Məhkəmə qərarları › İş №2(105)-867/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-867/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-867/2021 10.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Xızı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(068)-73/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xızı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(068)-73/2020 saylı qətnaməsi ilə (hakim B.R.Ələkbərov) iddiaçı ASC “xxxx” Sığorta Şirkəti Cavabdeh Cərulla oğluna subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh 660 manat məbləğində verilmiş sığorta ödənişi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 75 %-i, yəni 22,50 manatı olmaqla, cəmi 682,50 (altı yüz səksən iki manat əlli qəpik) manat alınaraq “xxxx” Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və aparılmış məhkəmə iqtisad ekspertizası tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manatın 25 %-i, yəni 30 (otuz) manatı “xxxx” Sığorta Şirkəti ASC-dən, 75 %-i, yəni 90 (doxsan) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Xızı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(068)-73/2020 saylı qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC “xxxx” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxx 2016-cı il tarixdə, saat 21:00 radələrində Bakı-Quba yolunun 30-cu km-də idarə etdiyi “xxxx” Sığorta Şirkəti ASC-də icbari sığorta növü ilə sığortalanmış “xxxx” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə yanlış manevr etmiş, nəticədə yolun kənarında dayanmış vəziyyətdə olan X2 məxsus “Mercedes Benz E 220” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncu avtomobilə maddi zərər vurmuş və hadisə yerindən yayınmışdır. İcbari sığortalar haqqında Qanunun 63-cü maddəsinə əsasən Cavabdeh hadisə yerindən yayındığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Bundan əlavə, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Sumqayıt ŞPİ DYPŞ-nin xx xxxxxx 2016-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. «xxxx» MMC tərəfindən xx xxxxxxxx 2016-cı il tarixdə tərtib edilmiş sığorta hadisəsinə dair qiymətləndirmə aktına əsasən “Mercedes Benz E 220” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1300 manat məbləğində maddi ziyan dəymişdir. Bununla əlaqədar olaraq, 3805/16 saylı sığorta aktına əsasən ASC “xxxx” Sığorta Şirkəti həmin avtomobilin təmiri üçün X2 1300 manat sığorta ödənişi həyata keçirmişdir. Beləliklə, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna sahib olmuşdur. Cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq 1300 manat məbləğdən 420 manat iddiaçıya ödənilmişdir. Ona görə də, Cavabdeh 880 manat məbləğində sığorta ödənişinin və iddia ərizəsi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ASC “xxxx” Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xızı Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 13.1, 13.2 və 63.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, xx xxxxxx 2016-cı ildə mənə məxsus “xxxx” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil ASC “xxxx” Sığorta Şirkətdə icbari sığorta növü ilə sığortalanmışdır. xx xxxxxx 2016-cı il tarixdə ona məxsus olan “xxxx” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz E 220” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Avtomobillər toqquşan zaman hadisə yerindən yayınmamış, sadəcə tərəfindən idarə olunan avtomobilin digər maşına sürtünməsi nəticəsində avtomobilə zərər dəymişdir. Onun idarə etdiyi avtomobil “Kamaz” markalı avtomobil olduğundan, yəni maşın hündür olduğundan kiçik ölçülü maşınla sürtünmə hadisəsini hiss etməmiş və buna görə də yoluna davam etmişdir. Sonradan polis şöbəsindən ona məlumat veriləndə bilmişdir ki, maşını idarə edərkən digər maşına zərər vurmuşdur. Tərəfindən ziyanın bir hissəsi ödənilmişdir. Lakin ona məxsus “xxxx” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil ASC “xxxx” Sığorta Şirkətində icbari sığorta növü ilə sığortalandığından ödəniş onun tərəfimdən deyil, həmin sığorta şirkəti tərəfindən həyata keçirilməli idi və hazırda sığorta şirkətinin onun ödənişi tələb etməsi əsassız olmaqla qanunvericiliyin tələblərinə ziddir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ASC “xxxx” məhkəmə kollegiyasına ərizə ilə müraciət edib, məhkəmə iclasının ASC “xxxx” Sığorta Şirkətinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh Cərulla oğluna məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Sumqayıt ŞPİ-nin DYPŞnin əməkdaşı tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2016-cı il tarixli arayışın, xx xxxxxx 2016-cı il tarixli, KYP seriyalı, 387643 nömrəli inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarının surətlərindən görünür ki, Cavabdeh xx xxxxxx 2016-cı il tarixdə, saat 21:00 radələrində “xxxx” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 30-cu km-də, Sumqayıt şəhəri ərazisində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İİ bəndinin tələblərini, yəni manevr etmə qaydalarını pozaraq yolun kənarında dayanmış, X2 məxsus “Mercedes Benz E 220” markalı, 99-HK539 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə həmin avtomobilə maddi zərər dəyməklə yanaşı, Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Bununla da, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. «xxxx» MMC tərəfindən xx xxxxxxxx 2016-cı il tarixdə tərtib edilmiş sığorta hadisəsinə dair qiymətləndirmə aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E 220” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 7 adda ehtiyat hissələrinə zərər dəyməklə, bu zərər zəhmət haqqı ilə birlikdə cəmi 1300 manat məbləğində müəyyən edilmişdir. İşdə olan sənədlərdən, o cümlədən icbari sığorta şəhadətnaməsinin, sığorta aktının və məxaric xəzinə orderinin surətlərindən görünür ki, “xxxx” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Sığorta Şirkəti ASC-də xx xxxxx 2016-cı il tarixdən xx xxxxx 2017-ci il tarixədək 5000 manat dəyərində sığortalanmışdır. Habelə, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E 220” markalı, 99HK-539 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin qarşılığında zərərçəkmiş Elçin Salmanova 1300 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Maliyyə, eləcə də digər sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçı Sığorta Şirkətinə dəymiş zərərə görə xx xxxxxxx 2016-cı il tarixdə 300 manat, xx xxxxxx 2016-cı il tarixdə 100 manat və xx xxxxxx 2017-ci il tarixdə 20 manat olmaqla, cəmi 420 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/2415 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, «xxxx» MMC tərəfindən təqdim edilmiş xx xxxxxxxx 2016cı il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Mercedes Benz E 220” markalı, **- HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1080 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. “İcbari sığortalar haqqında” Qanunun 20.5-ci maddəsinə əsasən üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan normaların tələblərindən də göründüyü kimi zərərçəkmiş şəxs ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə və bu ödənişi təmin edən sığortaçı onu subroqasiya qaydasında mübahisələndirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə tələb edilən vurulmuş ziyan məbləği üzrə pul tələbini qismən təmin etməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmişdir və birinci instnsiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv olunub, iddianın həmin hissədə rədd edilməsi hallarını sübuta yetirə bilməmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunub, iddianın rədd olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Xızı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(068)-73/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar