Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-81/2023 01.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X2, Cavabdeh2, X7, Cavabdeh4 Rüfəddin oğlu və X6 qarşı torpaq sahəsindən pay tələbinə dair mülki iş üzrə (Açar sözlər: payın müəyyən edilərək naturada ayrılması, ekspertiza məsələləri,) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər X2, Cavabdeh2, X7, Cavabdeh4 Rüfəddin oğlu və X6 qarşı torpaq sahəsindən pay tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(067)-2317/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-0067 Kod 30207018 saylı Dövlət Aktından görünür ki, Xaçmaz rayonu Aqrar İslahatı Komissiyasının 05 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə X4 və onun 6 nəfərdən ibarət ailə üzvünün ümumi mülkiyyətinə Xaçmaz rayonu, Hülövlü kəndi ərazisində yerləşən 1.84 hektar torpaq sahəsi ayrılmışdır.
2. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X4 və ailə üzvlərinin adına olan 1.84 ha torpaq sahəsinə verilmiş JN-0067 kod 30207018 nömrəli “ Torpağa mülkiyyət hüququna dair” dövlət aktı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmiş, DVJ məlumatlarında öz əksini tapmışdır. Qeyd olunan dövlət aktına əsasən X4 və ailə üzvlərinin adına çıxarış işlənməmiş və həmin dövlət aktının başqa şəxslərə satılması barədə 5 saylı Xaçmaz Ərazi İdarəsində heç bir məlumat aşkar edilməmişdir.
3. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023-cü il tarixli, 10/1398 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi salman Abbasovun mütəxəssis rəyinə əsasən “Torpağa mülkiyyətə verilməsinə dair” JN-0067 KOD 30207018 saylı Dövlət aktına əsasən Xaçmaz rayonu, Hülövlü kəndi ərazisində yerləşən 1,84 ha torpaq sahəsindən iddiaçı da daxil olmaqla 6 nəfərlə ibarət mülkiyyətçilərin hər birinə çatası payların bərabər hissədə naturada ayrılması mümkündür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh X2 və qeyrilərinə qarşı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, JN-0067 KOD 30207018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Xaçmaz rayonu, Hülövlü kəndi ərazisində yerləşən 1.84 ha torpaq sahəsindən ona çatası payın müəyyən edilərək naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Aqrar İslahatı Komissiyasının 05 dekabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə verilmiş və JN-0067 KOD 30207018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən cizgidə göstərilən sərhəd daxilində Xaçmaz rayonu, Hülövlü kəndi ərazisində yerləşən 1.84 hektar torpaq sahəsi ona və digər ailə üzvlərinə verilmişdir. Torpaq sahəsindən istifadə ilə əlaqədar olaraq aralarında dəfələrlə mübahisə olmuş və son nəticədə təklif etmişdir ki, həmin sözü gedən torpaq sahəsini ayırsınlar, lakin cavabdehlər həmin torpaq sahəsini ayırmaq istəməmişlər.
6. Xaçmaz Rayon Məhkəməsinin (hakim S.A.Səmədzadə) 05 oktyabr 2021-ci il tarixli, 2(067)-2317/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbinin əsasını təşkil edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia ərizəsi təmin oluna bilməz.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddiasının rədd edilməsi nəticəsinə gələrkən məhkəməyə təqdim etdiyi JN 0067 KOD 30207018 saylı dövlət aktını nəzərə almadan qətnamədə qeyd etmişdir ki, iddia tələbinin əsasını təşkil edən hər hansı bir sübutu məhkəməyə təqdim edilməmişdir. Sənədlərin əsli atasındadır və o, həmin aktı əldə edə bilməmişdir. Ona görə də, Dövlət aktının surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə işi hərtərəfli deyil, qeyri-obyektiv və qərəzli şəkildə araşdırmışdır. Məhkəmə onun pay sahibi olduğu Dövlət aktına düzgün hüquqi qiymət verməmişdir. Mülki Məcəllənin 152 və 157-ci maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadəetmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə bu qərarı ilə mülkiyyətindən payının müəyyən olunması naturada bölünməsi iddiasını təmin etməməklə onun mülkiyyətinə, əmlakına sahib olmaq, istifadə və sərəncam vermək hüququndan məhrum etmişdir. Onun payı özgəsinin qanunsuz sahibliyindədir. Özgəsinin qanunsuz sahibliyindən əmlakımı götürə bilmir və istifadə edə bilmir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdehlər onun ata-anası və qardaşlarıdır. O hazırda ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. Dəfələrlə məhkəmədən kənar qaydada torpaqdan özünə çatası payı tələb etsə də valideynləri buna razı olmamış, bu səbəbdən münasibətləri soyumuşdur. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi də işi tam araşdırmadan qərar qəbul etmişdir. Ekspert rəyi ilə də tanışdırlar, ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf səbəb və mümkünsüzlüyü barədə məlumat verməməklə, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh tərəf rəsmi poçt vasitəsilə yanaşı, həmçinin ***-***-**-** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə (o cümlədən məlumatın elektron kabinetə yerləşdirilməsi vasitəsilə) xəbərdar olunmuşdur.
14. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)
15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyası; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsülu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu,ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə,ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri. 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(067)-2317/2021 qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, tərəflər arasındakı münasibətə düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(067)-2317/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
22. İddia tələbindən görünür ki, birgə mülkiyyətdə olan mübahisəli torpaq sahəsinin mülkiyyətçiləri arasında onun paylara uyğun naturada bölünməsi ilə razılaşma əldə etmək mümkün olmadığı üçün İddiaçı “Torpağa mülkiyyət hüququna dair” JN-0067 Kod 30207018 saylı Dövlət Aktına əsasən birgə mülkiyyət hüququ əsasında onlara məxsus olan torpaq sahəsindən özünə məxsus pay hissəsinin müəyyən edilərək ayrılmasını tələb edir.
23. Öyrənilən işdən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0067 Kod 30207018 saylı Dövlət Akta əsasən Xaçmaz rayonu Aqrar İslahatı Komissiyasının 05 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə X4 və onun iddiaçı da daxil olmaqla 6 nəfərdən ibarət ailə üzvünə Xaçmaz rayonu, Hülövlü kəndi ərazisində yerləşən 1.84 hektar torpaq sahəsi ayrılmışdır.
24. İddia tələbini qanuni əsasını Mülki Məcəllənin 220-ci maddəsi təşkil edir. Məcəllənin 220.2-220.3-cü maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
25. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
26. İstinad olunan maddi hüquq normalarının mənasına görə ilk növbədə əşyadakı payın naturada ayrılması barədə iddia tələbinə baxan məhkəmə belə ayrılmanın mümkün olub-olmadığını, həm də bunun ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkünlüyünü araşdırmalıdır.
27. İşin tədqiq olunan faktiki hallarından çıxış edərək apellyasiya kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rəddi əsası kimi iddiaçı tərəfindən məhkəməyə əsaslı sübutun təqdim olunmamasına, daha konkret olaraq mübahisə predmetini təşkil edən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamənin əslinin məhkəməyə təqdim olunmamasına istinad etmişdir ki, kollegiya məhkəmənin bu barədə mövqeyini əsassız hesab edir.
28. Belə ki, işin mahiyyətindən, iddia tələbinin məzmunundan aydın olur ki, hazırkı iş üzrə “Torpağa mülkiyyət hüququna dair” JN-0067 Kod 30207018 saylı Dövlət Aktına əsasən Xaçmaz rayonu Aqrar İslahatı Komissiyasının 05 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə X4 və onun 6 nəfərdən ibarət ailə üzvünün (onlardan biri hazırkı iş üzrə iddiaçıdır) ümumi mülkiyyətinə Xaçmaz rayonu, Hülövlü kəndi ərazisində yerləşən 1.84 hektar torpaq sahəsi verimişdir. İddiaçı iddia tələbində tərəflər arasında hazırda münaqişənin mövcudluğunu, ümumi mülkiyyətdə olan torpaq sahəsindən qeyd olunan formada istifadənin mümkünsüzlüyünü bildirmiş və bu əsasla da onun payı müəyyən edilərək həmin hissədə torpaq sahəsinin naturada ayrılmasını tələb etmişdir. Torpağa mülkiyyət hüququna dair dövlət aktının əsli isə onda olmadığından məhkəməyə təqdim edilməmişdir.
30. Digər tərəfdən iş materiallarına əlavə olunmuş (i.v 54) AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunun ümumi məzmunundan aydın olur ki, hazırkı iş üzrə mübahisəli torpaq sahəsinin aid oluğu “Torpağa mülkiyyət hüququna dair” JN-0067 Kod 30207018 saylı Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmişdir, hal-hazırda qüvvədədir, üçüncü şəxslərə satılmamışdır.
31. Bütün bu arqumentlər məhkəməyə bəlli olsa da, iş üzrə birinci instansiya məhkəməsi heç bir araşdırma aparmamış və ilkin baxışda kifayət qədər hüquqi əsası olan iddianı “sübut təqdim olunmaması” əsası ilə rədd etmişdir.
32. Birinci instansiya məhkəməsi tərəfindən tam araşdırma aparılmadığından, apellyasiya instansiyası məhkəməsi mübahisəyə aydınlıq gətirilməsi üçün xüsusi biliklər tələb olunduğunu hesab edərək, iş üzrə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert qarşısında mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçının payının naturada ayrılmasının mümkünlüyü barədə sual qoymuşdur.
33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023-cü il tarixli, 10/1398 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0067 KOD 30207018 saylı Dövlət aktına əsasən Xaçmaz rayonu, Hülövlü kəndi ərazisində yerləşən 1,84 ha torpaq sahəsindən iddiaçı da daxil olmaqla 6 nəfərlə ibarət mülkiyyətçilərin hər birinə çatası payların bərabər hissədə naturada ayrılması mümkündür.
34. Nəzərə alınmalıdır ki, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir
35. Əgər verilmiş rəylərdə anlaşılmazlıqlar, ziddiyyətlər, natamamlıq və qeyrimüəyyənliklər yoxdursa onda həmin rəyi işin faktiki hallarını nəzərə almaqla mötəbər sübut kimi qiymətləndirə bilər.
36. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır.
37. Bununla yanaşı, birinci instansiya məhkəməsi öz qətnaməsində hansı sübutlar əsasında payın naturada ayrılmasının qeyri-mümkün olması barədə qənaətə gəldiyini əsaslandırmamışdır.
38. Halbuki MPM-in 9.3 və 14.2-ci maddələrinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sübutlarla əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmçinin prosessual qanunvericilik məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə tərəflərin vəsatəti əsasında və məhkəmənin təşəbbüsü ilə müayinə və tədqiq edilməsini mümkün hesab edir (maddə 76.2, 202).
39. Beləliklə birinci instansiya məhkəməsi MPM-in 14.1 və 88-ci maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, prosessual qanunvericiliyin ona verdiyi ekspertiza təyin etmək, yaxud sübutları yerdə müayinə və tədqiq etmək imkanlarından istifadə etmədən iddianın rədd olunması barədə qənaətə gəlmiş, öz mövqeyini maddi və prosessual hüquq normaları baxımından lazımi qaydada əsaslandırmamışdır
40. Halbuki MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
41. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
42. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
43. Apellyasiya kollegiyası onu da qeyd edir ki, qeyd olunan “Torpağa mülkiyyət hüququna dair” JN-0067 Kod 30207018 saylı Dövlət Aktında mülkiyyətçilərin payları birgə olduğundan və tərəflər arsında ayrı qayda nəzərdə tutulmadığından iddiaçının həmin torpaq sahəsində payı Mülki Məcəllənin 223.3-cü maddəsinin tələbinə əsasən, mülkiyyətçilərin sayına uyğun bərabər həcmdə, yəni 1/6 hissədə müəyyən edilməlidir.
44. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə əldə edilən nəticə, tərəflər arasında yaranmış mübahisənin mahiyyəti, mübahisəli torpaq sahəsinə bərabər mülkiyyətçilərin mülkiyyət hüququn qorunması baxımından ədalətli yanaşma hesab edilməlidir
45. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir.
46. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023-cü il tarixli, 10/1398 nömrəli rəyi ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manatdır.
48. Apellyasiya şikayəti təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehlər X2, Cavabdeh2, X7, Cavabdeh4 Rüfəddin oğlu və X1 alınıb AZ.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(067)-2317/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN-0067 KOD 30207018 saylı Dövlət aktına əsasən Xaçmaz rayonu, Hülövlü kəndi ərazisində yerləşən 1,84 ha torpaq sahəsində iddiaçının payı 1/6 hissədə müəyyən edilməklə naturada ayrılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehlər X2, Cavabdeh2, X7, Cavabdeh4 Rüfəddin oğlu və X1 alınıb AZ.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verilə bilər . Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.