Məhkəmə qərarları › İş №2(105)-778/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-778/2022

19.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-778/2022 19.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı hüquqi varisi X7 vəkili və nümayəndəsi Nümayəndə, İddiaçı hüquqi varisi X19, Cavabdeh X8 nümayəndəsi, eyni zamanda cavabdeh X12, cavabdeh X8 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər X13, Cavabdeh2 və X15 (maraqlı şəxs Abşeron rayon 1 saylı Notariat ofisi, Sumqayıt şəhəri 3 saylı notariat ofisi, Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi) qarşı etibarnamələrin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-6445/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.(hakim C.Səfiyeva) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı cavabdehlər X13 və Cavabdeh2 (üçüncü şəxslər Abşeron rayon 1 saylı Notariat ofisi və X20) qarşı etibarnamələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh X13 Abşeron rayon 1 saylı Notariat Ofisində və Sumqayıt şəhəri 3 saylı notariat ofisində Cavabdeh2 verdiyi etibarnamələrin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh X13 xx.xx.2021-ci il tarixində Abşeron rayon 1 saylı Notariat Ofisində verilmiş 1529 reyestr nömrəli, xx.xx.2021-ci il tarixində Cavabdeh2 Sumqayıt şəhəri 3 saylı notariat ofisində verilmiş 1344 reyestr nömrəli və Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat X2 verilmiş 7E-1819 reyestr nömrəli etibarnamələrin etibarsız hesab olunması, xx.xx.2021-ci il tarixli, 4Ə-430 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilənin əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X18 iddiaçının oğlu, digər cavabdeh X20 isə nəvəsidir. Cavabdeh X18 2021-ci ilin əvvəllərindən ona fiziki və mənəvi işgəncələr verməyi artırmışdır. O, mart ayında onu Abşeron rayon 1 saylı Notariat Ofisinə aparmış, notariusda olarkən oğlu oradakı əməkdaşlarla nəsə danışdıqdan sonra ona bir sənəd göstərilmiş və oğlu guya onun qüsurlu olduğunu bildirərək öz oğlunun həmin sənədə onun əvəzindən qol çəkməsini bildirmişdir. O isə sənədin nə sənəd olduğunu və nə üçün istədiyini soruşduqda ona “sən imza at, narahat olma” demişdir. Bundan bir neçə müddət sonra iddiaçı qızından və evə gəlib-gedən şəxslərdən öyrənmişdir ki, oğlu ona məxsus evi satmaq istəyir. Onun evini satmaq üçün şübhələndiyindən qızından həmin sənədlərin nə sənəd olduğunu dəqiqləşdirməsini istəmişdir. Bu məqsədlə qızı onu da götürüb Sumqayıtda yerləşən “Asan Xidmət” Mərkəzinə getmişdir. Həmin vaxt ona Elektron notariat X1 Çıxarış təqdim edərkən ona məlum olmuşdur ki, oğlu Sumqayıt şəhəri 3 saylı notariat ofisində Cavabdeh2 və Abşeron rayon 1 saylı Notariat Ofisində isə özünə etibarnamə yazdırmışdır. Həmin çıxarışda isə onu cismani qüsuru olan şəxs kimi qeyd etmiş və əvəzindən öz oğluna etibarnaməyə imza etdirmişdir. Cavabdeh bundan əlavə də ona hansısa sənədlərə qol çəkdirmişdir. Cavabdeh X13 Abşeron rayon 1 saylı Notariat Ofisində və Sumqayıt şəhəri 3 saylı notariat ofisində Cavabdeh2 verdiyi etibarnamə onun iradəsi ilə və hər hansısa məqsədlə verilmədiyindən etibarnamənin verilmə tarixindən sonrakı andan adından edilən bütün hərəkətlər qanunsuz və əhəmiyyətsizdir. Sorğu zamanı məlum olmuşdur ki, cavabdeh X18 iddiaçının ona verdiyi etibarnamədən istifadə edərək oğlu X15 xx.xx.2021-ci ildə Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat Ofisində etibarnamə vermiş, X20 isə həmin etibarnamədən istifadə edərək xx.xx.2021-ci il tarixli, 4Ə-430 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlamaqla iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 302.9 kv.m olan fərdi yaşayış evini cavabdeh X8 mülkiyyətinə keçirmişdir. Həmin bağışlanma müqaviləsi görünüş üçün bağlandığına görə uydurma əqddir. Belə ki, iddiaçının cavabdeh X13 etibarnamə verməsindən də görünür ki, onun öz mənzilini cavabdeh X13 hədiyyə etmək niyyəti olmamışdır. Beləliklə, cavabdeh X13 Abşeron rayon 1 saylı Notariat Ofisində, Sumqayıt şəhəri 3 saylı notariat ofisində Cavabdeh2 və Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat X2 verilmiş 7E-1819 reyestr nömrəli etibarnamələr iddiaçının iradəsi ilə və bağışlanma müqaviləsi bağlanması məqsədi ilə verilmədiyindən etibarnamələrin verilmə tarixindən sonrakı andan iddiaçının adından edilən bütün hərəkətlər qanunsuz və əhəmiyyətsizdir. Ona görə də iddianın təmin olunmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T L Ə R İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi maddi hüquq normlarının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmiş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, tətbiq etdiyi maddi hüquq normalarını isə səhv təfsir etmişdir. Belə ki, məhkəmə Mülki Məcəllənin 359.1,359.2-ci madələrini tətbiq etsə də, tətbiq edilməli olan 359.3-cü maddəsini tətbiq etməmişdir. Mülki Məcəllənin 359.3-cü maddəsinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Hazırki işdən göründüyü kimi, cavabdeh ona verilmiş etibarnamə əsasında səlahiyyəti öz oğluna ötürməklə, sonradan oğlu ilə özü arasında iddiaçının mülkiyyətinin özünə bağışlanmasına dair bağışlama müqaviləsi bağlamışdır. Bununla da o, faktiki olaraq təmsilçi kimi təmsil edilənin adından özü üçün əqd (bağışlama müqaviləsi) bağlamışdır. Həmin müqavilə Mülki Məcəllənin 359.3-cü maddəsinin tələblərinə əsasən etibarsızdır. Şəxsə əqd bağlamaq üçün etibarnamə verilməsi, etibarnamə verənin (təmsil olunanın) istənilən əqdi bağlamağa razılıq verməsi kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə almaq lazımdır ki, iddiaçı aldadılma nəticəsində etibarnamə verdiyini təsdiq edir. Buradan açıq aydın görünür ki, cavabdeh öz atasının yaşlı olmasından istifadə edərək, onu aldatmış, onun adından öz adına etibarnamə almış və daha sonra atasından etibarnamə ilə aldığı səlahiyyəti etibar edilmişi etibar etmə qaydasında öz oğluna ötürərək, yəni atasının adından oğluna etibarnamə verərək, sonra da oğlu ilə öz arasında bağışlama müqaviləsi bağlamışdır. Göründüyü kimi, bu əməl təkcə mülki hüquq pozuntusu olmayıb, burada həm də qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin tərkibi də vardır. Əgər həqiqətən də iddiaçının öz evini cavabdehə bağışlamaq niyyəti olsaydı elə etibarnamə vermək üçün getdiyi notariat kontorunda bunu edə bilərdi. Cavabdehlərin uzun-uzadı, dolayı yollarla hərəkət etməsi, onların kriminal niyyətindən və iddiaçının evi bağışlamaq niyyətinin olmamasından xəbər verir. Birinci instansiya məhkəməsi qeyd olunan hallara düzgün hüquqi qiymət verməmiş və iddiaçının konstitusion hüquqlarını pozmuşdur. Sadalanan hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən məhkəmə qətnaməsi ləğv edilməli iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşə apellyasiya baxışı zamanı iş üzrə İddiaçı Məhəmmməd oğlunun xx.xx.2022-ci ildə öldüyü məlum olmuş və məhkəmə icraatı zamanı X16 və X3 Bəylər Məhəmmməd oğlunun hüquqi varisi kimi tanınmışlar. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı hüquqi varisi X7 vəkili və nümayəndəsi Nümayəndə izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verdi və şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə etdi ki, iddia tələbində etibarnamələrin etibarsızlığını qoysalar da, hazırda bu bir o qədər əhəmiyət daşımır. Belə ki, bağlanmış əqdin etibarsızlığı göz qabağındadır. Əsas tələbləri də məhz bağışlama müqviləsinin etibarsızlığı barədədir. Apellyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında İddiaçı hüquqi varisi X16 izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verdi və şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı hüquqi varisi X27 ilk olaraq ərizə verərək apellyasiya şikayətindən imtina etdi. Onun imtinası məhkəmə tərəfindən qəbul edilmədi. Bundan sonra o, izahatında apellyasiya şikayətini müdafiə etmədiyini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında X8 nümayəndəsi, eləcə də cavabeh X20, vəkili Vəkil2, şikayətin dəlillərinin əsassız olmasını bildirərək, şikayətin rədd edilməsini xahiş etdilər. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon 1 saylı Notariat ofisi, Sumqayıt şəhəri 3 saylı notariat ofisi və Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. İş üzrə Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət Reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayon, Saray qəsəbəsi, X37 küçəsi, ev 21 ünvanında yerləşən, ümumi sahəsi 302.99 kv.m olan fərdi yaşayış evi X8 adına xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. Yenə iş materiallarında olan İddiaçı tərəfindən X13 xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci ilədək verilmiş və Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən 7E 1529 reyestr sayla qeydə alınmış eyni etibarnamənin əslindən görünür ki, etibarnamə İddiaçı tərəfindən şəxsən verilmiş, onun özü tərəfindən imzalanmışdır. Yenə də işdə olan Sumqayıt Asan Xidmət mərkəzində notariat ofisində 7E-1819 reyestr sayla qeydə alınmış 09 mart 2021-ci il tarixli etibarnamədən görünür ki, X18 etibarnaməni etibaretmə qaydasında İddiaçı tərəfindən ona verilmiş səlahiyyətlərini X15 vermişdir. İşdə olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, İddiaçı Cavabdeh2 onu təmsil etmək üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üçün etibarnamə vermişdir. Yenə iş materiallarında olan Sumqayıt Asan Xidmət mərkəzində notariat ofisində 4Ə-430 reyestr saylı, xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı adından etibarnamə ilə çıxış edən nümayəndəsi X4 rayon, Saray qəsəbəsi, X37 küçəsi, ev 21 ünvanında yerləşən, ümumi sahəsi 302.9 kv.m olan fərdi yaşayış evini X13 bağışlamışdır. Mülki iş materiallarında olan İddiaçı adından nümayəndəsi X15 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş **********28-10301 reyestr və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, X37 küçəsi ünvanında yerləşən ümumi sahəsi 302.9 kv.m olan 21 nömrəli fərdi yaşayış evini və 0.0942 ha olan torpaq sahəsini bağışlamaq (ev, mənzil, otaq) istəyir. Bununla əlaqədar həmin əmlak üzərində daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın “Elektron Notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edilməsinin təmin edilməsini xahiş etmişdir. Yenə iş materiallarında olan X20 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, qeydiyyatda olduğu Abşeron rayon, Saray qəsəbəsi, X37 küçəsi, ev 21 ünvanının və 0.0942 ha torpaq sahəsini bağışlanılmasına etiraz etmir. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, X4 rayon, Saray qəsəbəsi, X37 küçəsi, ev 21 ünvanında xx.xx.2019-cu il tarixdən qeydiyyatdadır Qeydiyyatda olan digər şəxslər X18, xx.xx.1958. Yenə işdə olan xx.xx.2018-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, İddiaçı ölən günədək onun bütün əmlakını X14 vəsiyyət etmişdir. Mülki iş materiallarında olan Abşeron RİHB-nın Saray qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, X5 rayon, Saray qəsəbəsi, X37 küçəsində 2005-ci ildən hazıra kimi qeydiyyatsız yaşayır. İşə əlavə edilən Abşeron rayon 1 saylı NK-nın notariusu tərəfindən 7 e/01 reyestrlə qeydə alınmış, xx.xx.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, X28 tərəfindən Abşeron rayonu Saray qəsəbəsi ərazisində olan 0,09 ha torpaq sahəsinə dair ümumi səlahiyyətlərini X23 50 il müddətinə vermişdir. Mülki işə əlavə edilmiş 02 may 2012-ci il tarixli , Abşeron 1 saylı NK tərəfindən təsdiq edilmiş, 4Ə 930 reyestr saylı alqı-satqı müqaviləsindən görünür ki, X22 adından etibarnamə ilə çıxış edən nümayəndəsi X6 rayonu Saray qəsəbəsi ərazisində olan 0,09 ha torpaq sahəsini İddiaçı satmışdır. İşin materiallarında olan İddiaçı tərəfindən verilmiş 19 avqust 2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, o əmlakları barədə ümumi səlahiyyətlərini 10 il müddətinə X13 vermişdir. Yenə iş materiallarında olan DƏDRX-nin 4 saylı Əİ tərəfindən X13 ünvanlanan xx.xx.2015-ci il tarixli bildirişdən müəyyən edilir ki, aparılmış tikinti mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində olan 0,0942 ha torpaq sahəsindən kənarda yerləşdiyindən sənədləşdirmə aparılmaqdan imtina edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında akt qeydindən məlum olur ki, İddiaçı xx.xx.2022-ci ildə ölmüşdür. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş üzrə məruzəçinin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2020-ci il tarixli, 2(060)-6445/2020 saylı qətnaməsi, xx.xx.2021ci il tarixli, 4Ə-430 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilənin əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğvinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalı, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, cavabdeh X18 iddiaçının oğlu, digər cavabdeh X20 isə nəvəsidir. İddiaçı tərəfindən xx.xx.2021-ci ildə cavabdeh X13, xx.xx.2021-ci ildə Cavabdeh2 etibarnamə verilmişdir.(hər iki etibarnaməyə xx.xx.2021-ci ildə xitam verilmişdir) Ön növbəsində X18 xx.xx.2021-ci ildə İddiaçı adından ona verilmiş səlahiyyətləri oğlu X15 ötürmüşdür. Bundan sonra Sumqayıt Asan Xidmət mərkəzində notariat ofisində xx.xx.2021-ci il tarixində İddiaçı adından etibarnamə ilə çıxış edən nümayəndəsi X4 rayon, Saray qəsəbəsi, X37 küçəsi, ev 21 ünvanında yerləşən, ümumi sahəsi 302.9 kv.m olan fərdi yaşayış evini X13 bağışlamışdır. Qeyd edilən fərdi yaşayış evi X8 adına xx.xx.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Başqa sözlə, Əlövsət Ağaməmmədov faktiki olaraq təmsilçi kimi təmsil edilənin, yəni İddiaçı adından özü üçün əqd (bağışlama müqaviləsi) bağlamışdır. Bundan narazı qalan iddiaçı etibarnamələrin və bağışlama müqaviləsinin, onun əsasında aparılmış qeydiyyatın etibarsızlığı və ləğvi üçün məhkəməyə müraciət etmiş, məhkəmə mübahisəni yuxarıda qeyd olunan qaydada həll etmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, mülki iş apellyasiya məhkəməsinə daxil olduqdan 3 gün sonra isə o, ölmüşdür. Məhkəmə kollegiyası mərhumun qızları, X9 və X24 onun hüquqi varisi kimi tanımışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası iş üzrə İddiaçı hüquqi varisi X19 apellyasiya şikayətini müdafiə etməyərək ondan imtina etməsinə münasibət bildirərək qeyd edir ki, əvvəla bu iddiaçının artıq miras qoyan olaraq son iradə ifadəsinə ziddir, ikincisi isə işdən də göründüyü kimi digər vərəsələrin hüquqlarını və qanunla qorunan mənafeyini pozur. Ona görə də, məhkəmə kollegiyası AR MPM-in 52.5, 191, 369.2 və 369.3-cü maddələrinə əsasən onun bu imtinasını qəbul etməmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən xx.xx.2021-ci ildə cavabdeh X13, xx.xx.2021-ci ildə Cavabdeh2 verilmiş etibarnamələrin etibarsızlığını qəbul etmir və hesab edir ki, həmin hissədə iddianı rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Həmin etibarnamələrin aldatma yolu ilə imzalatdırılmasına dair iddia tərəfin dəlilərini məhkəmə kollegiyası ağlabatan hesab etmir. Belə ki, etibarnamələr notariat kontorunda tərtib və təsdiq edilib. “Notariat haqqında” AR qanununun 45-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 38-ci bəndinin tələblərinə əsasən notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Məhkəmə kollegiyası əksi sübut olunmadığından hesab edir ki, hər bir halda notarius tərəfindən Bəylər Məhəmmədova o, etibarnamə verərkən onun mənası və məzmunu izah edilmişdir. Digər tərəfdən, işdən görünür ki, Bəylər Məhəmmədov mübahisələndirilən etibarnamələri verməzdən təxminən ay yarım əvvəl(xx.xx.2020-ci il) mübahisəli fərdi yaşayış evinə dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış, altı-yeddi ay sonra hazırki iş üzrə iddia ilə məhkəməyə müraciət etmiş, digər şəxlərə də etibarnamə vermişdir. Bu hallar isə ümumilikdə onu deməyə əsas verir ki, o, verdiyi etibarnamənin mənasını başa düşməyən qədər sadəlöhv bir şəxs olmamış, etdiyi hərəkətlərin mənasını bilmiş və bunu arzulamışdır. Ona görə də, məhkəmə kollegiyası bu hissədə apellyasiya şikayətinin dəlillərini qəbul etmir. Sumqayıt Asan Xidmət mərkəzində notariat ofisində xx.xx.2021-ci il tarixində İddiaçı adından etibarnamə ilə çıxış edən nümayəndəsi X12 Abşeron rayon, Saray qəsəbəsi, X37 küçəsi, ev 21 ünvanında yerləşən, ümumi sahəsi 302.9 kv.m olan fərdi yaşayış evinin X13 bağışlanmasına gəldikdə isə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. AR Mülki Məcəlləsinin 359.3-cü maddəsinin tələblərinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. İşin mübahisələndirilən halından göründüyü kimi İddiaçı tərəfindən xx.xx.2021-ci ildə cavabdeh X13 etibarnamə verilmiş, o isə öz növbəsində xx.xx.2021-ci ildə İddiaçı adından ona verilmiş səlahiyyətləri oğlu X15 ötürmüşdür. Bundan sonra Sumqayıt Asan Xidmət mərkəzində notariat ofisində xx.xx.2021-ci il tarixində İddiaçı adından etibarnamə ilə çıxış edən nümayəndəsi X4 rayon, Saray qəsəbəsi, X37 küçəsi, ev 21 ünvanında yerləşən, ümumi sahəsi 302.9 kv.m olan fərdi yaşayış evini X13 bağışlamışdır. Qeyd edilən fərdi yaşayış evi X8 adına xx.xx.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Başqa sözlə, Əlövsət Ağaməmmədov daha öncə istinad edilən maddənin əsas dispozitiv şərtinə zidd olaraq təmsilçi kimi təmsil edilənin, yəni İddiaçı adından özü üçün əqd (bağışlama müqaviləsi) bağlamışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Yuxarıda qeyd olunduğu kimi mübahisəli əmlaka dair bağışlama müqaviləsi bağlanarkən Mülki Məcəllənin tələbləri pozulmuş, nəticədə şəxs mülkiyyət hüqüqu ilə ona məxsus əmlakından məhrum olmuşdur. Ona görə də həmin əqd etibarsızdır. İşə baxan birinci instansiya məhkəməsi maddi hüquq normalarının kobud şəkildə pozulmasına əhəmiyyət verməmiş, iş üzrə tətbiq edilməli normaları sadalamaqla kifayətlənmiş, maddi hüquq normlarının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmiş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, tətbiq etdiyi maddi hüquq normalarını isə səhv təfsir etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual normaları kobud şəkildə pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2021-ci il tarixli, 4Ə-430 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilənin əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğvinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalı, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu, apellyasiya şiayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun 10 manatı, cəmi 15,40 manat cavabdehlər X18 və X10 müştərək qaydada tutularaq iddia tərəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-6445/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qətnaməsi qismən, xx.xx.2021-ci il tarixli, 4Ə-430 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilənin əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğvinin təmin edilməməsi hissəsində ləğv olunsun. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Sumqayıt Asan Xidmət mərkəzində notariat ofisində 4Ə-430 reyestr saylı, xx.xx.2021-ci il tarixli İddiaçı adından etibarnamə ilə çıxış edən nümayəndəsi X20 ilə X18 arasında bağlanmış Abşeron rayonu, Saray qəsəbəsi, X37 küçəsi, ev 21 ünvanında yerləşən, ümumi sahəsi 302.9 kv.m olan fərdi yaşayış evinin bağışlanmasına dair müqavilə etibarsız hesab edilsin. Həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Abşeron rayonu, Saray qəsəbəsi, X37 küçəsi, ev 21 ünvanında yerləşən, ümumi sahəsi 302.99 kv.m olan fərdi yaşayış evinin X8 adına xx.xx.2021-ci ildə aparılmış qeydiyyat və onun əsasında verilmiş çıxarış ləğv edilsin. Qətnamə cavabdeh X13 xx.xx.2021-ci il tarixində Abşeron rayon 1 saylı Notariat Ofisində verilmiş 1529 reyestr nömrəli, xx.xx.2021-ci il tarixində Cavabdeh2 Sumqayıt şəhəri 3 saylı notariat ofisində verilmiş 1344 reyestr nömrəli və Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat X2 verilmiş 7E-1819 reyestr nömrəli etibarnamələrin etibarsız hesab olunmasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun 10 manatı, cəmi 15,40 manat cavabdehlər X18 və X10 müştərək qaydada tutularaq İddiaçı hüquqi varisi X11 ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar