Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-843/2025 05.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-466/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) İddiaçı Cavabdehnə qarşı Cavabdeh MMC-dən ona dəymiş 432000 manat maddi və 70000 manat mənəvi ziyan olmaqla, cəmi 502000 manat pulun alınıb ona verilməsinə dair qətnamə və cavabdehin əməlində cinayət tərkibi olduğundan bu barədə xüsusi qərar çıxarılması barədə iddiası rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ona dəymiş 432000 manat maddi və 70000 manat mənəvi ziyan olmaqla, cəmi 502000 manat pulun alınıb ona verilməsinə dair qətnamə və cavabdehin əməlində cinayət tərkibi olduğundan bu barədə xüsusi qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2006-cı ildən bəri metallurgiya sahəsində işləyir və 12 may 2023-cü ildə əmək müqaviləsinə əsasən "xxxx" MMC-də işləməyə başlamışdır. 19 mart 2024-cü il tarixdə işdə əmək funksiyalarını yerinə yetirən zaman kimyəvi maddənin daşması nəticəsində ayağı yanmışdır. Bildirir ki, ayağında özünə məxsus olan ayaqqabı olmuşdur. Onlara müəssisədə işləyən zaman əməyin mühafizəsi qaydasında kaska və əlcək verilsə də çəkmə və digər vasitələr, o cümlədən, xüsusi paltar verilməmiş, beləliklə, əmək mühafizəsi qaydalarına əməl olunmamışdır. Hadisə nəticəsində onun ayağı ayaqqabının içərisində olmasına baxmayaraq yanmışdır. Onu həmin tarixdə heç bir yardım göstərmədən işdən buraxmışlar. O, yaşadığı evə gələrək orada, uzun müddətdir ki, müalicə olunur. Bildirir ki, 19 mart 2024-cü il tarixdən sonra əmək qabiliyyətini itirdiyindən işə getməmişdir. Ona mart ayı üçün əmək haqqı verilsə də sonrakı aylar üçün əmək haqqı və məzuniyyət pulu verilməmişdir. Sonradan X3 ilə yazışmalar zamanı əmək müqaviləsinə həmin tarixdə xitam verildiyini öyrənmişdir. Bildirir ki, cavabdeh təşkilatda işlədiyi müddətdə hər ay 2000 manat əmək haqqı almışdır. Belə ki, əmək haqqının 600 manatını kart vasitəsilə, 1400 manat məbləğində pulu isə əlbəəl almışdır. Qeyd edir ki, onunla cavabdeh təşkilat arasında bağlanmış əmək müqaviləsinin müddəti 12 may 2024-cü il tarixdə bitmişdir. Xəsarət almayacağı təqdirdə əmək müqaviləsinin müddəti uzadılacaqdı və yenidən həmin müəssisədə əmək fəaliyyətini davam etdirə bilərdi, beləliklə də hər ay 2000 manat əmək haqqı ala bilərdi. Bundan başqa o, həmin müəssisəyə işə girən zaman tam həkim müayinəsindən keçmiş və heç bir xəstəliyinin olmaması müəyyən edilmişdir. Kimyəvi yanıq aldıqdan sonra isə səhhətində problemlər yaranmış, hazırda daima təzyiqi yüksək vəziyyətdədir və ürəyində ağrılar əmələ gəlmişdir. Hazırda heç bir əmək fəaliyyəti ilə məşğul ola bilmir. Tez-tez yüksək təzyiqdən əziyyət çəkir. O, uzun müddətdir ki, müalicə olunur. Ayağındakı yanığa görə uzun müddətdir ki, hərəkət etməkdən məhrum olmuşdur. Ayağına hazırda da ayaqqabı geyinəndə əziyyət çəkir və hələ də müalicə olunur. Zavodun mühasibi olan Emin adlı şəxs ona köməklik edilməsinə razılıq vermiş, buna baxmayaraq ona kömək edilməmişdir. Sözügedən məsələ ilə bağlı o, hüquq mühafizə orqanlarına müraciət etmiş, Sumqayıt şəhər prokurorunun köməkçisi İll dərəcəli hüquqşünas İmran Əhmədovun icraatında olan 120C-24 saylı material üzrə 06 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan da aydın olur ki, həqiqətən də o, Cavabdeh MMC-də istehsalat sahəsi üzrə sobaçı kimi işlədiyi müddətdə xx.xx.2024-cü il tarixdə, saat 06 radələrində metal qırıntılarının sobaya atılması zamanı sobadan çıxan kiçik ölçüdə isti metal sağ ayağının barmaq hissəsinə düşərək ayağını yandırmışdır. Qeyd edilən qərarın 5-ci səhifəsində məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1115 saylı rəyinə istinad edilmişdir: İddiaçı bədəni üzərində aşkar edilmiş sağ ayağın İl barmağının orta (medail) falanqasından başlayaraq İl ayaq daraq sümüyü proyeksiyasında pəncənin ön səthini əhatə edən yarası aşkar olunmuş, həmin xəsarət yüksək hərarətin (qızmış metalın) təsirindən törənmiş, törəmə müddəti zərərçəkmişin müayinəsindən 6-12 ay əvvəl olmaqla qərarda göstərilən qaydada və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, özü-özünə yetirməyi istisna edir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Daha sonra o, Sumqayıt şəhər prokurorunun köməkçisi İll dərəcəli hüquqşünas İmran Əhmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan şikayət etməmişdir. Onun həmin müəssisədə xəsarət alması iddia ərizəsinə əlavə etdiyi Ombudsmanın 2-5/2- 15185/20024 saylı, 12 iyun 2024-cü il tarixli məktubundan, X3 Xidməti Abşeron-Xızı regional şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-T-33814/8/202 saylı məktubundan da bəlli olur ki, X3 Xidmətinin rəisinin xx.xx.2024-cü il tarixli, 3-17-5/3-2-430/2024 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən 19 mart 2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin tədqiqatı aparılır. Bildirir ki, bədənində yanıqlar yarandıqdan sonra dəfələrlə müəssisəsinin vəzifəli şəxsləri tərəfindən hədə-qorxulara məruz qalmışdır. Onu ailəsi ilə hədələmişlər, hərbi xidmətdə olan oğlunun harada olması ilə maraqlanıb xəsarət yetirmək istəmişlər. X6, mühasib Emil və başqa vəzifəli şəxslər olmuşdur. Müəssisənin rəhbəri çin millətindən olan Lee adlı şəxs də bu təzyiqlərin başındadır. Hazırda onun bədəninin müxtəlif yerlərində yanıqlar vardır. Onun 47 yaşı var və hələ pensiya yaşına çıxması üçün kifayət qədər uzun müddət vardır. Lakin kimyəvi yanıq nəticəsində səhhətində baş verən problemlərlə əlaqədar işləməkdə çətinlik çəkir. O, səhhətinin düzəlib-düzəlmədiyini də bilmir. Onun pensiya yaşına qədər 18 il müddəti vardır. Bu zaman hər ay 2000 manat əmək haqqı ala biləcəyi imkanını düşünərək 432000 manat pul itirir. Bundan başqa ona heç kimin yardım etməməsi, bu müddət ərzində, bir dəfə də olsun, onunla maraqlanmaması nəticəsində o, insanlıqdan soyumuş, heç kimə inamı qalmamış və inancı məhv olmuşdur. Bununla da ona 70000 manat məbləğində mənəvi ziyan dəymişdir. O, yaranmış mübahisə barədə X3 Xidmətinə şikayət etmiş, lakin onun müraciətinə indiyədək baxılmamış və heç bir nəticə əldə edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Tağıyev X2 Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, sözügedən qətnamə qəbul edilən tarixdə yəni xx.xx.2025-ci il tarixdə o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə prosesində iştirak edə bilməyəcəyinə dair əvvəlcədən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə yerləşdirmişdir ki, səhhətində olan ciddi problemə qan təzyiqi yüksəkliyi ilə əlaqədar iştirak edə bilməyəcəkdir. Məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Lakin məhkəmə öz qətnaməsinin giriş hissəsində onun iştirak etdiyini qeyd edib. Daha sonra da qətnamənin müəyyən etdi hissəsində onun izahat verməyini qeyd edib. Halbuki, həmin gün o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasları video-audio yazı ilə aparılır. Həmin günün video görüntüsünü tələb edib dediyinin həqiqət olduğunu görə bilər. Bundan başqa dövlət tərəfindən ona təyin olunan Vəkil2 o imtina etmişdir. Vəkildən imtina etməyinə dair ərizəni də Abşeron Rayon Məhkəməsinin dəftərxanasına təqdim etmişdir. Lakin o, vəkildən imtina etdiyi halda vəkil məhkəmədə iştirak etmişdir. Məhkəmə tətbiq olunmalı hüquq normaları baxımından düzgün qiymət verməyərək hesab etmiş ki, iddia tələbinə dair maddi və mənəvi zərər dəydiyinə dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmır və bildirir ki, məhkəmə işin hallarını tam araşdırmamışdır. Belə ki, o, Cavabdeh MMC-də işlədiyi vaxt xəsarət aldığına dair kifayət qədər sübutları iddia ərizəsinə əlavə etmişdir (xəstəxanadan müalicəsi haqqında epikrizləri, həkim reseptlərini və s). Lakin birinci instansiya məhkəməsi həmin sənədləri sübut hesab etməmişdir. Bundan başqa cavabdehin nümayəndəsi məhkəmədə izahatında bildirmişdir ki, o, prokurorluqda izahat verərkən hadisənin onun ehtiyatsızlığına görə baş verdiyini və Cavabdeh MMC-nin ona dəymiş ziyanı ödədiyini qeyd etmişdir. O, həmin izahatı ona görə vermişdir ki, MMC tərəfindən ona dəymiş ziyanın ödəniləcəyi vəd edilmiş, şikayət və tələbinin olamamasına dair izahat verməyi tələb edilmişdir. Eyni zamanda müxtəlif vaxtlarda ona hədə-qorxu gəlinmişdir. Ailəsiylə, hərbi xidmətdə olan oğluyla hədələnmişdir. Bundan başqa məhkəmə tərəfindən ona dəymiş ziyanla bağlı aidiyyatı ekspertiza keçirildiyi təqdirdə ona dəymiş ziyan aydınlaşdırıla bilərdi. Göründüyü kimi məhkəmə səhv nəticəyə gəlmişdir. Lakin Cavabdeh MMC tərəfindən onun xəsarətiylə bağlı DƏM-nə heç bir məlumat verilməyib. Bu məqamda baş vermiş hadisənin təhqiqatının aparılmasına lazimi şəraitin yaradılması üçün, hadisənin aktlaşdırılması üçün işəgötürən birbaşa cavabdehdir. Lakin cavabdeh orqan tərəfindən onun konstitusion hüququ pozulmuş və birinci instansiya məhkəməsi isə həmin pozuntuya göz yummuşdur. Lakin birinci instansiya məhkəməsi istinad etdiyi maddənin tələblərini pozmuş, onun əmək funksiyalarını yerinə yetirərkən sağlamlığına vurulan ziyanı görməzdən gəlmişdir. Onun tərəfindən məhkəməyə istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən sağlamlığına dəymiş ziyan barədə sübutlar məhkəməyə təqdim edilsə də, cavabdeh tərəfindən öz mövqeyi üzrə faktlar sübuta yetirilməmiş, buna dair məhkəmə iclasında yalnızca şifahi fikirlər bildirmişdir. Məhkəmə nəzərə almamışdır ki, onun iddia tələbini irəli sürməyində səbəb sağlamlığını itirməsi ilə əlaqəlidir. Tərəflərin arasında yaranmış mübahisə, vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir. Ona görə də məhkəmə tərəfindən işin hallarına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli idi. Məhkəmə tərəfindən ona dəymiş zərəri müəyyən etmək üçün xüsusi bilgiyə malik ekspertin rəyinin alınması və mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə məhkəmə ekspertizanın təyin edilməsi haqqında heç bir qərar qəbul etməmişdir. Göründüyü kimi məhkəmə heç bir araşdırma etmədən formal olaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən ona dəymiş ziyanla bağlı aidiyyatı ekspertiza keçirildiyi təqdirdə ona dəymiş ziyan aydınlaşdırıla bilərdi. Bundan başqa, məhkəmə iclasında istinad etdiyi halları, mövqeyini nəzərə almamışdır. Onun tərəfindən cavabdehin öz öhdəliklərinə götürdüyü xidmətin düzgün şəkildə yerinə yetirilmədiyinə dair sübutlar məhkəməyə təqdim edilsə də, cavabdeh tərəfindən öz mövqeyi üzrə faktlar sübuta yetirilməmiş, buna dair məhkəmə iclasında yalnızca şifahi fikirlər bildirmişdir. Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) faktlar sübuta yetirilməmiş, buna dair məhkəmə iclasında yalnızca şifahi fikirlər bildirmişdir. Məhkəmə nəzərə almamışdır ki, onun iddia tələbini irəli sürməyinə səbəb cavabdeh tərəfindən işlərin qüsurlu görülməsi nəticəsində ona dəymiş ziyandır. Tərəflərin arasında yaranmış mübahisə, vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir. Ona görə də məhkəmə işin hallarına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli idi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdehnə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehin əməlində cinayət tərkibi olduğundan bu barədə xüsusi qərar çıxarılması hissəsində ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini cavabdeh təşkilat tərəfindən ona 432000 manat məbləğində maddi və 70000 manat məbləğində mənəvi ziyanın dəydiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməməsi, eləcə də iddiaçının məhz cavabdeh təşkilatın təqsiri nəticəsində mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə İddiaçı tərəfindən mübahisələndirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı 12 may 2023-cü il tarixdən 11 may 2024-cü il tarixə qədər əmək müqaviləsinə əsasən "xxxx" MMC-də poladəridən vəzivəsində işləməsi, Əmək Məcəlləsinin 68.2 “b” əsasən 11 may 2024-cü il tarixli 133 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və 19 mart 2024-cü işdə olarkən metal qırıntılarının sobaya atılması zamanı sobadan çıxan kiçik ölçüdə isti metalın sağ ayağın barmaq hissəsinə düşərək ayağını yandırması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi barədədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Həmin Qərara əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasından asılı olmayaraq, həmin Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır. X1 Məhkəməsinin Plenumu qeyd etmişdir ki, əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. İş üzrə Sumqayıt şəhər prokurorunun 06 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, iddiaçı Cavabdeh MMC-də istehsalat sahəsi üzrə sobaçı kimi işlədiyi müddətdə xx.xx.2024-cü il tarixdə, saat 06 radələrində metal qırıntılarının sobaya atılması zamanı sobadan çıxan kiçik ölçüdə isti metal sağ ayağının barmaq hissəsinə düşərək ayağını yandırmışdır. Qeyd edilən qərarda istinad olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1115 saylı rəyinə əsasən İddiaçı bədəni üzərində aşkar edilmiş sağ ayağın İl barmağının orta (medail) falanqasından başlayaraq İl ayaq daraq sümüyü proyeksiyasında pəncənin ön səthini əhatə edən yarası aşkar olunmuş, həmin xəsarət yüksək hərarətin (qızmış metalın) təsirindən törənmiş, törəmə müddəti zərərçəkmişin müayinəsindən 6-12 ay əvvəl olmaqla qərarda göstərilən qaydada və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi özü-özünə yetirməyi istisna edir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Həmçinin işdən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı sağlamlığa zərərvurmayan xəsarət alması hadisəsi əsasında toplanmış material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, daha sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən toplanmış ilkin yoxlama materialı üzrə qəbul edilmiş 06 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilərək, material əlavə araşdırma aparılması üçün Sumqayıt şəhər prokurorluğuna göndərilmişdir. Sumqayıt şəhər prokurorluğu tərəfindən 10 fevral 2025-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə İddiaçı sağlamlığa zərərvurmayan xəsarət alması hadisəsi əsasında toplanmış material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi və inzibati məsuliyyət olmadığından cinayət işinin və inzibati icraatın başlanması başlanması rədd edilməsi qərara alınmışdır. Göründüyü kimi iddiaçı istehsalatda baş vermiş hadisəyə istinad edərək maddi və mənəvi zərərin ödənilməsi tələbini irəli sürsə də, hazırkı iş üzrə cavabdeh tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmaması və iddiaçının xəsarət almasında onun təqsirli olması işin araşdırılmış halları ilə öz təsdiqini tapmır. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1. və 21.2. maddələri). İddia tələbinin mənəvi zərərin tutulması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Nəzərə alınmalıdır ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Bu baxımdan məhkəmə kollegiyası mənəvi zərərin tutulması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası iddia tələbinin cavabdehin əməlində cinayət tərkibi olduğundan bu barədə xüsusi qərar çıxarılması hissəsinə gəldikdə isə qeyd edir ki, xüsusi qərardadın çıxarılması barədə iddiaçının xahişinə (vəsatətinə) iddia kimi baxaraq qətnamənin nəticə hissəsində bunu göstərməkdə məhkəmə haqlı olmamışdır. Belə ki, məhkəmə iddiaçının bu xahişinə iddia tələbi kimi yanaşaraq həmin hissədə də iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Halbuki məhkəməyə müraciət etmək hüququ ilk növbədə iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisənin dairəsi kifayət qədər geniş olsa da, iddiaçı bir-birindən maraqlı şəxslərin – proses tərəflərinin adları, iddiaçının müdafiəsi üçün xahiş etdiyi subyektiv maddi hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciət etməyinə əsas olmuş hallarla fərqlənirlər. İddiaçının ərizəsində, istərsə də ayrıca etdiyi bu xahiş tələb hüququ olmamaqla mahiyyət etibarı ilə prosessual vəsatətdir. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmənin xüsusi qərardadı məhkəmə aktının elə bir növüdür ki, o işə (iddia və ya digər növ ərizələrə) baxılması zamanı müəyyən olunmuş hər hansı şəxs tərəfindən qanunçuluğun pozulmasına məhkəmənin reaksiya verməsinin prosessual vasitəsi kimi çıxış edir. Odur ki, iddiaçının belə bir xahişi (vəsatəti) müstəqil iddia predmeti ola bilməz. Məhkəmə kollegiyası iddiaçının xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmədiyi halda onun iştirakının və izahatının məhkəmə qətnaməsində qeyd edilməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iddiaçı məhkəmənin hazırlıq iclaslarında, həmçinin xx.xx.2025, xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclaslarında iştirak etməklə izahat vermişdir. Birinci instansiya məhkəməsi qətnamədə həmin iclaslarda verilmiş izahatlarını, o cümlədən onun əvvəlki məhkəmə iclaslarında iştirakı ilə baxılmasını belə qətnamənin giriş hissəsində qeyd etmişdir. Bununla yanaşı, məhkəmə iclasının təxirə salınması barədə sübut və əsaslar əlavə etmədiyi üçün məhkəmə həmin ərizəni təmin etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsassız hesab edir. İddiaçının dövlət hesabına təyin olunmuş Vəkil2 müdafiəsindən imtina etdiyi halda, vəkilin məhkəmə iclasında iştirakını təmin etməsi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ərizəyə imtina üçün əsaslar əlavə etmədiyindən məhkəmə haqlı olaraq ərizəni təmin edilməməsi qənaətinə gəlməklə vəkilini hazırki prosesdən kənarlaşdırmamışdır. Buna görə də apellyasiya şikayətinin bu dəlili əsassızdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli qətnaməsi cavabdehin əməlində cinayət tərkibi olduğundan bu barədə xüsusi qərar çıxarılması hissəsində ləğv edilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli qətnaməsi cavabdehin əməlində cinayət tərkibi olduğundan bu barədə xüsusi qərar çıxarılması hissəsində ləğv edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-843/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-843/2025
05.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver