Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-72/2024 31.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(031)-482/2021 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən (VÖEN **********) 9000 (doqquz min) manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə "xxxx" MMC-yə qarşı iddia qaldıraraq, "xxxx" MMC-dən, diş klinikasının fəaliyyəti (fəaliyyətsizliyi) nəticəsində dəymiş 15000 (on beş min) manat maddi, 5000 (beş min) manat mənəvi zərər, eləcə də 30 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin aprel ayında çənə sümüyündə əmələ gəlmiş ağrı ilə bağlı “AQS Dental-Center" MMC-yə məxsus diş klinikasına müraciəti olmuşdur. Həkimlər müayinədən sonra ona bildirmişdir ki, ən əlverişli müalicə üsulu kimi hazırda istifadə etdiyi körpü sökülməli, üst və alt dişlər üçün implant əkmə altlıqlardan istifadə olunmaqla yeni körpülər hazırlanmalıdır. Rentgen çəkilişləri və müvafiq analizlərdən sonra 10 implant (alt və üst hissəsi ilə birlikdə) və 6 diş qapaqlarına görə ümumi razılaşmaya görə ilkin mərhələ üçün 5000 (beş min) manat ödəməklə implant dişlərin qoyulması əməliyatına başlanılmasına qərar verilmişdir. İmplant dişlərin üst hissəsinin də tamamlanmasını nəzərdə tutan bütün müalicənin üç ay ərzində yekunlaşacağı bildirildiyindən klinika tərəfindən edilən təklifi qəbul etmişdir. Davam edən müddət ərzində, mövcud körpü söküldükdən sonra, 10 ədəd implant diş razılaşdırıldığı kimi bir dəfəyə deyil, altı ay müddətində qoyulmuşdur. Birinci mərhələ üçün "xxxx" MMCyə əvvəlcədən 6000 (altı min) manat pul ödəməyinə baxmayaraq, əməliyyatın İ mərhələsinin razılaşdırılmış müddətdə yekunlaşması diş klinikasının laqeydliyi səbəbindən mümkün olmamışdır. Bir il keçdikdən sonra, israrla tələb etdiyinə görə ikinci mərhələyə başlanılmışdır. İkinci mərhələ üçün "xxxx" MMC-yə əlavə 3000 (üç min) manat pul ödənilmişdir. İkinci mərhələ də kifayət qədər üzücü olmaqla yanaşı keyfiyyətsiz bir sonluqla yekunlaşmışdır. Nəticədə zövqsüz görünüş və keyfiyyətsiz materiallardan istifadə olunmaqla, eləcə də iki sağlam dişin sinirini öldürməklə dişlər hazırlanmışdır. Hazırlanmış dişlərin görünüşü ondan xəbər verir ki, işi heç də söz verildiyi kimi peşəkar həkimlər və səriştəli texniklər görməmişdir. Dəfələrlə klinikaya etdiyi zənglərə qətiyyən əhəmiyyət verilməmişdir. Ona görə də dişlərin yenidən müalicə edilməsi üçün başqa daha təcrübəli həkimlərə müraciət etmişdir. Ona bildirilmişdir ki, onun təhvil aldığı dişlərin düzəldilməsində kifayət qədər kobud səhvlərə yol verildiyi üçün, yol verilmiş qüsurların aradan qaldırılmasına görə onların peşəkar tibb mütəxəssisləri tərəfindən yenidən işlənilməsinə və müalicəsinə zərurət vardır. Bir ildən çox müddət ərzində "xxxx" MMC-nin yarıtmaz fəaliyyəti onun peşəkar fəaliyyətinə də öz mənfi təsirini göstərmişdir. Belə olduğu üçün öz fəaliyyətində dayanmalar olmuş və keçən müddət ərzində onlarla dəfə Şabran şəhərindən Sumqayıt şəhərinə pandemiya səbəbindən digər nəqliyyat olmadığına görə yalnız taksi fəaliyyətindən istifadə etdiyi üçün əlavə həm vaxt, həm də maddi itkiləri olmuşdur. xx.xx.2020-ci il tarixində "xxxx" MMC-yə məktub ünvanlayaraq, məsul şəxslərin yarıtmaz fəaliyyətinə görə klinikaya ödənilmiş ümumi məbləğin 5000 (beş min) manatını 10 gün müddətində Şabran Poçt filialı vasitəsilə geri qaytarılması tələb edilmişdir. Müraciəti ilə bağlı "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 673№li məktubu daxil olmuşdur. Məktubda Sumqayıt şəhəri 13 mkr Babək prospekti 241 ünvanında yerləşən “AQS Dental- Center" MMC-yə müzakirə üçün dəvət edilmişdir. Bununla bağlı öz qəti mövqeyini xx.xx.2020-ci il tarixli növbəti müraciətini "xxxx" MMC-yə ünvanlasa da ikinci məktubuna münasibət bildirilməmişdir. Keçən müddət ərzində çoxsaylı müşahidələri nəticəsində ona məlum olmuşdur ki, diş klinikası kimi fəaliyyət göstərən bu müəssisənin məqsədi heç də ona müraciət edən xəstələri müalicə etmək deyil, əksinə daimi olaraq onları həmin klinikanın daimi qazanc mənbəyinə çevirməkdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh "xxxx" MMC Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ildə klinikaya müraciət edərək, stomatoloji yardıma ehtiyacı olduğunu bildirmişdir. Müayinələrdən sonra ona müvafiq müalicələr və cərrahi yardım məsləhət görülmüşdür. İddiaçının razılığı ilə müalicə prosesi başlamış, cərrahi yardım göstərilmiş və xx.xx.2020-ci ildə bitmişdir. Daha bir həftə sonra iddiaçı son dəfə nəzarət məqsədi ilə klinikaya müraciət etmiş və onda hər hansı bir patologiya aşkar edilməmişdir. Üzərindən 1 ildən artıq vaxt keçdikdən sonra iddiaçı klinikaya təkrar müraciət etmiş və ətrafdakılardan kiminsə ona estetik cəhətdən dişlərin yaraşmadığını bildirmişdir. Habelə müraciət zamanı o, estetik görünüşdən başqa hər hansı bir patoloji halın olduğunu qeyd etməmişdir. Bu zaman klinikada ona körpünün sökülərək təkrar düzəldilməsi təklif edilsə də, iddiaçı yalnız ödədiyi pulları geri tələb etmişdir. Bundan sonra iddiaçı müxtəlif təşkilatlara şikayətlər ünvanlamış və sonda Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Beləki Şabran Rayon Məhkəməsinin qərardadı ilə iddiaçıda aparılan müalicə və əməliyyatlara qiymət verilməsi üçün mütəxəssis rəyinin alınması qərara alınmışdır. Həmçinin bu zaman məhkəmə icraatı rəy alınanadək dayandırmışdır. Mütəxəssis rəyi məhkəməyə daxil olmadan məhkəmə icraatı yeniləmiş və özü mütəxəssis vəzifəsini üzərinə götürərək, ədalətsiz qətnamə çıxarmışdır. Həmçinin qətnamədə iddianın qismən təmin edilməsinin səbəbi məlum olmur. Belə ki, hansı səbəbdən məhz 9000 manat zərərin müəyyən edilməsi qətnamədə bildirilmir. Hesab edir ki, hakim bu halda mütəxəssisin yerinə müalicənin keyfiyyətsiz olduğunu təyin etmiş və zərəri hesablamışdır. Bu isə birbaşa prosessual pozuntudur və qətnamənin ləğvinə əsasdır. Habelə qətnamədən 9000 manatın maddi və ya mənəvi zərər olmasını aydınlaşdırmaq olmur. Aparılmış müalicənin və əməliyyatın keyfiyyəti müəyyən edilmədiyi üçün dəymiş hər hansı bir zərərdən söhbət gedə bilməzdi. Bu isə öz növbəsində iş üçün bütün faktiki halların aydınlaşdırılmamasına və əhəmiyyətli halların sübut edilməməsinə bariz sübutdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini tədqiq olunan sübutlara, o cümlədən cavabdeh tərəfin iddianı qismən qəbul etməsi ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 16, 1096.1, 1096.2, 1099.1, 1114.1-ci maddələrinə istinad etmiş, bununla da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etmək əvəzinə, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. İddiaçı isə qətnamənin iddianın təmin olunmayan hissəsini mübahisələndirməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qətnamənin mübahisələndirilən hissəsində, yəni iddia tələbinin təmin edilən hissəsində hüquqi qiymət verilməsini zəruri hesab edir. İddiaçı cavabdeh "xxxx" MMC-yə müayinə üçün müraciət etməsi və cavabdeh tərəfindən onun dişlərinin müalicə olunması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə mübahisələndirilən hissədə iddia tələbi maddi ziyanın ödənilməsi barədədir. İddia tələbinin mübahisələndirilən hissədə qanuni əsasını isə Mülki Məcəllənin 1112-ci maddəsi təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1112. maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Qanunvericilik şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ümumi əsaslarla ödənilməsi nəzərdə tutsa da, ilk növbədə zərərin vurulduğu öz təsdiqini tapmalı, bunun nəticəsi olaraq zərər vuran həmin zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirməlidir. Bunun üçün də iddiaçı ona zərər vurulduğunu sübut etməli, cavabdeh isə məsuliyyətdən azad olunması üçün həmin zərərin məhz onun tərəfindən vurulmadığını təkzib etməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, İddiaçı göstərilən tibbi xidmətin keyfiyyətsiz olması və bunun nəticəsində cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya maddi zərərin dəyməsinin iş materialları ilə təsdiq olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi məqsədilə mülki iş üzrə məhkəmə-tibbi ekspertizası təyin etmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsinə həvalə edilmiş, həmin publik hüquqi şəxs xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, şəxsin özü və "xxxx" MMC-də adına tərtib edilmiş tibbi sənədlərin əsilləri təqdim edilmədiyindən, qərardad icrasız olaraq geri qaytarılmışdır. Məhkəmə kollegiyası tərəfindən qərardad icra olunması üçün təkrar olaraq “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsinə göndərilmiş, həmin təşkilatın xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli məktubları ilə şəxsin özü ekspertizaya təqdim edilmədiyindən, qərardad icrasız olaraq geri qaytarılmışdır. İddiaçı tərəfindən elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş məlumatda xx.xx.2023-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsinin inzibati binasında şöbə rəisi Cavid Cahangirli ilə görüşdüyünü, həmin gün ekspertizanın keçirilməsi üçün digər tərəf zəruri məlumatları təqdim etmədiyinə görə məhkəmənin qərardadı icra olunmadan geri qaytarıldığını, iddiaçının onlara "xxxx" MMC-də aparılmış tamamilə keyfiyyətsiz müalicə işləri barədə ətraflı məlumat verdiyini, bu fəsadların aradan qaldırılması üçün müraciət etdiyi başqa klinikada peşəkar uzman həkim tərəfindən müalicə olunaraq keyfiyyət tələblərinə cavab verən materiallardan istifadə edilərək implant əkilməklə yenidən işlənildiyi barədə ətraflı bildirildiyi qeyd edilmişdir. Bundan sonra məhkəmə kollegiyası tərəfindən yaranmış mübahisənin tam, hərtərəfli araşdırılması və obyektiv nəticəyə gəlinməsi üçün mülki iş üzrə təkrar məhkəmə tibbi ekspertiza təyin edilmiş, iddiaçıya təyin olunmuş vaxtda ekspertizanın keçirilməsində iştirak etmək üçün məlumat verilsə də, sonuncu ekspertizanın keçirilməsi üçün Anatomiya Birliyinə getməyəcəyini bildirmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubu ilə şəxsin özü ekspertizaya təqdim etməməsi əsası ilə qərardad icrasız olaraq təkrar geri qaytarıldığı qeyd edilmişdir. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər (Mülki Prosessual Məcəllənin 97.5. maddəsi). Nəzərə alınmalıdır ki, bu normanın tətbiqi üçün məhz tərəflər ekspertizanın keçirilməsində iştirak etməkdən imtina etməli və ya onun keçirilməsinə mane olmalıdırlar. Söhbət burada tərəfin hərəkətsiz davranışından gedir. Əgər tərəf ekspertizanın keçirilməsində iştirakından imtina edirsə və ya onun keçirilməsinə mane olursa və işin hallarına görə həmin tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyildirsə, məhkəmə imtina edənin hansı tərəf olmasından, habelə imtinanın həmin tərəf üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq ekspertiza təyin edilməsi üçün əsas olması faktı təsdiq edilmiş və ya rədd edilmiş hesab edə bilir. Qeyd etmək lazımdır ki, tərəfin çəkişməli prosesdə iştirak dərəcəsi onun öz iradəsindən asılıdır və çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Qeyd olunan mülki prosessual normaların tələbləri baxımından mülki məhkəmə icraatının prinsipinə əsasən sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ekspertiza keçirilməsindən yayınması (ekspertizanın keçirilməsi üçün getməməsi) ekspertiza təyin edilən faktının rədd edilməli olması qənaətini qaçılmaz edir. Həmçinin o da vurğulanmalıdır ki, Xaçmaz rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin məktubu ilə Stomatologiya bölməsinin müdiri X2 birinci instansiya məhkəməsinə göndərdiyi rəydə isə qeyd edilmişdir ki, dişlərin hündürlüyünün çox olması xəstənin dişlərinin qalxmasına səbəb olacaq, bu da sonradan əlavə fəsadlar törədəcək, 23 diş üzərindəki keramik qapaq diş ətinə tam oturmayıb. Qalan taxmalarda elə problem görünmür və xəstənin özünü qane etmir. Şikayətçi qoyulan implantlardan şikayət etmir, implantlar fərqli vaxtlarda qoyulduğu üçün normal sayıla bilər. Şikayətçinin əvvəlki dişlərini görmədiyi üçün o barədə tam məlumat verə bilmir. İmplantların hər birinin sertifikatı xəstəyə verilmişdir. Standartlara uyğun implantlardır. Göründüyü kimi qeyd olunan rəydə də iddiaçıya zərərin dəyməsi öz təsdiqini tapmır. Qeyd olunmalıdır ki, ziyanın mövcud olması hissəsində sübutetmə yükü üzərinə düşən iddiaçı ona ziyanın vurulduğunu iddia etsə də, bu halı təsdiq edən tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim etməmişdir. Halbuki iddiaçı zərərin əvəzinin ona ödənilməsini tələb etməsi üçün ilk növbədə zərərə məruz qaldığını sübut etməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona maddi zərər vurulduğunu təsdiq edəcək hər hansı bir tutarlı sübut təqdim edə bilmədiyindən, iddia tələbi mübahisələndirilən hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bu mənada məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi zərərin ödənilməsi hissəsində iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-72/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-72/2024
31.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver