Məhkəmə qərarları › İş №2(105)-680/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-680/2024

11.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-680/2024 11.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: müddət bərpası) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Məmmədov Rəsul Yasər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2(027)-1566/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.875 (on min səkkiz yüz yetmiş beş) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(027)-1566/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. (hakim V.Seyidov)

3. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(027)-1566/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-461/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilərək mülki iş Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(027)-1566/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə birinci instansiyası məhkəməsinə qaytarılmışdır.

5. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, e-2(027)-1566/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023cü il tarixli, e-2(027)-1566/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(105)-461/2024 saylı qərardadı ilə mümkünsüz sayılmışdır. Buna səbəb Quba Rayon Məhkəməsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.6-cı maddəsinin tələbinə riayət etməməsindən irəli gələn halların olmasıdır. Belə ki, o, qətnaməni rəsmi qaydada xx.xx.2023-cü il tarixdə almış, otuz gün müddət isə xx.xx.2023-cü il tarixdə bitir. Qətnamə e-kabinetə yerləşdirildiyi tarix xx.xx.2023-cü il tarixə təsadüf edir ki, həmin gün qeyri-iş günü olmuş, o, qətnaməni xx.xx.2023-cü il tarixdə e-kabinetdən əldə etmiş və apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə vermişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi müddəti qətnamənin e-kabinetə yerləşdiyi xx.xx.2023-cü il tarixdən hesablanmaqla, apellyasiya şikayətini müddətin ötməsindən sonra verildiyi üçün qeyri-mümkün hesab edərək, şikayəti geri qaytarmışdır. Hazırda həmin qətnamədən apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsini xahiş edir.

7. Quba Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2(027)-1566/2023 saylı qərardadı ilə İddiaçı tərəfindən Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(027)-1566/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və həmin apellyasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Cavabdeh Quba Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2(027)-1566/2023 saylı qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpasına dair İddiaçı ərizəsinin rədd edilməsini xahiş etmişdir.

9. Quba Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(027)-1566/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin buraxılmış müddətinin bərpasından imtina edilməsi, tərəfin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 14-cü, İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 7, 8, 10-cu və İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit olunmuş səmərəli və ədalətli məhkəmə araşdırması hüququnu pozmuş olardı.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 133.1, 133.4-cü maddələrinə və Avropa Məhkəməsinin əlaqəli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Şikayətin dəlilləri

12. Şikayət onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin e-2(027)- 1566/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə elektron sistemə yerləşdirilmişdir. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməsi isə işin mübahisəsiz halıdır. Qətnamə xx.xx.2023-cü il tarixdə İddiaçı rəsmi qaydada verilmişdir. Belə olan halda, İddiaçı qətnaməni xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə, rəsmi qaydada xx.xx.2023-cü il tarixdə əldə etməsi ilə bağlı arqumentləri əsassızdır. Qətnamənin elektron kabinetdə xx.xx.2023-cü il tarixdə, yəni qeyri-iş günü yerləşdirilməsi, bununla da, qətnamənin rəsmi qaydada əldə edilmə tarixinin qeyri-iş günündən sonrakı ilk iş günü, yəni xx.xx.2023-cü il olması barədə iddiaçının dəlili əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Göründüyü kimi qanunverici prosessual müddətin son günü qeyri-iş gününə təsadüf etdiyi təqdirdə məsələnin həllini müəyyən etmişdir. Başqa sözlə, iddiaçının istinad etdiyi hal (qeyri-iş günləri ilə əlaqəli) onun tərəfindən prosessual müddətinin ötürülməsini aradan qaldırmır. Odur ki, hazırkı işin halları baxımından buraxılmış müddətin üzürlü hesab edilməsi üçün hər hansı əsas yoxdur. İddiaçı mübahisələndirilən qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin üzürlü səbəblərdən buraxılmasına dair məhkəməyə heçbir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

13. Şikayətə qarşı yazılı etiraz daxil olmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.1. Prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.1. Həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 363.1.3 Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

16. Şikayətdən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2(027)-1566/2023 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

17. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir.

19. Belə ki, işin sadalanan ardıcıllığından görünür ki, hazırda mübahisə, daha dəqiq formada ifadə edilərsə şikayətçinin şikayətinin əsas dəlili onun xeyinə qəbul edilmiş məhkəmə qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan müddətin bərpa edilməsindən ibarətdir. Belə ki, şikayətçi qeyd edir ki, hazırkı halda müddətin bərpa edilməsi üçün heç bir əsas mövcud olmadığı halda məhkəmə vəsatəti təmin etmişdir

20. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, mübahisələndirilən qətnamə İddiaçı elektron kabinetinə 08 noyabr 2023-cü il tarixdə yerləşdirilmişdir. Bu halda qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin son günü 08 dekabr 2023-cü il tarixinə təsadüf edir. Cavabdeh isə apellyasiya şikayətini elektron kabinet vasitəsilə 11 dekabr 2023-cü il tarixdə vermişdir. Yəni qanunda nəzərdə tutulan prosessual müddət 3 gün ötürülməklə apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiya məhkəməsinin müvafiq qərardadında qeyd olunan nöqsan iddiaçı tərəfindən aradan qaldırmaqla, yenidən apellyasiya şikayəti vermişdir. Ümumilikdə prosesin axımı uzun müddət ərzində davam etməmiş və iddiaçı hər dəfə öz hərəkətləri ilə mövcud məhkəmə qətnaməsi ilə barışmadığını qəti şəkildə nümayiş etdirmişdir. Hazırkı vəsatətdə də qeyd olunan dəlillər işin halları ilə uzlaşmaqla, prosessual müddətin üzürlü səbəbdən ötürülməsinə dalələt edir.

21. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi prosessual müddətin üzürlü səbəbdən ötürülmüş hesab edilməsi barədə vəsatəti təmin etməklə haqlı nəticəyə gəlmişdir.

22. Kollegiya sonda qeyd edir ki, apellyasiya şikayəti prosesual tələblər baxımından digər hissələrdə qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, əlavə vaxt itkisinin qarşısının alınması və prosessual qənaət prinsipinə uyğun olaraq şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur.

23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2(027)-1566/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2(027)-1566/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Mülki iş qeydə alınaraq icraata verilməsi və mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təhvil verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar