Məhkəmə qərarları › İş №2(105)-660/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-660/2025

28.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-660/2025 28.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə (mirasın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və miras əmlakda vərəsə paylarının müəyyən olunması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X20 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı, habelə digər iddiaçıların nümayəndəsi İddiaçı1, onun vəkili Vəkil, Cavabdehlər Cavabdeh2, Cavabdeh4, onların və digər Cavabdeh3 nümayəndəsi, vəkili Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-163/2025 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:

1. V-ЖГ 244779 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 iyun 1997-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 16 nömrə ilə qeyd edilmişdir.

2. AZ-İİ 174325 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 02 aprel 2021-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə 739 nömrə ilə qeyd edilmişdir.

3. Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 mart 2021-ci il tarixli arayışdan görünür ki, X11 ilə X3 nikahı haqqında 02 aprel 1947-ci il tarixdə 04 nömrəli akt qeydi tərtib olunmuşdur.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı2, İddiaçı1 və İddiaçı3 ünvanlanmış 14 iyun 2024-cü il tarixli, 1480, 1481 və 1482 nömrəli məktublardan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi və eyni zamanda miras şərikləri arasında ixtilafların mövcud olması səbəbindən mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin bərpası və miras şərikləri arasında ixtilafların həll edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.

5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X22 Şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə X4 adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi X8 idi, lakin onun xx.xx.2021-ci ildə vəfat etməsi ilə əlaqədar miras onun vərəsələri – Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 miras əmlakdan hər birinə 1/3 hissədə irs alır, şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X5 verilmiş **********82-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəlidövlət reysetrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90,3 kv.m olan fərdi yaşayış evindən və 0,0797 ha torpaq sahəsindən ibarətdir.

7. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi notariat ofsinin xüsusi notariusu Əmirəliyev Ə.M tərəfindən verilmiş 28 yanvar 2023-cü il tarixli, 2V/110 nömrəli reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras payı anaları Cavabdeh4 bağışlamışdırlar.

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh4 13 yanvar 2006-cı il tarixdən ünvan 1-də qeydiyyatdadır, Cavabdeh2, Cavabdeh3 həmin ünvanda qeydiyyatda olan şəxslərdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 miras qalan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 12-ci məhəllədə yerləşən 285 saylı fərdi yaşayış evinin onlar tərəfdən qəbul edilməsi müddətinin uzadılması, onların həmin evə vərəsəlik hüquqlarının tanınması, həmin evə dair 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzi tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adına verilmiş xx.xx.2023-cü il tarixli, 2V-110 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və xx.xx.2023-cü ildə Cavabdeh4 arasında bağlanmış №M-53 reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh4 adına verilmiş çıxarışın ləğvi, miras əmlakın qanun üzrə vərəsələr arasında bölünərək hər birinin payının 1/4 hissədə müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

10. İddia onunla əsaslandırılmışdır ki, anaları X6 xx.xx.1997-ci ildə dünyasını dəyişmişdir. Ondan miras olaraq Sumqayıt şəhəri, Corat qəsəbəsi, 12-ci məhəllədə yerləşən 285 saylı fərdi yaşayış evi qalmışdır. Mərhumun qanun üzrə birinci növbə vərəsələridirlər. Cavabdeh4 isə mərhum qardaşları Nazim Qurbanovun həyat yoldaşıdır. Anasının vəfatından təxminən 25 il sonra DƏDRX 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən anasının adına bu evə dair çıxarış almaqla cavabdehlər – mərhum qardaşı Nazim Qurbanovun uşaqları Cavabdeh3 və Cavabdeh2 miras qoyan anasının yeganə vərəsələri (Nazim Qurbanovun övladları) kimi özlərini təqdim edərək xx.xx.2023-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin günü də miras əmlakdakı vərəsə payını anaları olan Cavabdeh4 bağışlamışlar. Bu ev onların ata evidir və həmişə bu evə ata yurdu kimi gedib gəlmiş və miras qoyan N.Qurbanovanın vərəsələri kimi onların da bu evdə vərəsə payları vardır. Lakin cavabdeh notariat kontoruna müraciət edərkən onlara bu barədə bildirməmiş və mərhum qardaşları Nazim Qurbanovu miras qoyanın yeganə vərəsəsi kimi təqdim edərək buna nail olmuşlar. Evə dair sənədlər cavabdehdə olduğu üçün onlara verməmiş və onlar miras əmlakla bağlı vərəsəliyin açılması ilə bağlı müraciət etdikdə isə həmin evə dair çıxarışın olmadığı bildirilmişdir. Lakin cavabdeh onlardan xəbərsiz xx.xx.2022-ci ildə bu evə dair mərhum anasının adına çıxarış almaqla son nəticədə evin tam mülkiyyət əsasında öz adına keçirilməsinə nail olmuşdur. Miras qoyanın qanun üzrə birinci növbə vərəsələridir və miras əmlakda payın qeydə alınmaması mülkiyyət hüquqlarını pozur. Cavabdeh miras qoyanın qanun üzrə birinci növbə vərəsələri kimi onların adını gizlətməklə miras əmlaka bütünlüklə sahib çıxıb. Göstərilənlərə əsasən iddia təmin edilməli, 2023-cü il yanvar ayının 28-də 1 saylı Sumqayıt Regional Asan Xidmət Məkəzində rəsmiləşdirilmiş 2V-110 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2023-ci ildə 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində rəsmiləşdirilmiş 3M-53 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız sayılmalı, mirasın onlar tərəfdən qəbul edilməsi müddəti uzadılmalı, onların həmin evə vərəsəlik hüququ tanınmaqla analarından miras qalan əmlak üzərində 4 vərəsənin hər birinin payı 1/4 hissədə müəyyən olunmalıdır. Mərhum qardaşı N.Qurbanovun uşaqlarına çatan pay 1/4 hissədə müəyyən olunmalıdır.

11. Sumqayıt Şəhər Məhkəməsinin (hakim V.Şirəliyeva) xx.xx.2025-ci il tarixli, 2(060)-163/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edilib ki, X6 (iddiaçıların anası) 08 iyun 1997-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 16 nömrə ilə qeydiyyat aparılmışdır. Onun oğlu X10 02 aprel 2021-ci ildə ölmüşdür. Hazırkı cavabdehlərdən Cavabdeh4, X7 arvadı, Cavabdeh2 və Cavabdeh3 isə övladlarıdır. X2 miras qalmış əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, 82-ci məhəllə ərazisində yerləşən 285 saylı fərdi yaşayış evindən ibarət olmuşdur. Həmin əmlak üzərində mülkiyyət hüququ Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” və Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-cü il tarixli, 1444 nömrəli vərəsəlik məktubu əsasında mərhum X4 adına qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X4 vərəsəsi X7 xx.xx.2021-ci ildə vəfat etməsi ilə əlaqədar onun vərəsələri – Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 yuxarıda adı qeyd edilən miras əmlakdan 1/3 hissədə pay almışlar. Bundan sonra 3M-53 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi əsasında sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Cavabdeh4 adına qeydiyyata alınaraq xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir və daşınmaz əmlak hal-hazırda Cavabdeh4 mülkiyyətindədir.

13. Hazırki işdə iddiaçıların miras əmlakı faktiki qəbul etməmələri işin mübahisə olunmayan halıdır. Belə ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 ailə qurduqdan sonra həmin evdə yaşamadıqlarını bildirmişlər. Eyni zamanda digər İddiaçı1 da anasının vəfatından sonra həmin evdə yaşamadığını bildirmişdir. Beləliklə, iddiaçıların miras əmlakı faktiki olaraq qəbul etməmələri məhkəmə iclaslarında verdikləri izahatları ilə təsdiq edilmişdir. Belə olan halda sözügedən əmlak iddiaçılar tərəfindən faktiki olaraq qəbul edilməmişdir.

14. Mirasın iddiaçılar tərəfindən formal qəbulu ilə bağlı, yəni notariusa mirası qəbul etmələri ilə bağlı ərizə ilə müraciət etmələri ilə bağlı məhkəmə qeyd edib ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçılar bununla bağlı notariat orqanına 14 iyun 2024-cü il tarixdə ərizə ilə müraciət etmişlər. Bundan əvvəl, yəni 25 ildən artıq müddətdə notariat orqanına yazılı müraciətləri olmamışdır. Notariat orqanına gec müraciət etmələrinin səbəbi kimi miras əmlak olan fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasını, hüququn qeydiyyata alınması üçün ilkin sənədlərin onlarda olmadığını və cavabdehlər tərəfindən onlara verilmədiyini və həmin əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından və bununla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən gec məlumatlarının olduğunu göstərmişlər. Bu səbəbdən də mirasın qəbul edilməsi müddətinin uzadılmasını məhkəmədən xahiş etmişlər.

15. Məhkəmə qeyd edib ki, 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Beləliklə, miras açıldığı gündən iddiaçıların fomal olaraq miras əmlakı qəbul etmələri ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmək hüquqları olmuşdur. Lakin üzərindən uzun müddət, yəni 25 (iyirmi beş) ildən çox müddət keçdikdən sonra onlar ərizə ilə notariat orqanına müraciət etmişlər. Beləliklə, iddiaçılar mirasın formal qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşlər. Həmçinin məhkəmə göstərib ki, miras əmlak üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması bununla bağlı vərəsəlik işinin açılmasını istisna etmir, həmin əmlak üzərində payların müəyyən edilməsi baxımından əhəmiyyət kəsb edir. Yəni əmlak üzərində ilkin sənədlər mövcud olmasa belə, vərəsənin notariat orqanına miras əmlakı qəbul etməsi ilə bağlı müraciəti əsasında vərəsəlik açılır, lakin əmlak üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması səbəbindən vərəsələr arasında payların bölgüsü mümkün olmur və bu bölgü əmlak üzərində hüququn qeydiyyatından sonra mümkün olur. İddia tələbinin digər hissələri ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin qalan hissələri yalnız mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı tələbin təmin edildiyi halda uğurlu ola bilərdi. Bu səbəbdən də məhkəmə hesab edib ki, iddia qalan hissələrdə də təmin edilməməlidir.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələri, 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527, 528, 529, 530, 532, 552, 556-cı maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-163/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

18. Apellyasiya şikayətinin dəlilləri əsasən iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Şikayətdə qeyd olunur ki, məhkəmənin mövqeyi qanunsuz və əsasızdır. Belə ki, qeyd olunan əmlak üzərində mülkiyyət hüquqları qeydə alınmamış və bu evə dair sənəd olmamışdır, yalnız ev kitabçası olmuşdur ki, həmin kitab da mərhum qardaşlarında olub. Bu evdə bacıları da yaşamış, lakin qardaşlarının vəfatından sonra cavabdehlər xəstə bacılarına da yaşamağa imkan verməmiş və o ölən günə kimi iddiaçılarla birgə yaşamışdır. Əgər söhbət vərəsəliyin qəbulundan gedirsə, iddiaçılar mərhum qardaşlarının və daha sonra bacılarının sağlığında həmin evə gedib-gəlmiş və hətta İddiaçı1 bu həyətdə öz vəsaiti ilə ev də tikmişdir. Həmin ev üzərində mülkiyyət hüquqları - X4 adına qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Yəni miras əmlak kimi ev üzərində vərəsə paylarının müəyyən olunması yalnız çıxarış verildikdən sonra mümkün ola bilərdi. İddiaçılar isə evə dair qeyd olunan Çıxarışın verilməsindən xəbərsiz olmuş və cavabdehlər vərəsəliklə bağlı notariusa müraciət edən zaman mərhum analarının qanun üzrə birinci növbə vərəsələri barədə susmuş və hətta mərhum atalarının guya N.Qurbanovanın yeganə vərəsəsi olmasını bildirməklə iddiaçıların notariat ofisinə gəlməklərinə maneə olmuşlar. Nəticədə iddiaçılar vərəsə payındanmülkiyyət hüquqlarından məhrum olunmuşlar. Miras əmlak olan evdə mərhum analarının 2 övladı-iddiaçıların qardaş-bacıları yaşamış və qeydiyyatda olmuş, bacıları 2022-ci ildə vəfat etdikdən sonra qarşı tərəf notariusa müraciət etmişdir. Əgər mirasın qəbulu faktiki qəbuletmə ilə götürülürsə, onkoloji xəstə olan bacıları miras əmlakda ölənə kimi yaşamış və qeydiyyatda olmuşdur. O, subay idi, 1-ci növbə vərəsələri olmadığı üçün iddiaçılar ona münasibətdə 2-ci növbə qanun üzrə vərəsələr hesab olunurlar. Lakin məhkəmə bu halı da nəzərə almamış və ümumiyyətlə iddiaçıları nə analarına, nə də mərhum bacılarına münasibətdə vərəsə kimi tanımamışdır. Məhkəmə vərəsəlik şəhadətnaməsi verilərkən qanunvericiliyin tələblərinin pozulmasına baxmayaraq, şəhadətnaməni qanuni hesab etmişdir. Göründüyü kimi miras kütləsinə daxil olan əmlak üzərində mülkiyyət hüquqları qeydə alınmadan notariat ofisi vərəsəlik şəhadətnaməsi vermiş və həmin şəhadətnamə verilərkən cavabdehlərin təqdim etdikləri ərizədə miras qoyanın qanun üzrə vərəsələri barədə məlumat verilməmişdir. İddiaçılar mirasdan imtina barədə ərizə verməmişlər, ən azından mirası faktiki qəbul etmiş vərəsə olan mərhum bacılarına münasibətdə iddiaçılar vərəsədirlər. Göstərilənlər ona dəlalət edir ki məhkəmə işi tam araşdırmadan mübahisəyə düzgün qiymət verməmişdir. Beləliklə, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verən məhkəmə əsaslı və qanuni iddia tələbini təmin etmək əvəzinə rədd etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mübahisəsi gedən əmlak ata mülküdür. İddiaçı tərəf olaraq onlar cavabdehlərin həmin evdə yaşamalarına əvvəldən heç bir narazılıq etməmişlər. Sonradan həmin evin satışa qoyulduğunu, cavabdehlərin evi satdıqlarını bildikdə, cavabdehlərə həmin evdə onların da payları olduğunu və paylarını tələb etdiklərini bildirdilər. Belə ki, mübahisəli ev analarının adına olmuşdur. 1975-ci ildə həmin evdən ailə qurub çıxmışdır. Anası öləndən sonra mübahisəsi gedən ev də kiçik qardaşı Nazimə qaldı. Hazırkı halda mübahisəli evin satılmamasını, satıldığı təqdirdə evin satışından öz payını tələb edir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş digər iddiaçılar İddiaçı3 və İddiaçı1 ayrı-ayrılıqda verdikləri izahatlarında apellyasiya şikayətini müdafiə etdiklərini, eləcə də digər iddiaçı Pestəxanım Novruzanın qeyd etdikləri halları təsdiq etdiklərini bildirdilər. Son olaraq bildirdilər mübahisəli evin satılmamasını, satıldığı təqdirdə evin satışından öz paylarını tələb edirlər.

22. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı1 vəkili Vəkil izahatında apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, işdə olan sənədlərdən göründüyü kimi mərhum X6 1997-ci ildə ölmüşdür. Onun qanun üzrə birinci növbə vərəsələri də övladlarıdır. Sözügedən evin heç bir sənədi olmayıb, sadəcə evə dair kitabça olub. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı1 da bildirmişdi ki, onlar anaları Nicabət Qurbanova öləndən sonra sözügedən evlə bağlı vərəsəliyin rəsmiləşdirilməsi üçün notariat kontoruna müraciət etmişlər. Notarius tərəfindən onlara bildirilmişdi ki, evin çıxarışı yoxdur, çıxarış olmadığı təqdirdə isə vərəsəlik işi aça bilməzlər, onlar mərhumun vərəsələridir, ona görə ev onlara məxsusdur. Bundan sonra iddiaçılar evin sənədi olmadığı üçün gözləmək məcburiyyətində qalıblar. Hətta həmin evdə iddiaçıların bir bacısı da yaşayıb, lakin sonradan xəstələndiyinə görə ölən günədək bacısı Püstəxanımın himayəsində yaşayıb. Cavabdeh tərəf nə həmin bacının sağlığında, nə də atalarının sağlığında sözügedən evlə bağlı heç bir rəsmiləşdirmə işləri aparmırlar. Həmin evdə qeydiyyatda olan, yaşayan bibi öləndən sonra qarşı tərəf notariat ofisinə ərizə ilə müraciət edərək özlərini yeganə varis kimi göstəriblər, guya ki X16 Qurbanovdan başqa övladı olmayıb. Yəni mərhum Nazim Qurbanovun övladları əmi və bibiləri barədə məlumat vermədən vərəsəlik hüququ haqqında şəhadətnamə alıb, sonra da paylarını analarına bağışlayıblar. Hazırkı halda iddiaçılar evsiz, maddi yardıma ehtiyacı olan şəxslərdir. Miras qalan ev Corat qəsəbəsində yerləşməklə yüksək dəyərə malikdir. İddiaçılar cavabdeh tərəfə bildirir ki, evin yerləşdiyi torpaq sahəsindən onlara pay verilsin. Qarşı tərəf bu təkliflə də razılaşmır. İddiaçı1 həmin torpaq sahəsi üzərində öz vəsaiti hesabına ev tikmişdir. İddiaçı1 həmin evə anasının sağlığında da gedib-gəlib, həmin evdən istifadə də edib. Sonradan məlum olub ki, İddiaçı1 vəsaiti ilə qeyd olunan torpaq sahəsində tikilən ev kirayəyə verilib. Göründüyü kimi İddiaçı1 öz vəsaiti ilə tikdiyi evdə kirayəçi qalıb, İddiaçı1 həmin evdən məhrum olub, bundan başqa, vərəsəlik qaydasında ona düşən paydan da məhrumdur. Göstərilənlərə əsasən iddiaçının vəkili sonda apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, İddiaçı1 birinci instansiya məhkəməsində icraat zamanı etiraf edib ki, notariat ofisinə ilk dəfə 2022-ci ildə qardaşı öləndən sonra müraciət etmişdir. İddiaçıların tələbinin əsas hissəsi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 12-ci məhəllədə yerləşən 285 saylı fərdi yaşayışının onlar tərəfindən qəbul edilməsi müddətinin uzadılmasıdır. İddiaçılar mirasın qəbul edilmə müddətinin üzrlü səbəbdən ötürülməsi, lakin miras əmlakı faktiki olaraq qəbul etmələri, idarə etmələri ilə bağlı məhkəməyə sübutlar təqdim etməlidirlər. İşin hallarından da aydın olur ki, İddiaçı2 ananın ölümündən 22 il qabaq, İddiaçı1 10 il və İddiaçı3 isə təqribən 15-16 il qabaq sözügedən evdən çıxıblar. İddiaçılar təkcə həmin əmlakdan çıxmamış, evdən qeydiyyatdan da çıxıblar və özlərinə başqa yaşayış sahəsi seçiblər. Digər qardaş Nazim Qurbanov da öz ailə üzvləri ilə birlikdə anasının yanında qalıb. 1997-ci ildə Nicabət Qurbanova öləndən sonra 25 il ərzində iddiaçılar hər hansısa formada mirasın qəbulu ilə bağlı müraciət etməyiblər. Hazırda da iddiaçılar bildirirlər ki, əgər ev satılırsa, onlara pul verilsin. İddiaçılar özləri də başa düşürlər ki, mirasın heç bir qəbulundan söhbət gedə bilməz. Qarşı tərəfin həmin torpaq sahəsində ev tikməsi, həmin evin kirayəyə verilməsi ilə bağlı dediyi fikirlər mübahisəyə aidiyyəti olmayan məsələdir. İddiaçılar 1997-ci ildə açılmış mirasa dair hər hansısa formada mirasın qəbulu ilə bağlı sübut təqdim etməyiblər. Cavabdehlər də mərhum Nicabət Qurbanovadan qalan, mərhum Nazim Qurbanovanın qəbul etdiyi mirası qəbul ediblər. İddiaçıların qeyd etdiyi hallar Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə də uyğun deyil. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlillərinin heç bir əsası yoxdur. Ona görə də cavabdehlərin nümayəndəsi və vəkili sonda apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh4 ayrı-ayrılıqla verdikləri izahatlarında nümayəndə və vəkilləri Nümayəndə qeyd etdiyi halları təsdiq və müdafiə etdiklərini bildirdilər. Sonda apellyasiya şikayətinin təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

25. Cavabdeh 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin notariusu Ə.M.Əmirəliyev məhkəməyə yazılı ərizə ünvanlayaraq xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

26. Üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 2 saylı Sumqayıt Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada və vaxtında məhkəmə bildirişləri göndərilsə də, məhkəmə iclasında təmsil olunmamış və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

27. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin (nümayəndələrin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

29. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə 529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. 530-cu maddəsinə əsasən aşağıdakılar vərəsə ola bilərlər: Qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; Vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Maddə 530. Qanun üzrə vərəsəlikdə-miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəslər olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bi müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 554. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Maddə 556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Maddə 563. Miras əmlakın bölünməsi qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (xx.xx.2000-ci il redaksiyalı) Maddə 1252. İrsi transmissiya Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

Maddə 1253. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsinin nəticələri 1253.1. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1253.2. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər

Apellyasiya baxışının hədləri

33. Apellyasiya şikayətindən görünür ki, apellyatorlar Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-163/2025 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tələb bir neçə hissədən ibarət olmaqla -1) mirasın qəbul edilməsi müddətinin uzadılması, 2) onların həmin evə vərəsəlik hüquqlarının tanınması, 3) həmin evə dair verilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab olunması, 4) Cavabdeh4 adına verilmiş çıxarışın ləğvi və 5) miras əmlakın qanun üzrə vərəsələr arasında bölünərək hər birinin payının 1/4 hissədə müəyyən olunması barədədir.

37. Göründüyü kimi, tələb bir neçə ayrı-ayrı hissədən ibarət olsa da, dolayısı ilə biri digərindən asılıdır. Konkret halda, tələbin ilk birinci və ikinci hissələri (mirasın qəbul edilməsi müddətinin uzadılması, onların həmin evə vərəsəlik hüquqlarının tanınması) müsbət həll olunmadığı halda, qalan hissələrin araşdırılmasına lüzum qalmır.

38. Kollegiya bildirir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir.

39. Baxılan iş üzrə də ilk olaraq bildirilir ki, miras qoyan şəxs Nicabət Qurbanova 1997-ci il tarixdə vəfat etdiyindən, hazırkı vərəsəlik hüquq münasibətləri ona münasibətdə 2000-ci il dən əvvəlki Mülki Məcəllənin (1964-cü il redaksiyalı) normaları əsasında, onun oğlu Nazim Qurbanov (cavabdehlərin əri və atası) isə 2021-ci il tarixdə vəfat etdiyindən sonuncuya münasibətdə qüvvədə olan Mülki Məcəllənin normaları ilə (irsi transmissiya qaydasında) həll edilməlidir.

40. İkincisi, məhkəmə kollegiyası hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) məsələsinə, mirasın qəbul müddətinin uzadılması üçün üzrlü səbəblərin olub-olmamasına xüsusi diqqət yetirilməlidir.

41. Araşdırılan işin mübahisəsiz hallarından müəyyən edilir ki, miras qoyan X6 (iddiaçıların anası) xx.xx.1997-ci il tarixdə, onun oğlu X10 02 aprel 2021-ci ildə vəfat etmişdir.

42. Miras qoyan N.Qurbanovanın ölümündən sonra birinci növbə vərəsə kimi Asif, Püstəxanım, Mənsurə və Nazim adlı övladları qalmışdır. X1 02 aprel 2021-ci il tarixdə vəfat etmiş, onun da vərəsəsi kimi hazırki iş üzrə cavabdehlər - arvadı Cavabdeh4 və övladları Sədi və Cavabdeh3lar qalmışdır.

43. İşin mübahisəsiz tərəfindən göründüyü kimi mərhum X4 vəfatından sonra Sumqayıt şəhəri, Corat qəsəbəsi, 82-ci məhəllə ərazisində yerləşən 285 saylı fərdi yaşayış evi miras qalmışdır.

44. Sözügedən miras əmlak üzərində mülkiyyət hüququ Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” və Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 1444 nömrəli vərəsəlik məktubu əsasında mərhum X4 adına qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.

45. Miras qoyan Nicabət Qurbanovanın vərəsəsi Nazim Qurbanovun xx.xx.2021-ci ildə vəfat etməsi ilə əlaqədar onun vərəsələri – arvadı Cavabdeh4, övladları Oxan və Nazim Qurbanovlar irsi transmissiya qaydasında yuxarıda adı qeyd edilən miras əmlakdan 1/3 hissədə pay almış, sonra 3M-53 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi əsasında sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Cavabdeh4 adına qeydiyyata alınaraq xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda daşınmaz əmlak Cavabdeh4 tam mülkiyyətindədir.

46. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd etməyi vacib bilir ki, miras qoyan şəxs 1997-ci il tarixdə vəfat etdiyindən, həmçinin sözügedən vərəsəlik işi üzrə mübahisə xx.xx.2024-cü il tarixdən sonra məhkəmənin icraatında olduğundan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarının müəddəaları hazırkı işə tətbiq oluna bilməz.

47. Ona görə ki, sözügedən Plenum Qərarının “qərara aldı” hissəsinin 3-cü bəndində mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi göstərilmişdir.

48. Göründüyü kimi hazırkı mübahisə hər iki halda qərarın 3-cü bəndinin təsiri altına düşmür. Məhz bu kontekstdən yanaşan kollegiya belə qənaətə gəlir ki, hazırkı mübahisənin həlli əvvəllər mövcud olmuş qanunvericiliyin normaları və formalaşmış vahid məhkəmə təcrübəsi əsasında həll edilməlidir.

49. Kollegiya qeyd edir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).

50. İstər 2000-ci ilədək qüvvədə olmuş, istərsə də ondan sonrakı qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir.

51. Məhkəmə kollegiyası, vurğulayır ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.

52. Qeyd edilməlidir ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, məsələn, notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki müəyyən hərəkətlər vasitəsi ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəsənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hallar, adətən mirası qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi məsələn, vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil-istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər ödəmə sənədləri ola bilər.

53. Baxılan iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçılardan İddiaçı2 və İddiaçı3 hələ analarının (miras qoyanın) sağlığında ailə quraraq başqa ünvanda yaşamış, digər İddiaçı1 da anasının vəfatından sonra həmin mübahisəli evdə yaşamamışdır. Həmçinin sonuncuların analarının ölümündən 1997-ci ildən məlumatlı olmaları, bundan sonra miras əmlakı rəsmi və ya faktiki qəbul etməmələri də işin təsdiq olunan və mübahisə olunmayan hallarıdır.

54. Göründüyü kimi həmin vaxtdan 25 ildən çox müddət keçməsinə baxmayaraq, iddiaçılar anasının öldüyünü bildiyi bir halda sonuncudan miras qalmış əmlakın qəbulu ilə bağlı hər hansı addım atmamış, bununla bağlı notariat kontoruna rəsmi qaydada müraciət etməmiş, ya da ki məhkəmədə hər hansı bir mübahisə açmamışlar.

55. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd etməyi zəruri hesab edir ki, yalnız qanunla müəyyən edilmiş hallarda mirasın qəbulu müddəti uzadıla bilər. Kollegiyanın qənaətinə görə mirası qəbul etmək müddətinin uzadılması yalnız gecikdirmə olduqda və belə gecikmənin səbəbləri üzrlü olduqda uzadılmalıdır.

56. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi iddiaçı tərəf mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ərzində hərəkətsizlik göstərməklə, qanunvericiliklə onlara verilmiş müddətdən səmərəli istifadə etməmişlər. Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir.

57. Göründüyü kimi mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, bu həmin hüququn itirilməsini ehtiva edir.

58. Sonda, o da qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.

59. Kollegiya iddiaçı tərəfin sərgilədiyi digər bir dəlilə, yəni “miras əmlak üzrə niyə məhz hazırkı iş üzrə cavabdehlərin tanınması” məsələsinə də münasibət bildirərək qeyd edir ki, vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir.

60. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar).

61. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-163/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar