Məhkəmə qərarları › İş №2(105)-70/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-70/2021

15.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-70/2021 15.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Telman Osman oğlu Quliyev və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X21, Cavabdehin nümayəndəsi və vəkili: X5 iştirakları ilə, X2 cavabdehlər Cavabdeh1 və Sumqayıt Şəhər Bələdiyyəsinə qarşı Sumqayıt şəhəri 3 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komittəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsi üçüncü şəxs qismində cəlb olunmaqla alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi, Cavabdeh1 A.Ş.Dadaşovaya qarşı torpaq sahəsində olan darvazanın və iki tərəfdən hasarın sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh1 və Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.B.Məmmədov) ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddia tələbi təmin edilməməsi, Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış, Sumqayıt şəhəri 3 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: X3 cavabdehlər Cavabdeh1 və Sumqayıt Bələdiyyəsinə qarşı Sumqayıt şəhəri 3 saylı notariat kontoru və Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsi üçüncü şəxsi qismində cəlb olunmaqla alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış, Sumqayıt şəhəri 3 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin torpaq sahəsini X6 ilə aralarında bağlanmış xx xxxxxxx 2009-cu il tarixli, 4Ə3/454 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satın almış və bu müqavilə əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış və xx xxxxxx 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. Onunla yanaşı bir neçə şəxs də eyni gündə U.G.İsgəndərovadan həmin torpaq sahəsinin ayrı-ayrı hissələrini almışlar. Bundan sonra həmin şəxslərə qarşı X20, Cavabdeh1, X18 adlı şəxslər məhkəmədə iddia qaldırmışlar. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1700/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçılar M.H.Həmidovun, Cavabdeh1, İ.S.Niyazovun cavabdehlər X12, X19, X10 və ona qarşı qeyri-qanuni zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Qətnamədən iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-209/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə hər iki apelyasiya şikayəti təmin olunaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1700/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbləri təmin olunmuş, U.G.İsgəndərova ilə A.M.Allahyarov arasında bağlanmış xx xxxxxxx 2009-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və xx xxxxxx 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, U.G.İsgəndərova ilə A.Z.Hacıyev arasında bağlanmış xx xxxxxxx 2009-cu il tarixli. AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və xx xxxxxx 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, U.G.İsgəndərova ilə S.B.Teymurov arasında bağlanmış xx xxxxxxx 2009-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və xx xxxxxx 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, U.G.İsgəndərova ilə A.Ş.Dadaşova arasında bağlanmış xx xxxxxxx 2009-cu il tarixli, 4Ə3/454 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və xx xxxxxx 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış etibarsız hesab edilmiş, A.M.Allahyarov və S.B.Teymurov tərəfindən Sumqayıt şəhəri, Corat bağları ərazisi 2344 saylı ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin həmin şəxslərin hesabına sökülməsi, cavabdehlərin Sumqayıt şəhəri, Corat bağları ərazisi 2344 (2333) saylı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Cavabdehlər, o cümlədən, o özü həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-209/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş iş təkrar apellyasiya baxışına qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsinin mülk kollegiyasının 2(105)-232/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçılar həmin qətnamədən kassasiya şikayəti versələr də Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Hazırda ona məxsus torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısı ləğv edilmişdir. Onunla yanaşı U.G.İsgəndərovadan torpaq sahəsi almış A.M.Allahyarov və qeyrilərinə məxsus torpaq sahələri üzərində də mülkiyyət hüququna dair qeydiyyat yazısı ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(105)-232 saylı qərardadı ilə həmin şəxslərə, o cümlədən ona verilmiş çıxarılşların dövlət reyestrində qeydiyyatı bərpa edilmişdir. Qərardad icraya yönəldilmiş, A.M.Allahyarova, A.Z.Hacıyevə, S.B.Teymurova məxsus torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar bərpa edilmiş, ona aid torpaq sahəsinə dair çıxarışın bərpasına dair hissədə isə qərardad icra olunmamışdır. Belə ki, DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli məktubdan da göründüyü kimi Sumqayıt şəhəri, 3 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmışdır. Sumqayıt bələdiyyəsinin xx xxxx 2013-cü il tarixli, 07 saylı protokol qərarına əsasən Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindən çıxarışda göstəriləndən artıq istifadədə olan 235 kv.m. torpaq sahəsinin ona satılması qərara alınmış və Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış, Sumqayıt şəhəri, 3 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.0235 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Halbuki, sözü gedən torpaq sahəsi hazırda onun mülkiyyətində, faktiki sahibliyində və istifadəsindədir. Bundan əvvəl aralarında olan məhkəmə çəkişməsi zamanı Cavabdeh1 tərəfindən belə bir müqavilə ortaya çıxarılmamış, o, belə bir müqavilənin olmasından DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli məktubunu aldıqdan sonra xəbər tutmuşdur. Hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququ bərpa olunduğundan, həmin müqavilə və onun əsasında cavabdehin adına aparılmış qeydiyyat yazısı və verilmiş çıxarış etibarsız hesab edilməlidir. Cavabdeh1 Qəni qızı X13 qarşı torpaq sahəsində olan darvazanın və iki tərəfdən hasarın sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Corat bağları, 2333C saylı torpaq sahəsində 2 tərəfdən tikilmiş daş hasarın və darvazanın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2333C saylı torpaq sahəsi xx xxxx 2013-cü il tarixdən onun mülkiyyətindədir. Torpaq sahəsi Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxx 2013-cü il tarixli qərarı və həmin dövrdə fəaliyyət göstərən Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə komitəsinin Sumqayıt şəhər şöbəsinin bələdiyyə ilə birgə tərtib etdiyi alqısatqı aktına əsasən qeydiyyatdan keçmişdir. Torpağa görə 1316 manat Sumqayıt Bələdiyyəsinin büdcəsinə keçirmişdir. Hazırda A.Ş.Dadaşovanın göstərilən torpaq sahəsini qonşusunun torpağı hesabına bir qədər genişləndirərək onun tikdiyi hasara əlavə 2 divar hasar tikmiş və darvaza qoymuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual qanunvericiliynə zidd olaraq çıxarılmışdır. İddia tələbinə düzgün hüquqi qiymət verməmiş və iş üzrə mövcud olan sübutlara dair səhv nəticəyə gəlmişdir. Həmin torpaq sahəsi isə əslində 2004-cü il tarixli 151 saylı qərarı ilə mülkiyyətinə verilmiş Corat bağları ərazisində yerləşən sahəsi 0,06 ha olan 233 saylı bağ torpaq sahəsinin daxilində yerləşirdi. Bu halın özü həmin torpaq sahəsinin 2004-cü ildən onun faktiki istifadəsində olduğunu və Sumqayıt Bələdiyyəsinə məxsusluğunu sübuta yetirir. Eyni zamanda məhkəmənin bu hallara əhəmiyyət verməməsinin özü məhkəmə tərəfindən işə tamamilə ədalətsiz və qeyri-obyektiv baxıldığını və məhkəmə araşdırmasının yalnız bir məqsədlə, işin nəyin bahasına olursa-olsun iddiaçının xeyrinə sonunclanması məqsədi daşıdığını sübuta yetirir. Qeyd olunmalıdır ki, hal-hazırda da qüvvədə olan bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarına əsasən yalnız bələdiyyə tərəfindən mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində sərəncam verilərkən konkret torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və müvafiq reyestr çıxarışı ilə rəsmiləşdirilir. Məhz bu cür sənədləşmə işləri onun mülkiyyətinə torpaq sahəsi ayrılarkən də həyata keçirilmişdir. Məhkəmə ilkin iddianı təmin etməklə, aşkar qanun pozuntusuna yol vermişdir. Belə ki, həmin alqı-satqı əməliyyatı aparılarkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bütün sadalanan hallar çıxarılmış məhkəmə qətnaməsinin onun hüquqlarını pozdugu qənaətinə gəlməyə əsas verir ki, bu halda həmin qətnamənin apellyasiya qaydasında ləğvi qaçılmaz olur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(060)-7819/2018 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh Sumqayıt Bələdiyyəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə irəli sürülmüş tələblərə hüquqi qiymət verərkən torpağın hüquqi statusu barədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Corat bağları ərazisində yerləşən 2344 saylı bağ sahəsinin U.G.İsgəndərovanın qanuni istifadəsində olması faktını müəyyən edən və həmin torpaq sahəsi üzərində U.İsgəndərovanın mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması vəzifəsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2009-cu il tarixli, 2(060)- 2154 saylı qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının qanuni qüvvəyə minmiş xx xxxxxx 2010-cu tarixli, 2(105)-49/2010 saylı qərardadı ilə ləğv edilmiş və icrada dönüş edilərək DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindı U.İsgəndərovanın adına verilmiş mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə reyestr çıxarışı etibarsız sayılmışdır. X8 Məhkəməsinin mülki kollegiyasının qanuni qüvvəyə minmiş xx xxxxxx 2011-ci il tarixli, 2(105)-1284/2011 saylı qətnaməsi ilə U.G.X1 və qeyrilərinə qarşı bağ sahəsinin icarə müqaviləsinin onunla bağlanmış sayılması və həmin bağ sahəsini özbaşına zəbt etmiş şəxslərin bağdan çıxarılması barədə iddia ərizəsi rədd edilmiş, həmin qətnamədən verilmiş kassasiya şikayəti də təmin edilməmişdir. Qeyd olunan qanuni qüvvəsini almış məhkəmə aktları ilə U.İsgəndərovanın mübahisələndirilən torpaq sahəsinə hər hansı hüququnun olmadığı və həmin torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğu tam şəkildə sübuta yetirilmişdir. Belə olan halda U.İsgəndərovanın sonradan ləğv edilmiş reyestr çıxarışı ilə özünə məxsus olmayan və bələdiyyə mülkiyyətinə aid edilmiş torpaq sahəsini bölərək A.Ş.Dadaşovaya və qeyrilərinə satması qanuni hesab edilə bilməz və tərəflər arasında həyata keçirilmiş torpaq sahəsinə dair alqısatqı əqdləri əhəmiyyətsiz əqd kimi etibarsızdırlar. Təəssüf ki, məhkəmə bu halı nəinki nəzərə almamış, çıxarılmış məhkəmə qətnaməsində buna ümumiyyətlə qiymət verməkdən yayınmışdır. Məhkəmə iddiaçı A.Ş.Dadaşovanın guya vicdanlı alıcı olduğunu bəyan edərək onun iddia ərizəsini təmin, Cavabdeh1 iddiaçı AŞ.Dadaşovaya qarşı torpaq sahəsində olan darvazanın və hər iki tərəfdə olan hasarın sökülməsi barədə qarşılıqlı iddia ərizəsini rədd etməklə torpaq sahəsinin mülkiyyətçisi kimi həm A.Ş.Dadaşovanın, həm də Sumqayıt Bələdiyyəsinin hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, yuxarıda adı çəkilən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğu öz təsdiqini tapmışdır. Belə olan halda Sumqayıt Bələdiyyəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsini A.Ş.Dadaşovaya satması hər hansı şəkildə qanunsuz sayıla bilməz. Həmçinin, hesab edir ki, məhkəmə mülkiyyət hüququna dair məsələyə yanaşmada ziddiyyətli fikirlərə və aşkar səhvlərə yol vermişdir. Məhkəmə formal mülahizələr əsasında, müvafiq qanun normasına tamamilə səhv yanaşma nümayiş etdirməklə özü-özünə zidd çıxmışdır. Adı çəkilən ərazidə yerləşən torpaqlar «Torpaq islahatı haqqında» və «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə aid olunmuş və xx xxxx 2001-ci il tarixli torpaqayırma sənədlərinə əsasən Sumqayıt şəhər Bələdiyyəsinə təhvil verilmişdir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Rspublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə torpağın alqı-satqı müqaviləsinin hüquqi statusunu şübhə altına alsa da iş materiallarında olan və mübahisələndirilən torpaq sahələri daxilində yerləşən torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsinin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında reyestr çıxarışına əhəmiyyət verməmişdir. Belə ki, DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı, xx xxxx 2013-cü il tarixli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,0235 ha olan torpaq sahəsi ilkin olaraq mülkiyyət hüququ üzrə Sumqayıt Bələdiyyəsinin adına qeydə alınmış və sonradan Sumqayıt Bələdiyyəsinin müvafiq qərarı əsasında A.Ş.Dadaşovanın mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi isə əslində 2004-cü ildən etibarən A.Ş.Dadaşovanın istifadəsindədir. Belə ki, mübahisələndirilən 0,0235 ha olan torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli,151 saylı qərarı ilə A.Ş.Dadaşovanın mülkiyyətinə verilmiş Corat bağları ərazisində yerləşən sahəsi 0,06 ha olan 233 saylı bağ torpaq sahəsinin daxilində yerləşir. Bu halın özü həmin torpaq sahəsinin 2004-cü ildən A.Ş.Dadaşovanın faktiki istifadəsində olduğunu və Sumqayıt Bələdiyyəsinə məxsusluğunu sübuta yetirir. Eyni zamanda məhkəmənin bu hallara əhəmiyyət verməməsidir. Həmçinin qeyd olunmalıdır ki, hal-hazırda da qüvvədə olan bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarına əsasən bələdiyyə tərəfindən mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində sərəncam verilərkən yalnız konkret torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində alınır və müvafiq reyestr çıxarışı ilə rəsmiləşdirilir. Məhz bu cür sənədləşmə işləri A.Ş.Dadaşovanın mülkiyyətinə torpaq sahəsi ayrılarkən də həyata keçirilmişdir. Məhkəmə Sumqayıt Bələdiyyəsinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı və torpağın A.Ş.Dadaşovanın mülkiyyətinə verilməsi barədə bələdiyyənin xx xxxx 2013-cü il tarixli, 07 saylı protokol qərarı mübahisələndirilmədiyi halda, torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsi ilə X14 arasında xx xxxx 2013-cü il tarixdə notarial qaydada bağlanılmış alqı-satqı müqaviləsini etibarsız saymışdır. Hesab edirik bununla da məhkəmə aşkar qanun pozuntusuna yol vermişdir. Belə ki, həmin alqı-satqı əməliyyatı aparılarkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Ancaq məhkəmə nə bütün bu sübutlara, nə də müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş və mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətdə olduğunu təsdiq edən torpaqayırma sənədlərinə əhəmiyyət verməmişdir. Halbuki bütün sadalanan hallar çıxarılmış məhkəmə qətnaməsinin A.Ş.Dadaşovanın və Sumqayıt Bələdiyyəsinin hüquqlarını pozduğu qənaətinə gəlməyə əsas verir ki, bu halda da həmin qətnamə apellyasiya qaydaşında ləğv olunmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(060)-7819/2018 saylı qətnaməsinin ləğv edilməsini, iddiaçı A.Ş.Dadaşovanın iddia ərizəsinin təmin edilməməsi, Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin isə təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili A.Ş.Qulamov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını, Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini qəbul etdi və şikayətlərin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı A.Ş.Dadaşovanın nümayəndəsi və vəkili A.E.Qasımlı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, ilkin iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı Notarisu məhkəməyə ərizə göndərərək tşə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə cavabdeh Sumqayıt Bələdiyyəsi və üçüncü şəxs Azərbaycan Respublikası DƏDRX-nin 2 saylı X17 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilkin iddia ərizəsini təmin edərkən, tərəflər arasında olan alqı-satqı müqaviləsinin qanuna zidd olmasına, qarşılıqlı iddia tələbini təmin etməyərək torpaq sahəsində olan darvazanın və hasarın iddiaçıya məxsus olan torpaqda inşa olunmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 və qeyrisinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(105)-232 saylı qərardadından görünür ki, həmin iş üzrə X13, X12 məxsus torpaq sahəsi və digər şəxslərə məxsus torpaq sahələrinə dair verilmiş çıxarılşların dövlət reyestrində qeydiyyatı bərpa edilmişdir. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli məktubdan da göründüyü kimi, Sumqayıt şəhəri, 3 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X13 məxsus torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ qeydə alındığından Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(105)-232 saylı qərardadı əsasında X11 və qeyrilərinin mülkiyyət hüquqları bərpa olunsa da X13 məxsus torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun bərpası mümkün olmamışdır. X4 torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa olunmasına dair qanuni qüvvəyə minmiş və şikayət verilməsi nəzərdə tutulmayan məhkəmə aktı icrasız qalmışdır. İşə əlavə edilmiş notariat işinin surətindən görünür ki, Sumqayıt bələdiyyəsinin xx xxxx 2013-cü il tarixli, 07 saylı protokol qərarına əsasən Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindən çıxarışda göstəriləndən artıq istifadədə olan 235 m2 torpaq sahəsinin ona satılması qərara alınmış və Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış, Sumqayıt şəhəri, 3 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.0235 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasındakı başqa məhkəmə çəkişməsinin nəticəsi olan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəli torpaq sahəsinin ilkin iddiaçı A.Ş.Dadaşovaya məxsus olduğu müəyyən edildiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.2-ci və 82.3-cü maddələrinə əsaslanaraq hesab etmişdir ki, A.Ş.Dadaşovanın iddiası təmin olunmalı, qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında ona məxsus olduğu müəyyən edilmiş və üzərində mülkiyyət hüququ bərpa edilməli olan Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən mülkiyyət hüququ bərpa edilməli olan Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 saylı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun bərpasına, daha doğrusu qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına mane olan hal aradan qaldırılmalı, yəni, Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış Sumqayıt şəhəri, 3 saylı notariat kontoru tərəfindən təstiq edilmiş xx xxxx 2013-cü il tarixli 4Ə/561 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş ********* qeydiyyat nömrəli, xx xxxx 2013-cü il tarixli çıxarış etibarsız hesab edilməlidir. Cavabdeh1 ilə Sumqayıt Bələdiyyəsi arasında müqavilə bağlanan zaman qanunvericiliyin bələdiyyə torpaqlarının hərrac və ya müsabiqə yolu ilə satılmalı olmasına dair tələbləri kobud surətdə pozulmuşdur. Həmçinin tərəflər arasında torpaq sahəsi ilə bağlı mübahisə olduğu halda Sumqayıt Bələdiyyəsi yekun məhkəmə aktına əsasın torpaq sahəsinin mülkiyyətçisi olmayan şəxslə müqavilə bağlamaqla, eyni zamanda torpaq sahəsinin əsl mülkiyyətçisi olan A.Ş.Dadaşovanın satın almada üstünlük hüququnu da pozmuşdur. Məhkəmə qarşılıqlı iddia tələbini araşdıraraq hesab etmişdir ki, mübahisə predmeti olan darvaza və daş hasarın qanuni qüvvəyə minmiş və hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən məhkəmə aktlarına əsasən A.Ş.Dadaşovaya məxsus torpaq sahəsində yerləşdiyi üçün qarşılıqlı iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri maddi və prosessual hüquq normalarının pozulması iləqəbul edildiyindən əsaslı və qanuni sayıla bilməz. İlk növbədə qeyd edilməlidir ki, birinci instasiya məhkəməsi qətnaməsində xx xxx 2009-cu il tarixdən qüvvədən düşmüş Azərbaycan Respublikası MPM-nin 82.2-ci maddəsinə istinad etmişdir. Məhkəmə tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli torpaq sahəsinin ilkin iddiaçı A.Ş.Dadaşovaya məxsus olmasının müəyyən edildiyinə istinad etmişdir. Lakin iş materiallarına yalnız həmin mübahisə üzrə qəbul edilmiş sonuncu qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarı əlavə edilmişdir. Həmin qərarda isə müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 saylı bağın 0,20 ha torpaq sahəsinin 0,0288 ha hissəsi U.G.İsgəndərova tərəfindən xx xxxxxxx 2009-cu il tarixli, 4Ə3/454 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında A.Ş.Şirinova (Dadaşova)ya satılmış, həmin müqavilə əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 saylı bağın 0,20 ha torpaq sahəsinə dair cavabdehlərin mülkiyyət hüququ 2009-cu ildən qeydə alınmasına baxmayaraq, həmin torpaq sahəsinin iddiaçıların və 3-cü şəxsin mülkiyyətində olmasına dair işdə heç bir sübut mövcud deyildir. Hazırkı işdə isə müəyyən edilir ki, Sumqayıt bələdiyyəsinin xx xxxx 2013-cü il tarixli 07 saylı protokol qərarına əsasən Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindən çıxarışda göstəriləndən artıq istifadə olan 235 kv.m torpaq sahəsinin ona satılması qərara alınmış və Sumqayıt Bələdiyyəsi və Cavabdeh1 arasında bağlanmış, Sumqayıt şəhəri, 3 saylı notariat kontoru tərəfindən təstiq edilmiş xx xxxx 2013-cü il tarixli 4Ə/561 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.0235 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında sözügedən torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınaraq xx xxxx 2013-cü il tarixli çıxarış verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/4031 saylı ekspert rəyindən görünür ki, A.Ş.Şirinova (Dadaşova)nın Sumqayıt şəhəri, Corat bağları ərazisinə yerləşən 2344 saylı nömrəli bağ sahəsi üzərində qeydiyyata alınmış mülkiyyət hüququnun ləğv edildiyinin göstərilməsi səbəbinbən, hər iki tərəfə məxsus torpaq sahələrinin üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası ƏMDK-i yanında DƏDRX-nin xx xxxx 2013-cü il tarixli ********** saylı çıxarışın plan ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlarına əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2333C nömrəli Cavabdeh1 mülkiyyətində olan bağ sahəsi hasara alınmış 310 kv.m torpaq sahəsinin daxilində yerləşir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli məktubda göstərilənlər də məntiqli deyil. Belə ki, əgər söhbət eyni torpaq sahəsindən getmiş olsa idi, bu zaman A.Ş.Dadaşovanın adına 2009-cu ildə qeydə alınmış mülkiyyət hüquqları, Sumqayıt şəhəri, 3 saylı notariat kontoru tərəfindən təstiq edilmiş xx xxxx 2013-cü il tarixli 4Ə/561 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 mülkiyyət hüququnun 2013-cü ildə qeydə alınmasına mane olmalı idi, Yəni əgər bu gün A.Ş.Dadaşovanın torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının bərpası həmin torpaq sahəsinin Cavabdeh1 adına qeydə alınmasına görə mümkün deyildirsə, eyni ilə 2013-cü ildə Cavabdeh1 mülkiyyət hüquqlarında qeydə alınması həmin torpağın A.Dadaşovaya məxsus olması əsası ilə mümkün olmamalı idi. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, işdə mövcud olan azsaylı sübutlara əsasən A.Ş.Dadaşovanın adına 2009-cu ildə qeydə alınmış torpaq sahəsinin Sumqayıt şəhəri, 3 saylı notariat kontoru tərəfindən təstiq edilmiş xx xxxx 2013-cü il tarixli 4Ə/561 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satılmış torpaq sahəsinin eyni olmasını birmənalı şəkildə müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ilkin iddianın təmin edilməsi nəticəsinə gələn birinci instansiya məhkəməsi bələdiyyə ilə Cavabdeh1 arasında bağlanmış alqısatqı müqaviləsinin hansı əsasla etibarsız hesab edilməsini, bu əqdin Mülki Məcəllədə müəyyənləşdirilmiş hansı şərti pozmaqla bağlandığının nəticələrində tətbiq etməmiş, beləliklə iş üzrə maddi hüquq normalarının tələblərini də pozmuş, həmçinin Cavabdeh1 adına verilmiş çıxarış etibarsız hesab edilsə belə, həmin torpağın satacısı Sumqayıt Bələdiyyəsinin həmin torpaq sahəsi üzərində xx xxxx 2013-cü il tarixdə qeydə alınmış mülkiyyət hüququnun mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh X9 və Sumqayıt Bələdiyyəsinin apellyasiya şikayətləri təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2018-ci il tarixli 2(060)- 7819/2018 saylı qətnaməsi ləğv edilsin. X2 Cavabdeh1 və Sumqayıt Şəhər Bələdiyyəsinə qarşı Sumqayıt şəhəri 3 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komittəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsi üçüncü şəxs qismində cəlb olunmaqla alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin edilməsin. Cavabdeh1 cavabdeh X13 qarşı torpaq sahəsində olan darvazanın və iki tərəfdən hasarın sökülməsi tələbinə dair iddia təmin edilsin. Sumqayıt şəhəri, Corat bağları 2333C saylı torpaq sahəsində iki tərəfdən tikilmiş daş hasar və darvaza sökülsün. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul X7 alınaraq SAP (XİİS) hesabı Dövlət Xəzinədarlığı Agentliyi kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Telman Quliyev Elman Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar