Məhkəmə qərarları › İş №2(105)-844/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-844/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-844/2023 10.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə üzrə pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(060)-44/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, Müəyyən etdi: İşin halları

1. Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Sumqayıt Regional ərazi şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin rəhbərliyinin təqdim etdiyi 01 nömrəli xx.xx.2021-ci il tarixli məktubuna və təsdiq edici sənədlərə əsasən məlum olmuşdur ki, o, xx.xx.2015-ci il tarixindən iş cəbhəsi açılana qədər ödənişsiz məzuniyyətə buraxılmış və xx.xx.2020-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xitam verilmiş və ona ödəniləcək son haqq hesab 2077.68 manat hesablanmışdır. Cəmiyyət xx.xx.2015-ci il tarixindən iş fəaliyyətini dayandırdığından onun son haqq hesabının ödənilməsi mümkün olmamışdır və işəgötürən tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta halına yol verilmişdir. Həmçinin müəssisə rəhbərliyi fəaliyyətə başladığı halda ona çatacaq son haqq hesabın ödəniləcəyini bildirmişdir. Bildirilir ki, Cəmiyyətin xx.xx.2015-ci il tarixindən iş fəaliyyətini dayandırdığı, “Kapital Bank” Sumqayıt filialının xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli arayışlarına əsasən müəssisənin hesabında vəsait olmadığı və halhazırda da müəssisənin fəaliyyət göstərmədiyi səbəbindən işəgötürənin inzibati məsuliyyətə cəlb edilməsi mümkün deyildir.

2. Sumqayıt Şəhər Prokurorluğunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Sumqayıt regional ərazi şöbəsinin İddiaçı ünvanladığı məktublardan görünür ki, yaranmış vəziyyətlə əlaqədar olaraq müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ olduğu izah olunmuşdur.

3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, son haqq-hesab vaxtında ödənilmədiyinin aşkarlanmasına baxmayaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin qeyd hissəsinə əsasən (əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallar) "xxxx" MMC tərəfindən əmək haqqının ödənilməməsi, qanunvericilikdə nəzərdə tutulmuş «işəgötürənin təqsiri üzündən» əmək haqqının gecikdirilməsi hallarına şamil edilmir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 5077.68 (beş min yetmiş yeddi manat altmış səkkiz qəpik) manat pulun, ödənilmiş 70.40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumunun, ilkin mediasiya prosesinin tətbiq edilməsi üçün ödədiyi 50 (əlli) manat olmaqla, cəmi 5198.8 (beş min yüz doxsan səkkiz manat səkkiz qəpik) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC-də Cavabdeh rəhbərliyi altında 2003-cü ildən 2020-ci ilədək sürücü vəzifəsində çalışmışdır. O, xx.xx.2015ci il tarixindən ödənişsiz məzuniyyətə buraxılmış və xx.xx.2020-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmiş və ona sonuncu haqq-hesab olaraq 2077.68 manat ödənilməsi üçün hesablanmışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh hər dəfə pulu verəcəyini deyib 3000 manat əmək haqqını ona ödənilmədiyindən işdən çıxmaq məcburiyyətində qalmış və ona son haqq-hesab 2077,68 manat məbləğində pul hesablanmışdır. Beləliklə cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh ona 5077.68 manat borcu yaranmışdır.

6. Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(060)-44/2023 nömrəli qətnaməsi ilə (hakim G.Tağızadə) iddia təmin edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" MMC-də 2003-cü ildən 2020-ci ilə qədər işləmiş, 11 may 2020-ci ildə sonuncu ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı əmrlə tanış edilmiş, əmrin surəti və əmək kitabçası ona təqdim olunmuşdur. Lakin iddiaçı qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti üzrlü səbəb olmadan ötürmüş, yalnız 2 il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bu müddətinin ötürməsini hər hansı bir vəziyyətlə əlaqəndirməmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının mübahisələndirdiyi əmr Əmək Qanunvericiliyinin tələblərinə riayət edilməklə verilmiş, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndi ilə müəyyən edilmiş əsasla xitam verilmiş, iddiaçı işdən azad edilərkən cavabdeh tərəfindən iddiaçının Əmək Qanunvericiliyində nəzərdə tutulan heç bir hüququ pozulmamışdır. Digər tərəfdən, iddiaçı yuxarıda qeyd edildiyi kimi, qanunla (Əmək Məcəlləsinin 296cı maddəsi) müəyyən edilmiş 1 təqvim ayı təşkil edən iddia müddətini üzrlü səbəb olmadan ötürmüşdür. İddia müddətinin ötürülməsi də iddianın rədd edilməsi üçün əsasdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 375.2, 377.1-ci maddələrinə, Əmək Məcəlləsinin 68.2, 396-cı maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 124.2, 106 və 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh "xxxx" MMC-də Cavabdeh rəhbərliyi altında 2003-cü ildən 2020-ci ilədək sürücü vəzifəsində çalışmışdır. O, xx.xx.2015-ci il tarixindən ödənişsiz məzuniyyətə buraxılmış və xx.xx.2020-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmiş və ona sonuncu haqq-hesab olaraq 2077.68 manat ödənilməsi üçün hesablanmışdır. Xüsusi ilə qeyd edir ki, "xxxx" MMC xx.xx.2015-ci il tarixində öz fəaliyyətini dayandırsa da, o, xx.xx.2015-ci il tarixindən ödənişsiz məzuniyyətə buraxılsa da, "xxxx" MMC-nin direktoru Cavabdeh ona təklif etmişdir ki, o, şəxsi sürücüsü kimi çalışsın və bunun müqabilində ona ayda 600 manat əmək haqqı ödəsin. O, da rəhbərliyinin bu iş təklifi ilə razılaşmışdır. Lakin həmin müddətdə Cavabdeh ona ödənilməli əmək haqqını tam ödəmədiyindən, hissə-hissə ödədiyindən cavabdehin ona 3000 manat məbləğində pul borcu yaranmışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh “Sumqayıt Tikinti Quraşdırma Tresti-1»MMC-nin direktoru Cavabdeh hər dəfə pulu verəcəyini deyib 3000 manat əmək haqqını ona ödənilmədiyindən işdən çıxmaq məcburiyyətində qalmış və ona son haqq-hesab 2077,68 manat məbləğində pul hesablanmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, 2003-cüi il tarixdən 2020-ci ilədək sözügedən təşkilatda işləmişdir. 2014-cü ilədək müqavilə əsasında işləmiş, 2014-cü ildən 2020-ci ilədək öz hesablarına məzuniyyətə buraxılıb. Pulunun ala bilməməsi ilə bağlı ilk olaraq 2021-ci ildə Əmək Müfəttişliyinə müraciət etmiş, lakin həmin orqan məhkəməyə müracət etmək hüququnu ona izah etmişlər. Həmin idarədə rəhbər daim Cavabdeh olub. 2020-ci ilədək adı həmin müəssisdə gedib, o da həmin idarədə Cavabdeh sürücüsü olub. İndi ala bilmədiyi əmək haqqını tələb edir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf səbəb və mümkünsüzlüynü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur. 288-ci maddəsinin “h” bəndinə görə fərdi əmək mübahiələrinin həlli zamanı həmçinin işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi məsələləri nizama salınır. 290-cı mаddəsinin 3-cü bəndinə əsаsən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(060)-44/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin tam ləğv edilib, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(060)-44/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə digər əsaslarla iddia təmin edilməməlidir.

19. Belə ki, iddia tələbinin mahiyyətindən görünür ki, tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmaqla, pul tələbidir.

20. Öyrənlən işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı 2003-cü ildən 2020-ci ilə qədər "xxxx" MMC-də işləmiş, 11 may 2020-ci ildə onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

21. İşin tədqiqi zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında hər hansı rəsmi və ya şifahi razılığın olması iş materialları ilə sübut olunmur, əksinə iddiaçı həm iddia ərizəsində, həm birinci instansiya məhkməsinin, həm də apellyasiya icraatı zamanı "xxxx" MMC-də işlədiyini cavabehin də həmin müəssisənin rəhbəri olduğunu etiraf etmişdir. Lakin kollegiya tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı, Cavabdeh şəxsi öhdəlik daşıması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

22. Lakin iş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh kimi "xxxx" MMC-ni deyil, fiziki şəxs kimi İddiaçı göstərmiş, tələbini də məhz həmin şəxsə yönəldərək, pulu sonuncudan tələb etmişdir.

23. Ona görə də kollegiya belə qənaətə gəlir ki, cavabdeh hazırkı mübahisə predmeti ilə bağlı fiziki şəxs kimi cavabdehlik daşımayan şəxs olduğundan tələb də ona qarşı yönələ bilməz.

24. Kollegiya qeyd etməyi vacib bilir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

25. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

26. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmalı və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmalıdır.

27. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı hüquqi dəyərləndirmə apararaq qeyd edir ki, birinci instansiya məhkəməsi tələb üzrə tərəflər arasındakı qarşılıqlı münasibətə düzgün hüquqi qiymət verməmiş, cavabdehin hazırki iddia üzrə cavab verməli olan şəxs kimi subyektiv hüququn daşıyıcısı olub-olmamasına əhəmiyyət verməmiş, iddia tələbini müddətin keçməsi səbəbilə rədd etmişdir.

28. Kollegiya bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

29. Ona görə də kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi, lakin əsaslandırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas olsa da, iddianın təmin olunması üçün əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(060)-44/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. iddiaçı X2 cavabdeh “Sumqayıt Tikinti Quraşdırma Tresti-1» MMC-nin direktoru Cavabdeh qarşı “pul tələbinə” dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar