Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-672/2023 31.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X6 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh3, onun nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı müqavilənin və maliyyə arayışının etibarsızlığı, birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payların müəyyən edilməsi, mənzildən istifadə yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(060)- 3890/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın təmin edilməsi, Cavabdeh2 MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 018003 saylı müqavilə və həmin müqaviləyə dair maliyyə arayışı etibarsız hesab edilməsi, Sumqayıt şəhər, 13-cü mkr, Niyazi küç, 27A ünvanı, 1-ci blok, 6cı mərtəbədə yerləşən, ümumi sahəsi 104.79 kv.m olan 18 saylı mənzilin 2/1 hissəsi üzərində İddiaçı payının tanınması və həmin məzildən istifadəyə yaradılan məhdudiyyətlər aradan qaldırılması, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehlər Lamiyə və Cavabdeh3 qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 018003 saylı müqavilənin, həmin müqaviləyə dair maliyyə arayışının etibarsız hesab edilməsi, Sumqayıt şəhər, 13-cü mkr, Niyazi küç, 27A ünvanı, 1-ci blok, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 104.79 kv/m olan 18 saylı mənzilin 1/2 hissəsi üzərində onun mülkiyyət hüququnun tanınması və mülkiyyətindən istifadəyə yaradılan məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh2 MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 018003 saylı müqavilənin, həmin müqaviləyə dair maliyyə arayışının etibarsız hesab edilməsi, Sumqayıt şəhər, 13-cü mkr, Niyazi küç, 27A ünvanı, 1ci blok, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 104.79 kv/m olan 18 saylı mənzilin 2/1 hissəsi üzərində onun payının tanınması və həmin mənzildən istifadəyə yaradılan məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 Əlisgəndər qızı ilə 11 iyun 2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladları - 30 may 2010-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. O, xx.xx.2020-ci il tarixində Sumqayıt şəhər, 13-cü mkr, Niyazi küç, 27A ünvanında yerləşən, Cavabdeh2 MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasın 1-ci blok, 6-cı mərtəbədə yerləşən ümumi sahəsi 104.79 m olan 18 saylı mənzili müqavilə əsasında əldə etmiş və həmin mənzili təmir edərək orada yaşamağa başlamışlar. Cavabdeh1 Əlisgəndər qızı sonradan nikahın ləğvi iddiası ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli 2(012)-4264/2021 saylı qətnaməsi ilə aralarındakı nikah ləğv edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 Əlisgəndər qızı onun xəbəri olmadan, birgə nikah dövründə əldə etdikləri mənzili xx.xx.2021-ci il tarixində vermiş olduğu notarial ərizə əsasında qanunsuz olaraq Cavabdeh2 MTK tərəfindən onun anası Cavabdeh3 adına keçirmiş, onunla xx.xx.2021-ci il tarixli 018003 saylı müqavilə və maliyyə arayışı verilmişdir. Cavabdeh qeyd olunan qanunsuz əməlləri ilə faktiki olaraq onun mülkiyyət hüququnu mənimsəmişlər. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən o, Sumqayıt şəhər, 13-cü mkr, Niyazi küç, 27A ünvanında yerləşən 18 saylı mənzilin yarısının sahibidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticə əsaslandırılmamışdır. Ona görə də apellyasiya şikayəti veririk. Belə ki, məhkəmə nəzərə almamışdır ki, Cavabdeh1 kooperativdə olan payından imtina etmişdir. Bu imtina nikah dövründə olmuşdur. Payından imtinanı İddiaçı razılığı ilə etmişdir. Ona görə də məhkəmə bu iş üzrə maddi hüquq tətbiqində səhvə yol vermişdir. Bundan başqa, məhkəmə iddia üzrə digər cavabdehin iştirakını təmin etməmiş və onun iddiaya münasibətini aydınlaşdırmamışdır. Bununla da çəkişmə prinsipini pozmuşdur. Məhkəmə bu maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə əqdi etibarsız hesab edilərkən bu Mülki Məcəllədə müəyyənləşdirilən hansı şərtlərin pozulmasını göstərməmişdir. Çünki, 337.1-ci maddəyə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İşin hallarında qeyd edildiyi kimi, Cavabdeh1 kooperativə üzvlüyündən və payından nikahları pozulmamışdan, hətta məhkəməyə nikahın pozulması üçün müraciət etməmişdən xeyli əvvəl imtina etmişdir. Həmçinin bu imtina həmin vaxtda əri İddiaçı razılığı ilə edilmişdir. Ona görə də hesab edir ki, qeyd edilən maddi hüquq normaları bu iş üzrə tətbiqində məhkəmə səhvə yol vermişdir. Məhkəmə iş üzrə cavabdeh kimi cəlb edilmiş Cavabdeh3 məhkəmədə iştirakını təmin etməmişdir. Bununla da çəkişmə prinsipini pozmuşdur. Cavabdeh3 Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticə əsaslandırılmamışdır. Ona görə də apellyasiya şikayəti verilmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, Cavabdeh1 kooperativdə olan payından imtina etmişdir. Bu imtina nikah dövründə olmuşdur. Payından imtinanı İddiaçı razılığı ilə etmişdir. Ona görə də məhkəmə bu iş üzrə maddi hüquq tətbiqində səhvə yol vermişdir. Bundan başqa, məhkəmə iddia üzrə digər cavabdehin iştirakını təmin etməmiş və onun iddiaya münasibətini aydınlaşdırmamışdır. Bununla da çəkişmə prinsipini pozmuşdur. Məhkəmə bu maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə əqdi etibarsız hesab edilərkən bu Mülki Məcəllədə müəyyənləşdirilən hansı şərtlərin pozulmasını göstərməmişdir. Çünki, 337.1-ci maddəyə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə iş üzrə cavabdeh kimi cəlb edilmiş Cavabdeh3 məhkəmədə iştirakını təmin etməmişdir. Bununla da çəkişmə prinsipini pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh2 MTK-ya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi Cavabdeh2 MTK-nın nümayəndəsinin ifadəsinə əsasən Cavabdeh1 "xxxx"MTK-ya rəsmi müraciət edərək xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "Payçı" kimi özünün adına olan ünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 104.79 kv.m olan, 3 otaqlı, 18 saylı mənzili anası Cavabdeh3 adına sənədləşdirilməsini xahiş edərkən iddiaçının razılığının alınmadığını bildirməsi, eyni zamanda cavabdehin nümayəndəsi və vəkili iddiaçının razılığı əsasında cavabdehin anasının adına pay müqaviləsinin bağlanmasını qeyd etsə də, bu barədə heç bir sübut məhkəməyə təqdim etməməsi ilə əsaslandırmışdır. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası keçirilmiş, Cavabdeh3 məlumatlandırılmadan, xəbərnamə əldə edilmədən, onun iştirakı olmadan iddia tələbinə baxaraq qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). İşdən göründüyü kimi mübahisəyə baxılarkən Cavabdeh3 iştirakı lazımı qaydada təmin edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edərkən gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 225.1, 32.1, 37.1, 324.1, 324.5, 390.1, 390.4, 337.1-337.5-ci maddələrinə istinad etmiş və bununla da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X7rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X4 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia tələbi müqavilənin və maliyyə arayışının etibarsızlığı, birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payların müəyyən edilməsi, mənzildən istifadə yaradılan maneənin aradan qaldırılması barədədir. İddia tələbinin qanuni əsasını Mülki və Ailə Məcəlləsinin 222.3, 337.1, 157.4, 36.3, 37.1-ci maddələri təşkil edir. Tərəflərin xx.xx.2009-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olması və onların bu nikahından bir övladlarının olması, hazırda da rəsmi nikahlarının pozulması, ünvan 2 ünvanında yerləşən Cavabdeh2 MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 104.79 kv.m olan, 3 otaqlı, 18 saylı mənzili birgə nikah dövründə əldə etmələri işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 337.1. maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin (Mülki Məcəllənin 222.3-cü maddəsi). Burada qanunverici əqdi bağlamış mülkiyyətçinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində əmlaka sərəncam verilməsi imkanından çıxış edərək, belə əqdin Mülki Məcəllənin 339-cu maddəsinə əsasən, etibarsız sayılmasını nəzərdə tutur. Lakin belə pis niyyət olmadan əqd bağlanarkən digər tərəf mülkiyyətinin müvafiq səlahiyyəti olmadığını (bu əqdin bağlanmasına lazımi subyektlərin razılığı olmadığını) bildiyi və bilməli olduğu halda əqd bağladıqda vicdansız əldə edən kimi çıxış edir. Bu da öz növbəsində həmin əqdin etibarsız sayılması üçün yetərli əsasdır. İşdən görünür ki, tərəflər nikahda olduqları dövrdə ilkin olaraq əldə etdikləri ünvan 2 ünvanında yerləşən 2-ci blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 53,28 kv.m olan, 1 otaqlı, 68 saylı mənzili Cavabdeh1 Yeganə Qulamovaya satmış və bu barədə xx.xx.2020-ci ildə 068001 №li payçı müqaviləsi bağlanmışdır. Elə həmin gün Cavabdeh1 tərəfindən həmin binada 104,79 kv.m. olan 3 otaqlı 18 saylı mübahisəli mənzili əldə edərək, mənzili təmir edib orada yaşamağa başlamışlar. Bundan bir müddət sonra Cavabdeh1 notarial qaydada təsdiq edilmiş ərizə əsasında həmin mənzil üzərindəki payından imtina etmiş və mənzil Cavabdeh2 MTK ilə bağlanmış xx.xx.2021-ci il tarixli 018003 saylı müqaviləyə əsasən digər cavabdeh (iddiaçının qaynanası) Cavabdeh3 adına keçmişdir. Həmin ilin noyabr ayının 16-da isə tərəflər arasındakı nikah pozulmuşdur. Göründüyü kimi əqdin bağlanması zamanı Mülki Məcəllənin 222.3, 337.1-ci maddələrinin tələbləri pozulmuş, iddiaçının razılığı alınmamış və həmin əqdin tərəfi olan Lamiyənin anası Minayənin də bundan məlumatı olduğu halda, mübahisəli mənzilə dair mövcud müqaviləni bağlamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 018003 saylı müqavilə və onun əsasında verilmiş maliyyə arayışı etibarsız hesab edilməlidir. İddia tələbinin payların müəyyən edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə birgə vəsaitləri hesabına əldə etdiklərindən, Ailə Məcəlləsinin 36.3, 37.1. maddələrinin tələblərinə əsasən bölünməli və həmin mənzil üzərində əmlakdakı payların bərabərliy prinsipini rəhbər tutaraq hər birinin ½ pay hüququ müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mənzildən istifadəyə yaradılan məhdudiyyətlərin aradan qaldırılması hissəsinə gəldikdə isə hesab edir ki, Mülki Məcəllənin 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qanunun mənasından göründüyü kimi bu iddia neqator iddia olmaqla, mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırılması haqqında tələbdir. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyətini pozur. Çünki əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir. Həmçinin o da nəzərə alınmalıdır ki, mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək imkanından məhrum edən hərəkət uzanan hüquq pozuntusu olduğundan bunun aradan qaldırılmadığı bütün müddət ərzində bu iddianı (neqator) qaldırmaq olar. Hazırkı iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra mənzillə bağlı hər hansı bir maneə yaradılacağı təqdirdə mövcud iddianı qaldırmaq hüququ istisna deyil. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 018003 saylı müqavilə, həmin müqaviləyə dair maliyyə arayışı etibarsız hesab edilməli, Sumqayıt şəhər, 13-cü mkr, Niyazi küç, 27A ünvanı, 1-ci blok, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 104.79 kv.m olan 18 saylı mənzilin ½ hissəsi üzərində iddiaçının payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 018003 saylı müqavilə və həmin müqaviləyə dair maliyyə arayışı etibarsız hesab edilsin. Sumqayıt şəhər, 13-cü mkr, Niyazi küç, 27A ünvanı, 1-ci blok, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 104.79 kv.m olan 18 saylı mənzilin ½ hissəsi üzərində İddiaçı payı tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-672/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-672/2023
31.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver