Məhkəmə qərarları › İş №2(105)-740/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-740/2023

10.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-740/2023 10.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə, Sumqayıt şəhər 3 saylı notariat ofisinə və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Sumqayıt şəhəri 3 saylı notariat ofisinə və Cavabdeh3 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7088/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 04 mart 2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh3 15000 ABŞ dolları məbləğində borc pul vermiş, borcalan krediti 04 aprel 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

2. Sumqayıt 3 saylı notariat ofisinin 19 sentyabr 2016-cı il tarixli “İcra qeydi” ilə cavabdeh X2 15000 ABŞ dolları əsas borcun və 10 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi müəyyən edilmişdir. İcra qeydi 19 sentyabr 2016-cı ildə aparılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1nə, Sumqayıt şəhər 3 saylı notariat ofisinə və Cavabdeh3 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 3 saylı Sumqayıt notariat kontoru tərəfindən 19 sentyabr 2016-cı ildə verilmiş icra qeydinin ləğv edilməsi və cavabdeh X2 15.000 ABŞ dollarının (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) və ödənilmiş 167 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bundan sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 3 saylı notariat kontoru tərəfindən 19 sentyabr 2016-cı ildə verilmiş icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(060)-6774/2021 saylı qətnaməsi ilə 15000 ABŞ dollarının cavabdeh X2 tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 may 2022ci il tarixli, 2(105)-819/2022 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(060)-6774/2021 saylı qətnaməsinin 15000 ABŞ dolları tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Həmin qətnamədə İddiaçı izah edilmişdir ki, icra qeydinin icrası ilə əlaqədar müvafiq icra orqanına müraciət edə bilər. O, 08 sentyabr 2022-ci ildə Cavabdeh1nə müraciət etmişdir. Həmin müraciətə 20 sentyabr 2022-ci ildə 17543 saylı məktubla Cavabdeh1 bildirmişdir ki, “X1 qarşı borc tələbinə dair Cavabdeh2 01 mart 2016-cı il tarixli icra qeydi Cavabdeh1 icraatına daxil olmamışdır”. Cavabdeh1ndən ona şifahi şəkildə bildirmişlər ki, məsələ ilə əlaqədar olaraq məhkəməyə müraciət etməyi tövsiyə olunur. Hesab edir ki, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin 19 sentyabr 2016-cı il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul olunmalıdır.

6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7088/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Almaz Süleymanova) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilik icra qeydinin mübahisələndirilməsi ilə bağlı borclunun iddia hüququnu tanımışdır. Araşdırıdan mübahisə üzrə icra qeydi tələbkar tərəfindən mübahisələndirilir. Məhkəmə hesab edir ki, araşdırılan mübahisə üzrə iddiaçı müvafiq subyektiv hüquqa malik deyildir. Odur ki, iddia rədd edilməlidir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı, Mülki Prosessual Məcəllənin, 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, hazırki mübahisə 3 saylı Sumqayıt notariat ofisinin 19 sentyabr 2016-cı il tarixli icra sənədinin ləğvinə dairdir. Bu tələbi Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-819/2022 saylı qətnaməsinin göstərişinə uyğun olaraq irəli sürmüşdür. Məhkəmənin istinad etdiyi “Notariat haqqında” qanunun 76-cı maddəsi icra qeydinin ləğvi tələbinin borcluya aid olmasına toxunmur. Hesab edir ki, məhkəmə qanunun normasını düzgün tətbiq etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdeh Sumqayıt şəhəri 3 saylı notariat ofisi məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması

Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

15. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 6.1.4. Notariusun icra qeydləri icra sənədi hesab olunur. Maddə 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir.

20. Belə ki, işin hallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh3 arasında 04 mart 2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış, İddiaçı Cavabdeh3 15000 ABŞ dolları məbləğində borc vermiş, Cavabdeh3 həmin məbləği 04 aprel 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

21. Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X3 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən İddiaçı xeyrinə Cavabdeh3 04 aprel 2016-cı il tarixədək alınmış və vaxtında ödənilməmiş 15000 ABŞ dolları (on beş min ABŞ dolları), bundan əlavə 10 manat dövlət rüsumu olmaqla cəmi 15000 ABŞ dolları (on beş min ABŞ dolları) və 10 (on) manat pulun tutulması barədə 19 sentyabr 2016-cı il tarixli № 7E/14837 saylı icra qeydi vermişdir.

22. 19 sentyabr 2016-cı il tarixli icra qeydinin Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən icraya yönəldilmədiyini qeyd edərək, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və icra qeydinin ləğv edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinə əsasən, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.

24. Hazırkı halda isə icra qeydi borclu tərəfindən deyil, tələbkar tərəfindən mübahisələndirilir.

25. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, hazırkı iddia tələbini Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-819/2022 nömrəli qətnaməsinin göstərişinə uyğun olaraq irəli sürmüşdür.

26. Apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(060)-6774/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh3 icra qeydi üzrə 15000 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə), ilkin olaraq aldığı 4000 manat, “KapitalBank”a xərclər hesabına aldığı 2700 manat, 7800 manat məbləğində borcun, ümumilikdə 14500 manat məbləğində borc pulun və dövlət rüsumu kimi olan 30 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

27. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-819/2022 nömrəli qərardadından isə görünür ki, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(060)- 6774/2021 saylı qətnaməsi 15000 ABŞ dolları borc tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmiş, İddiaçı icra qeydinin icrası ilə əlaqədar müvafiq icra orqanına müraciət etməsi izah edilmişdir.

28. Göründüyü kimi, qeyd edilən qərardadda iddiaçıya icra qeydinin icrası ilə bağlı yeni iddia tələbi ilə məhkəməyə deyil, icra orqanına müraciət edə biləcəyi göstərilmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, notariusun icra qeydləri icra sənədi hesab olunur. İcra sənədinin icraya yönəldilməsi isə bilavasitə müvafiq qərarı çıxarmış orqanın vəzifəsidir.

30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, icra qeydi aparılmış tələb tələbkar tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilmədiyindən, hazırki işdə mövcud apellyasiya şikayəti əsasında məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

31. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7088/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar