Məhkəmə qərarları › İş №2(105)-684/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-684/2021

22.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-684/2021 22.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakdan payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-169/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim X.Quliyev) iddianın təmin edilməsi, RX seriyalı, ******* nömrəli, xx xxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,36 ha həyətyanı torpaq sahəsindən İddiaçı payına düşən ½ hissəsi olan 0,18 ha torpaq sahəsi qonşu torpaq istifadəçisi Vaqif Məmmədovla həmsərhəd nöqtəsindən başlayaraq 34 metr enində, qurtaracaq nöqtədən həyətdəki su kranı olan yerə kimi düz xətlə, oradan isə istənilən istiqamətdə naturada ayrılaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul Cavabdeh tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFTBİKCTREAZ 22, hesab «AZ34CTRE ******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək RX seriyalı, ******* nömrəli, xx xxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,36 ha həyətyanı torpaq sahəsinin cavabdehlə aralarında bərabər olaraq hər birinə ½ hissədə payın ayrılması nəzərə alınmaqla onun payına düşən ½ hissənin qonşusu Vaqif Məmmədovla həmsərhəd nöqtəsindən başlayaraq 34 metr enində, qurtaracaq nöqtədən həyətindəki su kranı olan yerə kimi düz xətlə, oradan isə istənilən istiqamətdə cəmi sahəsi 0,18 ha olan hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(067)-1637/2018 saylı qətnaməsi ilə RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində yerləşən 0,36 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin və həmin hissənin üzərində yerləşən bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 81 kv.m, yaşayış sahəsi 37,5 kv.m olan fərdi yaşayış evinin Cavabdeh verilməsi, cavabdehin həmin torpaq sahəsi və yaşayış evinə mülkiyyət hüququnun tanınması, Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində yerləşən 0,36 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin və həmin hissədə yerləşən yeni tikilmiş yaşayış evinin ona verilməsi, onun həmin torpaq sahəsi və yeni tikilmiş yaşayış evinə mülkiyyət hüququnun tanınması qət edilmişdir. Həmin qətnamə əsasında o, 0,36 ha həyətyanı torpaq sahəsinin payına düşən 0,18 ha torpaq sahəsinə və orada yerləşən yeni yaşayış evinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X2 müraciət etmişdir. Həmin İdarədən ona şifahi olaraq bildirmişlər ki, 0,36 ha həyətyanı torpaq sahəsi Cavabdehla aralarında naturada bölünmədiyi üçün hər ikisinə çıxarış ümumi şəkildə verilə bilər. O, buna etiraz edərək daşınmaz əmlakın ona aid hissəyə ayrıca çıxarışın verilməsini xahiş etmişdir. Lakin reyestr xidmətində müraciətinin həlli mümkün olmamışdır. Oradan ona məhkəmədə payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə müraciət etməsi tövsiyyə olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, cavabdehin müraciəti əsasında DƏDRX-nin 5 saylı X3 tərəfindən onun adına xx xxxx 2019- cu il qeydiyyat tarixli, ********** qeydiyyavt nömrəli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışda Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində yerləşən 0,36 ha torpaq sahəsinin ½ hissəsi və orada yerləşən Liter A işarələnmiş fərdi yaşayış evi cavabdehin, 0,36 ha torpaq sahəsinin ½ hissəsi və orada yerləşən Liter A 1 ilə işarələnmiş fərdi yaşayış evi onun mülkiyyəti kimi göstərilmişdir. Hazırda o, istəyir ki, cavabdehlə birgə mülkiyyətləri olan Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində yerləşən 0,36 ha həyətyanı torpaq sahəsinin payına düşən ½ hissəsi naturada ayrılsın. İlkin sənədlərə əsasən mübahisəli torpaq sahəsinin ümumi küçə tərəfdən eni 50 metr təşkil edir. Qətnaməyə əsasən onun mülkiyytinə verilmiş yeni yaşayış evi həmin torpaq sahəsinin küçəyə tərəf baxdıqda qərb tərəfində yerləşir. Cavabdehin mülkiyyətinə verilmiş köhnə yaşayış evi torpaq sahəsinin şərq tərəfində yerləşirdi. Cavabdeh həmin yaşayış evinin bir hissəsini sökmüş, yerdə qalan iki otağında da qapı-pəncərəsi çıxarılmış, yaşayış üçün yararsızdır. Torpaq sahəsinin ona məxsus yaşayış evi yerləşən hissəsində küçə tərəfdən talvar tikmişdir. Bu hissədə həmçinin hamam və su kranı yerləşir. Bütün bunlara əsaslanaraq istəyir ki, cavabdehlə paylı mülkiyyətləri olan 0,36 ha torpaq sahəsinin mülkiyyətinə verilmiş yaşayış evi və talvar olan hissədən qonşusu Vaqif Məmmədovla həmsərhəd nöqtəsindən eni 34 metr olmaqla su kranı olan nöqtəsinə kimi düz xətlə, bundan sonra istənilən xətlə ümumi sahəsi 0,18 ha hissəsi naturada ayrılaraq onun mülkiyyətinə, yerdə qalan 0,18 ha hissəsi isə cavabdehə verilsin. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ədalətsiz və qanunsuzdur ona görə də o, ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul olunmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçının özünə məxsus əmlaka öz mülahizəsinə əsasən sahiblik etmək, onun barəsində sərəncam vermək və ondan istifadə etmək hüquqlarının pozulması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduqları apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. İş üzrə RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxx 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində ümumi sahəsi 158,0 kv.m olan fərdi yaşayış evinin liter A nömrə ilə qeyd edilmiş hissəsi tam, evin yerləşdiyi 0.36 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsi Cavabdeh, həmin fərdi yaşayış evinin liter A1 nömrə ilə qeyd edilmiş hissəsi tam, 0.36 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi İddiaçı adına xüsusi mülkiyyət hüququq əsasında daşınmaz əmılakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə xx xxxx 2019-cu il tarixli, 927 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində ümumi sahəsi 158,0 kv.m olan fərdi yaşayış evinin liter A nömrə ilə qeyd edilmiş hissəsi tam, evin yerləşdiyi 0.36 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsi Cavabdeh, həmin fərdi yaşayış evinin liter A1 nömrə ilə qeyd edilmiş hissəsi tam, 0.36 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi İddiaçı adına rəsmiləşdirilmişdir. Texniki pasportun surətindən müəyyən olunur ki, fərdi yaşayış evində liter A nömrə ilə qeyd edilmiş tikili 1950-ci ildə tikilmiş, həmin tikili 1 mərtəbədən, 2 otaqdan, 81,0 kv.m ümumi sahədən, 37,5 kv.m yaşayış sahəsindən, 43,5 kv.m köməkçi sahədən, A1 literlə qeyd edilmiş tikili 2013- cü ildə tikilmiş, həmin tikili 1 mərtəbədən, 3 otaqdan, 77,0 kv.m ümumi sahədən, 60,2 kv.myaşayış sahəsindən, 16,8 kv.m kəməkçi sahədən ibarətdir. Yaşayış sahələri ümumilikdə 0.36 ha torpaq sahəsində yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Xəyyam İsgəndərovun xx xxxxxx 2020-ci il tarixli, 30580 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, «xxxx» MMCnin mütəxəssis rəyinə əsasən, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxx 2019cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində yerləşən 0.36 ha torpaq sahəsi üzərində İddiaçı payının ½ hissədə (0,18 ha ölçüdə) iddia tələbində göstərdiyi qaydada naturada ayrılması mümkündür. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (Mülki Məcəllənin 213.1., 213.2 və 213.3. maddələri). Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər (Mülki Məcəllənin 214.1. və 214.2. maddələri). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.1., 220.2 və 220.3. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. İddiaçı ümumi birgə paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin ayrılması tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatı ilə torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü müəyyən edildiyindən, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Həmin nəticə və ekspertiza rəyi apellyasiya şikayətində yenidən mübahisələndirilmiş, apellyasiya icraatı zamanı da həyətyanı torpaq sahəsinin naturada bölgüsünün mümkünlüyü müəyyən edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisə predmeti təşkil edən torpaq sahəsində ümumi paylı mülkiyyətçisi olan iddiaçının torpaq sahələrinin naturada ayrılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar