Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-676/2024 15.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-73/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh dəymiş maddi ziyana görə 2375,7 manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh idarə etdiyi yük avtomobilinin ona məxsus qeyri-yaşayış obyektinə çırpılaraq qəza törətməsi nəticəsində əmlakına dəymiş maddi zərərə görə 11700 manat, hüquqi xidmətə görə 1550 manat, nəqliyyat (taksi) və poçt (kuryer) xidmətinə çəkilmiş xərclərə görə 250 manat, əldən çıxmış faydaya görə 1050 manat, ona dəymiş mənəvi zərərə görə 5000 manat, tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə cəmi 19580 manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 yanvar 2021-ci il tarixində saat: 14:55 radələrində (TŞ-019) Təhlükəsiz şəhər kameraları qarşısında, Bakı şəhəri Binəqədi rayonu Svetalana Məmmədova küçəsi ilə İsmayıl Dağıstani küçəsinin kəsişməsində yerləşən avtobus dayanacağı yaxınlığında yerləşən ticarət sırasında, İddiaçı məxsus qeyri-yaşayış sahəsinə (xırdavat köşkünə) Cavabdeh idarə etdiyi Ford markalı **-RO-*** qeydiyyat nişanlı yük avtomobili əsas yoldan ani sağ tərəfə manevr edərək geriyə avtobus dayanacağına girmək üçün dönmə əməliyyatı edərək (ara məsafəsi saxlamadan) surətlə (satıcı köşkdə namaz qıldığı an) obyektə çırpılmışdır. Qəza nəticəsində obyektin yağış və günəşdən qorunma çətiri (rəngli alkapon üzlüklü - dəmir konstuksiyalı) və gecə işıqlandırma (diod və led sistemli) lampaları parçalanaraq dağılmış, reklam işıqlandırma (tablosu) sistemi (adapterlər daxil) xarab olmuş, vitrin qapı-pəncərə sistemi (çərçivələrinin birləşmə nöqtələri) yerindən laxlamış, ciddi zərər görmüş, obyektin (çətir altında yerləşən) təhlükəsizlik kameraları qoparaq zədələnmiş (xarab olmuşdur). Hadisə ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin 102 Xidmətinə məlumat verilmiş, nəticədə təxminən 1 saat sonra (15:55 radələri) **-YP-*** qeydiyyat nişanlı X6 məxsus xidməti avtomobil ilə YPX əməkdaşları hadisə yerinə gəlmiş və qəzanı törədən sürücünün müvafiq sənədləri YPX əməkdaşları tərəfindən götürülmüşdür. YPX əməkdaşları qəzanı törətmiş sürücünün sənədlərini Binəqədi YPX-də Maşallah müəllimə aparıb təhvil verəcəklərini bildirmişlər. Yol nəqliyyat hadisəsi baş verən yerdə (və vaxtda) heç bir protokol tərtib edilməmişdir. 102 xidmətinin və X8 əməkdaşlarının hərəkətsizliyi barəsində X5 müvafiq şikayət ərizəsi ünvanlanmışdır. Bas vermiş yol nəqliyyat hadisəsi və **-YP-*** qeydiyyat nişanlı YPX avtomobili ilə gələn YPX əməkdaşlarının hadisə yerinə baxış keçirməsi obyektin təhlükəsizlik kameraları vasitəsilə qeydə alınmışdır. Qəzanı törədən sürücü Cavabdeh və Əsəd adlı yoldaşı özlərinin (dindar) “namaz əhli” olduqlarını, yük avtomobili ilə tələbat mallarının topdansatışını həyata keçirdiklərini ifadə edərək, halallıq naminə dəymiş zərəri aradan qaldırmaq üçün dərhal təmir işlərinə başlayaraq qəzanı aradan qaldıracağına vəd versələr də, YPX əməkdaşları ərazidən getdikdən sonra hadisə yerindən getmiş və onlarla heç bir əlaqə saxlamamışdır. Sürücü telefon zənglərinə cavab vermir. Hadisə yerindən getdikdən sonra heç vaxt əlaqə saxlamamış və dəymiş maddi zərərin ödənilməsindən boyun qaçırmaqdadır. 18 Yanvar 2021-ci il tarixindən etibarən havanın yağıntılı (qarlı, yağışlı) və güclü küləkli günlərlə müşayiət olunduğu dövrlərdə köşkün çətirsiz olması, yağış sularının köşkün içərisinə çırpılması (yağıntıların içəriyə sızaraq axması) çətirin dəmir konstruksiyasının əyilmiş (deformasiyaya və karroziyaya uğramış) və alt-üst alkapon təbəqənin dağılmış qəzalı vəziyyətdə olması gözlə aydın görünməsi səbəbindən müştərilərin obyektə yaxınlaşmasının qarşısını almış, qəzadan sonra yəni quraşdırdığı işıqlanma (led lampaları) yağış-qar sularının düşməsi ilə bir daha xarab olması, yeni quraşdırdıqları çöl kamera sisteminin zədələnərək yararsız hala düşməsi və qəza nəticəsində zədələnən reklam işıqlanma sisteminin (adapterlər daxil) çətiraltı naqillər yararsız hala düşərək xarab olmuşdur. Bundan əlavə qeyri-yaşayış sahəsinin uzun illər işləməsi və ərazidə brendləşmiş ticarət obyekti olmasını nəzərə alaraq cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində 5 ay müddətdir ki brendləşmiş ticarət obyektinin xarici görünüşün bərbad vəziyyətdə olması müştərilər tərəfindən cəlbediciliyinə mənfi təsir göstərməsi işgüzar nüfuza dəymiş zərər kimi qiymətləndirilməlidir. İcarə müqaviləsi üzrə “icarəçi” qəza nəticəsində köşkün reklam işıqlanma sisteminin zədələnərək xarab olduğuna (işıqlı reklam tablosunun işlək vəziyyətdə olmamasına) və qəzalı dəmir konstruksiyalı çətirin təhlükəli olmasına görə müştərilərin cəlb olunmasına mənfi təsir etdiyi, çətirin dəmir konstruksiyasının əyildiyi və çətirin alt-üst alkapon örtüyünün dağılmış vəziyyəti müştərilərin obyektə yaxınlaşmasına təhlükə kimi gözlə göründüyü üçün müştərilərin azaldığını, bununla da satışa hədsiz mənfi təsir etdiyini bildirərək 2021-ci ilin yanvar ayından etibarən icarə haqqı ödəməyəcəyini və köşkün reklam tablosu, həmçinin çətiri dərhal düzəldilməyəcəyi təqdirdə icarə müqaviləsinə birtərəfli qaydada xitam verəcəyi barədə yazılı (bildirişlə) xəbərdar etmiş və 12 aprel 2021-ci il tarixindən xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. İddiaçının səhhətində mövcud olan yaş və xəstəlikləri ilə əlaqədar ağır problemlər mövcuddur. Yüksək qan təzyiqi, damar tıxanıqlığı, kardioloji problemlər və onkoloji xəstəlikdən əziyyət çəkməyi əmlakına dəyən zərərin aradan qaldırılmaması ona hər gün həyəcan, əsəb, stress keçirməyi, halının pisləşməsi ilə nəticələnmişdir ki, bu da mövcud xəstəliklərinə mənfi təsir göstərməkdədir. Cavabdeh idarə etdiyi yük avtomobilinin ona məxsus qeyriyaşayış obyektinə çırpılaraq qəza törətməsi nəticəsində əmlakına dəymiş maddi zərər: (dəmir konstruksiyalı (Türkiyə istehsalı olan) rəngli alkapon üzlüklü (həmçinin daxili diod işıq qatarı) çətir 3500 (üç min beş yüz) manat, (daxili metal içliklərdən və birləşmələrdən ibarət olan) vitrin konstruksiyaya görə 4500 (dörd min beş yüz) manat, təhlükəsizlik kamera sisteminə görə 1200 (min iki yüz) manat, çətiraltı (led) işıqlanma sistemi və işıqlı reklam tablosu, elektrik sistem adaptoru ilə birlikdə 2500 (iki min beş yüz) manat, hüquqi xidmətə görə: 1550 (min beş yüz əlli) manat, nəqliyyat (taksi) və poçt xidmətinə görə: 250 (iki yüz əlli) manat, əldən çıxmış fayda: (7 aylıq dövr) qeyri-yaşayış sahəsinin icarə haqqı üzrə 1050 (min əlli) manat, ümumilikdə 14550 (on dörd min beş yüz əlli) manat dəyərində maddi zərər dəymişdir. Mənəvi zərər 5000 (beş min) manat məbləğində müəyyən edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Nəzərov X2 Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ondan dəymiş maddi ziyana görə 2375,7 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul vəsaiti alınaraq iddiaçıya ödənilməsi hissəsinin ləğv olunması, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini qəbul etmir, hadisə olan zaman düzəltməyi təklif etmiş, lakin iddiaçı razı olmamış, 102 xidmətinə zəng etmişdir. Sığorta xidməti gəlmiş, dəymiş zərəri hesablamışdır. Onun hesabına görə obyektə dəymiş zərər 100 manat təşkil edir. Yenidən ekspertizanın keçirilməsini məhkəmədən tələb etsə də məhkəmə vəsatətini qəbul etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə İddiaçı prosessual hüquqi varisi X1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini mülki hüquq pozuntusunun (delikt) Cavabdeh tərəfindən törədilməsi və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı maddi zərər yetirilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirmiş, ekspertiza keçirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası ilk öncə cavabdehin məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə məhkəməyə yazılı vəsatət verməsi və təmin edilməməsi barədə dəlilinə qiymət verərək qeyd edir ki, cavabdehin ekspertiza keçirilməsi barədə vəsatətində qeyd etdiyi halları əsaslandırmamış, birinci instansiya məhkəməsi haqlı olaraq vəsatəti təmin etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini bu hissədə əsaslı hesab etmir. xx.xx.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi Ford Transit yük markalı **-RO-*** qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Svetalana Məmmədova küçəsi ilə İsmayıl Dağıstani küçəsinin kəsişməsində yerləşən avtobus dayanacağı yaxınlığında yerləşən ticarət sırasında, İddiaçı məxsus qeyri-yaşayış sahəsinə (xırdavat köşkünə) çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi işin mübahisəsiz halıdır. Mövcud iş üzrə mübahisələndirilən hissədə iddia tələbi maddi zərərin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1096.1., 1097.1, 1108.1-ci maddələri təşkil edir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (Mülki Məcəllənin 1108.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. İşdən görünür ki, yüksək təhlükə mənbəyi hesab olunan avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə olunmuş və onun təqsiri ucbatından baş vermiş hadisə nəticəsində İddiaçı məxsus qeyri-yaşayış sahəsinə (xırdavat köşkünə) ziyan dəymişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3480, 9/3416 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr Svetlana Məmmədova küçəsindəki ticarət sırasında yerləşən 2 nömrəli dükanın ümumi sahəsi 3.5 m2 olan ticarət köşkünə dəymiş ziyanın aradan qaldırılması üçün görülmüş işlərin təqribi dəyərinin 2375,7 manat olduğu müəyyən olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi dəymiş zərərin məbləği ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-676/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-676/2024
15.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver