Məhkəmə qərarları › İş №2(105)-836/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-836/2024

29.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-836/2024 29.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliyi üzrə əmlaka dair sənədlərin təhvil verilməsii) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı arayışın verilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(060)-4780/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları:

1. İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 28 fevral 2008-ci il tarixli, 70 saylı «Kooperativ mənzil tikintisi haqqında» müqavilədən görünür ki, həmin müqaviləyə əsasən MTK Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Qızılqum” yaşayış massivi, ev 7A, 8 saylı 93 kv metr olan 3 otaqlı mənzili payçı İddiaçı təhvil verməyi, payçı isə mənzilin dəyərini MTK-ya ödəməyi öz öhdələrinə götürmüşlər.

2. "xxxx" MTK tərəfindən verilmiş 05 fevral 2008-ci il tarixli arayışdan görünür ki, İddiaçı 3 otaqlı mənzilin 93 kvadrat metr yaşayış sahəsinin dəyərini tam ödəmişdir.

3. "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2008-ci il tarixində Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Qızılqum” yaşayış massivi ev 7A, 8 saylı 93 kv metr olan 3 otaqlı mənzil üçün göstərilən mənzil kommunal xidmətləri hər kv-metri 0,25 manat olmaqla, ümumən 23,25 manat təşkil edir. Buna baxmayaraq, İddiaçı göstərilən mənzil kommunal xidmətlərinin haqqını tam ödəməmişdir və nəticədə 1725 manat qalıq borc yaranmışdır. Qalıq borc ödənildikdən sonra lazım olunan arayış veriləcək.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı « mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı arayışın cavabdehin üzərinə öhdəlik qoyulma tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2008-ci il tarixdə "xxxx" MTK ilə “Mənzil tikintisi haqqında” müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən, «Kooperativ» inşa ediləcək binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 8 saylı mənzili «Payçı»ya təhvil verməyə öhdəsinə götürmüşdür. Tərəfindən xx.xx.2008-ci il tarixdə həmin mənzilin pay haqqı tam şəkildə ödənilmişdir. Həmin mənzil üzərində mülkiyyət hüqunun dövlət qeydiyyatına alınması ilə bağlı "xxxx" MTK-ya ərizə ilə müraciət edərək, Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Qızılqum” yaşayış massivində "xxxx" MTK-nın inşa etdiyi binanın 1-ci girişində 3-cü mərtəbəsində yerləşən 8 saylı mənzilinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsindən çıxarışın alınması məqsədi ilə tələb olunan sənədlərin MTK tərəfindən verilməsini təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə cavab məktubunda bildirmişdir ki, xx.xx.2008-ci il tarixində Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Qızılqum” yaşayış massivi ev-7A, 8 saylı 93 kv.metr olan 3 otaqlı mənzil üçün göstərilən mənzil kommunal xidmətləri hər kv metri 0,25 manat olmaqla, ümumən 23,25 manat təşkil edir. Buna baxmayaraq, İddiaçı göstərilən mənzil kommunal xidmətlərinin haqqını tam ödəməmişdir və nəticədə 1725 manat qalıq borc yaranmışdır. Qalıq borc ödənildikdən sonra lazım olunan arayış veriləcək. Hazırda cavabdehin imtinası ilə razı olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən xx.xx.2008-ci il tarixli “kooperativ mənzil tikintisi haqqında” 70 saylı müqaviləyə əsasən iddiaçının payçı olduğu Sumqayıt şəhəri, 6- cı mikrorayon, “Qızılqum” yaşayış massivi, ev 7A, 8 saylı 93 kv metr olan 3 otaqlı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı arayışın verilməsinin cavabdeh "xxxx" MTK-nın üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Qeyd edilənlərə əsasən, iddia tələbi təmin edilməlidir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(060)-4780/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia təmin edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında 28 fevral 2008ci il tarixli, 70 saylı «Kooperativ mənzil tikintisi haqqında» müqavilə bağlanmış, iddiaçı pay haqqını tam həcmdə ödəmiş, mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı arayışın verilməsi ilə bağlı cavabdeh "xxxx" MTK-ya müraciət etmiş, lakin MTK arayışın verilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının pay haqqını tam şəkildə ödəməsi, iddiaçının həmin mənzilə dair hüquqlarının rəsmiləşdirilməli olmasını nəzərə alaraq "xxxx" Mənzil Tikinti Kooperativinin mübahisəli mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı arayışın verilməsindən imtinasını əsassız hesab etmiş və iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1 maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1, 113.2, 113.3-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh "xxxx" MTK qətnamədən apellyasiya şikayəti vermişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə lazımi qədər araşdırma aparmamış, nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 05 fevral 2008-ci il tarixli arayışa istinad edərək hesab etmişdir ki, İddiaçı 3 otaqlı mənzilin 93 kvadrat metr yaşayış sahəsinin dəyərini tam ödəmişdir. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Qızılqum” yaşayış massivi ev 7A, 8 saylı 93 kv metr olan 3 otaqlı mənzil üçün göstərilən mənzil kommunal xidmətləri hər kv-metri 0,25 manat olmaqla, ümumən 23,25 manat təşkil edir. Buna baxmayaraq, İddiaçı göstərilən mənzil kommunal xidmətlərinin haqqını tam ödəməmişdir və nəticədə 1725 manat qalıq borc yaranmışdır. Qalıq borc ödənildikdən sonra lazım olunan arayışın verilməsi təmin olunacaqdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. İşə baxan məhkəmə "xxxx" Mənzil Tikinti Koopertivi rəhbərinin və ya nümayəndənin iştirakı olmadan məhkəmə iclasları keçirmiş, bununla da çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə mənzilə görə ödəməni qeyd etsə də, mənzil kommunal xidmətlərinin haqqının ödənməməsini, 1725 manat kommunal borcun olmasına əhəmiyyət verməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin heç bir əsası yoxdur və məqsəd yalnız qanuni qətnamənin icrasının yubadılmasına nail olmaqdan ibarətdir. Onun iddia tələbi əsaslı və qanunidir. O, mübahisəli mənzilə dair "xxxx" MTK ilə arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Mənzil tikintisi haqqında” müqavilənin şərtlərini icra etsə də, MTK qərəzli şəkildə əmlak üzərində hüquqlarını qeydə aldırmaq üçün müvafiq arayışı ona təqdim etməkdən boyun qaçırır. İşə baxan məhkəmə bu halları lazımi qaydada araşdırmış və əsaslı qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin rədd edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

13. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirməklə, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Kollegiya, Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyası; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbay toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülk verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir Maddə 442. Öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur

17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113-cü maddəsinin ümumi məzmununa əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Şikayət qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Tələb öhdəliyin qarşılıqlı icrasından irəli gələn, yəni cavabdeh tərəfindən iddiaçıya satılmış mənzillə bağlı sənədlərin (arayışın) iddiaçıya təhvil verilməsi barədədir.

22. İşin faktiki hallarından müəyyən olunur ki, cavabdeh çoxmənzilli, hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə də məşğul olan hüquqi şəxsdir.

23. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, İddiaçılə cavabdeh "xxxx" MTK arasında 28 fevral 2008-ci il tarixli, 70 saylı «Kooperativ mənzil tikintisi haqqında» müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MTK Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Qızılqum” yaşayış massivi, ev 7A, 8 saylı 93 kv metr olan 3 otaqlı mənzili payçı İddiaçı təhvil verməyi, payçı isə mənzilin dəyərini MTK-ya ödəməyi öz öhdələrinə götürmüşlər.

24. İşin mübahisə olunmayan hallarından görünür ki, İddiaçı sözügedən mənzillin dəyərini tam olaraq cavabdeh MTK-ya ödəmişdir.

25. İddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq cavabdeh MTK mənzil üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün lazımı arayışı sonuncuya vermir.

26. Cavabdeh MTK iddiaya etirazını, həmçinin apellyasiya şikayətini onunla əsaslandırır ki, mübahisəli mənzilə dair iddiaçının kommunal xidmətlər üzrə borcu (1725 manat) mövcuddur. Həmin borc ödəndiyi təqdirdə hazırkı iddia tələbində tələb olunan mübahisəli mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı arayışın verilməsi təmin ediləcəkdir.

27. İşin faktiki hallarından çıxış edərək kollegiya qeyd edir ki, tərəflər arasında mübahisəli mənzilin əldə edilməsinə dair müqavilənin bağlanması, habelə müqavilə üzrə mənzilin razılaşdırılmış dəyərinin iddiaçı tərəfindən ödənilməsi işin mübahisəsiz halıdır. Cavabdeh MTK hazırkı iddia tələbini dolayısıyla qəbul edir. Lakin iddia tələbinə etirazını yalnız mənzilə dair kommunal borcun ödənilməməsi ilə əsaslandırmışdır.

28. Apellyasiya kollegiyası şikayətin dəlillərini əsassız hesab edir və öz mövqeyini bu cür əsaslandırır ki, yuxarıda qeyd olunan hüquq normalarının ümumi mahiyyətinə əsasən kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır.

29. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır

30. Göründüyü kimi cavabdeh tərəf müqavilə şərtlərini birtərəfli qaydada pozmaqla, üzərinə götürmüş öhdəlikləri icra etmir və əlavə olaraq tikinti bazarında öz üstün mövqeyindən çıxış etməklə, müqavilə şərtlərində qeyd olunmayan və digər bir mübahisənin predmetini yaranmış vəziyyətdən istifadə edərək yararlanmağa və həll etməyə çalışır.

31. Cavabdehin qeyd olunan əsasla (kommunal borcun olması) müvafiq arayışın verilməsindən imtina etməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Bu hissədə kollegiya izah edir ki, mövcud kommunal borcun ödənilməməsi həmin borcun ödənilməsini məhkəmə qaydasında tələb edilməsi üçün subyektiv hüququna malik şəxslərin məhkəməyə müraciət hüququnu istisna etmir. Lakin hazırkı formada qeyd olunan dəlillər apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

32. Mülki Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir

33. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

34. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.

35. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu müəyyən etdiyinə görə mübahisələndirilən müqavilə üzrə cavabdeh razılaşdıqları şərtlər əsasında müqaviləni icra etməli idi.

36. Sadalananları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz.

37. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(060)-4780/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar