Məhkəmə qərarları › İş №2(105)-850/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-850/2023

01.05.2023 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-850/2023 01.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı magistr dissertasiyasının ləğv edilməsi və digər tələbinə dair mülki iş üzrə (Açar sözlər: müəlliflik hüququnun pozulması ilə əlaqədar kompensasiyanın ödənilməsi, magistr dissertasiyasının ləğv edilməsi və mənəvi zərər tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh1, onun nümayəndəsi (atası) X2, cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndələri-X6 və X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı magistr dissertasiyasının ləğv edilməsi və digər tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(060)-50/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.

1. Azərbaycan Dövlət İqtisad Universitetinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, UNEC-də 2016-cı ildən fəaliyyət göstərən antiplagiat proqramının bazası hər il mütəmadi olaraq artırılır. Belə ki, müdafiə olunan dissertasiyalar, büdcə təyinatlı elmi-tədqiqat işləri, nəşr olunan tədris vəsaitləri həmin bazaya daxil edilir. İddiaçı dissertasiya işini 2013-cü ildə müdafiə etsə də, dissertasiya işinin elektron variantı nə universitetin bazasına yerləşdirilməsi üçün təqdim edilməmiş, nə də internet resurslarında yerləşdirilməmişdir. Buna görə də magistrant Cavabdeh1 xx.xx.2019-cu ildə antiplagiat sisteminə daxil etdirdiyi dissertasiya işinin nəticəsi 6.65%-0,0%. Buraxılış işlərinin, dissertasiyaların, tədris-metodiki vasaitlərin və internet resurslarının elektron bazası üzərində işləyən antiplagiat proqramı həmin bazalarda olmayan dissertasiya işini necə yoxlayıb müqayisə edə bilərdi. Antiplagiat qaydaları və sistemin işləmə prinsipləri haqqında həm magistrantlara, doktorantlara, həm də elmi rəhbər və məsləhətçilərə ildə bir dəfədən az olmamaqla “Plagiat PL” şirkətinin nümayəndələri tərəfindən təlimlər təşkil olunur. Həmin təlimlərdə elmi rəhbər və məsləhətçilərin nəşr etdirdiyi yeni tədris vəsaitlərini və məqalələrini elektron variantda sistemə daxil etmələri tövsiyə edilir. Magistrant Cavabdeh1 öz dissertasiya işində iddiaçının əsərlərinə istinad etməməsi magistrantın elmi rəhbəri ilə bağlı məsələdir. Dissertasiyanın yazıldığı sahə üzrə istinad olunan əsəsrlərin aktuallığı elmi rəhbər tərəfindən tövsiyə olunur. Araşdırma nəticəsində iddiaçının qeyd etdiyi məsələlər öz əksini tapmamışdır.

2. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli məktuba əsasən UNEC-də oxşar hissələrin aşkarlanması “Plagiat PL” şirkəti ilə bağlanmış müqaviləyə əsasən strikeplagiarism.com platforması üzərindən aparılır, yoxlama üzrə hesabat (arayış) online rejimdə və insan amili olmadan proqram inatı tərəfindən formalaşır. UNEC-in 2019-cu ildə qüvvədə olmuş Antiplagiat ədalarının tələblərinə görə magistr dissertasiyaları üzrə oxşarlıq əmsallarının hədləri əmsal üzrə 50%, 2-ci əmsal üzrə 4%, 3-cü əmsal üzrə isə 30% təyin edilmişdir. Cavabdeh1 təqdim etdiyi dissertasiyanın oxşarlıq yoxlaması üzrə arayışda 1-ci oxşarlıq əmsalı 6,65%, 2-ci və 3-cü oxşarlıq əmsalları isə 0% səviyyəsində müəyyən edilmişdir. Bu əsasla, onun dissertasiyası müdafiə prosesinə buraxılmışdır və müdafiə edilən dissertasiya açıq mənbə kimi UNEC-in internet səhifəsində yerləşdirilmişdir. UNEC-də oxşarlıq hallarının üzə çıxarılması üçün tətbiq edilən proqram təminatı Azərbaycan dilində yazılmış materiallarda olan oxşar hissələrin internet rersurslarmında əlçatan (yoxlama anında) olan və yalnız Azərbaycan dilində yazılmış mənbələrə aidiyyətini müəyyən edə bilir. İddiaçının köçürülməsini iddia etdiyi və ərizəsində qeyd etdiyi 7 mənbədən 1, 2, 3 və 6-cı linklərdə olan mənbələr ingilis və rus dillərindədir. 4-cü mənbənin linkinə https://arastirmax/com/en/system/file s/dergiler/25285/makaleler/6/arastirmaxdvodyicilrnin-gostricilmin-reprezentativliymi n statistik-thlili.pdf baxışın keçirilməsi üçün dəfələrlə, o cümlədən 24 yanvar 2022-ci il tarixində gün ərzində bir neçə dəfə cəhd edilmiş, lakin linkin açılmaması səbəbindən bu mənbəyə baxmaq mümkün olmamışdır. 5ci mənbənin linkinə https.7/arastirmax/com/en/system/files/dergiler/25285/makaleleı72/arastirmaxsadlsdirilmi %C5%9F-vergi-odyici lrinin-paylanma-qanunu-v-vergidn-yayinma-riski.pdf baxış cəhdi də eyni səbəbdən uğursuz alınmışdır. Ərizədə qeyd edilən 7-ci mənbə İddiaçı məxsus dissertasiyadır və bu mənbə hal-hazırda Azərbaycan Milli Kitabxanasının səhifəsində (http://www.millikitabxana.az/dissertations/iqtisadiyyat?%C4%B0=A) şəkil formatında yerləşdirilmişdir. Lakin belə formatda olan mənbələrin oxşarlıq yoxlamasında istifadəsi UNEC-də tətbiq olunan proqram təminatının texniki imkanları xaricindədir. İnternet resurslarının saxlanıldığı yaddaş qurğularının yoxlama anında əlçatanlığı və onların oxşarlıq yoxlaması üçün istifadə edilə bilən formada olması yoxlamanın nəticələrinə təsir göstərə bilər. Buna görə də, Cavabdeh1 təqdim etdiyi dissertasiyanın oxşarlıq yoxlaması zamanı iddiaçının əsərlərindən götürülmüş hissələrin texniki baxımdan aşkarlanmaması ehtimalı mövcuddur. Cavabdeh1 magistr dissertasiyasında elmi plagiat halının sübuta yetirilməsi və buna görə müvafiq hüquqi məsuliyyətin müəyyən edilməsi isə məhkəmə prosesinin obyekti ola bilər.

3. Məhkəmə-müəllifşünaslıq ekspertizasına dair ekspert rəyində göstərilmişdir ki, Cavabdeh1 adı altında yayılmış “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adlı dissertasiyanın dərc etdirilməsi və yayılması müəllif-hüquq qanunvericiliyinin müddəalarının pozulması yolu ilə həyata keçirilmişdir. Cavabdeh1 adı altında yayılmış “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adlı dissertasiyanın yazılmasında istifadə olunan ədəbiyyat siyahılarında İddiaçı qeyd edilən dissertasiyasına istinad edilməmişdir. Bununla da, onun müəllif kimi şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları pozmuşdur. İddiaçı müəllifi olduğu “Vergidən yayınma risklərinin modelləşdirilməsi” adlı dissertasından götürülmüş materiallar “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adlı dissertasiyada Cavabdeh1 adı altında, yəni ona məxsus yaradıcılıq əsəri kimi verilmişdir. Bu da o da deməkdir ki, Cavabdeh1 tərəfindən elmi plagiatçılığa yol verilmişdir.

4. İş materiallarına iddiaçının “Vergidən yayınma risklərinin modelləşdirilməsi” adlı dissertasiya işi əlavə edilmişdir.

5. İş materiallarına cavabdehin “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda magistr dissertasiyası əlavə edilmişdir.

6. Apellyasiya icraatı zamanı təqdim edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının xx.xx.2023-cü il tarixli, 3-50/3-6-6/2023 nömrəli arayışın məzmunundan müəyyən edilir ki, İddiaçı həqiqətən BDU-nun nəzdində fəaliyyət göstərmiş FD 02.016 Dissertasiya şurasında xx.xx.2013-cü il tarixdə “Vergidən yayınma risklərinin modelləşdirilməsi” mövzusunda dissertasiya müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə ona 5302.01-“Ekonometriya” ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və Azərbaycan Dövlət İqtisad Universitetinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində Cavabdeh1 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyasının və həmin dissertasiya əsasında Cavabdeh1 verilmiş magistr dərəcəsinin ləğv edilməsi, Cavabdeh1 15000 manat, Azərbaycan Dövlət İqtisad Universitetindən 20 000 manat və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən 15 000 manat məbləğində kompensasiyanın, cavabeh Cavabdeh1 7000 manat, Azərbaycan Dövlət İqtisad Universitetindən 7000 manat və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən 6.000 manat məbləğində mənəvi zərərin alınaraq ona ödənilməsini xahiş etmişdir.

8. İddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi iş üzrə cavabdeh qismində cəlb edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildən başlayaraq İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün AMEA-nın İdarəetmə Sistemləri (Kibernetika) İnstitutunda “Vergidən yayınma yayınma risklərinin modelləşdirilməsi” adlı dissertasiya işini yerinə yetirməyə başlamış, 2010-cu ildən isə beynəlxalq konfranslarda tezis, elmi jurnallarda isə məqalələrlə çıxış etmişdir. 31 may 2013-cü il tarixdə Bakı Dövlət Universitetinin nəzdindəki FD.02.016 Dissertasiya Şurasında dissertasiya işini müdafiə edərək iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2020-ci ilin may ayında internet resurslarında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində Cavabdeh1 tərəfindən müdafiə edilmiş “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda magistr dissertasiyasına rast gəlmişdir. Həmin magistr dissertasiyasının mövzusu iddiaçının 2013-cü ildə müdafiə etdiyi dissertasiya mövzusu ilə oxşarlıq təşkil etdiyindən diqqətini cəlb etmiş və linkə daxil olaraq dissertasiyanı oxuyaraq müqayisə etdikdə ona məlum olmuşdur ki, Cavabdeh1 dissertasiyası onun dissertasiyası ilə eynilik təşkil edir. Belə ki, Cavabdeh1 dissertasiya işinin mövzusunun adında cüzi dəyişiklik etməklə, iddiaçının dissertasiya işini olduğu kimi köçürmüş, mündəricata bəzi formal əlavələr etməklə, onu da olduğu kimi saxlamış, dissertasiya işində iddiaçının heç bir elmi işinə istinad etmədən, dissertasiyanın yazılmasında istifadə olunan ədəbiyyat siyahısında iddiaçının dissertasiyasını və elmi əsərlərini göstərmədən, dissertasiya işini əvvəldən axıra kimi köçürərək mənimsəmişdir. Bununla bağlı iddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinə müraciət etsə də, heç bir tədbir görülməmiş, iddiaçıya şablon ifadələrlə cavab verilmişdir. İddiaçı gələcəkdə elmlər doktoru elmi dərəcəsi almaq üçünxarici ölkədə monoqrafiya nəşr etdirməlidir. Lakin, Cavabdeh1 onun dissertasiyasını mənimsədiyi və internet resurslarında plagiat dissertasiya mövcud olduğu üçün iddiaçının monoqrafiya nəşr etdirməsinə əngəl olacaqdır.

10. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-50/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddia qismən təmin edillərək, müəllif hüquqlarının pozulmasına görə 3000 (üç min) manat məbləğində kompensasiya və 1000 (min) manat məbləğində mənəvi ziyanın əvəzi Cavabdeh1 İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-müəllifşünaslıq ekspertizasına dair ekspert rəyində Cavabdeh1 adı altında yayılmış “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adlı dissertasiyanın dərc etdirilməsi və yayılmasının müəllif-hüquq qanunvericiliyinin müddəalarının pozulması yolu ilə həyata keçirildiyi və elmi plagiatçılığa yol verildiyi göstərilmişdir. Bu səbəbdən iddiaçı ondan bununla bağlı kompensasiya tələb etməkdə haqlı olmuşdur.

12. İddiaçı cavabdehdən 15000 manat məbləğində kompensasiyanın tutulmasını xahiş etsə də, məhkəmə həmin məbləği ağlabatan məbləğdə, yəni 3000 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir.

13. Göründüyü kimi iddiaçıya məxsus dissertasiya işi cavabdeh tərəfindən mənimsənilərək plagiata yol verildiyi üçün iddiaçı mənəvi zərərə məruz qalmışdır. Bu səbəbdən məhkəmə mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir.

14. İddiaçının Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı kompensasiya tələbinə gəldikdə isə qeyd edilməlidir ki, Cavabdeh1 dissertasiya işinin elmi plagiat olmasının müəyyən edilməsi üçün universitet məsuliyyət daşıya bilməz. Belə ki, iddiaçının dissertasiya işi 2013-cü ildə yazılmışdır və Universitet tərəfindən Cavabdeh1 magistr işinin bütün mövcud dissertasiya işləri ilə müqayisə edilərək plagiat olub-olmamasının müəyyən edilməsi praktiki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə gəldikdə isə qeyd edilməlidir ki, hazırkı məsələ ilə bağlı nazirlik hər hansı məsuliyyət daşıya bilməz. Bu səbəbdən iddia tələbi Azərbaycan Dövlət İqtisad Universitetinə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə aid hissədə təmin edilə bilməz.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci maddələri, “Müəlliflik və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu Qanun Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətlərin tənzimlənməsi haqqında 1, 5.1, 8.1, 45.1, 45.2, 45.4cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini magistr dissertasiyasının və həmin dissertasiya əsasında Cavabdeh1 verilmiş magistr dərəcəsinin ləğv edilməsi hissəsində təmin etməmişdir ki, bu barədə məhkəmənin mövqeyi əsassızdır. Belə ki, məhkəmə iddianı həmin hissədə rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “«Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”də göstərilmişdir ki, elmi dərəcələri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na uyğun olaraq elm sahələri üzrə Komissiya verir (1.2.). Fəlsəfə doktoru elmi dərəcəsi magistr (rezident) elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir (1.3.). Komissiya şəxslərin elmi dərəcədən məhrum edilməsi (elmi dərəcəninbərpası) məsələsinə, elmi dərəcədən məhrumetmənin (elmi dərəcənin bərpasının) əsasları göstərilməklə, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının vəsatəti və ya fiziki şəxslərin müraciətləri əsasında baxır və qərar qəbul edir. Fiziki şəxsin imzası ilə müraciətində onun soyadı, adı və atasının adı (şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmaqla), elektron və poçt ünvanı, əlaqə nömrələri göstərilir (9.1.). Göründüyü kimi şəxsin elmi dərəcədən məhrum edilməsi müvafiq orqanın müstəsna səlahiyyətinə aid edilmişdir. İddiaçı bununla bağlı həmin orqana müraciət edə, imtina cavabı aldığı təqdirdə isəhəmin tələblə müvafiq inzibati məhkəməyə müraciət edə bilər».” Məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşmayan apellyator göstərir ki, əvvəla, magistr dərəcəsi elmi dərəcə hesab edilmir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun “Əsas anlayışlar” başlıqlı 1-ci maddəsinin 1.0.34. və 1.0.35. bəndlərinə əsasən magistratura - ali təhsilin ikinci səviyyəsi; magistr - magistraturanı bitirmiş şəxslərə verilən ali elmi ixtisas dərəcəsidir. Həmin Qanunun 22.10-cu maddəsi isə Azərbaycan Respublikasında verilən elmi dərəcələri müəyyən edir ki, magistr elmi dərəcəsi həmin maddədə qeyd olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 №-li Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 1.1. bəndinə əsasən bu Əsasnamə “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, elmi dərəcələr verilməsi qaydasını və şərtlərini müəyyən edir. Əsasnamənin 1.2. bəndinə əsasən elmi dərəcələri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmipedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na uyğun olaraq elm sahələri üzrə Komissiya verir. 9.1. bəndinə əsasən Komissiya şəxslərin elmi dərəcədən məhrum edilməsi (elmi dərəcənin bərpası) məsələsinə, elmi dərəcədən məhrumetmənin (elmi dərəcənin bərpasının) əsasları göstərilməklə, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının vəsatəti və ya fiziki şəxslərin müraciətləri əsasında baxır və qərar qəbul edir. Elm haqqında Qanunun 18.5. maddəsinə əsasən elmi dərəcələr və elmi adlar ömürlük verilir. Elmi dərəcələrdən və elmi adlardan məhrumetmə elmi etikanın, müdafiə prosedurunun pozulduğu və elmi plagiat aşkar edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 №-li qərarı ilə təsdiq edilmiş Magistratura təhsilinin məzmunu, təşkili və“magistr” dərəcələrinin verilməsi Qaydalarının 3.2. bəndinə əsasən magistratura səviyyəsini bitirən şəxslərə "magistr" ali elmi-ixtisas dərəcəsi verilir. "Magistr" dərəcəsi magistrlik dissertasiyalarının müdafiəsi üçün ali təhsil müəssisəsi və AMEA tərəfindən yaradılmış ixtisaslaşdırılmış şuraların qərarı əsasında verilir. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini doktoranturada davam etdirə bilərlər. Yuxarıda sadalanan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, magistr dərəcəsi elmi dərəcə hesab edilmədiyindən, magistr dərəcəsinin verilməsi və ondan məhrumetmə məsələlərinə baxılması Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının səlahiyyətlərinə aid deyildir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ından görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası inzibati orqanlar siyahısına aid edilməmişdir. Bu səbəbdən işə baxmış birinci instansiya məhkəməsinin magistr dissertasiyasının və həmin dissertasiya əsasında Cavabdeh1 verilmiş magistr dərəcəsinin ləğv edilməsi ilə bağlı iddiaçının Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət etməli olması, müraciətinin təmin edilməsindən imtina edildiyi halda isə müvafiq inzibati məhkəməyə müraciət etməsi barədə gəldiyi nəticə qanunsuzdur. Digər tərəfdən birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-müəəllifşünaslıq ekspertizası təyin edilmiş və “Əqli Mülkiyyət Agentliyi”nin müvafiq rəyinə əsasən Cavabdeh1 adı altında yayılmış “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adlı dissertasiyanın dərc etdirilməsi və yayılması müəllif-hüquq qanunvericiliyinin müddəalarının pozulması yolu ilə həyata keçirilməsi, Cavabdeh1 adı altında yayılmış“ Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adlı dissertasiyanın yazılmasında istifadə olunan ədəbiyyat siyahılarında İddiaçı qeyd edilən dissertasiyasına istinad edilməməsi və onun müəllif kimi şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarının pozulması və İddiaçı müəllifi olduğu “Vergidən yayınma risklərinin modelləşdirilməsi” adlı dissertasiyasından götürülmüş materiallar“ Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər”adlı dissertasiyada Cavabdeh1 adı altında, yəni ona məxsus yaradıcılıq əsəri kimi verilməklə, Cavabdeh1 tərəfindən elmi plagiatçılığa yol verilməsi müəyyən edilmişdir. Bununla belə məhkəmə müəllif hüquqlarının pozulmasına görə 3000 (üç min) manat məbləğində kompensasiyanın və 1000 (min) manat məbləğində mənəvi ziyanın əvəzinin Cavabdeh1 onun xeyrinə tutulması qənaətinə gəlmişdir ki, apellyator bu hissədə də məhkəmənin mövqeyini qəbul etmir. Belə ki, iddiaçı elmi dərəcə almaq, elmi fəaliyyətində hazırkı səviyyəyə çatmaq üçün illərlə zəhmət çəkmişdir. Bu illər ərzində ailəsi onun elmi fəaliyyətində məqsədinə, çatmaq üçün maddi çətinliklərə, bir sıra məhrumiyyətlərə dözmüşdür. 31 may 2013-cü il tarixdə Bakı Dövlət Universitetinin nəzdindəki FD.02.016 Dissertasiya Şurasında dissertasiya işini müdafiə edərək iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Dissertasiya işilə bağlı 17 məqalə və 1 monoqrafiyası Almaniya Federativ Respublikasının “LAMBERT Academic Publishing” nəşriyyatı tərəfindən 2013-cü ildə nəşr edilmişdir. Lakin Cavabdeh1 heç bir əziyyət çəkmədən, onun zəhmətinin bəhrəsinə yiyələnmiş, onun dissertasiyası əsasında magistr dərəcəsi almışdır. Cavabdeh1 qanunazidd hərəkəti, nəticəsində o və ailə üzvləri stress yaşamış, əlavə narahatlıq çəkmişlər. Cavabdehin qanunsuz, hərəkəti nəticəsində pozulmuş hüquqlarının bərpası üçün işindən yayınmaq məcburiyyətində qalmışdır, bundan başqa cavabdehin ona məxsus dissertasiya işini mənimsəməsi, onun elmi fəaliyyətinin davam etdirilməsinə maneçilik törədir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmənin iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisələndirilən Cavabdeh1 adı altında yayılmış “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adlı dissertasiyanın daha öncə 31 may 2013-cü il tarixdə Bakı Dövlət Universitetinin nəzdindəki FD.02.016 Dissertasiya Şurasında iddiaçının müdafiə etdiyi dissertasiya işinin plagiyatı olması faktı birinci instansiya məhkəməsində icraat zamanı əsaslı sübutlarla öz təstiqini tapmışdır. O elmi fəaliyyətində hazırkı mərhələyə gəlmək üçün uzun və zəhmətli məsafə qət etmişdir. Belə ki, sözügedən dissertasiya işini, o 2008-ci ildə başlayıb, 2013-cü ildə yəni beş ilə ərsəyə gətirmişdir, bu illərdə o universitetdə işləmiş, dissertasiya işinin müdafiəsi üçün özü və ailəsi maddi çətinləklərə dözmüşlər. Həmçinin Cavabdeh1 adı altında yayılmış “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adlı dissertasiyanın ləğv edilməməsi, iddiaçının öz elmi fəaliyyətindəki yeni mərhələləri əngəlləyir. Bu kimi halları məhkəmə nəzərə almamış, həm dissertasiya işini ləğv etməmiş, həm də ona dəymiş ziyanın məbləğini ədalətli məbləğdə müəyyən etməmişdir. Göstərilənlərə əsasən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

20. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 apellasiya şikayətini qəbul etmədiyini bildirdi, əlavə etdi, dissertasiya işi onun öz beyninin məhsuludur. Təbbi olaraq dissertasiya işində müxtəlif elmi ədəbiyyatlardan istifadə etmişdir. İstifadə etdiyi ədəbiyyatları adətən internetdən əldə etmişdir. İddiaçının adına istifadə etdiyi ədəbiyyatlarda rast gəlməmişdir. Bu səbəbdən də onun adını qeyd etməmişdir. Onun dissertasiya işi universitet tərəfindən yoxlanılmış və qəbul edilmişdir. Hazırda elmi fəaliyətini davam etdirmir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.

21. Məhkəmənin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, onun oğlu universitetin bakalavr və magistr pillərində təhsil almış, magistr dərəcəsi üçün dissertasiya işi müdafiə etmişdir. Onun dissertasiya işində istifadə etdiyi ədəbiyyatlar siyasında iddiaçının adının olmaması səbəbindən cavabdeh iddiaçının adını qeyd edə bilməmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

22. Məhkəmənin iclasında iştirak etmiş cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi X6 izahatında bildirdi ki, universitetdə magistrlar birinci kursda mövzu götürüb müstəqil işləyirlər, elmi rəhbərlər isə onlara sadəcə istiqamət verir. Cavabdeh1 internet resurslarından istifadə edib, lakin istifadə etdiyi mənbənin müəllifini görməyib. Azərbaycan Dövlət İqtisad Universiteti ilə başqa ölkələrdə də fəaliyyət göstərən plagiat şirkəti arasında müqavilə var. Həmin şirkətin xüsusi proqramı var ki, bütün elmi işlər təsdiq edilməzdən əvvəl həmin proqramla yoxlanılır. Həmin proqram ildən-ilə təkmilləşir və hətta dissertasiya işində söz dəyişikliyi olsa belə plagiat çıxır. Lakin həmin proqram tərəfindən Cavabdeh1 magistr işi yoxlanılarkən iddiaçının dissertasiya işi orada görünməyib. Plagiat proqramı iddiaçının elmi işini üzə çıxarmadığına görə cavabdehin elmi rəhbəri də bu məsələdən məlumatsız olub.

23. Məhkəmənin iclasında iştirak etmiş cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi X4 izahatında bildirdi ki, Universitetdə plagiat proqram təminatı mövcuddur. İddiaçının dissertasiya işi şəkil formatında olduğu üçün plagiat proqramı onu aşkar edə bilməyib. Bu səbəbdən də cavabdehin dissertasiyası onun tərəfindən prosedur qaydalara uyğun olaraq müdafiə edilib və sonuncu magistr dərəcəsi əldə etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Konstitusiyası; 30-cu maddəyə əsasən hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur. 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki Məcəllədə göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

26. “Elm haqqında” AR Qanununun; Maddə1.0.23. elmi plagiat – müəllifini, götürülmə mənbəyini göstərmədən başqasının əsərlərini, elmi kəşf və ixtirasını, səmərələşdirici təklifini, innovasiya məhsulunu tam və ya qismən mənimsəmək, yaxud özününkü kimi təqdim etmək; Maddə 29.2.6. Elmi etika və elmi nəticələrlə bağlı hüquqların pozulması halların dan biri müəlliflik hüququnun pozulması – elmi plagiatdır.

27. “Müəlliflik və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu Qanun Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar Qanunun 5.1-ci bəndinə əsasən müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Maddə 6. ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.) müəlliflik hüququnun obyektləridir.

8.1-ci bəndinə əsasən əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur. 45.1-ci bəndinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. 45.2 və 45.4-cü bəndlərinə əsasən Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; 3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması; 4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi. Məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər. Qanunun 47-ci maddəsinə əsasən müəlliflik hüquqlarının pozulması qanunvericiliklə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti yaradır

28. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”də göstərilmişdir ki, elmi dərəcələri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmipedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na uyğun olaraq elm sahələri üzrə Komissiya verir. Fəlsəfə doktoru elmi dərəcəsi magistr (rezident) elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir. Komissiya şəxslərin elmi dərəcədən məhrum edilməsi (elmi dərəcənin bərpası) məsələsinə, elmi dərəcədən məhrumetmənin (elmi dərəcənin bərpasının) əsasları göstərilməklə, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının vəsatəti və ya fiziki şəxslərin müraciətləri əsasında baxır və qərar qəbul edir. Fiziki şəxsin imzası ilə müraciətində onun soyadı, adı və atasının adı (şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmaqla), elektron və poçt ünvanı, əlaqə nömrələri göstərilir.

29. “Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyası” na əsasən

6-cı maddə 1-ci hissə. Müəllifin əmlak hüquqlarından asılı olmayaraq və hətta bu hüquqların verilməsindən sonra müəllifin öz əsərinə müəllifliyinin tanınmasını tələb etmək və bu əsərin təhrif edilməsinə, mənasının dəyişilməsinə və digər dəyişikliyə, həmçinin müəllifin şərəf və ləyaqətinə xələl gətirə biləcək başqa hərəkətlərə qarşı çıxmaq hüququ vardır

30. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayətin görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(060)-50/2023 nömrəli qətnaməsinin təmin olunmayan hissələrini mübahisələndirmiş, cavabdehlər tərəfindən isə ümumiyyətlə qətnamədən apellyasiya şikayəti verilməmişdir.

32. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə tam razılaşmır və hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilərək, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməlidir.

34. Apellyasiya kollegiyası yaranmış mübahisənin obyektiv və ədalətli həlli baxımından aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia tələbinin mahiyyətindən və ifadə tərzindən görünür ki, tələb müəlliflik və əqli mülkiyyət hüqunun müdafiəsi barədə olmaqla iki hissədən ibarətdir ki, tələbin müdafiə edilmiş magistr dissertasiyasının və həmin dissertasiya əsasında cavabdehə verilmiş magistr dərəcəsinin ləğv edilməsi iddianın ilkin və əsas hissəsini, cavabdehlərdən maddi və mənəvi zərərlərin alınması isə törəmə tələb olub, iddianın ikinci hissəsini təşkil edir. Bu tələb birinci hissədən, yəni müdafiə edilmiş magistr dissertasiyasının plagiat olmasının sübut olunduğu haldan bilavasitə asılıdır.

35. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusunun qarşısını almaqla yanaşı, mövcud hüquqların bərpa olunmasından ibarətdir.

36. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdeh tərəfə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

37. İstər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və mülkiyyətçi əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunveriliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır.

38. Araşdırılan işdən müəyyən edilir ki, iddiaçı 2008-ci ildən başlayaraq İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün AMEA-nın İdarəetmə Sistemləri (Kibernetika) İnstitutunda “Vergidən yayınma yayınma risklərinin modelləşdirilməsi” adlı dissertasiya işini yerinə yetirməyə başlamış, 31 may 2013-cü il tarixdə FD.02.016 Dissertasiya Şurasında dissertasiya işini müdafiə edərək iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

39. Apellyasiya icraatı zamanı təqdim edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının xx.xx.2023-cü il tarixli, 3-50/3-6-6/2023 nömrəli arayışın məzmunundan da müəyyən edilir ki, İddiaçı həqiqətən BDU-nun nəzdində fəaliyyət göstərmiş FD 02.016 Dissertasiya şurasında xx.xx.2013-cü il tarixdə “Vergidən yayınma risklərinin modelləşdirilməsi” mövzusunda dissertasiya müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə ona 5302.01-“Ekonometriya” ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 40.Tədqiq edilən işin faktiki halları ilə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 magistr dissertasiyasının mövzusu iddiaçının 2013-cü ildə müdafiə etdiyi dissertasiya mövzusu ilə eynilik təşkil edir. Belə ki, Cavabdeh1 dissertasiya işinin mövzusunun adında cüzi dəyişiklik etməklə, iddiaçının dissertasiya işini olduğu kimi köçürmüş, mündəricata bəzi formal əlavələr etməklə, onu da olduğu kimi saxlamış, dissertasiya işində iddiaçının heç bir elmi işinə istinad etmədən, dissertasiyanın yazılmasında istifadə olunan ədəbiyyat siyahısında iddiaçının dissertasiyasını və elmi əsərlərini göstərmədən, dissertasiya işini əvvəldən axıra kimi köçürərək mənimsəmişdir.

41. Mübahisələndirilən qətnamədən görünür ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, Cavabdeh1 maddi və mənəvi zərəri tutulması qənaətinə gəlsə də, iddia tələbinin digər hissələrinin, xüsusən də magistr dissertasiyasının ləğv edilməsinin rədd edilməsi barədə mövqeyini əsaslandırmamışdır.

42. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə tərəflər arasında yaranmış mübahisəyə aydınlıq gətirilməsi üçün xüsusi bilik tələb olunduğunu hesab edərək, iş üzrə məhkəmə-müəllifşünaslıq ekspertizası təyin etmiş və ekspert qarşısında mübahisəli məsələ barədə suallar qoymuşdur. Məhkəmə-müəllifşünaslıq ekspertizasına dair ekspert rəyində göstərilmişdir ki, Cavabdeh1 adı altında yayılmış “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adlı dissertasiyanın dərc etdirilməsi və yayılması müəllif-hüquq qanunvericiliyinin müddəalarının pozulması yolu ilə həyata keçirilmişdir. Cavabdeh1 adı altında yayılmış “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adlı dissertasiyanın yazılmasında istifadə olunan ədəbiyyat siyahılarında İddiaçı qeyd edilən dissertasiyasına istinad edilməmişdir. Bununla da, onun müəllif kimi şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları pozmuşdur. İddiaçı müəllifi olduğu “Vergidən yayınma risklərinin modelləşdirilməsi” adlı dissertasiyasından götürülmüş materiallar “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adlı dissertasiyada Cavabdeh1 adı altında, yəni ona məxsus yaradıcılıq əsəri kimi verilmişdir. Bu da o da deməkdir ki, Cavabdeh1 tərəfindən elmi plagiatçılığa yol verilmişdir.

43. Göründüyü kimi ekspert rəyinə istinadən iddiaçının iddia tələbinin ilkin hissəsinə dair faktiki əsaslar öz təstiqini tapmış, yəni mübahisəndirilən dissertasiya işinin məhz iddiaçıya məxsus 2013-cü ildə müdafiə edilmiş “Vergidən yayınma risklərinin modelləşdirilməsi” adlı dissertasiya işinin plagiyatı olması sübuta yetirilmişdir.

44. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan faktı öz qətnaməsində qeyd etmiş, qətnamədə Cavabdeh1 verilmiş magistr dərəcəsinin ləğv edilməsinin rədd edilməsi barədə öz mövqeyini ifadə etmiş, lakin tələbin “magistr dissertasiyasının ləğv edilməsinin rədd edilməsi barədə” isə heç bir əsaslandırma aparmamışdır.

45. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia tələbinin cavabdehə aid “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda magistr dissertasiya işinin iddiaçıya məxsus 2013-cü ildə müdafiə edilmiş “Vergidən yayınma risklərinin modelləşdirilməsi” adlı dissertasiya işinin plagiyatı olması məhkəmə qaydasında (cavabdehin bu faktı qəti şəkildə təkzib edəcək hər hansı ciddi mötəbər sübutu məhkəməyə təqdim etməməsi, eləcə də bu hissədə qətnaməni mübahisələndirməməsi) sübuta yetirildiyindən, ən əsası mübahisəli dissertsiya işinin qüvvədə olması, iddiaçının elmi fəaliyyətində yeni mərhələyə keçməsinin qarşısını aldığından birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə aid “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda magistr dissertasiya işinin ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilməlidir.

46. “Müəlliflik hüququ və əlaqəli hüquqlar” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən “müəllif”- əsərin yaradıcısı olan fiziki şəxsdir. Həmin maddənin tələbinə əsasən “pirat məhsul” - hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan əsər və fonoqram nüsxələri; Həmin Qanunun 8-ci maddəsinə müvafiq olaraq, “əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur’ və “müstəsna müəlliflik hüququnun sahibinin əsərə öz hüquqlarını bildirməsi üçün əsərin hər hansı nüsxəsində göstərilən və üç ünsürdən ibarət olan müəlliflik hüququnu qoruma nişanından istifadə etmək hüququ vardır: -dairəyə alınmış S latın hərfi— ©; -müstəsna müəlliflik hüquqlarının sahibinin adı (fiziki və hüquqi şəxslər); -əsərin ilk dəfə dərc edildiyi il” Müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi vasitələri (üsulları) ilə bağlı qeyd olunmalıdır ki, Qanunun 45-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər 1.zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2.zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; 3.hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqlan nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması; 4.pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi. Həmin maddənin 4-cü və 5-ci hissələrinə görə, məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər və “müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ vardır

47. Qətnamənin iddianın təmin olunmayan digər hissələrində ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya kollegiyası qeyd edir ki, bu dəlillərə aid hissələrdə şikayət təmin edilməməli, qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

48. Belə ki, iş üzrə proses iştirakçılarının izahatlarından məlum oldu ki, cavabdehə məxsus olan dissertasiya işi müdafiə edilən zaman universitetdə plagiyat proqramı mövcud olmuş, lakin texniki səbəblərdən (Cavabdeh1 aslı olmayan) bu fakt üzə çıxmamış, son mərhələdə cavabdehin dissertasiya müdafiəsi həyata keçirilmiş və magistr dərəcəsi almışdır.

49. Bununla yanaşı iş materiallarından müəyyən olunur ki, iş üzrə cavabdeh magistr dərəcəsi alması üçün X8 müəyyən etdiyi qaydalara əsasən Azərbaycan Respublikası İqtisad Universitetində magistr təhsil almaq hüququnu əldə etmiş, qeyd olunan illərdə magistr təhsili almışdır. Yəni cavabdehin magistr dərəcəsi alması yalnız sözügedən disertasiya işinin müdafiəsindən ibarət olmadığından, eyni zamanda hazırkı qətnamə ilə cavabdehin dissertasiya işinin ləğvi, sonuncunun yenidən dissertasiya müdafiəsi hüququnu istisna etmədiyindən, habelə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri nəzərə alınarsa, iddia tələbi cavabdehin magistr dərəcəsinin ləğvi hissəsində təmin oluna bilməz.

50. Apellyasiya şikayətinin digər dəlili isə iş üzrə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan kompensasiyanın və mənəvi zərərin məbləği ilə bağlıdır ki, apellyasiya kollegiyası bu hissədə də şikayətin dəlillərini qəbul etmir və qeyd edir ki, həmin dəlillər formal mülahizələrdən ibarət olmaqla, heç bir ciddi mötəbər sübutla təsdiq olunmadığından, qətnamə həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. 51.Belə ki, apellyasiya kollegiyası iddiaçının Azərbaycan Dövlət İqtisad Universitetinə, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı kompensasiya tələbinin rədd edilməsi hissəsində məhkəmənin hüquqi mövqeyini qəbul edir və hesab edir ki, Cavabdeh1 dissertasiya işinin elmi plagiat olmasının müəyyən edilməsi üçün universitet yaxud nazirlik məsuliyyət daşıya bilməzdi. Bu səbəbdən iddia tələbi Azərbaycan Dövlət İqtisad Universitetinə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə aid hissədə təmin edilə bilməz. 52.“Mənəvi zərərin ödənilməsi haqqında qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər.

53. İşin müəyyən edilən faktiki hallarından bəlli olduğu kimi iddiaçıya məxsus dissertasiya işi cavabdeh tərəfindən mənimsənilərək plagiata yol verildiyi üçün iddiaçı mənəvi zərərə məruz qalmışdır. Birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Apellyasiya kollegiyası qeyd olunan məbləği ağlabatan hesab edir və bildirir ki, apellyator tərəfindən həmin məbləğin hansı səbəblərdən məhz iddia tələbində qeyd olunan məbləğdə müəyyən edilməsi əsaslandırılmamış, habelə bu barədə məhkəməyə əlavə sübut növü təqdim edilməmişdir. Apellyasiya şikayətinin bu hissədə qeyd olunan dəlilləri isə (iddiaçının cavabdeh tərəfindən mənimsənilən disertasiya işini uzun müddətə ərsəyə gətirməsi, həmin illərdə özünün və ailəsinin maddi çətinliklərə məruz qalması kimi arqumentləri) cavabdehin ona məxsus əsəri plagiyata çevirməsindən əvvəlki dövrə aid olub, həmin arqumnetlər yuxarıda qeyd olunan qərarın məzmunu baxmından mənəvi zərəri yaradan komponentlər qismində çıxış edə bilməz. 54.Yuxarıda sadalananların yekunu kimi məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədə cavabdehə məxsus magistr dissertasiyasının ləğv edilməməsi ilə bağlı gəldiyi nəticə düzgün deyil, iddiaçının apellyasiya şikayətində qeyd edilənlər qismən əsaslı olduğundan apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində Cavabdeh1 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş “magistr dissertasiyasının ləğv edilməsinin” təmin olunmaması hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(060)-50/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən -2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində Cavabdeh1 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş “magistr dissertasiyasının ləğv edilməsinin” təmin olunmaması hissəsində ləğv edilsin. Ləğv olunmuş hissə üzrə yeni qətnamə qəbul edilsin. 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində Cavabdeh1 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyası ləğv edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verilə bilər . Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar