Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-868/2023 07.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 06 sentyabr 2022ci il tarixli, 2(031)-796/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddianın təmin edilməsi, Cavabdeh 1500 manat məbləğində zərər və 35 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tərəfdən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 1500 manat zərər məbləğinin və ödənilmiş 35 manat dövlət rüsumunun Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 10:00 radələrində Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində Cavabdeh idarə etdiyi "xxxx" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada X2 az ağır dərəcəli xəsarət dəymişdir. "xxxx" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. xx.xx.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən PXA71805 saylı sığorta aktına əsasən 1500.00 manat zərərin məbləği olaraq zərərçəkmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi X3 bank hesabına ödənilməlidir. xx.xx.2020-ci il tarixdə Cavabdeh barəsində Şabran RPŞnin İB-nin baş müstəntiqi, polis mayoru X8 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 263- 1.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq hərəkətləri aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli, 1(031)-30/2020 nömrəli Şabran Rayon Məhkəməsinin hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Məhkəmənin hökmü ilə Cavabdeh 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixli 1(031)- 30/2020 nömrəli Şabran Rayon Məhkəməsinin hökmündən YNH təfərrüfatları barədə arayışından, həmçinin cavabdehin izahatından görünür ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şabran Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ASC "Xalq Sığorrta" tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. İcbari sığorta müqaviləsi onunla bağlanmamışdır, ASC "xxxx" ilə heç bir müqavilə bağlamamış, müqavilə üzrə tərəf deyil. "xxxx" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil 1-ci Qarabağ müharibəsində iştirak edib əlil olduğuna görə dövlət tərəfindən hədiyyə edilib və onun heç vaxt sürücülük vəsiqəsi olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tələbin əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, 8.06.2020-ci il tarixdə, saat 10:00 radələrində Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "xxxx" markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı avtomaşınla piyada X2 az ağır dərəcəli xəsarəti yetirmiş, xx.xx.2020-ci il tarixli ödəniş sənədinə əsasən zərərin məbləği olaraq 1500 manat iddiaçı tərəfindən zərərçəkmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi X3 hesabına ödənilmişdir. Həmin sığorta ödənişinə görə sığorta şirkəti cavabdehə qarşı subroqasiya qaydasında ödənilmiş pulun ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, tələb təmin edilmiş, cavabdeh həmin nəticəni mübahisələndirmişdir. İşdən görünür ki, iddia tələbi subroqasiya qaydasında zərərin ödənilməsi barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 936-cı maddəsi təşkil edir. Mülki Məcəllənin 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər (Mülki Məcəllənin 1108.1. və 1108.2. maddələri). Subroqasiya hüququ bu Məcəllənin 936.6. maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (Mülki Məcəllənin 936.1., 936.2. və 936.5. maddələri). “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-ci maddəsinə əsasən sığortaçının hüquqlarından biri kimi sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ qeyd edilir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Kollegiya qeyd edir ki, sığorta şirkəti olan iddiaçı dəymiş zərərin əvəzini zərərçəkən şəxsə ödəmiş, həmin vurulmuş zərərin əvəzini tələb etmək hüququ subroqasiya qaydasında ona keçmiş, bununla da onun zərər vuran şəxsdən zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. Cavabdeh ona qarşı subroqasiya qaydasında pulun tutulmasını tələbini mübahisələndirsə də, bununla bağlı hər hansı mötəbər və əsaslı şübhə yaratmayan sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 14.2., 77.1. və 88-ci maddələri). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin baş vermiş avtonəqliyyat hadisəsinə görə "xxxx" ASC tərəfindən üçüncü şəxslərə ödəmiş olduğu pul vəsaiti həcmində subroqasiya hüququnun yaranması və buna görə də ödənişin məsuliyyət daşıyan cavabdehdən alınması barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Mülki Məcəllənin 936.2. maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Subroqasiya zamanı iddia müddətinin hesablanması sığortaçının tələb hüququ yarandığı andan başlanır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-868/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-868/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver