Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-87/2023 20.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil2, Cavabdeh2 nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi, küçədən ayrı giriş-çıxış qapısının açılması tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(060)-7728/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı məxsus Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 kv.m olan B-4840 saylı və sahəsi 0,0529 kv.m olan B-4840B saylı torpaq sahələrinin sərhədləri, cavabdehə məxsus Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0.12 ha sahəli 4840 saylı bağ sahəsindən ekspert rəyinə əlavə edilmiş mütəxəssis rəyində əks edilmiş qaydada bölünərək ayrılması, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT-BİK CTREAZ22 hesaba, mütəxəssis rəyinə görə isə 229.75 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Kapital Bank ASC-nin Xətai filialı, Kod 200071, VÖEN **********, Müxbir hesab AZ 37NABZ********************, SWİFT-kod AİİBAZ2X hesaba keçirilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi, küçədən ayrı giriş çıxış qapısının açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 kv.m olan B-4840 saylı və sahəsi 0,0529 kv.m olan B-4840B saylı torpaq sahələrinin sərhədləri cavabdehə məxsus 0,12 ha sahəli 4840 saylı bağ sahəsindən ekspert rəyinə əlavə edilmiş mütəxəssis sxemində əks edilmiş qaydada bölünərək ayrılması və həmin torpaq sahələrinə giriş-çıxış yolu (piyada və nəqliyyatla) cavabdehin istifadəsində olan 4840 saylı bağ sahəsindən və həmin sahəyə olan darvazadan istifadə edilməklə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 iddiaçıya 2008-ci ildən borclu olduğu 305.020 manat məbləğində vəsaitin ondan alınaraq iddiaçıya qaytarılması qət edilmiş və həmin mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən iddianın təmin tədbiri qismində Nəsimi rayon məhkəməsinin 18 noyabr 2013-cü il tarixli qərardadı ilə cavabdehə məxsus Sumqayıt şəhəri, Novxanı Bağları massivində yerləşən B-4840B, B- 4840 saylı torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 28 avqust 2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi icra edilməsi üçün icraya daxil edildiyi gündən 1 il keçməsi və borclunun iddiaçıya ödəməli olduğu vəsaiti qaytarmaması və icra sənədinin icrasından qəsdən boyun qaçırması səbəbi ilə Nəsimi rayon Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərardadı ilə Nəsimi rayon İcra Şöbəsinin icra məmuru R.Muradovun Bakı Apellyasiya Məhkəməsinin 28 avqust 2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı Bağları massivində yerləşən B-4840B, B-4840 saylı torpaq sahələrinin üzərindən həbsin götürülməsinə dair təqdimatı təmin edilmiş, həmin bağ sahələrinin adına rəsmiləşdirilməsi üçün qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. İstinad edilmiş birinci instansiya məhkəməsinin qərardadından borclu Cavabdeh1 verdiyi apellyasiya və kassasiya şikayətləri apellyasiya və kassasiya instansiya məhkəmələrinin müvafiq qərarları ilə təmin edilməmiş, nəticədə də icra orqanı tərəfindən cavabdehin borcunun 1/3 hissəsinin əvəzinə iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı Bağları massivində yerləşən B-4840B, B4840 saylı torpaq sahələri təklif edilmiş və iddiaçının razılığı və məhkəmə qərarı əsasında həmin bağ sahələri adına rəsmiləşdirilməsi nəticəsində iddiaçıya DƏDRX-nin 17 fevral 2017-ci il tarixli reyestrlərindən çıxarışlar verilmişdir. Növbəti dəfə cavabdeh Sumqayıt İnzibati İqtisadi Məhkəməsində iddiaçıya qarşı iddia qaldıraraq adına verilmiş çıxarışları mübahisələndirmiş və məhkəmənin 02 iyun 2017-ci il tarixli qərardadı ilə gələcəkdə iddianın təmin tədbirinin təmin edilməsi məqsədi ilə Sumqayıt şəhəri, Novxanı Bağları massivində yerləşən B-4840B, B-4840 saylı torpaq sahələrinin özgəninkiləşdirilməsi iddiaçıya qadağa edilmişdir. Lakin həmin məhkəmənin 03 oktyabr 2017-ci il tarixli qərardadı ilə iddiaçının məhkəmə iclaslarına iştirak etməməsi səbəbi ilə iddianın geri götürülmüş hesab edilməsi haqda qərar qəbul edilmişdir. Həmin qərar qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qərardadı İlə Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 02 iyun 2017-ci il tarixli qərardadı ləğv edilərək Sumqayıt şəhəri, Novxanı Bağları massivində yerləşən B- 4840B, B-4840 saylı torpaq sahələrinin özgəninkiləşdirilməsinə dair qoyulmuş qadağa götürülmüşdür. Cavabdeh iddiaçıya borclu qaldığı 2/3 hissəsini də bu günədək ödəməmiş və bununla əlaqədar o, icra sənədinin icrasından qəsdən boyun qaçırması səbəbi ilə Nəsimi rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutularaq 02 il müddətinə islah işlərinə məhkum edilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh bu günədək nə iddiaçıya borclu qaldığı məbləği, nə də ki, qanuni əsaslarla mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, Novaxnı Bağları massivində yerləşən B- 4840B, B-4840 saylı torpaq sahələri qanunsuz sahibliyində və istifadəsində saxlayır, ona təhvil verməkdən imtina edir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, mülki iş üzrə verilmiş xx.xx.2019-cu il tarixli, 15644 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 kv.m olan B-4840 saylı və sahəsi 0,0529 kv.m olan B-4840V saylı torpaq sahələrinin sərhədlərini müəyyən etmək mümkündür və həmin sərhədlər ekspert rəyinə əlavə edilmiş mütəxəssis sxemində öz əksini tapmışdır. Eyni zamanda ekspert mütəxəsis rəyinə əlavə olunmuş sxemdə göstərilən iddiaçıya məxsus sahələri 0,12 kv.m və 0,0529 kv.m olan torpaq sahələrinə gedən yol cavabdehin torpaq sahəsindən açılmalı olduğu üçün bu məsələnin servitut qaydasında həll edilməsinin mümkün olduğuna istinad etmişdir. Mübahisə edilən torpaq sahəsinə yerində baxış keçirilən zaman da müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan B-4840 və B-4840B saylı torpaq sahəsinə keçid yolu hazırda Cavabdeh2 məxsus 4840 saylı bağ sahəsinin giriş darvazadan istifadə etməklə və həmin bağ sahəsindən keçməklə müəyyən etmək mümkündür. İddiaçıya məxsus bağ sahələrinə başqa keçid yolu olmadığından hesab edir ki, mübahisə servitut qaydaları tətbiq edilməklə həll edilməlidir. AR Torpaq Məcəlləsinin 54.2-ci maddəsinin tələblərinə əsasən servitut (torpaq sahəsindən məhdud istifadə hüququ)- torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Həmin Məcəllənin 54.3-cü maddəsinə görə torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Torpaq Məcəlləsinin 54.4-cü maddəsinin tələblərinə əsasən torpaq sahəsindən servitutlar torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək hüququ verilməklə də müəyyən edilə bilər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qeyd edilmiş nəticəsi ilə razı deyil və hesab edir ki,birinci instansiya məhkəməsi məlum nəticəyə gələrkən mübahisə ilə bağlı Mülki Məcəllənin 175.1, 175.2, 255.1, 255.4, 255.6-cı maddələrinin tələblərini düzgün tətbiq etməmiş, Mülki Məcəllənin 152.5, 261.1 və 261.2-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki,mübahisənin mübahisəsiz tərəfi ondan ibarətdir ki, İddiaçı məxsus sahəsi 0,12 ha olan B-4840 və sahəsi 0,0529 kv.m olan B-4840B saylı bağ sahələrinə yəganə giriş-çıxış yolu yalnız cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus sahəsi 0,12 ha olan 4840 saylı bağ sahəsinin darvazasındandır. Məlum məsələdir ki,cavabdehlərə məxsus 4840 saylı bağ sahəsindən iddiaçıya mülkiyyətində olan B-4840 və B-4840B saylı bağ sahələrinə giriş-çıxış yolu vertilmədiyi təqdirdə nə B-4840 və B- 4840B saylı bağ sahələrinin cavabdehlərə məxsus 4840 saylı bağ sahəsindən iş üzrə verilmiş ekspert rəyinə əlavə edilmiş mütəxəssis sxemində əks edilmiş qaydada bölünməsi, nə də ki, daha sonra həmin bağ sahələrindən iddiaçı tərəfindən istifadə edilməsi münkünsuz bir haldır. Bu anlamda hesab edir ki, məhkəmənin qəbul etdiyi qətnaməsi qüvvədə qaldığı təqdirdə icrası münkün olmayan, mülkiyyətdən istifadə hüquqlarını birbaşa məhdudlaşdıran bir məhkəmə aktı olaraq qalacaqdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iştirakçılarının izahatını, iş materiallarını və iş üzrə keçirilmiş ekspertizanın rəyini nəzərə alaraq iddia tələbinin bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi hissəsini əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə mübahisələndirilən hissədə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-4840 və Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-4840 V torpaq sahələri RX ******* saylı, 17 fevral 2017-ci il tarixli və RX ******* saylı, 17 fevral 2017-ci il tarixli çıxarışlarla tam şəkildə mülkiyyət hüququ ilə İddiaçı məxsus olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə mübahisələndirilən hissədə iddia tələbi iddiaçıya məxsus həmin torpaq sahələrinə giriş-çıxış yolu (piyada və nəqliyyatla) cavabdehin istifadəsində olan 4840 saylı bağ sahəsindən və həmin sahəyə olan darvazadan istifadə edilməklə müəyyən edilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 255.1, 255.4-cü maddələri təşkil edir. Məlumdur ki, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər (Mülki Məcəllənin 255.1, 255.4-cü maddələri). Qanunun mənasına görə servitut dedikdə bir mülkiyyətçinin daşınmaz əmlakının digər daşınmaz əmlakın mülkiyyətçisinin xeyrinə yüklülüyü anlaşılır. Servituta əsasən bir mülkiyyətçinin daşınmaz əmlakına mülkiyyət hüququnun məhdudlaşdırılması hesabına digər daşınmaz əmlakına mülkiyyət hüququnun məhdudlaşdırılması hesabına digər daşınmaz əmlakın mülkiyyətçisinə həmin əmlakdan göstərilən məhdudiyyətlər çərçivəsində istifadə etmək hüququ verilir. Hər şeydən əvvəl servitut daşınmaz əmlak mülkiyyətçinin digər mülkiyyətçinin daşınmaz əmlakından istifadə etmədən ödənilə bilməyən ehtiyaclarının təmin edilməsi üçün təyin edilə bilər. Beləliklə, şəxsin öz daşınmaz əmlakına mülkiyyət hüququnu tam həyata keçirməsi üçün digərinin daşınmaz əmlakından istifadə etməsi vahid çıxış yolu olarsa, həmin əmlak servitutla yüklü edilə bilər. Əgər mülkiyyətçinin öz daşınmaz əmlakından istifadə etməsi üçün yaranmış ehtiyacı bir neçə digər mülkiyyətçilərin daşınmaz əmlakı hesabına təmin edilə bilərsə, servitut bu məqsəd üçün daha əlverişli olan, az məsrəflər hesabına başa gələn daşınmaz əmlaka qoyulmalıdır. Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, torpaq sahəsinə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, iddiaçının torpaq sahəsinə giriş-çıxış yolu X2 adına reyestr nömrəsi **********98-11301 olan torpağ sahəsindəndir. Elektron baza məlumatlarına əsasən həmin sözügedən torpaq sahəsindən iddiaçının 110 kv.m torpaq sahəsi yol kimi istifadəsi üçün ayrılmışdır. X4 həmin yol üçün ayrılmış torpaq sahəsini zəbt edərək şəxsi mülkiyyətində olan torpaqla birləşdirərək öz istifadəsində saxlamışdır. Bundan əlavə iddaçı İddiaçı mülkiyyətində olan torpaq sahəsinə digər sol tərəf qonşu X3 adma reyestr nömrəsi **********90 olan torpaq sahəsi tərəfdən 313 kv.m torpaq sahəsi yol kimi istifadə üçün buraxılmışdır. Lakin həmin sözügedən qonşu, öz həyətyanı istifadəsi üçün yol kimi ayrılmış torpaq sahəsini zəbt edərək hasara almışdır. Göründüyü kimi iddiaçının torpaq sahəsinə giriş-çıxış yolu ayrılmış, lakin rəydə göstərilən Sara Əliyeva və Həqiqət İmanova tərəfindən öz torpaq sahələrinə birləşdirilərək istifadə olunur. Belə olan halda iddiaçının torpaq sahəsinə gedən yolun açılması barədə həmin şəxslərə qarşı iddia qaldırmaq hüququ istisna deyil. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən, İddiaçı apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qətnaməsi iddianın mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-87/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-87/2023
20.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver