Məhkəmə qərarları › İş №2(105)-699/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-699/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-699/2023 26.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ödənilmiş sığorta məbləğinin subraqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Şabran Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(031)-694/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddianın təmin edilməsi, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 3 935,00 (üç min doqquz yüz otuz beş) manat sığorta ödənişi, ödənilmiş 59,35 manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərci tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldıraraq Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 3 935,00 (üç min doqquz yüz otuz beş) manat sığorta ödənişinin, ödənilmiş 59,35 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** VT *** dövlət qeydiyyat nişanlı Ford Fusion markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** PP *** dövlət qeydiyyat nişanlı Audi A6 markalı və ** PB *** dövlət qeydiyyat nişanlı LADA XRAY markalı avtonəqliyyat vasitələrinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Müqavilə üzrə öhdəliyləri əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** PP *** dövlət qeydiyyat nişanlı Audi A6 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 5572,03 manat təmir edildiyi tədqirdə əlavə xərc (ƏDV) 1002,97 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə azadolma çıxılmaqla, 6475,00 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Digər nəqliyyat vasitəsi olan ** PB *** dövlət qeydiyyat nişanlı LADA XRAY markalı avtonəqliyyat vasitələrinə isə "xxxx" MMC-nin zərər aktına əsasən 2360,00 manat zərər müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə azadolma çıxılmaqla, 2260,00 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından hər iki nəqliyyat vasitəsinə görə ödənilmiş məbləğdən 4 800,00 (dörd min səkkiz yüz) manat məbləğin sığortaçı tərəfindən ödənilmiş, 3 935,00 (üç min doqquz yüz otuz beş manat) manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini cavabdeh(lər)dən xahiş etmişik cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şabran Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi, habelə apellyasiya şikayəti üçün ödənilmiş 30 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 210 manat xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinə az miqdarda zərər vurulduğunu, zərəri müəyyənəşdirərək zərər aktları təqdim edən şirkətlərin sığorta sahəsində səlahiyyətsiz olduğunu, zərurət olmadan bir çox ehtiyyat hissələrinin dəyişdirildiyini və lüzumsuz olaraq əlavə təmir işlərinin görüldüyünü, ehtiyyat hissələrinin bazar qiymətindən artıq məbləğdə qiymətləndirildiyini bildirir, o cümlədən həqiqətin müəyyənləşdirilməsi üçün əlavə və təkrar məhkəmə ekspertizalarının keçirilməsini tələb edir. Hadisəni əks etdirən və iddiaçı tərəfindən təqdim edilən foto-video görüntülərdə zərər görülmüş ehtiyyat hissələri və görülməli olan təmir işləri aydın şəkildə nəzərə çarpır. Bu hallar, həmçinin ekspert rəyi məhkəmə tərəfindən nəzərə alınmamış və tətbiq edilməli olan hüquq normaları tətbiq edilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tələbin əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi ** VT *** dövlət qeydiyyat nişanlı Ford Fusion markalı avtomaşınla ** PP *** dövlət qeydiyyat nişanlı Audi A6 markalı və ** PB *** dövlət qeydiyyat nişanlı LADA XRAY markalı avtonəqliyyat vasitələrinə zərər vurulmuşdur. İddiaçı tərəfindən 3935 manat sığorta ödənişi ödənilmişdir. Həmin sığorta ödənişinə görə sığorta şirkəti cavabdehə qarşı subroqasiya qaydasında ödənilmiş pulun ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, tələb təmin edilmiş, cavabdeh həmin nəticəni mübahisələndirmişdir. İşdən görünür ki, iddia tələbi subroqasiya qaydasında zərərin ödənilməsi barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 936-cı maddəsi təşkil edir. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (Mülki Məcəllənin 936.1., 936.2. və 936.5. maddələri). Mülki Məcəllənin 1096.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır (Mülki Məcəllənin 1114.1-ci maddəsi). İş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 14 noyabr 2022-ci il tarixli rəyi ilə məyyən olunmuşdur ki, LADA XRAY markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə təmir-bərpa xərci dəyişilməli hissələrin təzə hissələrin qiymətinə müvafiq hesablamaqla 2320.00 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2206.00 manat, Audi A6 markalı ** PP *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə təmir-bərpa xərci dəyişilməli hissələrin təzə hissələrin qiymətinə müvafiq hesablamaqla 5098.00 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 4130.00 manat hesablanmışdır. İşdən həmçinin müəyyən edilir ki, hər iki nəqliyyat vasitəsinə görə "xxxx" ASC tərəfindən 4800 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilmişdir. Lakin iddianı təmin edən birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarını (ekspert rəyini) nəzərə almamış və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh sığorta ödənişi məbləğinin əvəzi kimi (2206+4130=6336-4800=1536) 1536 (min beş yüz otuz altı) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh sığorta ödənişi məbləğinin əvəzi kimi 1536 (min beş yüz otuz altı) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 80 (səksən) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar