Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-849/2023 27.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X4 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və X1 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X4 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin bölünməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, e-2(060)-1647/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh və maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X4 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda 0,0250 ha, ünvan 2nə iddiaçının və cavabdehin paylarının naturada ayrılması, hazırki iddia tələbinə görə ödədiyi 101 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, e-2(060)- 1647/2023 nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır.
3. İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, e-2(060)-1647/2023 saylı qərardadının ləğv olunması və ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, e-2(060)- 1647/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1647/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərardadından verdiyi şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1, 35.1, 151.1, 149.2.2, 152.1.1, 152.1.3 maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən aidiyyat qaydalarının pozulmaması, iddia tələbində iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsində manelərin olması, payın naturada ayrılması (bölünməsi) daşınmaz əmlakın olduğu yerdə yəni Sumqayıt Şəhər Məhkəməsində baxılması daha məqsədə müvafiq olması qeyd edilmişdir. Mübahisəli torpaq sahəsinə yerli baxış, o cümlədən İİİ şəxs DƏDKR publik hüquqi şəxsin 2 saylı Sumqayıt Şəhər Ərazi İdarəsinin cəlb olunması nəzərə alınması qanuna uyğun olması baxımından, AR MPM-nin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilməsi şikayətdə qeyd olunmuşdur. Belə ki, iddiaçı torpaq sahəsi üzərində mülkiyyətçi kimi sərəncam vermək hüququ cavabdeh tərəfindən pozulması, onun vərəsə kimi zamanında mirasın qəbulunda yaratdığı süni manelər olmaqla yanaşı, hal-hazırda da həmin torpaq sahəsində sərəncam vermək hüququnun reallaşdırılmasına mane olmasıdır. Hal-hazırda da o, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardaddan şikayət vermək hüququna əsaslanaraq həmin qərardadı mübahisələndirmək qərarına gəlmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
8. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, e-2(060)-1647/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, e- 2(060)-1647/2023 saylı qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
9.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM):
Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 402.2 və 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
10.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, e-2(060)-1647/2023 nömrəli və bununla bağlı 24 fevral 2023-cü il tarixli, e-2(060)-1647/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsi və əlavə edilmiş sənədlərin qaytarılmasına dair mövqeyini İddiaçı tərəfindən aidiyyət qaydalarına əməl olunmayaraq iddia ərizəsinin Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunması, cavabdehin yaşayış yerinin Sumqayıt şəhəri olması barədə məlumatların idda ərizəsində düzgün qeyd olunmaması, iddia ərizəsinin cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olması, işin ərazi üzrə aidiyyətinin müəyyən olunmasının gələcəkdə qətnamənin icrasının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etməsi ilə əsaslandırmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdeh rəsmi qaydada ünvan 3 ünvanında qeydiyyatdadır. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və şikayətin dəlili olaraq MPM-nin 39.1-ci maddəsinin tələbi baxımıdan iddiaya Sumqayıt Şəhər Məhkəmsində baxılmalı olmasını və iddia ərizəsinin forma və məzmunu ilə bağlı qanuvericiliyin tələblərinə əməl edildiyini göstərmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilini əsassız hesab edir və bununla bağlı qeyd edir: Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 aprel tarixli Qərarında göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsin əsasən Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddənin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; -sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Göründüyü kimi, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir ki, hazırki iddia tələbi həmin maddənin təsiri dairəsinə düşmür. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda sadalanan müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, e-2(060)-1647/2023 nömrəli və bununla bağlı 24 fevral 2023-cü il tarixli, e-2(060)-1647/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.