Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-683/2022 21.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(060)-7613/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(060)-7613/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) İddiaçı cavabdeh Qurbanov Zinhət Pənah qızına qarşı sökülmüş tikilinin bərpa edilməsi, mülkiyyətə kənar müdaxilələrin qadağan olunması, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə ilk, Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyan tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə hər iki iddia rədd edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək ona məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllə, dəmir yolu bağ evinin hasarının uçurulması nəticəsində dəymiş 5000 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın, cəmi 10000 manatın cavabdehdən alınaraq ona verilməsi və qeyd olunan evə kənar müdaxilələrin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 17.04.2019-cu il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 5-ci məhəllədə yerləşən fərdi yarımtikilini Elxan adlı şəxsdən almışdır. Həmin tikilini təmir edib oraya köçmüşdür. 05.05.2019-cu il tarixdə tanımadığı Zinhət adlı qadın və oğlu Sadıq onlara hücum edərək evin özlərinə məxsus olduğunu bildirmiş, onu və ailəsini söyüb təhqir etmişlər. Halbuki onlar evi almamışdan qabaq evə baxmağa gələrkən Sadıq evin Elxana məxsus olduğunu bildirmiş və evin divarında yazılmış nömrəyə zəng vurmağı və ev yiyəsi Elxan adlı şəxslə əlaqə saxlamağı məsləhət bilmişdir. 14.09.2019-cu il tarixdə gecə saatlarında işdə olarkən Sadıq sərxoş halda balta və kəlbətinlə onun evinin dəmir setkalarını kəsib həyətinə daxil olmuş və yoldaşı Xəyalə Mikayılovanı və azyaşlı uşaqlarını söyüb təhqir etmiş, onları öldürəcəyi ilə hədələmişdir. Bundan başqa, 15.09.2019-cu il tarixdə səhər saatlarında həyətə gələrək bütün dəmir setkaları söküb aparmış, həyətində olan xırda ağacları və gülləri məhv etmişdir. 20.11.2019-cu il tarixdə Zinhət yenidən evə hücum edərkən qarışıqlıq baş vermiş, 9 yaşlı qızı Ayan Mikayılovanın qolu 2 yerdən sınmışdır. 20.09.2020-ci il tarixdə Zinhət yenidən evə basqın edərək mişar daşından yenicə hördükləri hasarı dağıdaraq yenidən onlara ziyan vurmuşdur. Cavabdehin bu qanunsuz hərəkətləri ilə bağlı dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Faktla bağlı Sumqayıt şəhər Polis idarəsinin 2-ci Polis bölməsinin təhqiqatçısı tərəfindən araşdırılma aparılmış, 17 iyul 2021-ci il tarixdə cavabdehin əməlində cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmiş və ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Cavabdeh hazırda da qanunsuz əməllərini davam etdirir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı 7500 manat maddi ziyanın və mənəvi ziyana görə 10000 manat məbləğində təzminatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, iddiaçının hazırda faktiki yaşadığı ev ona məxsus olmaqla onun vəsaiti hesabına inşa olunmuşdur. O, həmin evin tikintisinə ümumilikdə 7500 manat məbləğində vəsait sərf etmişdir. 12.04.2019-cu il tarixdən 27.04.2019-cu il tarixədək o, Sumqayıt şəhər 4 saylı xəstəxanada stasionar müalicə aldığı ərəfədə oğlu Sadiq Qurbanovun qaynı Elxan Nəsrullayev ona məxsus olan və şəxsi vəsaiti ilə tikmiş olduğu fərdi yaşayış evini cavabdehə öz evi kimi təqdim edərək satmış və o, bu barədə yalnız xəstəxanadan çıxıb evə gəldikdən sonra xəbər tutmuşdur. Deyilənə görə Elxan Nəsrullayev onun evini öz evi kimi təqdim edərək İddiaçı 7000 manat məbləğində pul almışdır. Cavabdeh özü də etiraf etmişdir ki, Elxan bu evi öz evi kimi onlara satmış və evin əsl sahibinin o, olduğunu bilməmişdir. O, cavabdehə evi boşaltmasını və ona təhvil verməsini, verdiyi pulu isə Elxandan tələb etməsini bildirmişdir. Bu tikili ona məxsus olmaqla torpaq vergisi, rüsum, kommunal xərclər onun tərəfindən ödənilmiş və həmin ətrafda yaşayan bütün qonşular da bu tikilinin ona məxsus olduğunu, onun vəsaiti ilə təmir edildiyini bilir. Lakin cavabdeh verdiyi pulu Elxandan tələb etmək əvəzinə, ona məxsus olan evdə yaşamağa davam etmiş, hətta onu həmin ərazidə qanunsuz tikinti işi aparmasına razı olmadığı üçün döyərək ona xəsarət yetirmişdir. O, döyülmə faktı ilə bağlı polisə şikayət etmiş, ekspertizadan keçmiş, lakin cinayət işinin başlanılması rədd olunmuşdur. Həmin qərardan şikayət verdikdən sonra İddiaçı ona qarşı hazırki iddianı qaldırmış və şər ataraq guya qızı Mikayılova Ayanın qolunu qırdığını bildirmişdir. Halbuki o, özü İddiaçı tərəfindən döyülmüş və xəsarət almışdır. Cavabdehin bu evə hüququnu təsdiqləyən sənədi yoxdur, lakin onun bu evi tikdirdiyini və evin ona məxsus olduğunu sübuta yetirən şahidləri vardır. Tikiliyə 7500 manat xərc çəkmişdir və həmin vəsait cavabdehdən alınaraq ona qaytarılmalıdır. Ev üzərində hüquqları dövlət qeydiyyatına alınmadığı üçün cavabdehin bu evdən çıxarılmasını iddia edə bilmir. Belə ki, Elxana qarşı bir dəfə məhkəmədə belə iddia qaldırmış, lakin ev sənədsiz olduğu üçün məhkəmə onun iddia tələbini təmin etməmişdir. Belə olan halda, həmin tikilinin qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin olunmalı və evin dəyəri cavabdehdən alınaraq ona ödənilməlidir. Bundan başqa o, 2 ildən çoxdur cavabdehin təqsiri üzündən mənəvi sıxıntılarla üzləşmiş, əsəb-stres keçirmiş, cavabdeh tərəfindən döyülmüş və təhqir olunmuş, nəticədə ona mənəvi ziyan da dəymişdir. Bu ziyanı o, 10000 manat məbləğində qiymətləndirir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə yalnız prosessual normalara istinad etməklə qarşılıqlı iddia tələbini rədd etmiş və bunu onunla əsaslandırmışdır ki, guya qarşılıqlı iddia tələbinin əsaslılığına dəlalət edən halları sübuta yetirən dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Halbuki məhkəmə iclasında şahid qismində dindirilən X6 və X4 onunla qonşu olduqlarını və hazırda iddiaçının yaşadığı evin onun şəxsi vəsaiti ilə tikildiyini və İddiaçı bu evə sonradan yığışdığını bildirmişlər. Lakin məhkəmə bu hallara əhəmiyyət verməyərək onun əsaslı olan iddia tələbini rədd etmişdir. Halbuki işdə olan başqa bir məhkəmə qətnaməsi ilə də bu tikilinin onun tərəfindən inşa olunduğu öz təsdiqini tapmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməklə qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verdilər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin qarşılıqlı iddia tələbinə aid hissədə dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi qarşılıqlı iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt şəhər İHB-nın Hacı Zeynalabdin qəsəbəsində nümayəndəliyinin 504 saylı, 23 iyul 2021-ci il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhər, Hacı Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə, dəmir yolu bağ evində qeydiyyatsız yaşayır. İş materiallarında olan Sumqayıt şəhər Polis idarəsinin 2-ci Polis bölməsinin təhqiqatçısının 29 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis idarəsinin 2-ci Polis bölməsinin təhqiqatçısının 17 iyul 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsi 1 nömrəli Mənzil-İstismar sahəsinin 25.08.2021-ci il tarixli, 939 saylı məktubundan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(060)-7801/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər X7, X1 və İddiaçı qarşı ünvan 3 ünvanında yerləşən ona aid torpaq sahəsinin və orada inşa edilmiş fərdi evinin cavabdehlər tərəfindən boşaldılaraq ona qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.08.2020-ci il tarixli, 2(105)-1297/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(060)-7801/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin mübahisə edilməyən hallarından görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yaşadığı ünvan 3 ünvanında yerləşən ev özbaşına tikilidir. İddia ərizəsindən, iş materiallarından görünür ki, Cavabdeh İddiaçı həmin özbaşına tikiliyə çəkdiyi xərcə görə 7500 manat maddi zərər tələb edir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yaşadığı özbaşına tikilinin Cavabdeh tərəfindən inşa edilməsinə dair iş materiallarında heç bir sübut yoxdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.08.2020-ci il tarixli, 2(105)-1297/2020 saylı qətnaməsindən görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanında Cavabdeh 0,10 ha torpaq sahəsi zəbt edərək orada özbaşına ev tikərək 12 ildən artıq bir vaxtda orada yaşayır, Cavabdeh oğlu Sadiq Qurbanov həmin torpağın 0,03 ha hissəsini cavabdeh Elxan Nəsrullayevə satmış, sonuncu isə orada özbaşına ev tikərək Ceyhun adlı şəxsə satmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş qətnamə ilə mübahisəli tikilinin Elxan Nəsrullayev tərəfindən inşa olunması müəyyən edilmişdir. Cavabdeh İddiaçı 10000 manat mənəvi ziyan tələb etmişdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. İş materiallarında Cavabdeh fiziki və mənəvi sarsıntılar keçirməsi, bunun məhz İddiaçı qanunsuz hərəkət və ya hərəkətsizlikləri nəticəsində baş verməsini təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinə aid hissədə qanuni və əsaslıdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin qarşılıqlı iddia tələbinə aid hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinə aid hissədə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin bu hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi qarşılıqlı iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(060)- 7613/2021 saylı qətnaməsi qarşılıqlı iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-683/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-683/2022
21.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver