Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-663/2022 28.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, Ərizəçi1 maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaş Əmlak Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsindən maraqlı tərəf tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.B.Mirzəquliyev) ərizənin təmin edilməsi, Ərizəçi1 Xaçmaz rayonunun Ağtala kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam verməsi faktının müəyyən edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi1 maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaş Əmlak Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı Xaçmaz rayonunun Ağtala kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam verməsi faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 08 oktyabr 1999-cu il tarixdə X2 məxsus Xaçmaz rayonu, Ağtala kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Alqı-satqı 0,06 ha torpaq sahəsi haqqında bağlanılsa da, E.E.Cəbiyevə məxsus olan, həmin torpaq sahəsinə bitişik olan 0,14 ha torpaq sahəsi də, yəni, cəmi 0,20 ha torpaq sahəsi onun tərəfindən əldə edilmişdir. Həmin 0,14 ha həyətyanı torpaq sahəsi E.E.Cəbiyev tərəfindən torpaq islahatına qədər zəbt edildiyi üçün, ona təhkim edilmiş lakin əvəzində ona pay torpaq sahəsi ayrılmamışdır. Yəni, əslində 0,20 ha torpaq sahəsi E.E.Cəbiyevin mülkiyyətinə verilmiş və alqı-satqı müqaviləsi ilə məhz 0,20 ha torpaq sahəsi haqqında bağlanılmışdır. Bundan sonra isə həmin 0,20 ha həyətyanı torpaq sahəsi Xaçmaz rayonu, Nərəcan kəndi «İliç Yolu» sovxozu üzrə yerli aqrar islahat komissiyasının 08 oktyabr 1999-cu il tarixli qərarı ilə ona təhkim edilmişdir. O, həmin vaxtdan, yəni 18 ildən də artıq bir müddət ərzində fasiləsiz və mübahisəsiz olaraq, torpaq sahəsinə sahiblik etmiş və ondan istifadə etmiş, onun haqqında sərəncam vermək, başqa şəxslərin də icarəsinə vermişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Maraqlı şəxsin nümayəndəsi F.Nuşiyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Q.N.Qəhrəmanov Xaçmaz rayonu, Ağtala kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə 21 fevral 2018-ci il tarixli ərizə ilə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, onlara ərizəçi tərəfindən təqdim edilmiş 08 oktyabr 1999-cu il tarixli notarial qaydada təstiq olunmuş alqı-satqı müqaviləsi ilə 0.06 ha torpaq sahəsi əldə edilmişdir. Lakin, buna baxmayaraq ərizəçinin 0,20 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını nəzərə alıb, 0,06 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasından etiraz edilmişdir. 0,20 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlak üzərində hüquqi statusunu müəyyən edən, hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən bir çox maddi və prosessual hüquq normaları pozulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli 2(067)-1494/2018 saylı qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ərizəçi Q.N.Qəhrəmanov məhkəməyə ərizə göndərərək, apellyasiya şikayətinin dəlillərini qəbul etməməsini bildirərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ərizəsini təmin edərkən, mübahisəli torpağın ərizəçinin uzun müddət istifadəsində və sahibliyində olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, maraqlı tərəfin nümayəndəsinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan 08 oktyabr 1999-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, E.E.Cəbiyev Xaçmaz rayonu Ağtala kəndində yerləşən 600 kv.m torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən tikilini Ərizəçi1 satmışdır. İşə əlavə olan Xaçmaz rayonu, Nərəcən kəndi «İliç Yolu» sovxozu üzrə yerli aqrar islahat komissiyasının 08 oktyabr 1999-cu il tarixli qərarından görünür ki, Xaçmaz rayonu, Nərəcan kəndində əvvəllər X2 məxsus olmuş 0,20 ha torpaq sahəsi Ərizəçi1 təhkim edilmişdir. İş materiallarında olan Xaçmaz rayonu, Nərəcan Bələdiyyəsi tərəfindən verilmiş 22 yanvar 2006-cı il tarixli arayışdan görünür ki, E.E.Cəbiyevin fərdi torpaq sahəsində 0,14 ha artıq torpaq sahəsi oldugu üçün ona pay torpaq sahəsi verilməmişdir. İşdə olan Xaçmaz rayonu, Nərəcan Bələdiyyəsi tərəfindən verilmiş 19 fevral 2018-ci il tarixli arayışdan görünür ki, E.E.Cəbiyevə məxsus olmuş 0,20 ha artıq torpaq sahəsi Ərizəçi1 istifadəsindədir. İşə əlavə olan Xaçmaz rayonu, Nərəcan Bələdiyyəsi tərəfindən verilmiş 19 fevral 2018-ci il tarixli arayışdan görünür ki, Ərizəçi1 08 oktyabr 2017-ci il tarixə qədər torpaq vergisini ödəmişdir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 9.1.4-cü bəndinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təstiqeləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə daşınmaz əmlaka mülkiyyət hüququnun yaranma anı göstərilmişdir. Həmin hüquq onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təstiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təstiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, mübahisə olunan 0,14 ha torpaq sahəsi X2 adına zəbt torpaq sahəsi kimi qeyd edilmişdir. Həmin torpaq sahəsinin E.E.Cəbiyev tərəfindən Ərizəçi1 satılması barədə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işdə iştirak edən şəxslər arasında hüquqi mübahisə mövcud olduğu üçün, yuxarıda qeyd olunan hüquq normalarına əsasən aidiyyət qaydalarına riayyət etməklə ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Ərizəçi1 0,20 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi tələbi dair ərizəsinə baxmaqla səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263- 264, 365 və 384.0.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyevin apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 08 iyun 2018-ci il tarixli 2(067)-1494/2018 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi1 maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaş Əmlak Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra mübahisə ilə bağlı ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdır. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-663/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-663/2022
28.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver