Məhkəmə qərarları › İş №2(105)-745/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-745/2025

15.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-745/2025 15.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehunə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(027)-530/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ İşin halları

1. Qaz paylaşıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında sonuncunun keyfiyyətli qazla təmin edilməsinə dair xx.xx.2017-ci il tarixli 19301-06-17 nömrəli müqavilə bağlanmışdır.

2. xx.xx.2024-cü tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 38664 m3 sərfiyyat hesablanmışdır.

3. “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərardan görünür ki, İddiaçı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşularaq təbii qazın talanması nəticəsində Xaçmaz RQİİ-nə maddi ziyan vurduğuna görə Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh İB-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin, Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 27 fevral 2024-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 4639,68 manat borcun abonent bazasından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB, X3 İstismar İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları tərəfindən 27 fevral 2024-cü il tarixində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gələn qaz xəttinə baxış keçirilmiş, yoxlama aparılmış və nəticədə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında 4639,68 manat borc hesablanmışdır. Onun mənzilində sayğac vardır, abonent saldosunda işlətdiyi təbii qazın sərfi və sərfin məbləği göstərilmişdir. 27 fevral 2024-cü il tarixində tərtib edilən ******* saylı aktda bir il üçün sərfiyyat 38664 kub.m, sərfiyyatın məbləği isə 4639,68 manat götürülmüşdür. Hesablanmış məbləğlə əvvəlki illərdə istifadə etdiyi illik sərfiyyatın məbləği arasında təxminən 30 dəfə fərq vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununa əlavə edilən 8-1-ci hissəsinə əsasən İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü,əvvəlki dövrün orta gündəlik qazsərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Yoxlama aparılarkən və akt yazılarkən ona və ailə üzvlərinə heç bir məlumat verilməmişdir. Çünki, istifadəsində olan avadanlıqların adlı siyahısı abonentin saldosunda (1 ədəd PQ-4, 1 ədəd qızdırıcı radiator peçi) qeyd olunmuşdur. Bundan başqa qaz paylayıcısı ilə aralarında alqı-satqı müqaviləsində də istifadə edilən avadanlıqlar da saldoda qeyd olunan avadanlıqların doğruluğunu təsdiqləyir. Lakin, Hesablanma aparılarkən dəymiş ziyanın tələbnaməsində dəymiş ziyanın sərfiyyatını süni şəkildə çoxaltmaq üçün əlavə avadanlıqlar yazılmış və onlarında təqvim ayından aslı olmayaraq 12 saatlıq iş rejimində hesabatı aparılmışdır. Ziyan dəyibsə də, dəymiş ziyanın məbləği düzgün hesablanmamışdır. Hesablama aparılarkən istifadə müddəti, ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qazsərfi, istifadədə olan qaz qurğularının xüsusiyyətləri və s. nəzərə alınmamışdır.

6. Cavabdeh nümayəndəsi iddiaya etiraz təqdim edərək göstərmişdir ki, abonent İddiaçı qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 27 fevral 2024-cü il tarixdə Xaçmaz RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsinin və Quba xidmət sahəsinin satış xidmətiin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. Abonent İddiaçı barəsində xx.xx.2024-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında akt tərtib edilərək 38664 m3 və ya 4 639,68 manat itirilmiş qazın ziyanı onun abonent koduna işlənilmiş, abonent aktı heç bir irad bildirmədən imzalamışdır. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması videoçəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. Bundan başqa Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 27 may 2024-cü il tarixli MN № ******* saylı qərarı ilə İddiaçı sayğacdan kənar xətt vasitəsi ilə təbii qazı taladığına görə inzibati qaydada 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Bununla da onun törətdiyi mülki hüquq pozğunluğu (delikt) öz təsdiqini tapmışdır. İddiaçı iddia ərizəsində onun evində sayğacdan kənar qaz xəttinin mövcudluğunu etiraf etmiş, lakin aktda göstərilən qaz işlədici cihazların onun evində istifadə edilmədiyini qeyd etməklə itirilmiş qazın bərpası üçün aparılan hesabatdan harazılığını bildirmişdir. Halbuki, İddiaçı qaz işlədici cihazlarında sərf olunan təbii qazın itkisi qanunvericiliyə uyğun aparılmışdır. Videoçəkilişlə abonentin evində təbii qazdan qanunsuz çəkilmiş rezin boru vasitəsi ilə istifadə edilməsi halı tam aydın şəkildə əks olunmuşdur. Buna görə də o evdə qanunsuz istifadə olunan təbii qazın bərpası üçün ziyan onun koduna hesablanmış və onun tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5 bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallan aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, təbii qazdan qanunsuz qoşulma ilə istifadə halları nəticəsində dəymiş zərərin hesablanması həmin qaydaların 6.5-3-cü bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla yenidən hesablanmalıdır. İddiaçı evində qaz xəttində quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Sayğacdan kənar xətlə təbii qazdan istifadəyə görə ziyan qaydalara tam uyğun hesablanmışdır. İddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir.

7. Quba Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(027)-530/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

8. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun mənzilində sayğac vardır, abonent saldosunda işlətdiyi təbii qazın sərfi və sərfin məbləği göstərilmişdir. 27 fevral 2024-cü il tarixində tərtib edilən ******* saylı aktda bir il üçün sərfiyyat 38664 kub.m, sərfiyyatın məbləği isə 4639,68 manat götürülmüşdür. Hesablanmış məbləğlə əvvəlki illərdə istifadə etdikləri illik sərfiyyatın məbləği arasında təxminən 30 dəfə fərq vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilən 8-1-ci hissəsinə əsasən İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Yoxlama aparılarkən və akt yazılarkən ona və ailə üzvlərinə heç bir məlumat verilməmişdir. Çünki, istifadələrində olan avadanlıqların adlı siyahısı Abonentin Saldosunda (1 ədəd PQ-4, 1 ədəd Qızdırıcı radiator peçi) qeyd olunmuşdur. Bundan başqa Qaz paylayıcısı ilə aralarında alqı-satqı müqaviləsində də istifadə edilən avadanlıqlar da saldoda qeyd olunan avadanlıqların doğruluğunu təsdiqləyir. Lakin hesablanma aparılarkən dəymiş ziyanın tələbnaməsində dəymiş ziyanın sərfiyyatını süni şəkildə çoxaltmaq üçün əlavə avadanlıqlar yazılmış və onların da təqvim ayından asılı olmayaraq 12 saatlıq iş rejimində hesabatı aparılmışdır. Göründüyü kimi dəymiş ziyanın məbləği düzgün hesablanmamışdır. Hesablama aparılarkən istifadə müddəti ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadədə olan qaz qurğularının xüsusiyyətləri və s. nəzərə alınmamışdır. Beləliklə hesab edir ki, barəsində apellyasiya şikayəti verdikləri qətnamə əsassızdır və yuxarıda qeyd olunanlara əsasən ləğv edilməlidir.

Məhkəmə prosesi iştirakçılarının izahatları:

10. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, İddiaçı “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, ona görə də məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsini, həmçinin ona dəymiş ziyan məbləğinin düzgün hesablanmadığını, borcun silinərək yenidən düzgün hesablanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

11. Tətbiq edilən hüquq

11. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə “Qazdan istifadə Qaydaları”nda edilmiş dəyişikliyə əsasən Qaydaların 6.5-1-ci bəndində göstərilir ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Qaydaların 6.5-2-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Qaydaların 6.5-3-cü bəndinə görə, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.2 Apellyasiya instansiyası məhkəməsi: qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.

16. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında qazın alqı-satqısı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən istehlakçı kimi İddiaçı müəyyən olunmuş müddətdə istifadə olunmuş qazın həcminə görə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Xaçmaz RQİİ-nin xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən iddiaçının yaşadığı evə baxış keçirilərkən abonentin qazdan istifadə qaydalarını pozaraq sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etdiyi müəyyən edilmişdir. Nəticədə 38664 m3 həcmində dəymiş ziyan hesablanmışdır. Həmin akt əsasında İddiaçı 4 639,68 manat məbləğində təbii qaz sərfiyyatı borcu hesablanmışdır. İddiaşı tərəf həmin borc hesablanarkən cavabdeh tərəfindən istehlakçılara verilən təbii qazın standartlara uyğun hesablanmaması ilə bağlı iddia irəli sürsə də, iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş video çəkilişlərdə İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmiş, bununla da İddiaçı evində qanunsuz yolla təbii qazdan rezin boru vasitəsi ilə istifadə etməsi halı öz əksini tapmışdır. İddiaçı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşularaq təbii qazın talanmasına görə Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə inzibati məzuliyyətə cəlb edilmişdir.

17. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin qanunsuz hərəkətlərinin mövcud olması və bu hərəkətlər nəticəsində iddiaçıya əsassız borcun hesablanması ilə bağlı hər hansı tutarlı sübut məhkəməyə təqdim edilmədiyindən iddias təmin edilməməlidir

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehin iddiaçını müqavilə əsasında təbii qazla təchiz etməsi, iddiaçının qaz xəttinə qanunsuz qoşulması işin mübahisəsiz halıdır. İddiaçı da iddia ərizəsində və apellyasiya şikayətində qanunsuz qoşulmanın mövcudluğunu təkzib etməmiş, ancaq hesablanmış sərfiyyatı və buna uyğun olaraq da ödənilməli olan məbləği mübahisələndirmişdir.

19. İddiaçının təqdim etdiyi tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 19301-06-17 nömrəli qazın alğı-satqısına dair müqavilənin istehlakçının qaz qurğuları haqqında məlumat hissəsində istismar olunan qaz qurğuları kimi yalnız qaz piltəsi PQ-4, maksimal saatlıq qaz sərfi 1.2 m3 və qızıdırıcı soba KP, maksimal saatlıq qaz sərfi 0.75 göstərildiyi halda, cavabdehin iddiaçı barədə tərtib etdiyi xx.xx.2024-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında aktda və dəymiş ziyanın ödənilməsi barədə tələbnamədə müqavilədə göstərilən qaz qurğularından əlavə istilik sistemi 35kv-lik kombi - maksimal saatlıq qaz sərfi 3.5 m3 və maksimal saatlıq qaz sərfi 2 m3 olan xərək də göstərilmiş, onların da hesabatı “Qazdan istifadə Qaydaları”nın 6.5-1-ci bəndinə uyğun aparılaraq müvafiq məbləğlər (kombi üçün 3.5x12x360=15120 m3x0.12manat=1814.40 qəpik; xərək üçün 2x12x360=8640m3x0.12manat=1036.80 qəpik) iddiaçıdan tələb edilmişdir.

20. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.1.10-cu yarımbəndinə görə bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; Həmin Qaydaların 3.1.11-ci yarımbəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. “Qazdan istifadə Qaydalan”nın 3.1.10.-cu bəndinə əsasən: bu Qaydaların 2.11 -1 -ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir.

21. Göründüyü kimi cavabdeh qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaya görə dəymiş ziyanın həcmini hesablayarkən tərəflər arasında bağlanılmış müqavilədə olmayan kombi və xərəyə görə də sərfiyyatı müvafiq qaydada hesablayaraq iddiaçıdan tələb edir. Lakin cavabdeh etirazında müvafiq qaz qurğularının cavabdeh tərəfindən istismarına dair yeni müqavilə, yaxud qoşulmuş avadanlıqlara dair digər sənəd təqdim etməmişdir. Bununla belə cavabdeh tərəfindən təqdim edilmiş videoçəkilişdə iddiaçının evində təbii qazdan qanunsuz çəkilmiş rezin boru vasitəsi ilə istifadə edilməsi və eyini zamanda kombi cihazının da mövcudluğu öz əksini tapmışdır. Lakin cavabdeh aktda qeyd edilmiş xərəyin mövcudluğu və onun iddiaçı tərəfindən istifadəsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı isə su qızdırıcının maksimal saatlıq qaz sərfinin aktda göstərildiyi kimi 2.25 m3 deyil, müqavilədə göstərilən 0.75 m3 olmasına dair hər-hansı dəlil və sübut təqdim etməmişdir.

22. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi barədə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən - iddiaçıya xx.xx.2024-cü tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə hesablanmış məbləğdən xərək üçün hesablanmış 2x12x360=8640m3x0.12manat=1036.80 manat məbləğində borcun silinməsinə dair hissədə təmin olunmalıdır.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(027)-530/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı abonent hesabına Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında akt əsasında hesablanmış 1036.80 manat (min otuz altı manat səksən qəpik) borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar