Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-782/2025 27.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2137/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında sadələşdirilmiş yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il saat 16:40 radələrində Sumqayıt şəhəri, S.Bəhlulzadə küçəsi ərazisində Cavabdeh1 məxsus, Cavabdeh2 idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Opel Corsa” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz E230” markalı, **- MA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş TP5606729 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 332.4-cü maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qüsur aktında göstərilmişdir ki, “Mercedes Benz E230” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1160 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA132291/23 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə 1160 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı "xxxx" ASC Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə qətnaməsində qeyd etmişdir ki, Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtib etməsi tələb olunmur. Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir. Başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır. Göründüyü kimi iddiaçı "xxxx" ASC yol-nəqliyyat hadisəsində təqsirli olan Cavabdeh2 avtomobili idarə etmək hüququnun olmamasını, Cavabdeh1 həmin avtomobilin mülkiyyətçi olmasını əsas gətirərək, sığorta ödənişinin əvəzini tələb edir. Halbuki, "xxxx" ASC-də sığortalanmış “Opel Corsa” minik markalı, **-ZY-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh2 qanuni sahibliyində olmuşdur. Lakin məhkəmə bu qənaətə gələrkən dəfələrlə şəxsin etibarnaməsinin olmamasının səlahiyətsiz sücü anlaməna gəlməməsini vurğulasada əslində İXN-nin 332.4-cü maddəsinin təsvirini və mahiyyətini incələməmiş və aydınlaşdırmamışdır. Beləki, İXM-nin 332.4-cü maddəsi şəxsin sürücülük hüququ, yəni sürücülük vəsiqəsinin olmamasını bildirir ki, bu da subroqasiya hüququnun yaranma səbəblərindən biridir. Belə ki, sürücülük vəsiqəsi o şəxslərə verilir ki, həmin şəxsin nəqliyyat vasitəsini idarə etmək üçün xüsusi biliklərə malik olur. Bu zaman şəxsin nəqliyyat vasitəsini idarə etməsi hər hansı risk yaratmır. Lakin sürücülük vəsiqəsinin olmaması şəxsin sürücü kimi biliklərinin olmamasını ehtiva edir ki, bu isə qəza şəraitinin yaranma riskini artırır bu səbəbdən qanunverici xüsusi olaraq belə şəxslər tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi zamanı baş verəcək hadisələr zamanı qanundan gələn tələb kimi subroqasiya hüququnun yaranacağını şərt qoymuşdur. Bu hal məhkəmə tərəfindən nə aydınlaşdırılmamış nə də ki araşdırılmamış, hətta fikir belə bildirilməmişdir. Məhkəmə qanuna əsaslanaraq şəxsin etibarnaməsiz idarə etməsini dəfələrlə vurğulamışdır. Lakin iş materiallarına nəzər yetirsə görülər ki sürücü nəqliyyat vasitəsini etibarnaməsi olaraq idarə etmişdir. Belə ki, sürücü nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş olsa idi müvafiq DYP-nin əməkdaşı tərəfindən İXM-nin məhz 332.1-ci maddəsi ilə təqsirli hesab edilərək müvafiq inzibati tənbeh vermə haqqında qərar çıxarar, həmçinin nəqliyyat vasitəsinin mülkiyyətçisini isə İXM-nin 335-ci maddəsi ilə təqsirli hesab edilərdi. İXM-nin 332.1-ci maddəsi nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsini yəni şəxsin etibarnaməsinin olmamasını, İXM-nin 332.4-cü maddəsi isə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması yəni sürücülük vəsiqəsinin olmamasını ifadə edir. Göründüyü kimi bu iki hal bir birindən fərqli mənaları bildirir və sürücülük vəsiqəsinin olmaması “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 25.1.3-cü maddəsi ilə subroqasiya hüququnun yaranmasını nəzərdə tutur. Belə ki, şəxsin sürücülük hüququnun olmaması, yəni sürücülük vəsiqəsinin olmaması əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini "xxxx" ASC-də sığortalanmış “Opel Corsa” minik markalı, **-ZY-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh2 qanuni sahibliyində olması ilə əsaslandırmış və gəldiyi nəticənin qanuni əsası kimi “İcbari sığortalar haqqında” Qanunun 25.3.1., Mülki Məcəllənin 732-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi iddianı rədd edən aşağı instansiya məhkəməsi cavabdehin avtomobili sahibinin iradəsinə zidd şəkildə götürmədiyini, belə sahiblik və istifadənin mülki hüquq baxımından qanunsuz sayılmadığı üçün həmin şəxsi avtomobildən istifadə etmək hüququ olmayan hesab etməmişdir. Lakin bu nəticəyə gələn məhkəmə nəzərə almamışdır ki, qeyd olunan hal yalnız etibarnaməni nəzərdə tutur. Belə ki, “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3. maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qanunun mənasından göründüyü kimi subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahiblik və istifadəsinin (hüquqazidd) olması, sığortalı və ya sığorta olunanın sahibliyindən hüquqazidd götürülməsində onların təqsiri olmalıdır. İşdən görünür ki, cavabdehin yüksək təhlükə mənbəyi hesab olunan avtomobili sürmək üçün sürücülük hüququ ümumiyyətlə olmamışdır. Halbuki yüksək təhlükə mənbəyi hesab edilən avtomobili idarə edən şəxsin sürücülük hüququ olması mütləqdir, əks halda avtomobilin onun tərəfindən idarə olunması hüquqazidd hərəkət hesab olunur. Hazırkı işdən görünür ki, xx.xx.2023-cü il saat 16:40 radələrində Sumqayıt şəhəri, S.Bəhlulzadə küçəsi ərazisində Cavabdeh1 məxsus, Cavabdeh2 idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Opel Corsa” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz E230” markalı, **- MA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması, iddiaçı tərəfindən 1160 manat sığorta ödənişinin ödənilməsi işin mübahisə olunmayan halıdır. İşin mübahisə olunmayan digər halına görə cavabdeh hadisə törətdiyi vaxt avtomobili idarə etmək hüququna malik olmamışdır. İşdən görünür ki, iddia tələbi subroqasiya qaydasında zərərin ödənilməsi barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 936-cı maddəsi təşkil edir. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (Mülki Məcəllənin 936.1., 936.2. və 936.5. maddələri). Mülki Məcəllənin 1096.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır (Mülki Məcəllənin 1114.1-ci maddəsi). İş üzrə PXA132291 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Opel Corsa” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz E230” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, “Mercedes Benz” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1160 manat təşkil edir. Lakin iddianı rədd edən birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Belə ki, Cavabdeh2 tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edilən “Opel Corsa” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023cü il saat 16:40 radələrində “Mercedes Benz E230” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə ilə bağlı cavabdeh barəsində Sumqayıt DYPŞ inzibati xəta haqqında İXM-nin 327.2 və 332.4-cü maddələri ilə təqsirli bilinməsi barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Göründüyü kimi cavabdehin inzibati xətanın baş verməsində təqsiri müəyyən edilmiş və qarşı tərəfə dəymiş ziyan iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada sığorta ödənişi məbləğinin əvəzi kimi 1160 (min yüz altmış) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada sığorta ödənişi məbləğinin əvəzi kimi 1160 (min yüz altmış) manat və dövlət rüsumu olaraq ödənilmiş 32 (otuz iki) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-782/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-782/2025
27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver