Məhkəmə qərarları › İş №2(105)-723/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-723/2024

07.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-723/2024 07.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair ilk və "xxxx" ASC-nin İddiaçı qarşı öhdəliyin icrası və pul tələbi barədə qarşılıqlı iddialara dair iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair ilk və "xxxx" ASC-nin İddiaçı qarşı öhdəliyin icrası və pul tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(012)-3871/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, Abşeron rayonu, Masazır kəndi, Mehdi Hüseyn küçəsi ünvanında yerləşən 0,0523 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

2. Abşeron Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(012)-1204/2023 nömrəli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilərək, ünvan 1 ünvanında **********01131 saylı abonet koduna xx.xx.2017-ci il tarixinə (ETAİS-dən gələn) hesablanmış 3588,17 manat borcun 2861,46 manat məbləğində hissəsinin silinməsi qət edilmişdir.

3. Abunə haqqında məlumat cədvəldən görünür ki, **********01131 saylı abunə kodu üzrə sərf olunan elektirik enerjisinə görə abonentin 710,39 manat borcu yaranmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən **********01131 saylı abonet koduna xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinə kimi hesablanmış 545,76 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. "xxxx" ASC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 722,83 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun ondan tutularaq "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ev xx.xx.2021-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Həmin evin **********01131 saylı abonet koduna xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi 545,76 manat borc hesablandığından borcun silinməsi ilə əlaqədar cavabdeh təşkilata müraciət etmiş, müraciətinə cavab olaraq bildirilmişdir ki, həmin borc əvvəlki abonentin borcu olduğu üçün ona aidiyyatı yoxdur. Borcun tələb etmə müddəti keçdiyindən həmin borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. "xxxx" ASC qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı hazırkı iddiadan öncə xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət edərək "xxxx" ASC tərəfindən ünvan 2 ünvanında, **********01131 saylı abonet koduna xx.xx.2017-ci il tarixinə hesablanmış 3588,17 manat borcun (ETAİS-dən gələn) silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(012)-1204/2023 nömrəli qətnaməsi ilə iddia tələb qismən təmin edilərək xx.xx.2017-ci il tarixinə hesablanmış borcun 2861,46 manat məbləğində hissəsinin silinməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və xx.xx.2023-cü il tarixdə abonentin **********01131 saylı kodundan 2861,46 manat məbləğində pul silinmişdir. Hər iki iddia ərizəsinin xahiş etdi hissəsində silinməsi tələb edilən məbləğ istisna olmaqla, iddia predmetinin və tələbinin eyni olduğu görsənir. Odur ki, İddiaçı eyni əsas üzrə iddia tələbi qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan ilkin iddianın rədd olunması zəruridir. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş abunə haqqında bildirişlərdən görünür ki, İddiaçı elektrik enerjisindən istifadə etməsinə gərə "xxxx" ASC-yə 722,83 manat borcu yaranmışdır. Bu barədə dəfələrlə cavabdehə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Cavabdehdən tələb olunan 722,83 manatın 104,34 manatı elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə, 618,49 manatı isə elektrik enerjisinin sərfiyyatına görə hesablanmış borcdur. "xxxx" ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək sayğacın göstəricisini götürməklə borcu haqqında bildiriş xəbərdarlıq təqdim etsələrdə, borc ödənilmədən qalmaqdadır.

8. Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(012)-3871/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir.

9. Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(012)-3871/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh İddiaçı 710,39 manat borc və 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi İddiaçı ilk iddia tələbi üzrə icraata xitam verilməsi nəticəsinə gəldikdə iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(012)-1204/2023 nömrəli qətnaməsinə istinad edərək göstərmişdir ki, İddiaçı "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbi ilə bağlı tərəflər arasında qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan, eyni tələbə iddianın yolverilməzliyinə görə yenidən məhkəmədə baxıla bilməz.

11. Məhkəmə qarşılıqlı iddia tələbini qismən təmin edərkən göstərmişdir ki, "xxxx" ASC və İddiaçı arasında elektrik sərfiyyatından istifadə ilə bağlı müqavilə bağlanmış və "xxxx" ASC tərəfindən quraşdırılmış abunə kodu **********01131 olan sayğac sonuncunun adına olmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli abunə haqqında cədvəlindən göründüyü kimi **********01131 saylı abunə kodu üzrə sərf olunan elektirik enerjisinə görə abonentin 710,39 manat borcu yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi İddiaçı 722,83 manat borcun tutulmasını tələb etsə də, təqdim olunmuş xx.xx.2023-cü il tarixli abunə haqqında cədvəldə cavabdehin 710,39 manat borcunun olması müəyyən olunduğundan tələb həmin həcmdə təmin edilməlidir.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 445.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14-cü bəndinin tələbləri ilə əsaslandırmışdır.

13. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməməklə və qarşılıqlı iddia tələbini qismən qəmin etməklə düzgün olmayan qətnamə qəbul etmişdir. Yaşadığı Abşeron rayonu, Masazır kəndi, Mehdi Hüseyn küçəsi, 63 saylı ev xx.xx.2021-ci il tarixindən onun xüsusi mülkiyyətimdədir. Həmin evin **********01131 saylı abonent koduna xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixə kimi 545,76 manat borc hesablanmışdır. Həmin borcun silinməsi ilə bağlı cavabdeh orqana şifahi qaydada müraciət etsə də, cavabdeh həmin borcun silinməsindən imtina etmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Cavabdeh "xxxx" ASC qeyd edir ki, hazırki istifadə etdiyi enerji sərfiyyatına görə 545,76 manat (ETAİS-dən gələn borc) borc xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixin kimi yaranmışdır. Ona görə də, müddətin keçməsi ilə əlaqədar həmin öhdəliyə xitam verilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmsını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

18. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”

19. Bənd 1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir.

20. Bənd 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

21. Bənd 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.

22. Bənd 8.14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.

23. Bənd 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqını vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

29. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

31. Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(012)-3871/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi barədə qərardaddan ilk İddiaçı şikayət verməmişdir.

32. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh İddiaçı 710,39 manat borc və 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi hissəsində araşdırılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən qarşılıqlı iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

34. İşdə olan Abşeron Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(012)- 1204/2023 nömrəli qətnaməsindən görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-1394/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Abşeron rayonu, Masazır kəndi ərazisində ümumi sahəsi 523 m2 olan torpaq sahəsində yerləşən **********01131 nömrəli abonent kodunun İddiaçı adına keçirilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qərara alınmışdır.

35. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abunə haqqında cədvəlindən müəyyən olunur ki, İddiaçı **********01131 saylı abunə kodu üzrə sərf olunan elektrik enerjisinə görə 710,39 manat borcu yaranmışdır.

36. Apellyasiya şikayətinin dəlilləri ilk iddiaçının birinci instansiya məhkəməsində izahatında və apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə eyni məzmundadır. Birinci instansiya məhkəməsi həmin dəlilləri araşdıraraq qiymət vermiş və işin hallarına uyğun nəticəyə gəlmişdir.

37. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşır.

38. Belə ki, mübahisənin mahiyyəti İddiaçı istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 710,39 manat borcun ödənilməsindən ibarətdir.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14-cü bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.

40. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 1204/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçının elektrik enerjisindən istifadəyə görə cavabdehə olan xx.xx.2017-ci il tarixinə hesablanmış 3588,17 manat borcunun 2861,46 manat məbləğində hissəsinin silinməsi qət edilmişdir.

41. Göründüyü kimi iddiaçının 726,71 manat borcun silinməsi barədə tələbi təmin edilməmişdir. Hazırda qarşılıqlı iddia üzrə iddiaçı 710,39 manat borcun ödənilməsini tələb edir ki, həmin tələbin təmin edilməsi üçün hüquqi əsas vardır.

42. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

43. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir.

44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

46. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(012)-3871/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar