Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-687/2022 18.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yaninda Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayit Ərazi İidarəsinə qarşı darvazanın sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(060)-30/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 xüsusi mülkiyyətində olan bağ sahəsində olan torpaq sahəsinin və İddiaçı2 xüsusi mülkiyyətində olan bağ evinin yeganə giriş-çıxış yoluna qanunsuz açılmış qapının (metal darvazanın) sökülərək divarın əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsinin Cavabdeh1 həvalə edilməsi və iddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyətlərində olan torpaq sahəsi və bağ evi qonşuluqda yerləşir və həmin daşınmaz əmlaklara giriş-çıxış yolu da eynidir. Onlar əmlaklarına gedib gəlmək üçün bir yoldan istifadə edirlər, bu yol da yeganə giriş-çıxış yoludur. Qonşuluqda yerləşən torpaq sahələrinə və bağ evlərinə giriş-çıxış yolları hər biri üzrə başqa yerlərdəndir. Onlara məxsus əmlaklara giriş-çıxış yolundan heç bir qonşunun istifadəsi nəzərdə tutulmamışdır. Həmin yol qonşu divarlarla sərhəd təşkil edir, onların vəsaiti hesabına vaxtaşırı abadlaşdırılır və istifadə edilir. 2019-cu ilin aprel ayında cavabdeh qanunsuz olaraq onlara məxsus əmlaklara giriş-çıxış yoluna divarı sökərək qapı açmış və sökülmüş divara metal darvaza yerləşdirmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində demək olar ki, onlar öz əmlaklarından istifadə edə bilmirlər. Əksər hallarda cavabdehin qanunsuz açdığı qapının önündə avtomobilin dayanması və tikinti materiallarının yerləşdirilməsi nəticəsində yol tamamilə bağlanır. Nəticədə onlar öz əmlaklarından istifadə edə bilmir və əmlakları böyük risk altına atılır. Belə ki, cavabdehin qanunsuz əməlləri nəticəsində onlara məxsus bağ evinə və torpaq sahəsinə hər hansı nəqliyyat, o cümlədən yanğınsöndürən maşın, təcili-tibbi yardım maşını daxil ola bilmir. Cavabdehin onlara məxsus əmlaklara giriş-çıxış yoluna divarı sökərək açdığı qapı tamamilə qanunsuzdur. Belə ki, cavabdehə məxsus sahədən bu vaxta qədər həmin yola hər hansı qapı olmamışdır. Qeyd edilən yola qapının açılması barədə müvafiq dövlət orqanlarının razılığı və yaxud buna hüquq verən hər hansı qərarı yoxdur. Cavabdeh bu qapını özbaşına, tikinti norma və qaydalarının tələbini pozmaqla açmışdır. Cavabdehin bağ sahəsinə qapı hazırda mövcuddur və paralel küçədən olmaqla yanaşı uzun illərdir istifadə edilir. Cavabdehin qanunsuz əməli nəticəsində əmlaklarından maneəsiz istifadə hüququndan məhrum edilmişlər və bu cavabdehin qanunsuz olaraq onların yeganə girişçıxış yoluna qapı açmaqla baş vermişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş ********** qeydiyyat nömrəli, 29.03.2020-ci il tarixli Çıxarışa və DƏDRX 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş daşınmaz əmlakın texniki pasportuna əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.0603 ha torpaq sahəsində yerləşən 952 G nömrəli bağ evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İddiaçılar iddia ərizəsinə əlavə verərək Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsini də işə cavabdeh kimi cəlb edilməsini xahiş etmişlər İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, iş üzrə icraat davam edən zaman, iddia ərizəsi məhkəməyə təqdim edildikdən 11 aya yaxın müddət keçdikdən sonra iş üzrə Cavabdeh1 mülkiyyətində olan ümumi torpaq sahəsinin 0.0603 ha hissəsini, yəni mübahisəli qapının açıldığı torpaq sahəsini və üzərində yerləşən 220.20 bağ evini Cavabdeh2 satmışdır. Bununla bağlı müvafiq sənədlər (çıxarış və texniki pasport) iş üzrə 22 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında təqdim edilmişdir. Göründüyü kimi, qanunsuz qapının açıldığı torpaq sahəsi və bağ evi üzərində mülkiyyət hüququ tam həcmdə 29.03.2020-ci il tarixdən Cavabdeh2 keçib. Əldə olunan məlumata əsasən həmin torpaq sahəsi və bağ evi ilə bağlı alğı-satqı müqaviləsi daha əvvəl bağlanıb. İş üçün əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, iddia tələbinin ikinci hissəsi yəni, iddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə maneçiliyin və məhdudiyyətin yaradılması 29.03.2020-ci il tarixdən sonra da davam etdirilib. Hətta Cavabdeh2 mülkiyyət hüququnu əldə etdikdən sonra bir müddət yeganə giriş-çıxış yolunu qazdıraraq onların nəqliyyat vasitəsinin keçməsini qeyri-mümkün etmişdir. Bundan əlavə, qanunsuz qapının açılmasına əsas kimi Cavabdeh2 adına verilmiş Çıxarışı əsas göstərir. Bu Çıxarış isə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan alğı-satqı müqaviləsi əsasında verilmişdir. Hazırkı iş üzrə iddia tələbinin həcmi artırılaraq Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş ünvan 1 ünvandakı bağ evinə dair reyestr nömrəsi **********67-11301, qeydiyyat tarixi 29.03.2020-ci il olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"ın ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Cavabdehlər öz qanunsuz əməllərinə qanuni don geydirmək üçün sonradan həmin torpaq sahəsinin alğı-satqısı barədə müqavilə bağlamışlar və daha sonra həmin müqavilə əsasında çıxarış almışlar. Ancaq bu sənədlər məhkəmədə iddia qaldırıldıqdan sonra əldə edilmişdir. Onların mülkiyyətinə qanunsuz müdaxilə olmuşdur. Hüquqi cavabdehlik baxımından hal-hazırda qanunsuz qapının açıldığı torpaq sahəsi və üzərində yerləşən bağ evi Cavabdeh2 adına rəsmiləşdirildiyi üçün iddia tələbinin bu hissəsində də cavabdehlik daşıyır. Bundan əlavə Cavabdeh2 hüquqları dövlət qeydiyyatına alındıqdan sonra 2020-ci ilin may-iyun ayında maneçilik törədilməsi davam etdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən də cavabdehin inşa etdiyi qapı qanunsuzdur. Belə ki, onun apardığı tikinti quraşdırma işlərinə hər hansı icazə verilməmişdir. Qeyd olunanlara əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan bağ sahəsində olan torpaq sahəsinin və İddiaçı2 xüsusi mülkiyyətində olan bağ evinin yeganə giriş-çıxış yoluna qanunsuz açılmış qapının (metal darvazanın) sökülərək divarın əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həvalə edilməsi, ünvan 1 ünvandakı bağ evinin yerləşdiyi 0.0603 ha torpaq sahəsi ilə bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş ünvan 1 ünvandakı bağ evinə dair reyestr nömrəsi **********67-11301, qeydiyyat tarixi 29.03.2020-ci il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, iddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının Cavabdeh2 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-30/2021 nömrəli 27 yanvar 2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi mülki iş üzrə cavabdeh qismində cəlb edilmişlər. Cavabdeh1 iddia ərizəsinə etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi tam qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə prosesinə təqdim etdiyi vəsatətə əlavə olunmuş çıxarış və texniki pasportun təsdiq olunmuş surətindən aydın görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində 952 nömrəli bağ sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur və həmin bağ sahəsi iki tərəfdən gediş-gəliş yolu ilə əhatə olunur. Həmin gediş-gəliş yolu bağ sahəsi olan vətəndaşların ümumi istifadəsindədir. Mülkiyyət hüququ əsasında ona məxsus olan bağ sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ var. Ona məxsus olan bağ sahəsinin hasara alınıb-alınmaması, həmin sahənin hasarının sökülüb-tikilməsi və bağ sahəsinin qapılarının yola açılması yalnız ona məxsus olan subyektiv hüquqdur və iddiaçıların həmin məsələyə müdaxilə etmək və hazırkı iddia tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur. Cavabdeh1 nümayəndəsi və vəkili, digər Cavabdeh2 vəkili Vəkil1 Rəsul oğlu iddia ərizəsinə etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilmiş hallar heç nə ilə (nə yazılı və maddi sübutlar, nə şahid ifadələri ilə) sübut edilməmişdir və faktiki olaraq uydurma xarakter daşıyır, iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün heç bir tədbir görməmişlər. Ümumiyyətlə bu hal (iddiaçıların xüsusi mülkiyyətlərində olan daşınmaz əmlakdan sərbəst istifadə etmələrinə cavabdeh tərəfindən hər hansı maneələrin yaradılması faktı) mövcud olmadığına görə belə sübutların əldə olunması da qeyri-mümkündür. İddiaçıların mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin daş hasarla əhatə olunduğu nəzərə alınsa, qanuni sahiblərinin iradəsinə zidd olaraq kənar şəxslərin ora daxil olması və mülkiyyətçilərə öz əmlakından sərbəst istifadə etmələrinə hər hansı formada maneələr törətməsi iddiası absurd bir tələbdir. Belə ki, həmin yol iddiaçılar üçün olduğu kimi, Cavabdeh1 üçün də mülkiyyətində olan torpaq sahəsinə və bağ evinə daxil olmaq üçün mümkün olan yeganə vasitə olmuşdur. Hazırda isə bu yoldan həmin daşınmaz əmlakın yeni mülkiyyətçisi Cavabdeh2 öz bağ evinə daxil olmaq üçün yeganə vasitə kimi istifadə edir. Qonşuların və digər torpaq sahiblərinin sahəsindən keçmədən öz torpaq sahəsinə giriş-çıxışı üçün onun bu yoldan əlavə başqa imkanı yoxdur. İddia tələbinin qanuni əsası kimi iddiaçılar tərəfindən istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.5 və 157.4-cü maddələrinin məzmunundan da göründüyü kimi, yalnız mülkiyyətçi öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hazırkı iş üzrə isə iddiaçıların özlərinə məxsus olan torpaq sahəsi və bağ evinə gedən yolun altındakı torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə yolun altındakı torpağın hər hansı hüquqla iddiaçılara məxsusluğu müəyyən edilməmişdir. Ümumiyyətlə, bu cür torpaq ümumi istifadədə olan torpaqlar kateqoriyasına aiddir və heç kəsin xüsusi mülkiyyətinə verilə bilməz. Bundan əlavə, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bir hal da ondan ibarətdir ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının nəticələrinə dair verilmiş ekspert rəyindən də göründüyü kimi, ümumiyyətlə, iddiaçılardan biri olan İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinə gedən yol digər iddiaçı A.Abdullayevənın mülkiyyətində olan torpaq sahəsinin daxilindən keçir. Belə olan halda iddiaçıların hər hansı hüququnun pozulmasından və «maraqlı tərəf» kimi məhkəmədə iddia qaldırmaq hüququna malik olmalarından söhbət gedə bilməz. İddiaçıların hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları olmamışdır. Öz iddia tələblərini əsaslandırmaq üçün iddiaçılar qeyd olunan yola qapının açılması üçün cavabdeh tərəfindən müvafiq dövlət orqanlarının razılığının və ya qərarının alınmamasını, qapının özbaşına, qanunsuz, tikinti norma və qaydalarının tələblərinin pozulmaqla açılmasını bildirsələr də, cavabdehin hərəkətləri ilə konkret olaraq hansı qanunvericilik və ya digər normativ hüquqi aktın tələblərinin pozulduğunu göstərməmişlər. Hazırkı mübahisənin predmeti olan metal darvazanın quraşdırıldığı torpaq sahəsi Cavabdeh1 tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilmiş və bu torpaq üzərində bağ evi inşa edilmişdir. Sonradan həmin daşınmaz əmlak Cavabdeh2 mülkiyyətinə keçmişdir. Bağ sahəsinə giriş-çıxış üçün nəzərdə tutulmuş metal darvazanın quraşdırılması üçün hər hansı dövlət orqanının razılığının, qərarının və ya icazələrin alınması nə həmin Məcəllədə, nə də digər normativ hüquqi aktda nəzərdə tutulmamışdır. Bağ sahəsinə giriş-çıxış üçün quraşdırılmış metal darvazanın layihələndirmə tələbləri şəhərsalma planlaşdırma norma və qaydalarında əks olunmamışdır. Nəinki darvazanın, hətta hündürlüyü ən çoxu 2,2 metr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların tikintisinə heç bir icazə tələb olunmur (Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsi). Belə olduğu təqdirdə şəxsin xüsusi mülkiyyətində olan bağ sahəsinə giriş-çıxış üçün quraşdırdığı darvazanın iddiaçılar tərəfindən heç bir normativ hüquqi akta istinad edilmədən «özbaşına, tikinti norma və qaydalarının tələbləri pozulmaqla açılmış» hesab edilməsi və onun sökülərək, divarın əvvəlki vəziyyətə bərpasının tələb edilməsi tamamilə qanunsuz və əsassız Cavabdeh2 mülkiyyət hüququnun kobud şəkildə pozulmasına səbəb olan tələbdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-30/2021 nömrəli 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin qismən təmin olunması, İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B-949 nömrəli bağ sahəsində olan torpaq sahəsinin və İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 946 nömrəli bağ evinin yeganə giriş-çıxış yoluna qanunsuz açılmış qapının (metal darvaza) sökülməsi, divarın əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsinin Cavabdeh1 və Cavabdeh2 həvalə edilməsi, ünvan 2 ünvandakı bağ evinin yerləşdiyi 0.0603 ha torpaq sahəsi ilə bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş ünvan 1 ünvandakı bağ evinə dair reyestr nömrəsi **********67- 11301, qeydiyyat tarixi 29.03.2020-ci il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, iddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının Cavabdeh2 qadağan edilməsi hissəsində iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamənin qismən, yəni iddianın təmin olunduğu hissədə ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1586/2021 nömrəli 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlərin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia tələbi rədd edilmişdir. İddiaçılar qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6303/21 nömrəli, 29 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Hüseynov (sədrlik edən və məruzəçi), Z.Əliyev və Ə.Nurməmmədov) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (105)-1586/2021 nömrəli 09 iyul 2021-ci il tarixli qətnaməsi iddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının Cavabdeh2 qadağan edilməsinin rədd olunması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə iddia tələbinin rədd edildiyi qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçıların apellyasiya şikayətinin dəlilləri: iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, heç bir qanuni əsas olmadan və ya müvafiq dövlət orqanlarından müvafiq sənədlər alınmadan onların giriş-çıxış yoluna qanunsuz qapı açılmışdır. İşdə olan foto şəkillərdən də görünür ki, cavabdehlər hətta yolda qazıntı apararaq mülkiyyətdən istifadəyə maneçilik yaratmışdır. Qanunsuz açılmış qapının bağlanması, müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi cavabdehlərin gələcəkdə onlara maneçilik yaratmaq ehtimalını aradan qaldırmır. Onların xüsusi mülkiyyətlərindən sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının cavabdehlərə qadağan edilməsi hissəsində iddia tələbi təmin edilməlidir ki, gələcəkdə lüzumsuz məhkəmə mübahisələri yaranmasın. Tərəflərin izahatları: İş üzrə iddiaçılar və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçılar və cavabdehlərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası ƏMDX-i yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək işə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamənin qismən, yəni iddianın təmin olunduğu hissədə ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1586/2021 nömrəli 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(060)-30/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli qətnaməsi ilə isə qapının (metal darvazanın) sökülərək divarın əvvəlki vəziyyətə bərpa edilməsi, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi tələblərinin rədd olunması hissələrində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış və Ali Məhkəmə həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. Beləliklə cavabdehlərin apellyasiya şikayətinə məhkəmələr tərəfindən artıq qiymət verilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 30/2021 nömrəli 09 fevral 2021-ci il tarixli qətnaməsini yalnız iddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının Cavabdeh2 qadağan edilməsi tələbinin rədd olunması hissəsində yoxlayır. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-6303/21 nömrəli, 29 noyabr 2021-ci il tarixli qərarı ilə mülki iş yalnız iddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının Cavabdeh2 qadağan edilməsinin rədd olunması hissəsində yenidən baxılması üçün yeni apellyasiya baxışına göndərilmişdir. Kollegiya məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-30/2021 nömrəli 09 fevral 2021-ci il tarixli qətnaməsi - iddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının Cavabdeh2 qadağan edilməsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.1034 ha torpaq sahəsində yerləşən B-949 nömrəli bağ sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində 28.03.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt şəhər ərazi idarəsi tərəfindən verilmiş daşınmaz əmlakın pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-949 nömrəli bağ sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.12 ha torpaq sahəsində yerləşən 946 nömrəli ev İddiaçı2 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində 19.11.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı ərazi idarəsi tərəfindən verilmiş texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 946 İddiaçı2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.12 ha torpaq sahəsində yerləşən 952 nömrəli bağ evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində 06.03.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 952 Cavabdeh1 xüsusi mülkiyyətindədir Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.0603 ha torpaq sahəsində yerləşən 952 G nömrəli bağ evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüququ 29.03.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 Cavabdeh2 xüsusi mülkiyyətindədir. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının Cavabdeh2 qadağan edilməsi tələbinin rədd olunması hissəsində prosessual hüquq normalarının pozulması ilə çıxarılmasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş materiallarından görünür ki, iddiaçılar qeyd olunan hissədə tələblərini təsdiq edən sübut qismində işə baxılmasının müxtəlif mərhələlərində məhkəməyə fotoşəkillər təqdim etmiş, həmin fotoşəkillər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilərək, iş materiallarına əlavə edilmişdir. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18.03.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Eyni zamanda MPM-in 392.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayan apellyasiya instansiyası məhkəməsi məhkəmə aktını qanuni və əsaslı hesab edərək, dəyişdirilmədən saxlayarsa mütləq şəkildə apellyasiya şikayətinin hüquqi qiymət verilməsi tələb edən dəlillərinə münasibət bildirməli və həmin dəlillərin rədd olunması barədə mövqeyini əsaslandırmalıdır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). İddiaçılar iddianın həmin hissədə rədd olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsindən verdikləri apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, maneçilik və ya məhdudiyyət yaradıldığını təsdiq edən fotoşəkillər iş materiallarına əlavə olunsa da, məhkəmə həmin sübuta ümumiyyətlə qiymət verməmişdir. İş materiallarına əlavə edilmiş və 08.06.2020-ci il tarixli məhkəmə iclasında təqdim edilmiş fotoşəkillərlə müəyyən edilir ki, mübahisə edilən bağ torpaq sahəsində hasara alınmış yola tərəf olan bir hissə sökülmüş, həmin yola mişar daşları tökülmüşdür. 09.02.2021-ci il tarixli məhkəmə iclasının protokolundan isə görünür ki, cavadbehin vəkili tikinti gedərkən yola tökülən mişar daşlarının 1-2 gün maneçilik törətdiyini, sonradan həmin daşların yığışdırıldığını bildirmiş və məhkəməyə müvafiq fotoşəkilləri təqdim etmişdir. Cavabdehlərin vəkili tərəfindən həmin məhkəmə iclasında təqdim edilmiş fotoşəkillərdən müəyyən edilir ki, mübahisə edilən bağ torpaq sahəsinə gedən yola tökülmüş mişar daşları yoldan götürülmüşdür. (İİ cild-səhifə 25-27) Göründüyü kimi, cavabdeh tərəfindən olan maneələr darvazanın tikilməsi ilə bağlı olmuş, sonradan aradan qaldırılmışdır. Məhkəmə kollegiyası iş materiallarında olan müvafiq fotoşəkillərə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının Cavabdeh2 qadağan edilməsi hissəsində iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir və iddiaçıların apellyasiya şikayəti əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 3-cü hissəsinə əsasən ümumi istifadədə olan torpaqlara bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların və s.altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurguların, ümumi istifadə olan digər yerli əhəmiyyətli obyekt və qurguların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-30/2021 nömrəli 09 fevral 2021-ci il tarixli qətnaməsi - iddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının Cavabdeh2 qadağan edilməsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-687/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-687/2022
18.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver