Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-861/2023 02.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, ərizəçinin hüquqi varisi X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı (Qusar rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi maraqlı şəxs kimi qeyd edilən) «təmir sexinə mülkiyyət hüququnun tanınması» barədə ərizəsinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2-171/2003 nömrəli, 22 sentyabr 2003-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı (Qusar rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi maraqlı şəxs kimi qeyd edilən) «təmir sexinə mülkiyyət hüququnun tanınması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qusar şəhəri, 45-ci kvartalda tikmiş olduğu avtonəqliyyat təmir sexinə mülkiyyət hüququnun müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, təsisçilərin 04 fevral 1995-ci il tarixli iclas protokoluna əsasən “Antey” kiçik müəsissəsi yaradılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyatından keçirilmişdir. “Antey” kiçik müəsissəsi yaradılana qədər, yəni 1990-cı il tarixində torpaq sahəsinin ayrılması ilə əlaqədar olaraq Qusar rayon XDS-yə ərizə ilə müraciət etmişdir. 1990-cı il tarixdə Qusar rayon XDS-nin mütəxəsissləri ona Qusar şəhərinin 45-ci kvartalından təmir sexi tikmək məqsədilə 1,5 sot torpaq sahəsi ayıraraq onun istifadəsinə verərək təhkim olunmuş torpaq sahəsinə dair sənədlərin sonra veriləcəyini bildirmişlər. Həmin il onun üçün ayrılmış torpaq sahəsində təmir sexi tikərək istifadə edir. “Antey” kiçik müəsissəsi həmin sahədə xx.xx.1994-cü il tarixdən fəaliyyətdədir. Sonradan ona məlum olmuşdur ki, onun üçün ayrılmış torpaq sahəsinə dair qərar verilməmişdir. Buna baxmayaraq həmin sahədə tikilmiş təmir sexi 1990-cı ildən fəaliyyətdədir. İş fəaliyyəti ilə əlaqədar olaraq onun tərəfindən müntəzəm olaraq torpaq vergisi ödənilməklə vergi orqanlarına hesabatlar təqdim edilmişdir. Qusar Rayon Məhkəməsinin 2-171/2003 nömrəli, 22 sentyabr 2003-cü il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı «təmir sexinə mülkiyyət hüququnun tanınması» barədə ərizəsi təmin olunaraq, onun Qusar şəhəri, 45-ci kvartalda tikmiş olduğu təmir sexinə mülkiyyət hüququ tanınmışdır (hakim T.Məmmədov). Qusar Rayon Məhkəməsinin 2-171/2003 nömrəli, 22 sentyabr 2003-cü il tarixli qətnaməsinin surəti maraqlı şəxs Qusar rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə göndərilməmişdir. İş materiallarından görünür ki, həmin qətnamənin surəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 07 dekabr 2022-ci il tarixdə alınmışdır. Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi 23 dekabr 2022-ci il tarixdə apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 2-171/2003 nömrəli, 22 sentyabr 2003-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. məhkəmə mübahisəni həll etməzdən əvvəl torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınıb-alınmasını, torpaq sahəsinə və tikiliyə dair sənədlərin mövcudluğunu, həmin daşınmaz əmlakın (torpaq sahəsinin və tikililərin) faktiki ölçüləri, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməlidir. Bununla da qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır. Qətnamədə göstərilən torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd və sxemə istinad edilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Etiraz onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsi sözügedən qətnaməsi ilə iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş avtomobillərin təmiri emalatxanasından 1992-ci ildən istifadə etməsini nəzərə alaraq Mülki Məcəlləsinin 179.1-ci maddəsinin tələblərinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 yanvar 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquq qüvvəsi 2000ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tədbiq edilir. Mülki Məcəlləyə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycar Respublikasının 25 iyun 2005-ci il tarixli Qanunu ilə Mülki Məcəllənin 179.1-ci maddəsi çıxarılmışdır. Qusar rayon X1 və mənzil hüquqlarının qeydiyyat İdarəsi tərəfindən Qusar Rayon Xalq Deputatları Sovetinin komissiyası tərəfindən 02 iyun 1994-cü il tarixli aktı ilə ayrılmış mübahisələndirilən “Antey” kiçik müəssəsi üçün ayrılmış torpaq sahəsində inşa edilmiş emalatxana üçün avqust 1999-cu il tarixində texniki pasport verilmişdir. Qusar Rayon Xalq Deputatları Sovetinin 27 may 1994-cü il tarixli, 74 saylı sərəncamı ilə “Antey” kiçik müəssəsinə avtomobilərin təmiri emalatxanasının tikintisi üçü torpaq sahəsinin seçilməsi üçün komissiya yaradılmış və komissiyaya tapşırılmışdır ki, həmin məqsəd üçün lazımi miqdarda torpaq sahəsi seçilməklə yerquruluş sənədlərini tərtib edərək rayon XDS-nə təqdim edilməsi tapşırılmışdır. Qusar Rayon Xalq Deputatları Sovetinin komissiyası tərəfindən torpaq sahəsinin ayrılmasına dair tərtib edilmiş 02 iyun 1994-cü il tarixli aktı ilə həmin məqsəd üçün şəhərin 45-ci kvartalında Lermantov küçəsində 10x6 ölçülərdə cəmi 60 kv.m. torpaq sahəsi ayrılmışdır. Tərtib edilmiş plan sxemə əsasən “Antey” kiçik müəssəsinə avtomobillərin təmiri emalatxanasının tikintisi üçün 100 kv.m. torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Qeyd edilmiş hüquqverici əsaslar ərizəçiyə əsas verir ki, həmin dövrdə fəaliyyətdə olmuş Qusar rayon X1 və mənzil hüquqlarının qeydiyyat İdarəsinin nümayəndəsi Arif Şalbuzov iştirak etməklə Qusar Rayon Məhkəməsinin 22 sentyabr 2003cü il tarixli, 2-171/2003 saylı qətnaməsi ona təqdim edilmiş, həmin təşkilatın məhkəmənin sözü gedən qətnaməsindən xəbəri olmuş, qərarla razı olmuşdur. Belə ki, həmin idarə qərarla razı olmasa idi, mübahisələndirilən obyektə və inşa edilmiş emalatxanaya texniki pasportu ləğv edərdi. Mübahisələndirilən torpaq sahəsi və həmin sahədə inşa edilmiş obyekt 3 saylı Vergi orqanlarında qeydiyyata alınmış və vergilər mütamadi olaraq ödənilmişdir. Qusar rayon X1 və mənzil hüquqlarının qeydiyyatı İdarəsi məhkəmənin qərarından razı olduğu üçün apellyasiya şikayəti verməmişdir. Belə bir vəziyyətdə Qusar rayon X1 və mənzil hüquqlarının qeydiyyatı İdarəsinin hüquqi varisi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi Qusar Rayon Məhkəməsinin 22 sentyabr 2003-ci il tarixli, 2- 171/2003 saylı qətnaməsindən apellyasiya şikayəti verməkdə haqlı olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin hüquqi varisi X2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin və ona etirazın dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə rədd edilməlidir. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı qeyd edilmişdir ki, İddiaçı 1990-ci ildə ərizə ilə təmir sexi tikməkdən ötrü Qusar rayon XDS-nə müraciət etmiş, Qusar rayon XDS-nin mütəxəssisləri tərəfindən təmir sexi tikmək məqsədi ilə iddiaçıya Qusar şəhərinin 45-ci kvartalından 1,5 sot torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin sahədə təmir sexi tikərək, həmin obyekdən aidiyyəti üzrə istifadə edərək, müntəzəm olaraq vergiləri ödəməklə yanaşı Qusar rayon vergilər idarəsinə hesabatlar vermişdir. Bütün bunlara baxmayaraq o, yerin ayrılmasına dair ilkin sənədləri aldıqdan sonra tikintiyə başlamalı idi. Səhlənkarlıq edərək sənədləri, yəni torpaq sahəsinin ayrılmasına dair razılıq olmadan tikinti aparmağa başlamışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməli olması ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olmuş 179.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.1-ci maddəsinə əsasən daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin on il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir. Maraqlı şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ərizənin təmin edilməməsini xahiş edərək şikayətini – ərizəçi tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadan, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikintinin aparılması ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi yolu ilə aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsində göstərilir ki, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin arxiv sənədləri əsasında Qusar şəhəri, 45-ci kvartalda olan təmir sexlərinə dair “Antey” kiçik müəsissəsinin adına texniki pasport verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin mülkiyyət hüququnun tanınmasını və onun adına qeydiyyata alınmasını tələb etdiyi Qusar şəhəri, 45-ci kvartalda olan təmir sexinə dair ərizəçinin hər hansı bir hüququ yaranmamışdır. Bundan əlavə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 179.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, həmin maddədə nəzərdə tutulan 10 illik müddət həmin Mülki Məcəllənin qüvvəyə minməsindən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Bu həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair” 28 yanvar 2002-ci il tarixli qərarında da birbaşa bu cür izah edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 2-171/2003 nömrəli, 22 sentyabr 2003-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki ərizə “Antey” kiçik müəsissəsinin adından deyil, fiziki şəxsin öz adından qaldırılmışdır. Halbuki, qeyd olunan torpaq sahəsi “Antey” kiçik müəsissəsi üçün ayrılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 2-171/2003 nömrəli, 22 sentyabr 2003-cü il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçinin Qusar şəhəri, 45-ci kvartalda tikmiş olduğu avtonəqliyyat təmir sexinə mülkiyyət hüququnun tanınmasına dair iddiası təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-861/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-861/2023
02.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver