat nişanlı Chevrolet Niva markalı avtomobilə yol nəqliyyət hadisəsi nəticəsində zərər vurmuş, qeyd olunan zərərin aradan qaldırılması üçün «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1651,14 manat sığorta ödənişi həyata keçirilmişdir. Həmin sığorta ödənişinə görə sığorta şirkəti cavabdehə qarşı subroqasiya qaydasında ödənilmiş pulun ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, tələb təmin edilmiş, Cavabdeh həmin nəticəni mübahisələndirmişdir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarı). Kollegiya qeyd edir ki, sığorta şirkəti olan iddiaçı dəymiş zərərin əvəzini zərərçəkən şəxsə ödəmiş, həmin vurulmuş zərərin əvəzini tələb etmək hüququ subroqasiya qaydasında ona keçmiş, bununla da onun zərər vuran şəxsdən zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. Cavabdeh ona qarşı subroqasiya qaydasında pulun tutulmasını tələbini mübahisələndirsə də, bununla bağlı hər hansı mötəbər və əsaslı şübhə yaratmayan sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 14.2., 77.1. və 88-ci maddələri). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin baş vermiş avtonəqliyyat hadisəsinə görə “xxxx” ASC tərəfindən üçüncü şəxslərə ödəmiş olduğu pul vəsaiti həcmində subroqasiya hüququnun yaranması və buna görə də ödənişin məsuliyyət daşıyan cavabdehdən alınması barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Mülki Məcəllənin 936.2. maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Subroqasiya zamanı iddia müddətinin hesablanması sığortaçının tələb hüququ yarandığı andan başlanır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh Sücayət oğlunun apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar