Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-701/2025 04.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Açar söz: maddi və mənəvi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-139/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1730 manatın və ona dəyən mənəvi ziyan 2000 manatın, ümumilikdə 3730 manatın və ödədiyi 60 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Tap.az elan saytı vasitəsilə "Samsung S-24 Ultra" və ya S-23 Ultra" markalı mobil telefonu almaq qərarına gəlmişdir. İlk qarşısına Cavabdeh qoyduğu "Samsung S-24 Ultra" elanı çıxmışdır. Həmin markalı mobil telefonun satışı dükandan ucuz olduğu üçün maraqlanmış, Cavabdeh ilə (077 505-96-38) əlaqə saxlıyanda ona bildirib ki, evində xəstə bibisi var, telefon onundur. Bibisini təcili əməliyyat etdirməlidir, ona görə bu qiymətə satır, telefon saz vəziyyətdədir. Cavabdeh yalandan ona bildirib ki, Masazırda mebel sexində işləyir, gündüz vaxtları işdən icazə alıb çölə çıxa bilmədiyindən, telefonu aparıb dükanlara sata bilmir. Guya ki, gündüz vaxt edib telefonu aparıb, 28 mayda satsa hətta 1850 manatada sata bilər, təəssüf ki, buna vaxtı yoxdur. Cavabdeh X2 ona bildirib ki, əgər telefonu almaq istəyirsə axşam 22:00-da işdən çıxanda 20 yanvarda görüşünlər. O isə cavabdeh X1 bu səmimiyyətinə inanıb və axşam saat 22:00-da Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsi yaxınlığında yerləşən "Velotrek" ticarət mərkəzinin qarşısında görüşmüşdür. Cavabdehin axşam saat 22:00-da görüş təyin etməsində əsas məqsədi o olub ki, 20 yanvarda olan telefon dükanları tam bağlansın və onu aldadaraq kənarda telefonu ona versin və o, telefonu heç kimə göstərib yoxlatmasın. O, bildirib ki, gətirdiyin telefon qadın telefonuna oxşuyur, o kişi telefonu istiyir. Lakin Cavabdeh ona bildirib ki, o bibisinin əməliyyatına görə evdəkilərin də telefonunu satır, bunu götürsün, sabah o istədiyi telefonu çatdıracaq. O, Cavabdeh 1730 manat verib. Sabahı gün Cavabdeh zəng edib, lakin cavabdeh telefonunu söndürüb. O başa düşüb ki, Cavabdeh onun ona və bibisinə yazığı gəldiyindən və onun ona olan etibarından sui-istifadə edib və aldadıb. O artıq başa düşüb ki, Cavabdeh onun ona olan etibarından sui-istifadə edərək sadəcə onu aldatmaqdan başqa bir şey olmamışdır. Bu səbəbdən də aralarında yaranan mübahisəyə görə o, Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə şikayət edib. Cavabdeh Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə dəvət olunaraq izahatı alınmış və ondan 1730 manat aldığını izahatında etiraf etmişdir. O, Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsində cavabdehə bildirib ki, onun bu cür dələduzluq hərəkətlərinə görə Hüquq mühafizə orqanlarına və məhkəməyə şikayət edəcək. Cavabdeh isə ona bildirib ki, get hara şikayət edirsən et. İstəyir Vergilər orqanına, istəyir Polisə ya da Məhkəməyə ver. Onun itirəcək heç bir şeyi yoxdur. Heç kimdən də qorxmur. Cavabdeh pulunu qaytarmır, o isə ağır sarsıntı və iztirab keçirir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş edir. 3 İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-139/2025 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia tələbi təmin edilməmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh "Samsung S-24 Ultra" markalı mobil telefonu satmaq üçün bu barədə elanı satış saytına yerləşdirmiş, daha sonra həmin mobil telefonu 20 avqust 2024-cü il tarixdə İddiaçı 1730 manata satmışdır. İddiaçı həmin telefonu alıb bir müddət işlətdikdən sonra 23 sentyabr 2024-cü il tarixdə Nəsimi RPİ 20-ci Polis şöbəsinə şikayət etmişdir. İddiaçı tərəfindən cavabdehin ona almaq istədiyi telefonu deyil başqa telefonu verməsi və bir müddətdən sonra ona istədiyi telefonu çatdıracağı barədə aralarında olan razılaşma barədə heç bir sübut təqdim etməmişdir. İddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və cavabdehin təqsiri müəyyən edilməmişdir.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 568.1, 570.1.1, 571.1, 581.1, 581.3, 588.1, 1096.1, 1097.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-139/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə şikayət etmiş, Cavabdeh Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə dəvət olunaraq izahatı alınmış və ondan 1730 manat aldığını izahatında etiraf etmişdir. Lakin bütün bunlara baxmayaraq iddia təmin edilməmişdir. Məhkəmədən cavdehin Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsində olan izahatını subut kimi qiymətləndirilməsini xahiş etmişdir. Lakin bütün bunlara baxmayaraq iddiam təmin edilməmişdir. Məhkəmə son nəticəyə gəlməzdən əvvəl tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmalı və hüquqi qiymət verməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, özünə "Samsung S-24" və ya S-23 " model telefon almaq istəyirdi, cavabdeh 20 yanvar metrostansiyasında dükan işlədir, onda olan nasaz telefonları elana qoyaraq satır, yeni telefon nömrələri alaraq “Tap.az saytında satır. Ona yalandan Masazır qəsəbəsində mebel sexində işlədiyini, müdirin onu işdən tez buraxmadığını, işdən sonra saat 10-11-də 20 yanvar metrostansiyası yaxınlığında görüşə biləcəyini bildirmişdir. Cavabdehi 20 yanvar metrostansiyası yaxınlığında bir müddət gözləmiş, cavabdeh gəldikdə usta işlədiyini, bibisinin telefonu olduğunu, bibisinin xəstə olduğunu bildirmişdir. Özünün yaxınlıqda telefon dükanı olsa da onu aldatmışdır. Görüşə axşam gec vaxtı çağırmışdır ki, telefonu mağazalarda yoxlada bilməsin. Telefonu almış, telefonun ekranında əsmə olduğunu bilməmişdir. Səhəri gün Əhmədli metrostansiyasının yaxınlığında mağazaya yaxınlaşaraq yoxlatmış, bildirmişlər ki, telefon nasazdır. Zəng eləmiş, cavabdehin telefonu bağlı olmuşdur. Bu səbəbdən yaxınlıqda polis şöbəsinə müraciət etmişdir. Əməliyyatçı bildirmişdir ki, həmin şəxs dələduzdur, onu dərhal tapıb gətirəcək. Polis şöbəsində cavabdeh telefonu 1730 manata satdığını etiraf etmişdir. Cavabdeh ona bildirmişdir ki, telefonu ondan götürüb təmir etdirəcəkdir. Telefonun korpusu bönəvşəyi rəngidir. Ona bildirmişdir ki, evdə başqa telefonları da var, anası-atası da telefonu satır. Bunu götürsün, başqaları dəyişdirəcəkdir. Sonradan isə dəyişdirməyəcəyini bildirdi. Cavabdeh ona bildirmişdir ki, telefonun pulunu qaytara bilərdi, lakin polisə müraciət etdiyi üçün qaytarmır. Telefonun rəngi dəyişkəndir, gün işığına çıxdıqda fərqli rəng olur. Hazırda telefonu istəmir, pulunu istəyir.
11. Məhkəmə iclasının yeri və vaxtı bardə məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. 03 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı aralarında yaranmış mülki mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən həmin məcəllənin 149 və 150-ci maddələrində müəyyən edilmiş qaydada cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəmədə müıki iddia qaldırmaq hüququnun izah edilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 570.1.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. 579.1. Əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. 579.2. Əgər alğı-satqı müqaviləsində çeşid və onun müəyyənləşdirilməsi qaydası göstərilməyibsə, lakin öhdəliyin mahiyyətindən alıcıya əşyaların çeşiddə verilməli olduğu irəli gəlirsə, satıcı müqavilənin bağlandığı məqamda alıcının ona məlum olmuş tələbatını əsas götürməklə alıcıya əşyaları çeşiddə verə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 580.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 580.2. Əgər satıcı alıcıya alğı-satqı müqaviləsinə uyğun çeşiddə əşyalarla yanaşı çeşid haqqında şərti pozmaqla əşyalar verərsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə: 580.2.1. çeşid haqqında şərtə uyğun gələn əşyaları qəbul etsin, qalan əşyalardan isə imtina etsin; 580.2.2. verilmiş əşyaların hamısından imtina etsin; 580.2.3. çeşid haqqında şərtə uyğun gəlməyən əşyaların müqavilədə nəzərdə tutulan çeşiddə əşyalarla əvəz olunmasını tələb etsin; 580.2.4. verilmiş əşyaların hamısını qəbul etsin. 580.3. Alğı-satqı müqaviləsinin şərtinə uyğun gəlməyən çeşiddə əşyalardan imtina edərkən və ya çeşid haqqında şərtə uyğun gəlməyən malların əvəz olunması tələbini irəli sürərkən alıcı həmin malları ödəməkdən imtina edə də bilər, onları ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 580.4. Alğı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin. 580.5. Əgər alıcı çeşidi alğı-satqı müqaviləsinə uyğun gəlməyən əşyalardan imtina etməzsə, onları satıcı ilə razılaşdırılmış qiymətlə ödəməlidir. Satıcı qiymətin razılaşdırılması üçün ağlabatan müddətdə zəruri tədbirlər görmədikdə, alıcı əşyaları müqavilənin bağlandığı an müqayisəyə gələn şəraitdə oxşar əşyalar üçün adətən alınan qiymətlə ödəyir. 571.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. 581.1. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
14. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
15. Məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-139/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-139/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı cavabdehin gətirdiyi telefonun arxa hissəsinin rəngini nəzərdə tutmaqla qadın telefonuna oxşadığını, cavabdehin bildirməsinə görə başqa rəngdə telefonların da olduğunu, səhəri gün istdəyi rəngdə telefonu ona verə biləcəyini bildirib, cavabehin ona istədiyi rəngə uyğun telefon satmadığını əsas gətirərək iddia qaldırmışdır. Qeyd olunan əsas iddiaçının polis orqanında verdiyi izahatında da qeyd olunmuşdur.
18. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya aralarında bağlanmış şifahi alqı-satqı müqaviləsinin şərtinə uyğun olmayan rəngdə əşyanın verilməsi sübut olunmamışdır. Belə ki, iddiaçı istədiyi rəngdə telefonun ona satılmamasını əsas gətirsə də özünün qeyd etdiyi kimi cavabdeh telefonu ona verərkən onun rəngini müəyyən etmişdir. İddiaçı telefonun istəmədiyi rəngdə olduğu halda alqı-satqı müqaviləsinin bağlanmasından imtina etmək hüququna malik olsa da müqavilənin icrasından imtina etməmiş və onun dəyərini ödəyərək həmin telefonu almışdır. Hərçənd ki, iddiaçının öz dəlilinə görə cavabdehdən məhz istədiyi rəngdə olan telefonu səhəri gün almaq imkanına malik olmuşdur. Belə olduğu təqdirdə cavabdehin iddiaçıya müqavilə şərtinə uyğun olmayan rəngdə telefonun verilməsi faktı istisna olunmaqla, iddiaçının qeyd olunan əsas üzrə iddiası əsassız olmuşdur.
19. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iddiaçı iddia tələbinin əsası kimi cavabdehin ona qüsurlu əşya satdığını iddia etmişdir ki, iddiaçının bu əsası iddia ərizəsində, o cümlədən polis orqanında verdiyi izahatında qeyd olunmamışdır. Əksinə, birinci instansiya məhkəməsində cavabdeh verdiyi izahatında iddiaçının telefonu işlətdikdən bir ay sonra ekranını sındırdığını və geri qaytarmaq istədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı səhəri gün cavabdehin onu aldatdığını müəyyən etdiyi üçün dərhal polisə müraciət etdiyini bildirsə də iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, iddiaçı cavabdehdən xx.xx.2024-cü il tarixdə telefon almış, xx.xx.2024-cü il tarixdə isə polis orqanına müraciət etmişdir.
20. Beləliklə, iddiaçı cavabdehin ona almaq istədiyi rəngdə deyil başqa rəngdə telefon verməsi, eləcə də qüsurlu telefon verməsi barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Buna görə də iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni olmuşdur.
21. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-139/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-139/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.