Məhkəmə qərarları › İş №2(105)-85/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-85/2021

01.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-85/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi İddiaçılar Məmmədov Bəxtiyar Ağamir oğlu, Salamova (Məmmədova) Raidə Bəxtiyar qızının və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin nümayəndəsi Əliyev Qəhrəman Həmdulla oğlunun iştirakları ilə İddiaçılar Məmmədov Bəxtiyar Ağamir oğlu, Məmmədova Əsmər Bəxtiyar qızı, Salamova (Məmmədova) Raidə Bəxtiyar qızı və Bağırova (Məmmədova) Zöhrə Bəxtiyar qızının cavabdeh Məmmədov Ümüd Bəxtiyar oğluna qarşı ümumi birgə mülkiyyətin naturada bölünməsi tələbinə dair mülki iş üzrə Xızı Rayon Məhkəməsinin 2(068)-62/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsindən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xızı Rayon Məhkəməsinin 2(068)-62/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən JN-0047, kod 30603015 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Məmmədova Əsli Rəcəbəli qızının, Məmmədov Bəxtiyar Ağamir oğlunun, Məmmədova Əsmər Bəxtiyar qızının, Məmmədova Raidə Bəxtiyar qızının, Məmmədova Zöhrə Bəxtiyar qızının və Məmmədov Ümüd Bəxtiyar oğlunun paylı mülkiyyətinə verilmiş 3,0 ha torpaq sahəsi tərəflər arasında bərabər şəkildə, yəni hər birinə 5000 kv.metr sahə düşməklə bölünməsi və payların naturada ayrılması, cavabdeh Məmmədov Ümüd Bəxtiyar oğlundan 100 (yüz) manat ekspertiza xərcinin tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim İsgəndər Hacıyev). Qətnamədən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 2 saylı Ərazi İdarəsi apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçılar Məmmədov Bəxtiyar Ağamir oğlu, Məmmədova Əsmər Bəxtiyar qızı, Salamova (Məmmədova) Raidə Bəxtiyar qızı və Bağırova (Məmmədova) Zöhrə Bəxtiyar qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xızı rayonu Giləzi qəsəbəsində yerləşən, Xızı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli qərarına əsasən paylı mülkiyyətlərinə verilmiş 3.0 hektar torpaq sahəsinin hər birinə 0.5 ha olmaqla bölünməsi və payların naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Xızı rayonu Giləzi qəsəbəsində yaşayır. Xızı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli qərarı ilə Xızı rayonu Giləzi qəsəbəsi ərazisində 3.0 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən onlara verilmiş və həmin torpaq sahəsi paylı mülkiyyət olmaqla xx xxxxxx 1999-cu il tarixli JN 0047, kod 30603015 olan Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Qeyd olunan Dövlət Aktı ilə onun və ailə üzvlərinin mülkiyyət hüquqları tanınmışdır. Torpaq sahəsinin ölçüləri müəyyən olunmuş və hər bir ailə üzvünə 0.5 ha olmaqla, ümumilikdə 3.0 hektardan ibarət olmuşdur. Sözügedən torpaq sahəsi sənəd üzərində hər birinə 0.5 ha göstərilsə də, real olaraq naturada bölünməmişdir. Onlar faktiki olaraq həmin torpaq sahəsindən istifadə edə bilmirlər. Belə ki, oğlu - Məmmədov Ümüd Bəxtiyar oğlu 2014-cü ilin may ayında Bakı şəhərində kirayə qalaraq, işləyəcəyini bildirərək evdən çıxmış və Bakı şəhərinə getmişdir. Təxminən 10 gün sonra oğlunun dostlarından eşitmişdir ki, oğlu Suriya və İraqda gedən silahlı münaqişələrdə iştirak etmişdir. Bu barədə dəfələrlə Daxili İşlər Nazirliyindən, Dövlət Təhlükəsizlik Xidmətindən onunla əlaqə saxlanılmış və müvafiq izahatlar alınmışdır. Oğlu gedəndən sonra bir iki dəfə dostları ilə telefon əlaqəsi yaratmış və döyüşlərdə iştirak etdiyini bildirmişdir. Axırıncı dəfə 2014-cü ilin sentyabr ayında dostları oğlunun zəng etdiyi nömrə ilə əlaqə saxlayaraq ondan xəbər bilmək istəmişlər, lakin həmin nömrəyə zəng çatmamışdır. Qısa bir müddət sonra isə oğlunun Rusiya Federasiyasının Dağıstan Respublikasından olan dostları onun döyüşlərdə həlak olduğu barədə məlumat vermişlər. Hal-hazırda da oğlunun harda olması barədə məlumatı yoxdur. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 2 saylı Ərazi İdarəsi birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, Xızı Rayon Məhkəməsinin xx xxxx 2019-cu tarixli 2(068)-62/2019 saylı qətnaməsində sözügedən Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən torpaq sahəsinin tərəflər arasında bərabər bölünərək naturada ayrılması nəzərdə tutulmuşdur ki, bu da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bundan əlavə, sözügedən qətnamə ilə idarənin üzərinə hər hansı bir öhdəlik qoyulmadığı, eləcə də qətnamənin surəti məlumat üçün göndərilmədiyi halda birbaşa olaraq icra olunması üçün göndərilmişdir ki, bu da dolayı yolla qanunsuz əqdin və qeydiyyatın rəsmiləşdirilməsinə şərait yaradılması kimi qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun obyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Qanunvericiliyin müddəalarına əsasən hazırki iş üzrə torpaq sahəsinin sənədləşdirilməsi üçün məhkəməyə qədər nizamlama qaydası müəyyən olunmuşdur. Belə ki, qətnamədə sözügedən torpaq sahəsinin paylara uyğun naturada ayrılmasına dair bölgü sxemi tərtib edilərək, həmin paylar naturada ayrıldıqdan sonra, ayrılma nəticəsində yaranmış daşınmaz əmlak üzərində iddiaçıların mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Bundan əvvəl isə adları dövlət aktında torpaq sahəsinin birgə mülkiyyətçiləri kimi göstərilmiş, lakin vəfat etmiş şəxslərin payına düşən torpaq sahəsinin onların vərəsələri arasında bölünməsi və qeydiyyata alınması məsələləri öz həllini tapmalı idi. Bundan başqa, iddiaçıların rəsmi dövlət orqanlarından aldıqları məlumatlara, habelə cavabdeh kimi göstərilmiş Məmmədov Ümüd Bəxtiyar oğlu ilə və onun tanıdığı şəxslərlə yaratdıqları telefon danışıqlarına istinadən məhkəməyə verdikləri izahatlardan cavabdeh Məmmədov Ümüd Bəxtiyar oğlunun Suriyada və İraqda gedən döyüşlərdə iştirak etdiyi və sonradan xəbərsiz itkin düşdüyü göstərilir. Belə olan halda Məmmədov Ümüd Bəxtiyar oğlunun cavabdeh kimi işdə iştiraka cəlb edilməsi və onun mülkiyyətində olan əmlakla bağlı qərar qəbul edilməsi istər maddi, istərsə də prosessual hüquq normalarının tələblərinə ziddir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin nümayəndəsi Əliyev Qəhrəman Həmdulla oğlu apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar Məmmədov Bəxtiyar Ağamir oğlu və Salamova (Məmmədova) Raidə Bəxtiyar qızı apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən xx xxxxxx 1999-cu il tarixdə verilmiş JN-0047, kod 30603015 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Xızı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli, 17 saylı qərarı ilə 3,00 ha torpaq sahəsi Məmmədova Əsli Rəcəbəli qızının, Məmmədov Bəxtiyar Ağamir oğlunun, Məmmədova Əsmər Bəxtiyar qızının, Məmmədova Raidə Bəxtiyar qızının, Məmmədova Zöhrə Bəxtiyar qızının və Məmmədov Ümüd Bəxtiyar oğlunun paylı mülkiyyətinə verilmişdir. İşdə olan Xızı rayonu, Giləzi qəsəbə nümayəndəliyi tərəfindən xx xxxx 1999-cu il tarixdə verilmiş V-JQ № 324630 saylıölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, Məmmədova Əsli Rəcəbəli qızı xx xxxx 1999-cu ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1999-cu ilin iyul ayının 21 günündə 14 sayla qeyd edilmişdir. Xızı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(068)-62/2019 saylı qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 10214 nömrəli ekspert rəyindən görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən JN- 0047, kod 30603015 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Məmmədova Əsli Rəcəbəli qızının, Məmmədov Bəxtiyar Ağamir oğlunun, Məmmədova Əsmər Bəxtiyar qızının, Məmmədova Raidə Bəxtiyar qızının, Məmmədova Zöhrə Bəxtiyar qızının və Məmmədov Ümüd Bəxtiyar oğlunun paylı mülkiyyətinə verilmiş 3,0 ha torpaq sahəsinin tərəflər arasında bərabər şəkildə, yəni hər birinə 5000 kv.metr sahə düşməklə bölünməsi texniki cəhətdən mümkündür. Lakin torpaq sahəsinin trapesiya formalı və sərhədlərin müxtəlif ölçülərdə olduğunu nəzərə alaraq, həmin torpaq sahəsinin bərabər şəkildə bölünməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmalkın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin GPS sistemli ölçmə aparatı vasitəsil ölçmə işləri aparılmaqla mümkün ola bilər. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2, 214.1, 215.1, 220.2, 220.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 10214 nömrəli ekspert rəyində göstərilmişdir ki, mübahisəli torpaq sahəsinin tərəflər arasında bərabər şəkildə, yəni hər birinə 5000 kv.metr sahə düşməklə bölünməsi texniki cəhətdən mümkündür. Lakin torpaq sahəsinin trapesiya formalı və sərhədlərin müxtəlif ölçülərdə olduğunu nəzərə alaraq, həmin torpaq sahəsinin bərabər şəkildə bölünməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmalkın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin GPS sistemli ölçmə aparatı vasitəsil ölçmə işləri aparılmaqla mümkün ola bilər. Göründüyü kimi, həmin rəylə naturada real bölgünün qaydası müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi üzərində Məmmədov Bəxtiyar Ağamir oğlunun 2/6 hissədə, Məmmədova Əsmər Bəxtiyar qızının 1/6 hissədə, Məmmədova Raidə Bəxtiyar qızının 1/6 hissədə, Məmmədova Zöhrə Bəxtiyar qızının 1/6 hissədə, Məmmədov Ümüd Bəxtiyar oğlunun 1/6 hissədə paylar üzrə mülkiyyət hüquqları qeydə alınmışdır. (səh. 88-çıxarış) Məhkəmə kollegiyası rəydə göstərilən halı və tərəflərin mövcud paylarını nəzərə alaraq iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 10/2882 nömrəli ekspert rəyində və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, torpaq islahatı zamanı kənd təsərrüfatı məqsədləri üçün vətəndaşların xüsusi mülkiyyətlərinə verilmiş pay torpaq sahələri kiçik ailə təsərrüfatı üçün nəzərdə tutulmuşdur. Onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. JN-0047 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı üzrə ümumi birgə mülkiyyətdə olan pay torpaq sahəsinin mülkiyyətçilər arasında bölündüyü halda bölgünün ölçülərinə və konfiqurasiyasına əsasən torpağın öz məqsədli və təsərrüfat təyinatına uyğun səmərəli istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyinə zəmin yaranması səbəbindən texniki cəhətdən naturada real bölgüsü mümkün deyildir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, mübahisə predmeti olan pay torpaq sahəsi məqsədli və təsərrüfat təyinatına görə müstəqil torpaq sahələrinə bölünə bilmədiyindən və torpaq sahəsinin texniki cəhətdən naturada bölgüsü mümkün olmadığından, iddiaçıların Xızı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli qərarına əsasən paylı mülkiyyətlərinə verilmiş 3.0 hektar torpaq sahəsinin hər birinə 0.5 ha olmaqla bölünməsi və payların naturada ayrılması barədə mövcud iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Xızı Rayon Məhkəməsinin 2(068)-62/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçılar Məmmədov Bəxtiyar Ağamir oğlu, Məmmədova Əsmər Bəxtiyar qızı, Salamova (Məmmədova) Raidə Bəxtiyar qızı və Bağırova (Məmmədova) Zöhrə Bəxtiyar qızının cavabdeh Məmmədov Ümüd Bəxtiyar oğluna qarşı Xızı rayonu Giləzi qəsəbəsində yerləşən, Xızı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli qərarına əsasən paylı mülkiyyətlərinə verilmiş 3.0 hektar torpaq sahəsinin hər birinə 0.5 ha olmaqla bölünməsi və payların naturada ayrılması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçılar Məmmədov Bəxtiyar Ağamir oğlu, Məmmədova Əsmər Bəxtiyar qızı, Salamova (Məmmədova) Raidə Bəxtiyar qızı və Bağırova (Məmmədova) Zöhrə Bəxtiyar qızından iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri-150 (bir yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.1, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Xızı Rayon Məhkəməsinin 2(068)-62/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar Məmmədov Bəxtiyar Ağamir oğlu, Məmmədova Əsmər Bəxtiyar qızı, Salamova (Məmmədova) Raidə Bəxtiyar qızı və Bağırova (Məmmədova) Zöhrə Bəxtiyar qızının cavabdeh Məmmədov Ümüd Bəxtiyar oğluna qarşı Xızı rayonu Giləzi qəsəbəsində yerləşən, Xızı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli qərarına əsasən paylı mülkiyyətlərinə verilmiş 3.0 hektar torpaq sahəsinin hər birinə 0.5 ha olmaqla bölünməsi və payların naturada ayrılması barədə iddia tələbi təmin edilməsin. İddiaçılar Məmmədov Bəxtiyar Ağamir oğlu, Məmmədova Əsmər Bəxtiyar qızı, Salamova (Məmmədova) Raidə Bəxtiyar qızı və Bağırova (Məmmədova) Zöhrə Bəxtiyar qızından iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri-150 (bir yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar