Məhkəmə qərarları › İş №2(105)-730/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-730/2023

03.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-730/2023 03.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Xızı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(068)-198/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xızı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Cabbarov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı xeyrinə 4700 manat məbləğində dəymiş zərərin və ödənilmiş 136,80 manat dövlət rüsumunun 41 manatının tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 maddi zərərin əvəzi olaraq 12600 manat və mənəvi zərərin əvəzi olaraq 3000 manat, cəmi 15600 manat məbləğində pulun, eləcə də 136,80 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı rayonu, Fındığan kəndinin ərazisində xüsusi mülkiyyətində Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışa əsasən 4,20 ha və 2,10 ha olmaqla, iki hissədən ibarət cəmi 6,30 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. Bu il həmin torpaq sahəsində paxlalı bitki - noxud əkərək, onlara aqrotexniki qaydada qulluq etmiş və bol məhsul gözləmiş, eləcə də həmin əkin sahəsinə mütəmadi olaraq baş çəkmişdir. 05 iyun 2021-ci il tarixdə əkin sahəsinə baş çəkən zaman Fındığan kənd sakinlərinin iri buynuzlu mal - qarasının sürü halında onun əkin sahəsinin içində olduğunu görmüşdür. O, mal-qaranı əkin sahəsindən uzaqlaşdırsa da, artıq gec olmuşdur. Belə ki, mal-qara sürüsü demək olar ki, bütün əkin sahəsini yararsız vəziyyətə salmışdır. O, kənd sakinlərinin növbəlilik əsasında mal-qaralarını otarılması üçün otlaqlara aparmalarını bildiyindən dərhal kəndə gəlib həmin gün mal-qaranın otlaqlarda otarılmasının kimin növbəliliyi tərəfindən aparıldığını soruşmuşdur. Bundan sonra, ona həmin gün növbəliliyin Fındığan kənd sakinləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aid olması məlum olmuşdur. Bundan əlavə, həmin vaxt kənd sakini Cavabdeh4 da, 9-10 baş iri buynuzlu mai-qarasının ona məxsus əkin sahəsində otlamasını görmüşdür. Həmin şəxslərin səhlənkarlığı və qanunsuz hərəkətləri nəticəsində ona dəyən ziyanın ödənilməsi ilə bağlı Xızı rayon Polis Şöbəsinə müraciət etmiş, polis şöbəsində müvafiq araşdırma aparılmaqla, dəyən ziyanın müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Xızı X5 Mərkəzinə müvafiq sorğu göndərmişdir. Sorğuda qoyulan məsələlər Xızı X5 Mərkəzinin mütəxəssisləri tərəfindən araşdırılmış və cavab məktubunda onun əkdiyi 6,30 hektar noxud sahəsinin 5,0 hektarının mal-qara tərəfindən tam yararsız vəziyyətə salınması və ona dəyən maddi ziyanın məbləğinin 4700 manat təşkil etməsi qeyd olunmuşdur. Lakin, həmin təşkilat tərəfindən aparılmış qiymətləndirmə real bazar qiymətini əks etdirmir və ona dəyən maddi ziyan daha çoxdur. Belə ki, onun sahənin əkilməsi, səpilməsi, toxumun qiyməti, göstərdiyi aqrotexniki xidmətlər, o cümlədən dərmanlatma işlərinin aparılmasına çəkdiyi xərclər Xızı X5 Mərkəzinin mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı nəzərə alınmamışdır. Orta statistik göstəricilərə görə həmin ərazidən hər hektara orta hesabla 700 kq məhsul əldə etmiş olsaydı, nəticədə onun 6,0 hektar ərazidən ümumi məhsulu 4200 kq olmalı idi. Hazırda həmin məhsulun bazarda bir kiloqramının orta qiməti 3 manat olduğundan o, ümumilikdən 12600 manat gəlir əldə etməkdən məhrum olmuşdur. Eyni zamanda, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi iztirab da keçirmişdir və keçirdiyi mənəvi zərər 3000 manat qiymətləndirir. Cavabdehlər ona dəyən maddi və mənəvi zərəri ödəmək istəmədiklərindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Xızı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və tələbin qismən təmini əsası kimi istinad etdiyi faktlar sübut əhəmiyyətli deyil. Başqa sözlə məhkəmənin istinad etdiyi sübut vasitələri cavabdehlərin təqsirliyini təsdiq etmir. Bundan başqa dindirilən şahid ifadələri, hətta iddiaçının qardaşı Vəkil Məmmədov da cavabdehlərin günahkar olmasını təsdiq etmirlər. Məhkəmənin istinad etdiyi Xızı rayon Polis Şöbəsinin 25 iyul 2021-ci il tarixli 165- 3727-1221 saylı, Xızı X5 Mərkəzinin 09 iyul2021-ci il tarixli 26 saylı məktubları, eləcə də şahid ifadələri ilə cavabdehlərin bu iş üzrə təqsirkar olmaları sübuta yetirilmir. Bundan əlavə aşağıdakı faktlarla, rəsmi sənədlər və mülahizələrlə subut olunur ki, iddiaçı gəlir əldə etmək məqsədi ilə noxud bitkisi əkməmiş və cavabdehlərin günahı üzündən kəndin naxırı tərəfindən ona məxsus sahəyə zərər vurulmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçının qeyd etdiyi halların qismən əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan Cavabdeh2 vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı mülkiyyət hüququ əsasında Xızı rayonu Fındığan kənd ərazisində 4,20 ha və 2,10 ha torpaq sahəsinin olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1096, 21-ci maddələri təşkil edir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Göründüyü kimi İddiaçı Cavabdeh2 tərəfindən ona maddi zərər dəyməsini göstərsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri) Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. İş materiallarında Cavabdeh2 tərəfindən İddiaçı maddi zərər vurulmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xızı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən Cavabdeh2 aid iddianın təmin edilmiş hissəsində ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Xızı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən Cavabdeh2 aid iddianın təmin edilmiş hissəsində ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh2 aid hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar