Məhkəmə qərarları › İş №2(105)-714/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-714/2025

10.06.2025 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Sair öhdəliklər üzrə mübahisələr - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-714/2025 10.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğvi, torpaq sahəsinin qaytarılması və s. tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-348/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddia tələbinin təmin edilməsi, İddiaçı və Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində bağlanmış, 4Ə-891 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsi Cavabdeh sahibliyindən götürülməklə İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə bağışlanmış ünvan 2 ünvanında yerləşən 0.9319 ha torpaq sahəsinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində bağlanmış, 4Ə-891 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və ona verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinin Cavabdeh sahibliyindən götürülməsi və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü ildə notariat kontorunda rəsmiləşdirilmiş 7 ədəd bağışlama müqaviləsinə əsasən o, ünvan 3 ünvanında yerləşən 88.8 kv.m qeyri yaşayış sahəsi (icarəçi ilə birlikdə), Qusar şəhəri, M.Vəliyev küçəsində yerləşən 0.16 ha torpaq sahəsi (üzərində yerləşən sənədləşdirilməmiş bağ evi), Sabunçu rayonu Bilgəh qəsəbəsi 849 saylı bağ evi, Sabunçu rayonu Bilgəh qəsəbəsi 869 saylı bağ evinin yanında yerləşən 0.16 ha torpaq sahəsi (üzərində yerləşən əmlaklar ilə birlikdə) ünvan 5 ünvanında yerləşən 0.9319 ha torpaq sahəsi, ünvan 6 yerləşən 228.5 kv.m qeyri yaşayış sahəsi, Yasamal rayonu, H.Cavid prospekti, b-Q məhəllə 528, yerləşən mənzil 21 (icarəçi ilə birlikdə) bağışlamışdır. Həmin əmlakları cavabdehə bağışlamazdan əvvəl onlar razılığa gəlmişlər ki, o, Türkiyə Respublikasına köçdüyündən və başqa heç kimə etibar etmədiyindən bu əmlakları cavabdehin adına keçirir və istədiyi vaxt Azərbaycana qayıtdığında əmlaklardan istifadə edəcək və onun maddi ehtiyacı yarandığı zaman cavabdeh həmin ona bağışladığı əmlakların hesabına maddi ehtiyacını qarşılayacağını bildirmiş, cavabdeh onu buna inandırmışdır. Bundan əlavə onun vəsaiti hesabına cavabdehə əlavə əmlaklar da alınmış və hal-hazırda mülkiyyətindədir. Lakin o, 26 iyul 2024-cü ildə Bakıya qayıtdığında həmin əmlaklara getmək istəyəndə və özünə məxsus şəxsi əşyaları götürmək istəyəndə məlum olmuşdur ki, cavabdeh bağların və digər əmlakların açarlarını dəyişdirib və ona oraya daxil olmağına icazə vermir və heç nəyi geri qaytarmır. Onun maddi ehtiyacı olduğundan cavabdehə ünvan 2 ünvanında yerləşən 0.9319 ha torpaq sahəsi satılmalı olduğu ilə bağlı xəbər göndərmiş, lakin cavabdeh bundan sonra onun barəsində üçüncü şəxslərin yanında təhqiramiz ifadələr istifadə edərək onu təhqir edərək bunu etməkdən imtina etmiş və onların razılaşmasını pozmuşdur. Bunun nəticəsi olaraq cavabdeh öz üzərinə götürdüyü öhdəliyi əsassız olaraq icra etməkdən imtina edərək razılaşmalarını pozmuş və bunun ilə onu maddi və mənəvi cəhətdən çıxılmaz vəziyyətə qoymuşdur. O, cavabdehə bununla bağlı bildiriş də göndərmiş, lakin nəticəsiz olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qeyd olunan qətnaməsi əsasız və qeyri-obyektiv olduğundan, iş üzrə əhəmiyyət kəsb edən hallar tam araşdırılaraq hüquqi qiymət verilmədiyindən dəyişdirilməlidir. İddiaçı tərəfindən onun bağa buraxılmaması və ehtiyac üzərindən əmlakın satılmasına dair razılaşmanın olması ilə bağlı hallar iş üzrə şahid qismində çıxış edən Şahid2 və Elnur Xaliq tərəfindən bilidirilsə də, hesab edir ki, qeyd olunan şəxslərin ifadələrini mötəbər sübut kimi hesab etmək olmaz. Belə ki, şahidlərin öz ifadələrindən də məlum olurdu ki, Şahid2 20 ildən cox İddiaçı köməkçisi işləmiş və hətta işdən azad olunandan sonrada onunla əlaqədə olaraq, onun tapşırıq və göstərişlərini yerinə yetirmişdir. Eyni zamanda, digər şahid olan, Elnur Xaliq da Fəridin tövsiyəsinə əsasən Diqəm Aslanovun hüquqi işlərini yerinə yetirmiş və hətta ifadəsində İddiaçı bağın qaytarılması ilə bağlı tövsiyələr verdiyini bildirmişdir. Yəni hər iki şahidin maraqlarının İddiaçı maraqları ilə üst-üstə düşməsi, onların maddi ehtiyaclarının İddiaçı tərəfdən təmin olunması və bu baxımdan onların maddi və mənəvi İddiaçı asılı olmaqla hazırkı işin nəticələrində maraqlı olması müəyyən edilmişdir. Digər tərəfdən İddiaçı bağa buraxılmaması və açarların dəyişdirilməsi epizodu üzrə çıxış edən, əvvəllər bağban işləyən Şahid1 açarların dəyişdirilməsinin yalnız ona aid olan, əsas evdən aralı yerləşən və yalnız ona aid olan otaqla bağlı və o da mühafizəçinin, oranı tərk etməsi ilə bağlı olmasını göstərmişdir. Yəni bu halda da iddia ərizəsində göstərilən hallar öz əksini tapmamışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış, xx.xx.2023-cü il tarixli Bakı şəhəri 19 saylı Notariat ofisində 4Ə-891 reyestr nömrəli, daşınmaz əmlakın bağışlanması müqaviləsi mülki qanunvericiliyin tələblərinə uygun bağlanmış və onun Mülki Məcəllədə nəzərdə tutulan etibarsızlığının əsasları müəyyən olunmamışdır. ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinin bağışlanmasına dair müqavilə Cavabdeh münasibətdə İddiaçı tərəfindən heç bir bağışlama öhdəliyi ilə şərtləndirilməyib və öhdəliklərin yerinə yetirilməsindən asılı edilməyib. Odur ki, notariat ofisində qanunvericiliyin qaydalarina əməl edilməklə təsdiqlənmiş bağışlama müqaviləsi bağlanmış sayılır, yəni etibarsız hesab olunması üçün heç bir əsas mövcud deyil. Müqavilə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. İşə baxan məhkəmə cavabdeh tərəfindən iddiaçının, bağ evinə daxil olmasına məhdudiyyətlərin yaratması və bununla da ailə münasibətlərinin kobudcasına pozulması kimi səhv nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən, əvvəllər atasının tövsiyəsinə əsasən etibarnamə verdiyi şahidlər Elnur və Fəridin verdiyi ifadələrin mötəbər olması barədə səhv nəticəyə gəlmişdir. Hazırkı iş üzrə heç bir maraqları olmayan Şahid1 bağın açarların dəyişdirilməsinin yalnız ona aid olan, əsas evdən aralı yerləşən və yalnız ona aid olan mühafizə otağı ilə bağlı və o da mühafizəçinin, oranı tərk etməsi ilə bağlı olmasını göstərilməsi barədə hallara hüquqi qiymət verməmişdir. Yalnız mühafizəçi otaqlarının açarlarının dəyişdirilməsi nəzərə alınmamışdır. İddia ərizəsində göstərilən hallar və əsaslar işin nəticəsinə uyğun deyildir. İddiaçının nümayəndəsi Vəkil1 verdiyi izahat və orada qeyd olunan hallar qətnamənin nəticəsi ilə uyğunsuzluq təşkil edir. Cavabdehin nümayəndəsi tərəfindən verilən izahat təhrif olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsə də, cavabdeh tərəf bu halların əksinə dair, yəni mübahisəli bağışlama müqaviləsi bağlandıqdan sonra cavabdehin atası ilə normal münasibət saxlaması, bir övlad kimi atası qarşısında ailə münasibətlərindən irəli gələn vəzifələrini layiqincə yerinə yetirməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməməsi ilə əsaslandırmışdır. Cavabdeh bu nəticədən narazı qalaraq, qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə aşağıdakı əsaslara görə qanuni və əsaslıdır. İşdən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsi əvvələr İddiaçı mülkiyyətində olması və həmin əmlakı xx.xx.2023-cü il tarixdə qızı Cavabdeh bağışlaması və həmin əmlak üzərində sonuncunun mülkiyyət hüququ əldə etməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğvi və əmlakın ona geri qaytarılması barədədir. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 666.1, 673.1, 673.4 və 140-cı maddələri nəzərdən keçirilə bilər. Məlum olduğu kimi, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlamanın predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifələrindən azad edilməsi ola bilər (Mülki Məcəllənin 666.1,666.2-ci maddələri). Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqavilənin özünə məxsus şərtləri (müqavilənin standrat şərtləri və s.) olduğundan, müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanmalıdır. Bağışlama müqaviləsi də bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. Bağışlama institutu mənəvi və əxlaqi dəyərlər zəminində formalaşan münasibətlər əsasında hər hansı bir şəxsin öz maddi əmlak nemətlərini könüllü olaraq başqa şəxsə verilməsində ifadə olunur. İşdən göründüyü kimi, iddiaçının mülkiyyətində olan əmlakının bağışladığı şəxs sonuncunun qız övladıdır və iddiaçı öz əmlakını 2023-cü il tarixdə ona bağışlamışdır. Ailə institutu fərdin psixi və fiziki cəhətdən sağlam böyüməsi, təhsil alması və gələcəkdə bir şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır. Bu istiqamətdə ailənin sosiallaşma (şəxsin cəmiyyətin normalarını, dəyərlərini, davranış modellərini mənimsəməsi), emosional məmnunluq, müdafiə (ailə üzvlərinin fiziki, iqtisadi və psixoloji müdafiəsinin müxtəlif müstəvidə təmin edilməsi), iqtisadi (ailə üzvləri arasında sıx iqtisadi əlaqələrin olması) və s. funksiyalarını qeyd etmək olar. Ailə anlayışı hüquqi bağlar və nəticələr yaradan, ailə dəyərləri ilə bağlı münasibətləri ehtiva edən birliyi ifadə edir. Burada ailə dəyərləri dedikdə, qarşılıqlı qayğı, insanların mənsub olduqları ailəyə hörmət və ehtiram göstərməsi kimi mənəvi və əxlaqi münasibətlərin qorunması nəzərdə tutulur. Ailə hüquq münasibətləri ailə qanunvericiliyinin predmeti olmaqla, məzmunu ailə üzvlərinin qarşılıqlı hüquq və öhdəlikləri təşkil edir və bu münasibətlər müəyyən hüquqi faktların baş verməsi ilə (nikaha daxil olma, doğulma və s.) yaranır. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Ailənin ümumbəşəri prinsiplər əsasında qurulması, ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması, ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi və s. Ailə Məcəlləsinin vəzifələri kimi müəyyən olunmuşdur (Ailə Məcəlləsinin 1.3 və 3-cü maddələri). Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2024-cü il qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Lakin Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. Bu baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Odur ki, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. Azərbaycan Respublikasi Mülki Məcəllənin 673-cü maddəsi müqavilənin formasından asılı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir ( Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin sərh edilməsinə dair" 19 dekabr 2012-ci il tarixli qərarı). Hədiyyə verən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və ya o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər (Mülki Məcəllənin 673.1.1., 673.1.2. və 673.1.3. maddələri). Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçının özünə məxsus, tam payla mülkiyyətində olan bütün əmlakları bağışladığı qızı tərəfindən bağışladığı əmlaklardan birinə (bağ evinə) buraxılmaması nəticəsində yaşlı və səhhətində problemlər olan iddiaçının həmin vaxt Merida Hoteldə qaldığı işdə olan sübutlarla (səhifə 63), o cümlədən şahid ifadələri, eyni zamanda cavabdehin nümayəndəsinin (xx.xx.2024-cü il tarixli məhkəmə iclası) izahatı ilə öz təsdiqini tapdığından, eləcə də Cavabdeh 2023-cü ilin dekabr ayından sonra atası ilə hər hansı formada ünsiyyət saxlamadığı, ondan məlumatsız olması, habelə bağışlanmış əmlakın (bağ sahəsinin) açarlarının dəyişdirilməsi barədə təşəbbüskar və məlumatı olması, lakin həmin əmlakı ona bağışlayan atası İddiaçı məlumatlandırmaması, o cümlədən sonuncunun bağ sahəsinə daxil ola bilməməsinə laqeyd yanaşması ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri kobudcasına pozması kimi qiymətləndirməklə aşağı instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı iş üzrə dindirilmiş şahidlərin iddiaçının işçiləri olması əsası ilə həmin şəxslərin ifadələrinin mötəbər sübut kimi qəbul edilməməsi barədə cavabdehin etirazının dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, şahid maddi-hüquqi münasibətlərin subyekti olmadığından, işdə iştirak edən digər şəxslərdən fərqli olaraq, işin nəticəsində marağı olmayan, lakin işə aid olan hallar barəsində hər hansı məlumata malik olan və işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Ümumi qaydaya görə, iş üçün əhəmiyyət kəsb edən hər hansı hallar barəsində bilavasitə məlumatlı olan şəxslər şahid kimi çağırılırlar. Şahidin tərəflərdən biri və hər ikisi ilə xüsusi münasibətləri- xidməti asılılıq, qohumluq, dostluq və s. marağı olması onu şahid qismində cəlb etmək üçün maneəçilik yaratmır. İşdən göründüyü kimi həmin şəxslər uzun müddət etibarnamə əsasında hər iki tərəfi bütün əmlakları ilə bağlı təmsil etmişlər. Belə olan halda məhkəmə haqlı olaraq cavabdehin bu dəlili ilə razılaşmamışdır. Digər Şahid1 ifadəsinə məhkəmənin qiymət verilməməsi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, qərarın 53-cü bəndində ümumilikdə bütün şahid ifadələrinə qiymət verildiyindən şikayətin bu dəlili əsassızdır. İddiaçının nümayəndəsi Vəkil1 verdiyi izahat və orada qeyd olunan hallar qətnamənin nəticəsi ilə uyğunsuzluq təşkil etməsi və cavabdehin nümayəndəsi tərəfindən verilən izahat təhrif olunması barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, apellyator bu uyğunsuzluğun nədən ibarət olmasını kifayət qədər əsaslandırmamış, eləcə də nümayəndəsinin izahatının təhrif olunduğu əsas gətirsə də məhkəmə iclas protokoluna MPM-nin 273-cü maddəsinin tələbi baxımından qeydlər verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edərək, tam mülkiyyət hüququ üzrə özünə məxsus olan bütün əmlakları digər ailə üzvlərinə deyil, məhz cavabdeh olan qızına bağışlayarkən ondan da eyni əxlaqi münasibət görəcəyini güman etsə də, cavabdeh isə bunun əksinə, iddiaçı olan hədiyyə verən atasına qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə (hədiyyə verənin bağışlanılan əmlaka buraxılmaması, uzun müddət hədiyyə verənlə hər hansı formada əlaqə saxlanılmaması və s.) yol vermişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsə də, cavabdeh tərəf bu halların əksinə dair, yəni mübahisəli bağışlama müqaviləsi bağlandıqdan sonra cavabdehin atası ilə normal ailə münasibətləri saxlaması, bir övlad kimi atası qarşısında ailə münasibətlərindən irəli gələn vəzifələrini layiqincə yerinə yetirməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mülki Məcəllənin 673-cü maddəsi isə bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin MM-in 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır (Mülki Məcəllənin 424-cü maddəsi). Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur (Mülki Məcəllənin 673.4. maddəsi). İddia tələbinin mülkiyyətə verilməsi barədə reyestrdən çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mövcud çıxarış bağışlama müqaviləsi əsasında əldə edildiyindən və həmin müqavilə də məhkəmə tərəfindən ləğv edildiyindən, iddia tələbini bu hissədə də təmin etməklə məhkəmə haqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək, tərəflər arasında bağlanmış müqaviləni və onun əsasında verilmiş çıxarışı ləğv edərək, əmlakın iddiaçıya geri qaytarılması barədə düzgün nəticəyə gəlmiş və məhkəmənin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar