Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-68/2024 03.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Şamaxı Rayon Məhkəməsinin 2(074)-26/2022 nömrəli, 14 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun özünə aid edilməsi, İddiaçı 200 manat məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz əməllərinə son qoyulması, çirkab sularının onun evinə gəlməsinin qarşısının alınması ona dəymiş maddi ziyana görə min manat və mənəvi ziyana görə iki min manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı şəhəri Şəhriyar küçəsi 29 saylı evdə yaşayır. Qonşusu Cavabdeh köməkçi tikintisindən su sızması nəticəsində evini su basmış, ona külli miqdarda ziyan dəymiş, evinin döşəməsi çürümüş, divarları kif bağlamış, divarlarda çatlar əmələ gəlmiş, dəfələrlə təmir etməyinə baxmayaraq nəmişlik və çirkab suların əmələ gəlməsi nəticəsində evində yaşamaq mümkün deyildir. Bu barədə dəfələrlə Cavabdeh çirkab suların onun evinə ziyan vurması barədə xəbərdarlıq etməyinə baxmayaraq heç bir tədbir görməmişdir. Məcburiyyət qarşısında qalaraq Şamaxı rayon İcra Hakimiyyətindən məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Şamaxı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 21.1-ci və 21.2-ci maddələri birinci instansiya məhkəməsinin qətnaməsində düzgün təfsir edilməmişdir. Eyni zamanda həmin Məcəllənin 1097.1-ci maddəsi də qətnamədə düzgün təfsir edilməmişdir. Beləliklə, aşkar görünür ki, iş üzrə Şamaxı Rayon Məhkəməsinin qətnaməsində işin bütün faktiki halları tam aydınlaşdırılmamış, ekspertlərin rəyləri natamam olduğundan qanunlar və normativ aktlar düzgün tətbiq və təfsir edilməmişdir. Qeyd edilən səbəblərdən iş üzrə maddi və prosessual hüquq normaları pozulmuş və bu da düzgün olmayan qətnamə qət edilməsi ilə nəticələnmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi halları sübut edilməməsi ilə əsaslanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddiaçı tərəfindən mübahisələndirilərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı iş üzrə iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir. Mülki Məcəllənin 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir), delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (Mülki Məcəllənin 1096.1.,1096.2. maddələri). Mülki Məcəllənin 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3820 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus Şamaxı şəhəri, Şəhriyar küçəsi 29, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yaşayış otaqlarının qusurlar olan divarının arxa hissəsi (xarici hissəsinin) sərhəd hasarına bitişik şəkildə və torpaq qatının altında yerləşdiyindən, eləcə də divarların arxa hissəsində faktiki olaraq cavabdeh tərəfindən yardımçı tikililər inşa edilməsi səbəbindən, həmin hissələrə baxış keçirilməsi mümkün olmadığından, həmçinin cavabdeh tərəfindən inşa edilmiş əlavə tikililərin kanalizasiya xətti torpaq qatının altı ilə gizli şəkildə çəkildiyindən, iddiaçıya məxsus yaşayış evinə dəymiş ziyanın səbəbini, o cümlədən dəymiş ziyanın Cavabdeh tərəfindən çirkab sularının axıdılması nəticəsində olub-omadığını dəqiqliklə müəyyən etmək mümkün olmadı. Eyni zamanda qeyd olunur ki, tədqiq olunan yaşayış evlərinin yanaşı torpaq sahələrində yerləşməsini, torpaq sahələrinin relyefi maili şəkildə olduğundan, İddiaçı məxsus yaşayış evinin cavabdehə məxsus evdən aşağı səviyyədə yerləşdiyini, Cavabdeh tərəfindən əlavə olaraq inşa edilmiş hamam və ayaqyolu tikililərinin iddiaçıya məxsus yaşayış evinin qüsurlar yaranmış otaqlarının arxasında, sərhəd hasarından 20-25 sm aralı yerləşdiyini, iddiaçıya məxsus evin tikililərində yaranmış qüsurların dinarların orta hissəsindən aşağı səviyyədə (cavabdehin tikililərinin kanalizasiya xətti səviyyəsində) olduğunu nəzərə alaraq, iddiaçıya məxsus yaşayış evinə su sızması, cavabdehə məxsus əlavə tikililərin kanalizasiya xəttində hər hansı qüsurlar yaranması və ya atmosfer yağıntılarının divarın arxa hissəsinə keçməsi səbəbindən baş verə bilər. Qeyd olunur ki, su sızmanın dəqiliklə səbəbinin müəyyən olunması üçün, qüsurlar olan divarın arxa hissəsində cavabdeh tərəfindən inşa edilmiş tikililər sökülməli, həmin hissədə qazıntı işləri aparılaraq, kanalizasiya xətləri yoxlanmalı, su sızma baş verən hissə ətraflı müayinə olunmalıdır. Su sızma nəticəsində iddiaçıya məxsus fərdi yaşayış evində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun 628 manat müəyyən olunmuşdur. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-6706 nömrəli 15 fevral 2024-cü il tarixli ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq qeyd olunur ki, ünvan 2 ünvanında Cavabdeh məxsus həyətyanı torpaq sahəsində inşa olunmuş hamam və tualet tikilisinin kanalizasiya xətlərinin həyətyanı sahədən keçən hissəsində heç bir qüsur aşkar olunmadı. Həmçinin qeyd olunur ki, kanalizasiya xətlərinin digər hissələrinin, yəni hamam və tualetin altında qalan hissələrin üzəri beton ilə örtüldüyündən kanalizasiya xətlərinin həmin hissəsində hər hansı nasazlığın olubolmadığını müəyyən etmək mümkün olmadı. Odur ki, Şamaxı şəhəri, Şəhriyar küçəsi 29, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə suyun sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Eyni zamanda qeyd olunur ki, tədqiq olunan yaşayış evlərinin yanaşı torpaq sahələrində yerləşməsini, torpaq sahələrinin relyefi maili şəkildə olduğundan, İddiaçı məxsus yaşayış evinin cavabdehə məxsus evdən aşağı səviyyədə yerləşdiyini, Cavabdeh tərəfindən əlavə olaraq inşa edilmiş hamam və ayaqyolu tikililərinin iddiaçıya məxsus yaşayış evinin qüsurlar yaranmış otaqlarının arxasında, sərhəd hasarından 20-25 sm aralı yerləşdiyini, iddiaçıya məxsus evin tikililərində yaranmış qüsurların divarların orta hissəsindən aşağı səviyyədə (cavabdehin tikililərinin kanalizasiya xətti səviyyəsində) olduğunu nəzərə alaraq, iddiaçıya məxsus yaşayış evinə su sızması, cavabdehə məxsus əlavə tikililərin kanalizasiya xəttininin göz ilə görünə bilməyən hissələrində hər hansı qüsurlar yaranması və ya atmosfer yağıntılarının divarın arxa hissəsinə keçməsi səbəbindən baş verə bilər. İş üzrə keçirilmiş ekspert rəylərindən göründüyü kimi su sızması nəticəsində iddiaçıya məxsus yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin dəyəri isə 628 manat təşkil edir. Qeyd etmək lazımdır ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddələrdə ifadə olunmuş dispozisiya şərtlərinə əsasən isə bu cür iddianın təmin olunması üçün əmlaka zərərin vurulması, zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması vacibdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin qanunsuz əməllərinə son qoyulmalı, çirkab sularının iddiaçının evinə gəlməsinin qarşısı alınmalı və iddiaçıya dəymiş maddi ziyana görə cavabdehdən 628 (altı yüz iyirmi səkkiz) manat alınaraq iddiaçıya ödənilməlidir. İddia tələbinin 2000 (iki min) manat məbləğində mənəvi ziyanın tutulması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, yuxarıda adı çəkilən hərəkətlər nəticəsində iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması müəyyən edilmədiyindən, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1.., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh qanunsuz əməllərinə son qoyulsun və onun tərəfindən çirkab sularının İddiaçı evinə gəlməsinin qarşısı alınsın. İddiaçı dəymiş maddi ziyana görə Cavabdeh 628 (altı yüz iyirmi səkkiz) manat alınaraq iddiaçıya ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh 50 (əlli) manat məbləğində ekspertiza xərci alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22), hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-68/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-68/2024
03.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver