Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-747/2025 02.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakın bölünməsi, payın paylı mülkiyyətdən ayrılması, həmin hissələrdən sərbəst istifadəyə və tikililərin bərpa edilməsinə, həmin tikililərin bərpasının səmərəli şəkildə planlaşdırılmasına mane olan hərəkətlərin qadağan edilməsi) X6 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X25, İddiaçı1, onun və digər İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(026)-28/2025 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Qobustan rayon Dövlət Arxivinin 03 fevral 2025-ci il tarixli arayışından görünür ki, Göydərə kənd Göydərə kolxozunun islahat sənədlərində tikintidən pay əmsalı məktubda adları göstərilən vətəndaşlara aşağıdakı qaydada qeyd edilmişdir: 1) Ağamirzə Qurbanov – pay əmsalı 37.8, miqdarı 1732.9; 2) İddiaçı2 – pay əmsalı 4.14, miqdarı 189.7; 3) Quba Qurbanova – pay əmsalı 21.87, miqdarı 1002.6; 4) Şahməmməd Məmmədov – pay əmsalı 31.2, miqdarı 7430; 5) Əlifxan Poladov – pay əmsalı 12.4, miqdarı 2560; 6) Eyvaz Poladov – pay əmsalı 0.05, miqdarı
20. “Qarıq” qış otlaq sahəsinə dair islahat sənədlərində subyektlərə veriləcək bina və qurğuların payına bölmək üçün birlikdirmə cədvəli aşkarlanmışdır.
2. İşdə surəti olan bina və qurğuların əmlak payına bölmək üçün birrikdirmə cədvəlindən görünür ki, 1993-cü ildə tikilmiş “Qarıq” qoyun banıstanına 1 ədəd qoyun banıstanı, 1 ədəd quzu küzü və 2 ədəd 2 ailəlik çoban evi daxil olmuşdur. Eləcə də, həmin cədvəldə obyekt kimi Göydərə 8 illik məktəbi, Alıbəy toyuq damı, Ağabəy mal tövləsi, Baydar qoyun banıstanı, idarə və anbar binasının da adı çəkilmişdir.
3. Qobustan Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(026)-164/2022 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, cavabdehlər X16 və X10 1997-ci ildə torpaq islahatı zamanı iddiaçılar Cavabdeh, X4, X31, X11 əmlak payı kimi verilmiş “Qarıq” qışlağından qoyun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) məcburi çıxarılması qət edilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(105)-217/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdehlər X34 və X32 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı və digər iddiaçı X1 hüquqi varisi Cavabdeh, iddiaçılar X12 və X7 cavabdehlər X34 və X17 qarşı “tikilidən məcburi çıxarılma” barədə iddiaları təmin edilmiş, cavabdehlər X16 və X10 1997-ci ildə torpaq islahatı zamanı iddiaçılar Cavabdeh, X4, X31 və X11 əmlak payı kimi verilmiş və onlara məxsus “Qarıq" qışlağındakı qoyun banıstanından (1 ədəd quzu küzü və 2 ailəlik 2 çoban evi də daxil olmaqla qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikililərdən) məcburi çıxarılmaları qət edilmişdir. Həmin qərar kassasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
5. İş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan əmlak “Qarıq” qışlağında yerləşən qoyun banıstanı, quzu küzü və 2 ədəd 2 ailəlik çoban evindən ibarətdir. İddiaçılar mübahisəli əmlak üzərində kolxoz islahatı zamanı özlərinin də payının tanındığına istinad etmiş, həmin əmlak üzərində 14 nəfər payçının olduğunu bildirmiş, İddiaçı2 həm özünün, həm də valideynlərinin, digər İddiaçı1 isə atasının sözügedən əmlakın payçılarından olduğunu qeyd etmişdir. Bu halı sübuta yetirmək məqsədilə iddiaçılar tərəfindən 03 fevral 2025-ci il tarixli arayış təqdim olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qobustan rayon Göydərə kəndi üzrə yerli aqrar islahat komissiyasının qərarına əsasən əmlak payı kimi verilən Qobustan rayonunda “Qarıq” qışlağında yerləşən 9×110 metr uzunluğunda qoyun banıstanının (qoyun fermasının), 1 ədəd quzu küzünün və 2 ailəlik çoban evinin İddiaçı1 düşən 1/14 hissəsinin və digər İddiaçı2 düşən 1/14 hissəsinin naturada bölünərək iddiaçılara təhvil verilməsi, iddiaçıların həmin hissələrdən sərbəst istifadəsinə mane olan hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, 1997-ci ildə bütün ölkə üzrə aqrar islahatlar həyata keçirilərkən Qobustan rayon Göydərə kəndi üzrə yerli aqrar islahat komissiyasının qərarına əsasən kəndin 17 nəfər sakininə, o cümlədən də iddiaçılar İddiaçı1 və İddiaçı2 əmlak payı kimi “Qarıq” qışlağında 9×110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması), 1 ədəd quzu küzü, 2 ailəlik çoban evi verilmişdir. İş üzrə Cavabdeh 2022-ci ildə X34 və qeyrilərinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, həmin çoban evi və banıstandan cavabdehlərin çıxarılmasını tələb etmişdir. Həmin iş üzrə qəbul edilən məhkəmə aktları ilə də müəyyən olunmuşdur ki, “Qarıq” qışlağındakı banıstan, quzu küzü və çoban evi əmlak payı almaq hüququ olan şəxslərə verilmişdir və həmin əmlak payı alan şəxslərin siyahısında iddiaçıların da adı var. Beləliklə, həmin əmlaklar üzərində iddiaçıların da paylı mülkiyyət hüquqları var. İddiaçılar “Qarıq” qışlağındakı banıstanın, 1 ədəd quzu küzünün və 1 ədəd çoban evinin paylı mülkiyyətçiləridirlər. İddiaçıların həmin əmlaklar üzərində payları bəlli olmadığından hazırda həmin əmlaklar ümumi paylı mülkiyyətdədir. Onlar həmin əmlaklardakı paylarının naturada ayrılmasını istəyirlər. Bu məqsədlə cavabdehə yazılı qaydada müraciət edərək, “Qarıq” qışlağında 9×110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması), 1 ədəd quzu küzü və 2 ailəlik çoban evinin paylarına uyğun hissəsinin (hər birinə ən azı 1/14 hissəsini) naturada bölünərək onlara təhvil verilməsinə yazılı razılıq bildirməsini təklif etmişlər. Lakin cavabdeh tərəf bu təklifi aldıqdan sonra onlara heç bir cavab verməmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh həmin əmlakların yalnız özünə məxsus olduğunu iddia edir və iddiaçıların həmin əmlakda pay haqlarının olduğuna etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215-ci, 220-ci, 221-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına əsasən hesab edirlər ki, Qobustan rayonu ərazisindəki “Qarıq” qışlağında yerləşən 9×110 metr uzunluğunda qoyun banıstanının (qoyun fermasının), 1 ədəd quzu küzünün və 2 ailəlik çoban evinin paylarına uyğun hissəsinin (hər birinə ən azı 1/14 hissədə) naturada bölünərək onlara təhvil verilməsi, həmin hissələrdən sərbəst istifadələrinə mane olan hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməlidir.
8. İddiaçılar sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ilkin tələblərlə yanaşı, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərilən tikililəri bərpa etməsinə, eləcə də, həmin tikililərin bərpasının səmərəli şəkildə planlaşdırılmasına mane olan hərəkətlərin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. Qobustan Rayon Məhkəməsinin (hakim S.Mayılov) xx.xx.2025-ci il tarixli, 2(026)- 28/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar Cavabdeh, X1, X12, X7 cavabdehlər X26 və X17 qarşı hazırkı mübahisə predmeti barəsində iddiaları olmuş, həmin iş üzrə hazırkı iddianı qaldırmış İddiaçı1 və İddiaçı2 da mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar. Bu isə onu deməyə əsas verir ki, həmin mülki iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilənlər hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir və həmin qətnamə ilə müəyyən edilən faktlar başqa məhkəmə prosesində yenidən mübahisələndirilmir. Məhkəmə əvvəlki iş üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(105)217/2024 nömrəli qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2024-cü il tarixli, 2(102)-2492/2024 nömrəli qərarının hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıdığını və həmin məhkəmə qərarları ilə müəyyən edilmiş faktların və hüquq münasibətlərinin yenidən hazırkı prosesdə araşdırılmasının mümkünsüzlüyünü qəbul edir.
11. Əvvəlki mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, 1997-ci ildə gedən torpaq islahatı zamanı 17 nəfərə “Qarıq” qışlağında 9×110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması) əmsal payına uyğun olaraq verilmişdir. Həmin banıstan 2 hissədən ibarət olmaqla cəmi dəyəri 25.500.000 manat (o vaxtkı dövriyyədə olan manatla) olmuş, bundan başqa 2.500.000 manat dəyərində 1 ədəd quzu küzü və 2 ailəlik hər biri ayrı-ayrılıqda 3000.000 manat dəyərində 2 çoban evi olmuşdur. Ümumilikdə həmin banstanların eni 9 metr, uzunluğu isə 110 metrdir və 1500 baş xırda buynuzlu heyvan üçün nəzərdə tutulmuşdur. Həmçinin, həmin mübahisə üzrə iddia predmetini təşkil edən əmlak ümumi (birgə) mülkiyyətdə olan əmlakdır. Mübahisə predmeti olan banıstan həmin iş üzrə iddiaçılara (Cavabdeh, X2, X18, X11) əmlak payı olaraq verilmiş və birgə mülkiyyətdədir, həmin əmlakdan paylar naturada ayrılmamış, mübahisə predmeti olan əmlak paylı mülkiyyətə çevrilməmişdir. Sözügedən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2024-cü il tarixli, 2(102)2492/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
12. Göründüyü kimi, preyudisial əhəmiyyət kəsb edən və qanuni qüvvəsini almış məhkəmə aktları ilə hazırkı iş üzrə də mübahisə predmeti olan “Qarıq” qışlağında yerləşən qoyun banıstanının, quzu küzünün və 2 ədəd çoban evinin 17 nəfərin ümumi birgə mülkiyyətində olması halı öz təsdiqini tapmışdır və həmin halın yenidən mübahisələndirilməsinə və ya sübuta yetirilməsinə yol verilmir. Həmin 17 nəfərlik siyahının olduğu arayışın surəti hazırkı iş materiallarına da əlavə olunmuşdur (Qobustan rayon Dövlət Arxivinin 29 dekabr 2023-cü il tarixli arayışı).
13. Həmin 17 nəfərlik siyahıda hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 adları yoxdur. Bu isə onu deməyə əsas verir ki, hazırkı iş üzrə iddiaçıların mübahisə predmeti olan “Qarıq” qışlağındakı qoyun banıstanı, quzu küzü və çoban evləri barəsində hər hansı tələb irəli sürməyə hüquqları mövcud deyil. Bundan əlavə, məhkəmə onu da qeyd edib ki, iddiaçılar tərəfindən istinad olunmasına baxmayaraq, mübahisəli əmlak üzərində 14 nəfərin payının olmasını özündə əks etdirən arayış təqdim olunmamış, əvvəlki məhkəmə mübahisəsi üzrə iş materiallarına baxış keçirilərkən bu cür arayış həmin işdə də aşkar edilməmiş, yalnız məhkəmə qətnamələrində apellyasiya şikayətinin dəlilləri hissəsində sözügedən 14 nəfərlik siyahıdan və həmin 14 nəfərin kimliyindən bəhs edilmişdir. İddiaçıların istinad etdiyi həmin 14 nəfərlik siyahıda (1.X19; 2.X8; 3.X20; 4.X21; 5.X27; 6. X22; 7.X40; 8.X4; 9.X28; 10.X35; 11. İddiaçı2; 12. X3; 13. X31; 14.X48) Cavabdeh adının olmamasına baxmayaraq, onlar məhkəmə iclasında Cavabdeh də mübahisəli əmlak üzərində payının olmasını qəbul etdiklərini bildirərək ziddiyyətli mövqe sərgiləmişlər.
14. İddiaçıların bildirdiyi digər bir ziddiyyətli məqam isə ondan ibarətdir ki, onlar iddia ərizəsində 1997-ci ildə bütün ölkə üzrə aqrar islahatlar həyata keçirilərkən Qobustan rayon Göydərə kəndi üzrə yerli aqrar islahat komissiyasının qərarına əsasən kəndin 17 nəfər sakininə, o cümlədən də iddiaçılar İddiaçı1 və İddiaçı2 əmlak payı kimi mübahisəli əmlakın verildiyini bildirmiş, sonradan məhkəmə iclaslarında mübahisəli əmlakın 14 nəfərə verildiyini qeyd etmişlər. Hər bir halda hazırkı iş üzrə iddiaçıların mübahisə predmeti olan əmlak üzərində mülkiyyət hüququna malik olmaması preyudisial məhkəmə aktları ilə öz təsdiqini tapmışdır.
15. Bununla yanaşı, məhkəmə göstərib ki, iddiaçıların mübahisəli əmlak üzərində hüquqları olsaydı belə, hazırkı iddia rədd olunmalı idi. Belə ki, mübahisə predmeti olan əmlakın ümumi birgə mülkiyyətdə olması işin mübahisələndirilə bilməyən halıdır. Mülki Məcəllənin 223.2-ci maddəsinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Göründüyü kimi, iddiaçılar mübahisəli əmlakın birgə mülkiyyətçilərindən olsaydılar belə, onların payının ayrılıb verilməsi yalnız mülkiyyətçilərin hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilərdi. Ona görə də məhkəmə göstərib ki, əmlak payı kimi verilmiş tikililərdən iddiaçıların payına düşən hissələrinin naturada bölünərək iddiaçılara təhvil verilməsi hissəsində iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. İddiaçıların həmin hissələrdən sərbəst istifadəsinə və tikililərin bərpa edilməsinə, eləcə də həmin tikililərin bərpasının səmərəli şəkildə planlaşdırılmasına mane olan hərəkətlərin cavabdehə qadağan edilməsi barədə hissədə də iddianın hüquqi taleyi ilk tələbin təmin edilibedilməməsindən asılı olduğundan və ilk hissədə iddia tələbi təmin edilmədiyindən, sonuncu hissədə də iddia tələbi təmin edilməməlidir.
16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 222.1, 223.1, 223.2-ci maddələrinə, “Aqrar islahatın əsasları haqqında” Qanunun 5-ci maddəsinə, “Torpaq islahatı haqqında” Qanunun 11,12,13-cü maddələrinə, “Sovxoz və kolxozların islahatı haqqında” Qanunun 11, 12-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 216-220, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçılar İddiaçı1 və İddiaçı2 qətnamədən birgə apellyasiya şikayəti verərək, Qobustan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(026)-28/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
18. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə analoji məzmunda tərtib edilmişdir. Şikayətdə göstərilir ki, birgə iddiaçılar cavabdehə payların ayrılması barədə dəfələrlə şifahi qaydada müraciətlər etmişlər. Həmin müraciətlər müsbət nəticə vermədiyi üçün iddiaçılar cavabdehə yazılı qaydada müraciət edərək qeyd olunan əmlaklardakı paylarının naturada bölünərək onlara təhvil verilməsini tələb etmişlər. Lakin cavabdehə edilən yazılı müraciətlərə də cavab verilməmişdir. Odur ki, həmin əmlakdan birgə iddiaçılara düşən pay məhkəmə qaydasında naturada bölünməli, həmin hissələr iddiaçılara təhvil verilməlidir. «Qarıq» qışlağındakı tikililərdən müvafiq hissədə pay haqqı birgə iddiaçılara da verilmişdir. Belə ki, məhkəmədə işə baxılan zaman Göydərə kolxozunun tikililərindən, o cümlədən kolxozun qoyun banıstanı (qoyun ferması), 1 ədəd quzu küzü, 2 ailəlik çoban evindən əmlak payı alan şəxslərin təsdiq edilmiş siyahısı və eləcə də Göydərə kənd sakinləri İddiaçı2, X9, Poladov Əlifxana, X26 həmin tikililərdən əmlak payının verilib-verilmədiyi barədə vəkil sorğusuna cavab olaraq Qobustan Rayon Dövlət Arxivinin təqdim etdiyi 03 fevral 2025-ci il tarixli arayışında göstərilmişdir ki, Göydərə kolxozunun tikililərindən, o cümlədən kolxozun qoyun banıstanı (qoyun ferması), 1 ədəd quzu küzü, 2 ailəlik çoban evindən Göydərə kənd sakinləri İddiaçı2 və X9 da əmlak payı verilmişdir. Həmin arayış məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Lakin işə baxan məhkəmə həmin arayışı nəzərə almamışdır. Məhkəmə cavabdeh X5 2022-ci ildə X34 və qeyrilərinə qarşı qaldırdığı iddia tələbi ilə bağlı iş üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qətnaməsinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli qərarına istinad edərək belə nəticəyə gəlmişdir ki, birgə iddiaçıların hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqları yoxdur. Məhkəmə öz qətnaməsində gəldiyi nəticəni əsaslandırmaq üçün (səh.7, 2-ci abzas) göstərmişdir ki, Qobustan rayon Dövlət Arxivinin 29 dekabr 2023cü il tarixli arayışına əsasən qeyd olunan tikililər 17 nəfər kənd sakininə verilmişdir. Məhkəmə həmin şəxslərin adlarını, əmsal göstəricilərini və paylarının dəyər ifadəsini qeyd edərək hesab etmişdir ki, tikililər yalnız həmin şəxslərə əmlak payı kimi verilmişdir. Məhkəmə Qobustan rayon Dövlət Arxivinin 29 dekabr 2023-cü il tarixli arayışında birgə iddiaçıların adlarının olmamasını onların həmin tikililərdə əmlak paylarının da olmaması kimi qiymətləndirmişdir. Bundan əlavə, işə baxan məhkəmə qeyd olunan tikililərin yalnız 17 nəfərə verildiyinin qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilməsi nəticəsinə gələrək iddianı əsassız hesab etmişdir. Məhkəmə bu arqumentini əsaslandırmaq üçün Qobustan Rayon Dövlət Arxiv İdarəsinin 29 dekabr 2023cü il tarixli arayışına istinad edib. Məhkəmənin bu yanaşması əsas götürülərsə, bu o deməkdir ki, Göydərə kəndində islahat zamanı 17 nəfərdən başqa əmlak payı almaq hüququ olan şəxs olmayıb?. Müvafiq siyahı yalnız bu şəxslərlə məhdudlaşıb? Əgər belədirsə, yenə Qobustan Rayon Arxiv İdarəsi tərəfindən verilən 03 fevral 2025-ci il tarixli arayışda adları göstərilən şəxslər nə üçün həmin siyahıya daxil edilib? Arxiv İdarəsinin bir arayışının düzgün və əsaslı, digərinin yalan və əsassız hesab edilməsinin meyarı nədən ibarətdir? Göründüyü kimi bütün bu suallar cavabsız qalmışdır. Məhkəmə bu hissədə gəldiyi nəticəni belə möhkəmləndirməyə çalışmışdır ki, istinad olunan digər məhkəmə işində əmlak payı alan şəxslərin sayının 17 olduğu müəyyənləşdirilmişdir və bu preyudisial əhəmiyyət kəsb edən haldır. Lakin bu nəticə tamamilə əsassızdır. Çünki məhkəmənin istinad etdiyi həmin iş üzrə qəbul edilən məhkəmə aktları ilə tikililər üzərində əmlak paylarının yalnız 17 nəfərə verildiyi, onlardan başqa heç kimə həmin tikililərdən əmlak payı verilmədiyi müəyyən edilməmişdir. Sadəcə olaraq məhkəmədə arxiv arayışına istinadən müəyyən olunmuşdur ki, 17 nəfərə tikililərdən əmlak payı verilmişdir. Amma həmin tikililərin yalnız 17 nəfərə verildiyi, tikililər üzərində yalnız olnların payının olduğu, başqalarının payının olmadığı müəyyən olunmamışdır. Həmin məhkəmələr belə bir halı araşdırmamış və müəyyən etməmişlər. Məhkəmənin gəldiyi nəticə həm yanlışdır, həm də hüquqi və qanuni baxımdan əsassızdır. Belə ki, «Sovxoz və kolxozların islahatı» haqqında Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən sovxozlarda əmlak payı əmlakdan pay almaq hüququ olan şəxslər arasında bölüşdürülür. Göydərə kəndində isə əmlak payı almaq hüququ olan şəxslər 17 nəfər yox, daha çox olmuşdur. Bunu Qobustan Rayon Dövlət Arxivinin verdiyi 03 fevral 2025-ci il tarixli arayış təsdiq edir. Bundan əlavə, islahat zamanı əmlaklar ya fərdi qaydada, ya da birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilmişdir. Başqa bölgü qaydası olmamışdır. Bu isə o deməkdir ki, həmin tikililər 29 dekabr 2023-cü il tarixli arayışda göstərilən 17 nəfərə deyil, sovxozda işləmiş və əmlak payı almaq hüququ olan bütün kənd sakinlərinə verilmişdir. İşə baxan birinci instansiya məhkəməsi öz qətnaməsində (səhifə 6) «Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilən işin halı kimi» qeyd etmişdir ki, «Qarıq» qışlağındakı əmlakların dəyəri o vaxtkı dövriyyədə olan manatla ümumi olaraq 34.000.000 (otuz dörd milyon) manat təşkil edir (Banıstan 25.500.000 manat, quzu küzü 2.500.000 manat, 2 çoban evi cəmi 6.000.000 manat). Eyni zamanda birinci instansiya məhkəməsi 29 dekabr 2023-cü il tarixli arayışda adları göstərilən 17 nəfərin ümumi əmlak payının manat ifadəsində dəyərini bir-bir qeyd edərək (qətnamənin 7-ci səhifəsi) göstərmişdir. Həmin 17 nəfərin əmlak paylarının dəyəri toplandıqda məlum olur ki, bu məbləğ cəmi 27.274.933 manat təşkil edir . Beləliklə məlum olur ki, ümumi dəyəri 34 milyon manat olan tikililərin yalnız 27.274933 manat təşkil edən hissəsi əmlak payı kimi 17 nəfərə verilmiş, qalan 6.725.067 manat dəyərində hissəsi isə açıq qalmışdır. Maraqlıdır ki, işə baxan məhkəmə bu məqama diqqət etməmiş, açıq qalan məbləğin əmsal kimi kimlərə verildiyini araşdırmamışdır. Halbuki məhkəməyə təqdim edilən 03 fevral 2025-ci il tarixli arayışdan görünür ki, birgə iddiaçıların və adları həmin arayışda göstərilən digər şəxslərin (Qurbanova Quba və Güləliyeva Alma) ümumi əmsal payı 85,68 təşkil edir . Bu isə o vaxtkı dövriyyədə olan pul ifadəsində 3.927.991 manat təşkil edir . Yəni birmənalı olaraq müəyyən edilir ki, «Qarıq» qışlağındakı tikililər yalnız 17 nəfərə verilməmişdir. Çünki həmin 17 nəfər şəxsin əmsal payı və onun pul ifadəsi də, tikililərin ümumi dəyəri də məlumdur. Tiklilərin ümumi dəyəri 17 nəfərin malik olduğu ümumi əmsal dəyərindən daha çoxdur. Bu isə təqdim olunan arayışla da təsdiq edildiyi kimi, birgə iddiaçıların da həmin tikililərdə payı olduğunu açıq-aydın götərir. Lakin işə baxan birinci instansiya məhkəməsi işin bu hallarını ümumiyyətlə araşdırmamış, iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Göründüyü kimi məhkəmə həm təqdim edilən yazılı sübutun, həm də qanunun göstərişini nəzərə almamışdır. Həmçinin istinad olunan məhkəmə aktı üzrə iddiaçı olan Cavabdeh həmin şəxslərin də qeyd olunan tikililərdə əmlak payı olduğunu məhkəmə zalında iclası zamanı etiraf etmişdir. Bu etirafdan sonra məhkəmə birgə iddiaçıların tikililərdə payı olduğuna şübhə olmadığını, bunun mübahisəsiz hal olduğunu müəyyən edib onları həmin işdə üçüncü şəxs kimi cəlb etmişdir. Çünki məhkəmə qəbul ediləcək qətnamənin onların hüquq və vəzifələrinə toxuna biləcəyini nəzərə almışdır. İşin bu mübahisəsiz halı da Qobustan Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamış, nəticədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 57-ci maddəsinin tələbləri məhkəmə tərəfindən pozulmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə Qobustan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(026)-28/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, mübahisəsi gedən qışlaqda onun payı vardır. Cavabdeh əsassız şəkildə onun payının olmadığını bildirir və payını verməkdən imtina edir. Bu səbəbdən payını məhkəmə qaydasında tələb edir. Göstərilənlərə əsasən iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, “Aqrar islahatın əsasları haqqında” Qanuna uyğun olaraq bütün kənd icmasına aid olan vətəndaşlara adambaşına pay torpağı müəyyən edilir. “Sovxoz və kolxozların islahatı” haqqında Qanuna əsasən isə bu islahat kolxoz və sovxozlarda işləyən işçilərə şamil edilir. Kolxoz və sovxozların inventarları, daşınmaz əmlakları, tikililəri, eləcə də avadanlıqları, maşın və qurğuları, texnikası, avtomobilləri əmsala bölünməklə işçilərin əməkhaqqısı, iş stajı və digər hallar nəzərə alınaraq işçilər arasında bölüşdürülür. İslahat ümumi şəkildə aparılır, əmsal müəyyən edilir, əmlaklar invertarlaşdırılır və hamıya verilir. Göydərə kəndində də Aqrar İslahat Komissiyası digər əmlaklarla paralel olaraq “Qarıq” qışlağında da hansı əmlaklar (tikililər, çoban evi, tövlələr, quzu küzüsü) varsa, onları işçilərin iş payına, əmlak payına uyğun olaraq əmsallaşdırıb və bütün Göydərə kolxozunda çalışan işçilərə verib. 1988-ci ilin sonlarından sonra o tövlələr tam yararsız olduğundan həmin vaxt özünün də orada payı olan Eyvaz Poladov adlı şəxs həmkəndliləri ilə ümumi razılığa gəlib ki, onlar həmin yerdə ona mal-qara saxlamağa icazə versinlər. Razılıq da bundan ibarət olub ki, onlara aylıq, illik icarə haqqı vermək şərtilə o, mövcud olan tikililərdə mal-qara, təsərrüfat saxlaya bilər. Bundan sonra 2000-ci ildən 2016-cı ilə qədər olan dövrdə Eyvaz Poladov həmin ərazidə heyvandarlıq fəaliyyəti ilə məşğul olub. 2016-cı ildə isə Eyvaz Poladov tövlələrin yararsız olduğunu görüb rayon icra hakimiyyəti orqanına müraciət edərək layihə təsdiq edilməklə orada yeni tövlələr inşa edib və bugünkü günə qədər onun istifadəsindədir. Hazırkı iş üzrə cavabdeh olan Cavabdeh Qobustan Rayon Məhkəməsinə müraciət edərək “Qarıq” qışlağından və pay kimi ayrılmış tikililərdən çıxarılmaları barədə tələb irəli sürmüş və Qobustan Rayon Məhkəməsinin qətnaməsi ilə həmin iddia təmin edilərək Eyvaz Poladovun həmin tikilidən çıxarılması qət edilib. Həmin iş üzrə araşdırma zamanı Cavabdeh özü etiraf etmişdir ki, orada İddiaçı2 da, İddiaçı1 da və digər şəxslərin də payı var. Ona görə də məhkəmə tərəfindən İddiaçı2, İddiaçı1 üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı2, İddiaçı1 məhkəmə prosesində iştirak edərək orada paylarının olduğunu bildirmiş, Cavabdeh də bunu etiraf etmişdir. Qətnamə ilə Eyvaz Poladovun həmin tikililərdən çıxarılması qərara alınsa da, orada tikililər olmamışdır. Qətnamənin icrası mərhələsində orada heç bir tikili olmadığından icra sənədi üzrə icraat xitam verilmişdir. Çünki Cavabdeh iddia etdiyi tikililər 20 il əvəllə aid yararsız tikili olduğundan məhv olmuşdur və Eyvaz Poladov öz vəsaiti hesabına yeni tikili inşa etmişdir ki, bunun da layihəsi var. Belə olduğu təqdirdə də, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh müraciət etmiş, cavabdeh müraciətə cavab vermədikdən sonra isə hazırkı iddia ilə Qobustan Rayon Məhkəməsinə müraciət etmişlər. İddianın əsası kimi bildirir ki, Göydərə kəndində islahat həyata keçirilərkən iddiaçılara da əmlak payı verilmişdir. Belə ki, İddiaçı2 pay əmsalı 4.14, İddiaçı1 atası Şahməmməd Məmmədovun pay əmsalı isə 31.2dir və onun orada payı pul formasında 1 milyon 430 min 362 manatdır. Məhkəmə əvvəlki iş üzrə arxiv arayışında 17 nəfərin adının olduğu əsas gətirməklə yalnız 17 nəfərə “Qarıq” qışlağındakı tikililərdən pay verildiyini müəyyən edib. Halbuki həmin məhkəmə işi üzrə qəbul edilən məhkəmə aktlarında heç vaxt müəyyən edilməmişdir ki, həmin tikililər əmlak payı kimi yalnız 17 nəfərə verilmişdir. “Sovxoz və kolxozların islahatı” haqqında Qanunda açıq-aşkar şəkildə əmlakların ümumi şəkildə hamıya verildiyi yazılmışdır. Bundan başqa, arxiv arayışındakı 17 nəfərin hər biri Cavabdeh qohumlarıdır. İddiaçı tərəf özünə dair arayış almışdır. 29 aprel 2025-ci il tarixli arayışda həmin qışlaqda iddiaçıların paylarının olduğu qeyd edilib. Bundan başqa məhkəmə qeyd edib ki, Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsində “Qarıq” qışlağındakı ümumi tikililərin qiymətinin 34 milyon manat olması müəyyən edilmişdir. “Qarıq” qışlağında 2 çoban evi, 1 quzu küzü, 2 tikilidən ibarət banıstan, yəni mal-qaranı saxlamaq üçün tövlə var ki, iddiaçı tərəfin əmlakı bundan ibarətdir. Bundan başqa 17 nəfərin əmlak paylarının dəyəri hesablandıqda məlum olur ki, 17 nəfərin əmlak payının qiyməti 24 milyon manatdan yuxarı deyil. Belə olduğu halda, 34 milyon manat məbləğində qiymətləndirilən əmlak 17 nəfərə necə verilə bilər? Həmin əmlakda başqa şəxslərin paylarının olmasına dair iddiaçı tərəfin təqdim etdiyi 03 fevral 2025-ci il tarixli arayışa məhkəmə heç bir qiymət verməmişdir. Göründüyü kimi işə baxan məhkəmə lazımı qaydada araşdırma aparmamış və iş üzrə yanlış nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən iddiaçıların vəkili və nümayəndəsi Vəkil sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisəli qışlaqda iddiaçıların payı yoxdur. Belə ki, iddiaçılar öz paylarını qışlaqdakı texnikalarla əvəz etmiş və qışlaqdan çıxmışlar. Onların hazırda qışlaqda heç bir payları yoxdur. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunidir. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir.
24. “Aqrar islahatın əsasları haqqında” Qanunun 5-ci maddəsinə əsasən, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir.
25. “Torpaq islahatı haqqında” Qanunun 11-ci maddəsinə əsasən, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. İslahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Yardımçı kənd təsərrüfatı üçün sovxoz və kolxozların ərazisindən nazirliklərə, komitələrə, şirkətlərə, birliklərə, müəssisələrə, idarə və təşkilatlara verilmiş torpaqlar Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada onların istifadəsində saxlanılır, yaxud bütövlükdə və ya qismən əvvəlki istifadəçilərinə qaytarılır. Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.
26. “Sovxoz və kolxozların islahatı haqqında” Qanunun 11-ci maddəsinə əsasən, sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqq-hesabı aparılır və əmək haqqı üzrə borclar ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak payları əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir. Əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası hazırlayır və Azərbaycan Respublikası Prezidenti təsdiq edir. 12-ci maddəsinə əsasən, kolxozların əmlakının bölüşdürülməsi kollektivin ümumi yığıncağının qərarı əsasında aparılır. Bölgü əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarından istifadə olunmaqla həyata keçirilir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətindən görünür ki, apellyator-iddiaçılar Qobustan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(026)-28/2025 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
29. Ona görə də kollegiya Qobustan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(026)- 28/2025 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Tələb iki hissədən – payın naturada bölünməsi və əmlakdan istifadəyə yaradılan maneənin cavabdehə qadağan edilməsi barədədir.
32. Baxılan işin faktiki hallarından müəyyən edilmişdir ki, 1997-ci ildə gedən torpaq islahatı zamanı 17 nəfərə “Qarıq” qışlağında 9x110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması) əmsal payına uyğun olaraq verilmişdir. Həmin banıstan 2 hissədən ibarət olmaqla cəmi dəyəri 25.500.000 manat (o vaxtkı dövriyyədə olan manatla) olmuş, bundan başqa 2.500.000 manat dəyərində 1 ədəd quzu küzü və 2 ailəlik hər biri ayrı-ayrılıqda 3000.000 manat dəyərində 2 çoban evi olmuşdur. Ümumilikdə həmin banstanların eni 9 metr, uzunluğu isə 110 metrdir və 1500 baş xırda buynuzlu heyvan üçün nəzərdə tutulmuşdur.
33. İşdən həmçinin müəyyən edilir ki, 1993-cü ildə tikilmiş “Qarıq” qoyun banıstanına 1 ədəd qoyun banıstanı, 1 ədəd quzu küzü və 2 ədəd 2 ailəlik çoban evi daxil olmuşdur. Eləcə də, həmin cədvəldə obyekt kimi Göydərə 8 illik məktəbi, Alıbəy toyuq damı, Ağabəy mal tövləsi, Baydar qoyun banıstanı, idarə və anbar binasının adı çəkilmişdir.
34. İddiaçılar mübahisəli əmlak üzərində kolxoz islahatı zamanı özlərinin də payının tanındığına istinad etmiş, həmin əmlak üzərində 14 nəfər payçının olduğunu bildirmiş, İddiaçı2 həm özünün, həm də valideynlərinin, digər İddiaçı1 isə atasının sözügedən əmlakın payçılarından olduğunu qeyd etmişdir. Bu halı sübuta yetirmək məqsədilə iddiaçılar tərəfindən 03 fevral 2025-ci il tarixli arayış təqdim olunmuşdur.
35. Araşdırılan işin mübahisəsiz hallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(105)-217/2024 nömrəli qətnaməsi ilə iddiaçı və digər iddiaçı X1 hüquqi varisi Cavabdeh, iddiaçılar X12 və X7 cavabdehlər X34 və X17 qarşı “tikilidən məcburi çıxarılma” barədə iddiaları təmin edilmiş, cavabdehlər X16 və X10 1997-ci ildə torpaq islahatı zamanı iddiaçılar Cavabdeh, X4, X31 və X11 əmlak payı kimi verilmiş və onlara məxsus “Qarıq" qışlağındakı qoyun banıstanından (1 ədəd quzu küzü və 2 ailəlik 2 çoban evi də daxil olmaqla qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikililərdən) məcburi çıxarılmaları qət edilmişdir. Həmin qərar kassasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
36. İşin mübahisəsiz hallarından həmçinin müəyyən olunur ki, yuxarıda sözügedən qərarda hazırkı mübahisə predmeti barəsində mübahisə olmuş, həmin iş üzrə hazırkı iddianı qaldırmış İddiaçı1 və İddiaçı2 da mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar.
37. Əvvəlki mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, 1997-ci ildə gedən torpaq islahatı zamanı 17 nəfərə “Qarıq” qışlağında 9×110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması) əmsal payına uyğun olaraq verilmişdir. Həmin banıstan 2 hissədən ibarət olmaqla cəmi dəyəri 25.500.000 manat (o vaxtkı dövriyyədə olan manatla) olmuş, bundan başqa 2.500.000 manat dəyərində 1 ədəd quzu küzü və 2 ailəlik hər biri ayrı-ayrılıqda 3000.000 manat dəyərində 2 çoban evi olmuşdur. Ümumilikdə həmin banstanların eni 9 metr, uzunluğu isə 110 metrdir və 1500 baş xırda buynuzlu heyvan üçün nəzərdə tutulmuşdur. Həmçinin, həmin mübahisə üzrə iddia predmetini təşkil edən əmlak ümumi (birgə) mülkiyyətdə olan əmlakdır. Mübahisə predmeti olan banıstan həmin iş üzrə iddiaçılara (Cavabdeh, X2, X18, X11) əmlak payı olaraq verilmiş və birgə mülkiyyətdədir, həmin əmlakdan paylar naturada ayrılmamış, mübahisə predmeti olan əmlak paylı mülkiyyətə çevrilməmişdir.
38. Sözügedən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2024-cü il tarixli, 2(102)-2492/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış, kassasiya məhkəmə kollegiyası qeyd etmişdir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri icra edilmiş, işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə müvafiq qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
39. Bu isə onu deməyə əsas verir ki, həmin mülki iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilənlər hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir və həmin qətnamə ilə müəyyən edilən faktlar başqa məhkəmə prosesində yenidən mübahisələndirilmir
40. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, MPM-in 82.3-cü maddəsinə və həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli tarixli qərarına əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş istənilən halların deyil, məhz araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İstinad olunan maddənin məzmunundan göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktlar preyudisial qüvvəyə malikdir. Hər hansı mülki iş üzrə məhkəmənin hüquqi dəyərləndirməsi və gəldiyi hüquqi nəticə, ifadə etdiyi hüquqi mövqe iş üzrə müəyyən edilmiş faktlar hesab edilmədiyindən eyni tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə preyudisial əhəmiyyət daşımır.
41. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə aktları ilə hazırkı iş üzrə də mübahisə predmeti olan “Qarıq” qışlağında yerləşən qoyun banıstanının, quzu küzünün və 2 ədəd çoban evinin 17 nəfərin ümumi birgə mülkiyyətində olması halı öz təsdiqini tapmışdır və həmin halın yenidən mübahisələndirilməsinə və ya sübuta yetirilməsinə yol verilmir. Həmin 17 nəfərlik siyahının olduğu arayışın surəti hazırkı iş materiallarına da əlavə olunmuşdur. Belə ki, Qobustan rayon Dövlət Arxivinin 29 dekabr 2023-cü il tarixli arayışından görünür ki, Göydərə kənd Göydərə kolxozunun islahat sənədlərində tikintidən pay əmsalı adları göstərilən vətəndaşlara aşağıdakı qaydada qeyd edilmişdir: 1) Cavabdeh – pay əmsalı 2.19 tikintidən 2339; 2) X4 – pay əmsalı 80.0 tikintidən 3635580; 3) X36 – pay əmsalı 21.87 tikintidən 10023628; 4) X13 – pay əmsalı 2.67 tikintidən 122604; 5) X21 – pay əmsalı 21.87 tikintidən 734688; 6) X37 – pay əmsalı 21.87 tikintidən 1002628; 7) X23 – pay əmsalı 5 tikintidən 229223; 8) X28 – pay əmsalı 57.04 tikintidən 2631501; 9) X53 – pay əmsalı 21.87 tikintidən 1002628; 10) X20 – pay əmsalı 87.29 tikintidən 4001808; 11) X14 – pay əmsalı 21.87 tikintidən 1002628; 12) X48 – pay əmsalı 81.39 tikintidən 3731322; 13) Gülgəz Həmidova – pay əmsalı 21.87 tikintidən 3731322; 14) X29 – pay əmsalı 21.87 tikintidən 1002628; 15) X31 – pay əmsalı 52.02 tikintidən 2384857; 16) X54 – pay əmsalı 21.87 tikintidən 1002628; 17) X24 – pay əmsalı 2.24 tikintidən 53921. Göründüyü kimi, mübahisəli əmlakın ümumi birgə mülkiyyətçiləri kimi qəbul edilən həmin 17 nəfərlik siyahıda hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 adları yoxdur. Bu isə onu deməyə əsas verir ki, hazırkı iş üzrə iddiaçıların mübahisə predmeti olan “Qarıq” qışlağındakı qoyun banıstanı, quzu küzü və çoban evləri barəsində hər hansı tələb irəli sürməyə hüquqları mövcud deyil.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
43. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı).
44. Bundan əlavə, kollegiya onu da qeyd edir ki, iddiaçılar tərəfindən istinad olunmasına baxmayaraq, mübahisəli əmlak üzərində 14 nəfərin payının olmasını özündə əks etdirən arayış təqdim olunmamış, əvvəlki məhkəmə mübahisəsi üzrə iş materiallarına baxış keçirilərkən bu cür arayış həmin işdə də aşkar edilməmiş, yalnız məhkəmə qətnamələrində apellyasiya şikayətinin dəlilləri hissəsində sözügedən 14 nəfərlik siyahıdan və həmin 14 nəfərin kimliyindən bəhs edilmişdir.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(026)-28/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.