Məhkəmə qərarları › İş №2(105)-701/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-701/2023

22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-701/2023 22.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-4644/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 6350 manat maddi və 5000 manat mənəvi ziyanın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-4644/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 6350 manat pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin digər hissədə rədd edilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Cavabdeh xx.xx.2022-ci il tarixində sözügedən qətnamədən apellyasiya şikayəti vermiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-4644/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-2475/2022 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və şikayətin Azərbaycan Respublikası MPM-nin 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-4644/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-4644/2022 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakim Elman Məmmədov). Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadından da görünür ki, birinci instansiya məhkəməsi verilmiş apellyasiya şikayətini mümkün hesab etmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Lakin yuxarı instansiya orqanı kimi apellyasiya məhkəməsi şikayətin qeyri-mümkünlüyünə dair öz mövqeyini qeyd etmiş və qiymət verilməsi üçün yenidən birinci instansiya məhkəməsinə geri qaytarmışdır. Birinci instansiya məhkəməsi isə təbii olaraq, yuxarı instansiya məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq apellyasiya şikayətini geri qaytarmışdır. Lakin hesab edir ki, Abşeron rayon məhkəməsi (hakim Elman Məmmədov) ilkin olaraq düzgün hüquqi mövqe nümayiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyi isə tam əsassızdır. Qərardaddan da görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin göstərişinə uyğun olaraq məhkəmə qeyd edir ki, MPM-nin 361-ci maddəsinə, vəkilin şikayət vermək hüququnun olmamasına, şikayətin hüququ olmayan şəxs tərəfindən imzalanmasına istinad etmişdir. Ümumiyyətlə Sumqayıt Apellyasiya Məhkəməsinin, bilavasitə isə Abşeron Rayon Məhkəməsinin mövqeyinə dair öz mövqeyini qeyd etmək istəyir. Qərardaddan da görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün edərkən, 2 halı əsas götürmüşdür: Şikayətdə şikayət verən şəxsin işdə prosessual vəziyyəti, poçt ünvanı göstərilməmiş, eləcə də şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlamaq əvəzinə Abşeron Rayon Məhkəməsinə ünvanlamışdır. Bu halla bağlı qeyd edir ki, apellyasiya şikayəti elektron qaydada verilmiş və elektron məhkəmə sistemində mümkün olan qaydada tərtib edilmişdir. Sistemdə tərəf kimi “şikayət verən şəxs, vəkil və nümayəndə” bölməsi vardır ki, haqlı olaraq cavabdeh şikayət verən şəxs qismində qeyd edilmişdir. Digər tərəfdən elektron poçt ünvanı doldurulması məcburi olan qrafa deyildir. Faktiki olaraq da Cavabdeh poçt ünvanından istifadə etmir. Olmayan bir məlumatın isə qeyd edillməsi mümkün deyildir. Apellyasiya şikayətinin Abşeron Rayon Məhkəməsinə ünvanlanmasına dair isə qeyd edir ki, vəkilin və ya tərəfin elektron məhkəmə sisteminin çıxardığı, hazırladığı formaya dəyişiklik etmək, düzəliş etmək kimi bir texniki imkanı yoxdur. Apellyasiya şikayəti verildikdə elektron məhkəmə sistemi avtomatik olaraq birinci instansiya məhkəməsinə ünvanlanmış kimi qeydiyyatdan keçir. Bu bir texniki məsələdir, vəkilin ixtiyarında deyil. Ona görə hazırkı qüsur elektron məhkəmə üzrə işçi qrupuna ünvanlanmalı olan nöqsandır. Sumqayıt Apellyasiya Məhkəməsinin digər göstərişinə görə isə, elektron qaydada verilmiş şikayətindən görünür ki, Vəkil səlahiyyətini təsdiq edən order şikayətə əlavə edilməmişdir. Əslində apellyasiya instansiya öz mövqeyi ziddiyyətlidir. Belə ki, qərardaddan da görünür ki, apellyasiya instanisyası MPM-nin 69 və 74cü maddələrinə istinad edir. Yəni apellyasiya instansiyası da qəbul edir ki, məhkəmə aktlarında şikayət vermə hüququ etibarnamə ilə müəyyən edilir və etibarnamə verildiyi andan bu hüquq yaranır. Ancaq vəkil orderinin olmamasını şikayət vermək hüququ olmamaq kimi qəbul edir. Vəkil orderi yalnız tərəfi məhkəmədə təmsil etmək üçündür. Və həmin order müvafiq instansiya məhkəməsində yekun məhkəmə aktı qanuni qüvəsini alanadək etibarlıdır. X4 apellyasiya instansiyasında onunla deyil, başqa bir vəkil ilə də müqavilə bağlamaq hüququna malikdir. Digər tərəfdən məhkəmələr ikilistandart tətbiq edirlər. Belə ki, məhkəmələr məhkəmə aktlarından şikayət vermək hüququnu tərəfin elektron kabineti yoxdursa, vəkilin elektron kabinetinə yerləşdirilməsi vaxtından hesablayırlar. Əgər vəkil orderinin hüquqi qüvvəsi yoxdursa necə olur ki, tərəfin şikayət vermə hüququ vəkilin kabinetinə yerləşdirilməsi vaxtından hesablanır?! Qeyd olunanlara əsasən şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)- 4644/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinin tələbinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-2475/2022 nömrəli qərardadı ilə qeyri-mümkün hesab edilmiş və qərardada ondan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilmə hüququ tərəflərə izah olunmuşdur. Mülki Prosessual Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyrimümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göründüyü kimi Cavabdeh sözügedən qərardaddan narazı qaldığı təqdirdə ondan kassasiya şikayəti vermək hüququna malik olduğu halda kassasiya şikayəti verməmiş, Abşeron Rayon Məhkəməsi mülki prosessual qanunvericiliyin apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi ilə bağlı normaya uyğun olaraq və apellyasiya instansiyası məhkəməsinin qərardadındakı hüquqi mövqeyini nəzərə alaraq apellyasiya şikayətini Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadında göstərilən əsaslar üzrə geri qaytarmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qətnamədən verilmiş apellyasiya şikayəti Cavabdeh vəkili-nümayəndəsi Vəkil tərəfindən imzalansa da, şikayətə vəkil orderi əlavə edilmədiyindən və bu şikayətin səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(012)-4644/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar