Məhkəmə qərarları › İş №2(105)-764/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-764/2022

13.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-764/2022 13.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(031)-817/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddia qismən təmin edilməsi, Cavabdeh 1150 (bir min yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh qalan 1200 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qardaşı X2 İ Qarabağ müharibəsində şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhid ailələrinə birdəfəlik 11000 manat nəğd pul yardım edilməsi haqqında fərman imzalamışdır. Dörd qardaş vərəsə kimi fərman onlara da şamil olunmuşdur. Böyük qardaş Fərrux onlardan birinin adına alınıb aralarında hər birinə 2750 manat olmaqla bölünəcəyini məsləhət görmüşdür. Qohumlarının məsləhəti ilə etibarnamə ilə pulun Fərruxun adına verilməsinə razılıq vermişlər. Lakin Fərrux, onların səmimiyyətindən istifadə edərək pulu götürüb ona 1550 manat verərək qalan hissəsini verməkdən imtina etmişdir. Səbəbini müxtəlif bəhanələr gətirərək izah etmişdir ki, o, həmin məbləği alanda Müdafiə Nazirliyinin işçisi polkovnik Rzayevə 1800 manat rüşvət vermişdir. O, şikayət edəcəyini bildirmiş və bir neçə gün sonra ona 070 863 38 67 nömrəli telefondan zəng vurulub polkovnik Rzayev kimi özünü təqdim edən şəxs bildirmişdir ki, heç yerə şikayət etməsin, pulun qalan hissəsi də çatdırılacaq. Artıq həmin vaxtdan uzun müddət keçsə də Fərrux qalan məbləği vermir, həmin pulu xərclədiyini bildirir. Qardaşı Sahibin də pulunu verməyərək çirkin ifadələr işlətmişdir. Sahib fərqli olaraq ondan pulun Fərrux üçün zamin dayanmış əmisi oğlundan alacağını söyləmişdir. Bu Fərruxun belə əməlləri ilk deyil. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şabran Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsi şəhidin məzar üstü abidəsinə və ətrafının dəmir çəpərinə xərclənən vəsaiti nəzərə almamışdır. Birinci instansiya məhkəməsinə təqdim etdiyi etiraz ərizəsində ətraflı olaraq bu məsələləri yazmağına baxmayaraq Şabran Rayon Məhkəməsi iddianın qismən təmin edilməsi haqqında iddiaçıya 1150 (bir min yüz əlli) manat pulun ondan alınaraq verilməsi haqqında qətnamə çıxarmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi cavabdeh tərəfindən üzərinə düşən öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Hazırkı iş üzrə iddia pul tələbi barədədir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, iddiaçı və cavabdehin qardaşı X2 1994-cü ildə aldığı güllə yarasından ölərək şəhid olmuşdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublkasının Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına uyğun ödəniləcək 11000 manat vəsait şəhid olmuş Famil Hacıyevə görə Cavabdeh vasitəsi ilə götürülmüşdür. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından görünür ki, Cavabdeh ödənilən 11.000 manat pulun 3928 manat pulunu baş daşı və hasar düzəltmək məqsədilə özündə saxlamaqla qalan pulu 4 yerə, yəni hər birinə 1550 manat olmaqla qardaşlar arasında bölmüşdür. Bu hal tərəflərin məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da öz təsdiqini tapmışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 16.11.2016-cı il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarına əsasən pul öhdəlikləri üzrə mümkün olan sübutetmə vasitələri yalnız yazılı sübutlardır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qismən təmin olunması barədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar