Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-856/2022 12.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(060)-8568/2021 saylı qətnaməsindən iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(060)-8568/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elmir Hüseynov) Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı icra ödənişi ilə əlaqədar çəkilən xərc üzrə pul tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək məcburi icra tədbirləri zamanı tələbkar cəmiyyət tərəfindən ödənilmiş 642,60 manat məbləğində icra ödənişi və 388,98 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci) olmaqla, cəmi 1031,58 manat məbləğində pulun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 AZN dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 AZN məbləğində xidmət haqqının Cavabdeh tutularaq cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2017-ci il tarixli, 2(060)-408/2017 saylı qətnaməsi ilə iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı avtomobil krediti müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 13427 ABŞ dolları əsas borc, 1246,40 ABŞ dolları faiz borcu və 54,21 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14727,61 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus “Kia Soul-minik” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş pul vəsaitindən 13427 ABŞ dolları əsas borc, 1246,40 ABŞ dolları faiz borcu və 54,21 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14727,61 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Cavabdeh verilməsi və iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 113231-1-6763 saylı avtomobil krediti müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış, icra vərəqəsi verilmiş və icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin 10 avqust 2020-ci il tarixli, 28/20 saylı sifariş məktubuna əsasən Cavabdeh məxsus “Kia Soul-minik” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı "xxxx" MMC-nin 23 oktyabr 2020-ci il tarixli, 40/05 saylı Hərracın yekunları barədə protokoluna əsasən “İpoteka haqqında” qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus “Kia Soul-minik” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən əldə edilmişdir. 23 oktyabr 2020-ci il tarixli, ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2020-ci il tarixli, 135 saylı hesab-fakturaya əsasən Cavabdeh məxsus “Kia Soulminik” markalı, **- CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 388,98 manat ödənilmişdir. 22 oktyabr 2020-ci il tarixli, ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 hesabına 642,60 manat məbləğində 7 faiz icra ödənişi köçürülmüşdür. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 388,98 manat məbləğində hərracın keçirilməsi xərci və 642,60 manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə, tələbkar Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. Göründüyü kimi, borclu Cavabdeh məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri borclunun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, borclu Cavabdeh tərəfindən tələbkar Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə maddi zərər yetirilmişdir. Məcburi icra tədbirləri zamanı tələbkar Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlməmiş və heç bir qanuni əsas olmadan iddia tələbini rədd etmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən də müəyyən edilmişdir ki, qanunvericiliyin tələbinə əsasən icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər borclu tərəfindən ödənilməli idi, lakin həmin ödənişlər borclu tərəfindən deyil, tələbkar tərəfindən ödənilmişdir ki, bunun da nəticəsində tələbkara maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, həmin ödənişlər tələbkar və ipoteka saxlayan olan bank tərəfindən ona təklif edilən ipoteka predmetinin qanunvericilikdə müəyyən edilmiş müddət ərzində əldə olunması məqsədi ilə edilmişdir. Belə ki, iş materiallarında olan Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən banka daxil olmuş xx.xx.2020-ci il tarixli, 01/173 nömrəli ipoteka predmetinin əldə olunmasına dair təklif məktubunda qeyd edilmişdir ki, “İpoteka haqqında” qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2, 319.5-ci maddələrinə müvafiq hərracın xidmət haqqı ödənildikdən sonra protokol tərtib olunur. Göründüyü kimi, hərrac təşkilatı protokolun tərtib olunması üçün xidmət haqqının ödənilməsini tələb etmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Hərrac təşkilatçısı "xxxx" MMC-nin 23 oktyabr 2020-ci il tarixli, 40/05 saylı Hərracın yekunları barədə protokolundan görünür ki, hərracın keçirilməsinə sifariş vermiş Sumqayıt şəhəri üzrə İcra idarəsi həmin protokolu imza və möhürü ilə təsdiq etmişdir. Həmin protokolun təsdiq edilməsi üçün isə yazılı olmasa da, şifahi qaydada icra ödənişinin ödənilməsi tələb edilir. Düzdür, qanunvericiliyin tələbinə əsasən həmim ödənişlərin tələbkardan tələb edilməsi qanunsuzdur, lakin borcludan tutulması üçün qanuni əsası vardır, yəni tələbkar tərəfindən tələb edilən icra ödənişi hər hansı bir qeyri-qanuni ödənişin aparılması və sonradan həmin ödənişin borcludan tələb edilməsi deyildir. Tələbkar və ipoteka saxlayan olan bank sadəcə olaraq, hərrac təşkilatçısı tərəfindən ona təklif edilən ipoteka predmetinin əldə olunması məqsədi ilə qarşısında olan maneələri aradan qaldırmaq üçün həmin ödənişləri etmişdir. Birinci instansiya məhkəməsi isə işin bu hallarını nəzərə almamış və həmin hallara qiymət verməmişdir. İddiaçı apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-408/2017 saylı, 13 fevral 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı avtomobil krediti müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 13427 ABŞ dolları əsas borc, 1246,40 ABŞ dolları faiz borcu və 54,21 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14727,61 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus “Kia Soul-minik” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş pul vəsaitindən 13427 ABŞ dolları əsas borc, 1246,40 ABŞ dolları faiz borcu və 54,21 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14727,61 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Cavabdeh verilməsi və iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 113231-1- 6763 saylı avtomobil krediti müqaviləsinin ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Hərracın nəticələri haqqında 40/05 nömrəli, 23 oktyabr 2020-ci il tarixli protokolunun surətindən görünür ki, Cavabdeh məxsus “Kia Soul” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracda ilkin satış qiyməti 14400 manat müəyyən edilmiş, əmlakın hərracda satılmış son qiyməti 9180 manat olmuş və avtomobil Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmışdır. İş materiallarında olan Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziyadan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(060)-408/2017 saylı qətnaməsi ilə iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin ona qarşı avtomobil krediti müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 113231-1-6763 saylı avtomobil krediti müqaviləsi üzrə 13427 ABŞ dolları məbləğində əsas borc, 1.246,40 ABŞ dolları məbləğində faiz borcu, 54,21 ABŞ dolları məbləğində cərimə, cəmi 14.727,61 ABŞ dolları məbləğində ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ona məxsus 2012-ci il buraxılışlı, “Kia Soul” markalı, qara rəngli, **-CK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 14.727,61 ABŞ dolları məbləğdə ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin hesabına keçirilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icra olunması üçün Sumqayıt şəhər İcra və probasiya şöbəsinə göndərilmiş, ona məxsus avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmış və hərracın yekunu olaraq, ipoteka saxlayan Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən əldə edilmişdir. 23 oktyabr 2020-ci il tarixli, ********* saylı ödəniş tapşırığı ilə Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov rayon filialında olan hesabına xx.xx.2020-ci il tarixli, 135 saylı hesab-fakturaya əsasən ona məxsus avtomobilin hərrac xidmətinin dəyəri olaraq 388,98 manat ödənilmişdir. 22 oktyabr 2020-ci il tarixli, ********* saylı ödəniş tapşırığı ilə Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 hesabına 642,60 manat məbləğində icra ödənişi ödənilmişdir. Ödəniş tapşırıqlarından görünür ki, 388,98 manat məbləğində hərracın keçirilməsi xərci və 642,60 manat məbləğində icra ödənişi onun əvəzinə, tələbkar Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. Lakin qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu kimi onun tərəfinizdən ödənilməlidir. O, məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş və həmin ödənişləri borclunun əvəzinə, tələbkar ödəmiş və bunun nəticəsində borclu tərəfindən Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə maddi zərər yetirilmişdir. Bununla əlaqədar olaraq 642,60 manat məbləğində icra ödənişinin və 388,98 manat hərracın keçirilməsi xərcinin 5 iş günü ərzində Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 23 oktyabr 2020-ci il tarixli, ********* saylı ödəniş tapşırığının surətindən görünür ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-nin hesabına xidmət haqqı olaraq 388,98 manat ödənilmişdir. İş materiallarında olan 23 oktyabr 2020-ci il tarixli, ********* saylı ödəniş tapşırığının surətindən görünür ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt şəhəri üzrə İcra idarəsinin hesabına icra ödənişi olaraq 642,60 manat ödənilmişdir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. “İcra haqqında" Qanunun tələbindən göründüyü kimi, icra sənədində göstərilmiş tələblərin könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, qanuna əsasən icra ödənişi borcludan tutulmalıdır. İcra ödənişinin tələbkar tərəfindən könüllü surətdə ödənilməsi həmin ödənişin borcludan tələbkarın xeyrinə tutulması üçün əsas ola bilməz. “İcra haqqında” qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmçinin hərracın keçirilməsi ilə əlaqədar xərclərin tələbkar tərəfindən ödənilməsi borclu tərəfindən ona vurulmuş maddi zərər kimi qiymətləndirilə bilməz. İddiaçının apellyasiya şikayətində göstərilən dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(060)- 8568/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-856/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-856/2022
12.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver