Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-862/2022 06.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı cavabdeh Abşeron rayonu 1 saylı Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X3) icra qeydinin ləğv edilməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(012)-3829/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayonu 1 saylı Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X3) icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 10000 manat borc və 20 manat dövlət rüsumu, ümumilikdə 10020 manat tutularaq X2 ödənilməsinə dair Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli icra qeydinə əsasən İddiaçı 10000 manat borc və 20 manat dövlət rüsumu, ümumilikdə 10020 manat tutularaq X2 ödənilməlidir. Həmin borcun nədən ibarət olması iddiaçıya bəlli deyil. Ona borcu yalnız icra zamanı məlum olmuşdur. İcra qeydində göstərilir ki, İddiaçı vaxtında ödəmədiyi 10000 manat pul tutulmalıdır. Lakin həmin borcun nədən ibarət olması, nə vaxt yaranması iddiaçıya bəlli deyil. İddiaçı və X3 arasında borc verilməsi ilə bağlı şifahi razılıq olsa da, tərəflər notariusa getsələr də, son anda onlar arasındakı fikir ayrılığına görə iddiaçı müqaviləni imzalamaqdan imtina etmişdir. Buna görə də, tərəflər arasında hansısa borcdan söhbət gedə bilməz. Müqavilə varsa belə, o iddiaçı tərəfindən imzalanmamışdır. İcra qeydi verilərkən notarius tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, notarius borcun mübahisəli olub-olmaması məsələsini araşdırmamış, iddiaçıya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilməmiş, göndərilmişsə belə, ona çatdırılıb-çatdırılmaması məsələsi araşdırılmamışdır. Belə olan halda hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(012)-3829/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakim Məlahət Abbasova) Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Abşeron rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli icra qeydinə əsasən İddiaçı 10.000 (on min) manat borc və 20 manat dövlət rüsumu, ümumilikdə 10.020 (on min iyirmi) manat tutularaq X2 ödənilməlidir. Qeyd edilən borcun nədən ibarət olması İddiaçı məlum deyil. İddiaçı yalnız Abşeron rayon icra şöbəsinin icra məmuru tərəfindən dəvət edildikdən sonra borc barədə məlumatlı olmuşdur. Ona məlum olmuşdur ki, dəvət edilməsinin səbəbi Abşeron rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli icra qeydi olmuşdur. İddiaçı nümayəndəsi Vəkil müraciətinə əsasən Abşeron rayonu 1 saylı Notariat kontorundan icra qeydinin dublikatı götürülmüşdür. İcra qeydində göstərilir ki, İddiaçı vaxtında ödəmədiyi 10.000 (on min) manat pul tutulmalıdır. Lakin həmin borcun nədən ibarət olması, nə vaxt yaranması iddiaçıya məlum deyil. İddiaçı ilə X3 arasında borc verilməsi ilə bağlı şifahi razılıq olmuş, bununla bağlı notariusa getmişlər, lakin son anda tərəflər arasında fikir ayrılığı olduğu üçün İddiaçı borc müqaviləsini imzalamaqdan imtina etmişdir. Bu səbəbdən də tərəflər arasında hər hansı borcdan söhbət gedə bilməz. Əgər belə bir müqavilə vardırsa belə, İddiaçı tərəfindən imzalanmamışdır. Qeyd edilən səbəblərdən icra qeydi verilərkən notarius tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, notarius borcun mübahisəli olub-olmaması məsələsini araşdırmamış, İddiaçı tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməmiş, göndərilmişsə belə, ona çatdırılıbçatdırılmaması məsələsini araşdırmamşdır. Tərəflərin izahatları: iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasına elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə təqdim etmişdir. Ərizənin məzmunu ilə müəyyən olunur ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində qeyd etmişdir ki, borc müqaviləsini imzalamamışdır. Lakin iddiaçı bildirir ki, əvvəl dəqiq xatırlamadığı üçün həmin məsələni qeyd etmişdir. Hazırda isə dəqiq xatırlayır ki, notariusda müqaviləni özü imzalamışdır. Ona görə də apellyasiya şikayətinin qeyd edilən dəlilindən imtina etmiş və şikayətə qeyd edilən digər arqumentlər üzrə baxılmasını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı, cavabdeh və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(012)-3829/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan 18.12.2018-ci il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, “borc verən” X3 “borc alan” İddiaçı 10 000 manat məbləğində borc pul verir və sonuncu həmin məbləği 18.12.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürür. Həmin müqavilə tərəflərin hər ikisi tərəfindən imzalanmışdır. İş materiallarında olan 07.01.2021-ci il tarixli bildirişdən müəyyən edilir ki, İddiaçı iyirmi gün ərzində 10000 manat məbləğində pul vəsaitini X2 ödəmədiyi təqdirdə barəsində icra qeydi aparılaraq müvafiq orqanlara göndəriləcəyi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən məlumatlandırılmışdır. İş materiallarında olan 8İ-1852 №-li 19 mart 2021-ci il tarixli icra qeydindən görünür ki, İddiaçı X1 xeyrinə vaxtında ödənilməmiş 10000 manat və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10020 manat pulun tutulması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və hesab etmişdir ki, işdə olan sübutlardan müəyyən edilir ki, tərəflər arasında imzalanan kredit müqaviləsi qanunun tələblərinə uyğun şəkildə imzalanmış və iddiaçı, üçüncü şəxs tərəfindən imzalanmışdır. Eləcə də, iddiaçı borcunu ödəmədiyi təqdirdə icra qeydi tərtib ediləcəyi barədə notariat orqanı tərəfindən bildirişlə məlumatlandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. İddiaçı hazırki apellyasiya şikayətində həmin icra qeydinin ləğvini tələbi edir. İddiaçı bildirir ki, icra qeydi qanunvericiliyin tələblərinə zidd şəkildə tərtib edilmişdir. Belə ki, iddiaçı həmin gün notariat orqanına maraqlı şəxslə kredit müqaviləsi bağlamağa getsə də, tərəflər arasında olan fikir ayrılığı nəticəsində iddiaçı tərəfindən həmin müqavilə imzalanmamışdır, bundan başqa, icra qeydi iddiaçıya yalnız icra mərhələsində məlum olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsasızdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, 19 mart 2021-ci il tarixli icra qeydi ilə iddiaçıdan üçüncü şəxsin xeyrinə 10020 manat pulun tutulması müəyyən edilmişdir. Apellyasiya şikayətinin müqavilənin İddiaçı tərəfindən imzalanmaması ilə bağlı isə iddiaçı özü ərizə ilə məhkəmə kollegiyasına müraciət etmiş və bildirmişdir ki, əvvəl dəqiq xatırlamadığı üçün müqaviləni imzalamadığını qeyd etmişdir. Hazırda isə dəqiq xatırlayır ki, notariusda müqaviləni özü imzalamışdır. Ona görə də apellyasiya şikayətinin qeyd edilən dəlilindən imtina etmiş və şikayətə qeyd edilən digər arqumentlər üzrə baxılmasını xahiş etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısında” nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 402, 403, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(012)-3829/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-862/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-862/2022
06.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver