Məhkəmə qərarları › İş №2(105)-811/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-811/2021

16.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-811/2021 16.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə,İddiaçı2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhər Corat bələdiyyənin sədri Cavabdeh qarşı «cavabdehin vəzifəli şəxsinin hərəkətlərinin qanunsuz hesab edilərək cavabdehlər tərəfindən iddiaçılara vurulmuş maddi və mənəvi zərərlərə görə pul tutulması tələbinə» dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)3432/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)3432/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Azər İsmayılov) Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhər Corat bələdiyyənin sədri Cavabdeh qarşı «cavabdehin vəzifəli şəxsinin hərəkətlərinin qanunsuz hesab edilərək cavabdehlər tərəfindən iddiaçılara vurulmuş maddi və mənəvi zərərlərə görə pul tutulması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Corat Bələdiyyəsinin və bələdiyyənin vəzifəli şəxslərinin hərəkətləri qanunsuz hesab edilməsi, iddia üzrə cavabdeh Sumqayıt şəhər Corat Bələdiyyəsi 2013-cü ildən başlayaraq onlara məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 2391 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozmaq və torpağı ələ keçirmək üçün müxtəlif əsassız və qanunsuz iddialar yazmaqla onların hər birinə vurduqları 10.000 (on min) manat maddi zərərin Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2391 saylı bağ sahəsinin onlara məxsus olmasını bilə-bilə Sumqayıt şəhər Corat Bələdiyyəsinin sədri qəsdən həmin torpağın bir hissəsini Elman Ağayev adlı şəxsə satmaqla pulunu mənimsəyərək hər birinə 15.000 (on beş min) manat olmaqla ümumilikdə 50.000 (əlli min) manat maddi zərərin cavabdehlərdən tutularaq onlara ödənilməsinə dair və həmçinin cavabdehin qanunsuz hərəkətləri müqabilində yeddi il məhkəmələrdə qaldığından, yaşadığı evə hər il yeni məhkəmə bildirişləri göndərməklə onu və ailəsini qorxu içərisində saxlamaları, hər dəfə torpaq sahəsinə müxtəlif işçiləri göndərərək torpağı boşaltmaq kimi hədələr etməsi, bu kimi xəbərlərdən sarsıntı keçirib aylarla xəstə yatmağının, müalicələr götürməyinin, məhkəmələr müddətində səhhətinə vurulmuş zərərləri əlavə olaraq 20.000 (iyirmi min) manat mənəvi zərər olaraq cavabdehlərdən tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, Sumqayıt şəhər Corat bağlar massivində yerləşən sahəsi 0,25 hektar olan 2391 saylı bağ torpaq sahəsi üzərində tikilmiş bağ evi ilə birlikdə 1961-ci ildən X2 qanuni istifadəsində olmuş, sonradan 1985-ci ildə həmin bağ sahəsi X2 razılığı ilə Mehdiyev Hətəmxan Allahqulu oğlunun və onun ailə üzvlərinin istifadəsinə keçmişdir. 2000-ci ildə Mehdiyev Hətəmxan Allahqulu oğlu həmin bağ sahəsində yaşadığı vaxt elektrik cərəyanının vurması nəticəsində vəfat etmiş, bundan sonra mərhum Mehdiyev Hətəmxan Allahqulu oğlunun ailə üzvləri olaraq iddiaçılar Sumqayıt şəhəri, Corat Bağlar massivində yerləşən sahəsi 0.25 hektar olan, 2391 saylı bağ torpaq sahəsi üzərində tikilmiş bağ evində yaşamaqda davam etmişlər. İddiaçı1 2005-ci ildə ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək, 1985-ci ildən etibarən istifadəsində olan 2391 saylı bağ torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi ilə bağlı müraciət etdikdə, oradan iddiaçıya hər bir vətəndaşın adına yalnız 0.12 hektar torpaq sahəsinin sənədləşdirilə bilinməsi bildirilmişdir. Ona görə də, bələdiyyə əməkdaşlarının təklifi ilə faktiki olaraq istifadədə olan 2391 saylı bağ torpaq sahəsinin 0,12 hektarından ibarət hissəsini onun, digər 0,12 hektardan ibarət hissəsini isə iddiaçının, yəni İddiaçı1 adına sənədləşdirmək qərarına gəlmişlər. Sözügedən bağ sahəsinin bir hissəsinə 2391 digər hissəsinə isə B-2391 nömrəsi verilmişdir. Bundan sonra onlar hər biri ayrı-ayrılıqda Sumqayıt Bələdiyyəsinə müraciət edərək istifadədə olan bağ torpaq sahələrinin öz adına sənədləşdirilməsini xahiş etmişlər. Sumqayıt şəhər Bələdiyyəsindən həmin zaman bildirilmişlər ki, torpaq sahəsinin alqı-satqısı üçün bələdiyyə xəzinəsinə hər bir torpaq sahəsi üçün 3.000000 (həmin dövrdə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq, üç milyon) manat məbləğində pul ödənilməlidir. Onlar həmin pul məbləğlərini Sumqayıt Şəhər Bələdiyyəsinin Xəzinəsinə ödəmişdir. Sonra Sumqayıt şəhər Bələdiyyəsi xx xxxxxxx 2006-cı il tarixli, 1740 saylı və xx xxxxxxx 2006-cı il tarixli, 1748 saylı məktubla Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə müraciət edərək, onların adına bağ torpaq sahələrinin sənədləşməsi üçün rəy verilməsini xahiş etmişlər. Həmin vaxt Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən İddiaçı1 adına B-2391 saylı bağ torpaq sahəsinin və onun adına 2391 saylı bağ torpaq sahəsinin planı çəkilmişdir. Lakin onlara məlum olmayan səbəblərdən bağ torpaq sahələrinin adlarına keçirilməsi ilə bağlı sənədləşmə işləri yekunlaşdırılmamış və ölkədə yerli özünü idarə orqanları yaradıldıqdan sonra sözü gedən ərazilər Sumqayıt şəhər Corat Bələdiyyəsinin balansına verilmişdir. Sumqayıt şəhəri, Corat bağlar massivində yerləşən sahəsi 0.25 hektar olan 2391 saylı bağ torpaq sahəsi üzərində 1985-ci ildən etibarən atası Mehdiyev Hətəmxan Allahqulu oğlunun və onun ailə üzvləri olaraq onların əvəzsiz mülkiyyət hüququ yaranmışdır. 2000-ci ildə Mehdiyev Hətəmxan Allahqulu vəfat etdiyi üçün onların Sumqayıt şəhəri, Corat bağlar massivində yerləşən sahəsi 0.25 hektar olan 2391 saylı bağ torpaq sahəsi üzərində yaranmış hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin əvəzində cavabdeh olan Sumqayıt şəhəri Corat Bələdiyyəsi onların xəbəri olmadan istifadədə olan 2391 saylı bağ torpaq sahəsinin bir hissəsini X1 adlı şəxsə satmış və bu səbəbdən onların istifadəsində 2000 kvadrat metr olan 2391 nömrəli bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişlər. Bu səbəbdən 1985-ci ildən etibarən 27 il ərzində ailənin daimi yaşayış yeri olmuş Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 2391 saylı bağ torpaq sahəsi üzərində onların əvəzsiz mülkiyyət hüququ yaranması faktı tanınmaqla, bu hüququn dövlət qeydiyyatına alınması barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt şəhər Məhkəməsi tərəfindən xx xxx 2013-cü il tarixli, 2(060)- 2506/2013 saylı qətnaməsi ilə onların bağ torpaq sahəsi üzərində əvəzsiz mülkiyyət hüququnun tanınması barədə iddia tələbləri təmin olunsa da Sumqayıt şəhəri Corat Bələdiyyəsinin vəzifəli şəxsləri müxtəlif maneələr yaratmaqla halal olaraq əldə etdikləri və onlara məxsus, hazırda mülkiyyətçisi olduğu torpağı müxtəlif yollarla ələ keçirməyə cəhd elmişlər. Məhkəmə qətnaməsi Sumqayıt şəhəri Corat Bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə qədər mübahisələndirilmiş, hətta onlara məxsus torpaq sahəsini onların xəbəri olmadan cavabdeh bələdiyyənin sədri qanunsuz olaraq Elman Ağayev adlı şəxsə satması və pulunu mənimsəməsi kimi hallar azmış kimi, atasından qalan bağ torpaq sahəsini zəbt etmək kimi xam xəyallara düşərək, müxtəlif tipli və müxtəlif mövzularla 7 (yeddi) ildir ki, onlara qarşı məhkəmələrdə qəsdən qanunsuz və qərəzli iddialar qaldırmaqla onlara mənəvi sarsıntı yaşatmaqla məşğuldurlar. Cavabdehlərin hər dəfə bu cür sübuta əsaslanmayan iddiaları qaldırmaqla bilavasitə və tənha qadın olaraq anasına mənəvi iztirablar verməklə, müxtəlif insanları qapılarına göndərməklə ərazinin, torpağın zorla boşaldılmasına nail olmağa çalışmaları kimi hallar onlara maddi və mənəvi sarsıntı yaşatmaqla bərabər, maddi və mənvi zərər vurmaqla yanaşı, həmçinin torpaq üzərində mülkiyyət hüquqlarını da pozmağa cəhd göstərmişlər. Bu istiqamətdə ailənin başsız olmasından sui istifadə edərək əlehinə istənilən xərclər çəkməklə, torpağından, evindən çıxartmağa pullar sərf etmişlər. Sumqayıt şəhər Corat Bələdiyyəsi 2013-cü ildən başlayaraq iddiaçını və oğlunu Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 2391 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozmaq və torpağı ələ keçirmək üçün müxtəlif əsassız və qanunsuz iddialar yazmaqla məhkəmə variantlarından istifadə edərək, onların hər birinə 10.000 manat maddi zərər vurmuşdur. Sumqayıt şəhəri, Corat bağlan ərazisində yerləşən 0.25 ha torpaq sahəsfndən ibarət 2391 saylı bağ torpaq sahəsinin onlara məxsus olmasını bilə-bilə Sumqayıt şəhər Corat Bələdiyyəsinin sədri qəsdən həmin torpağın bir hissəsini Elman Ağayev adlı şəxsə satmaqla pulunu mənimsəyərək hər birinə 15000 manat olmaqla ümumilikdə 50000 manat maddi zərər vurmuşlar. Sumqayıt şəhər Corat Bələdiyyəsi hər dəfə məhkəmələrdə tələbin cüzi mahiyyətini dəyişməklə onlara məxsus olan eyni bağ torpaq sahəsi ilə bağlı müxtəlif iddialar qaldıraraq onları yeddi il ərzində yay-payış-qış bilmədən məhkəmələrə aparıb gətirtmişlər. Cavabdehin onlara qarşı hərəkətləri müqabilində səhhətində xeyli geriləmələr müşahidə olunmaqdadır. Həmçinin cavabdeh Sumqayıt şəhər Corat Bələdiyyəsi və onun sədri bu yeddi il ərzində yaşadığı evə hər il yeni məhkəmə bildirişləri göndərməklə onu və ailəsini qorxu içərisində saxlamışdır. Sumqayıt şəhər Corat Bələdiyyəsinin onlara qarşı qurduğu məhkəmələrdə iştirak etmək üçün nümayəndə və vəkilə xərclər çəkərək, pullar ödəmişdir. Bütün bu göstərdiklərinin səbəbkarı olan Sumqayıt şəhər Corat Bələdiyyəsindən və onun sədrindən onlara vurulan mənəvi zərərə görə ümumilikdə əlavə 20000 (iyirmi min) manat pul da tələb edir. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)3432/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dari qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdeh Sumqayıt şəhər Corat bələdiyyənin sədri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi üçün sübutun təqdim edilməməsi əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassızdır, belə ki, iddiaçı öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin müddəalarına əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərarın nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Hazırki işdən görünür ki, iddiaçılar öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş materiallarından görünür ki, iddiaçı qətnamənin ləğv edilməklə iddiasının təmin edilməsini xahiş etsə də iddiasını və apelyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmamalıdır. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)3432/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar