Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-872/2024 05.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra İdarəsinə, Cavabdeh3nə və "xxxx" X30 Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: hərracın nəticələri barədə protokolun etibarsızlığı, çıxarışın ləğvi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X27 (sədrlik edən və məruzəçi), X7 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-337/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-13/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər X8, İddiaçı, X16 və X15 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli, 2(060)11742/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X9 və İddiaçı Babakərəm qızından "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2014-ci il tarixli 49/14SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 49-1/14SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 16466,82 ABŞ dolları, faiz borcu üzrə 2010,39 ABŞ dolları, cərimə borcu üzrə 20 ABŞ dolları, cəmi 1.8497,21 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, tutmanın ipoteka lə yüklü edilmiş X3 məxsus Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2 saylı evin 90 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2014-ci il tarixli 49/14SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 49-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə 18497,21 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun "xxxx" KB ASCyə ödənilməsi, ipoteka predmeti Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2 saylı evin 90 saylı mənzilin ilkin satış qiymətinin 21000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin hərracda satıldıqdan sonra ən geci bir ay ərzində həmin yaşayış sahəsindən X9, İddiaçı Babakərəm qızı, X16 və X12 çıxarılması, qalan hissədə iddianın rədd edlməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli, 2(060)11742/2016 saylı qətnaməsindən cavabdeh X1 apelyasiya şikayəti üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin 13 mart 2019cu il tarixli, 2(105)13/2019 saylı qətnaməsi ilə cavabdeh X1 apelyasiya şikayəti qismən təmin edilmişdir. Cavabdeh X1 apelyasiya şikayəti üzrə Sumqayıt şəhər Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli, 2(060)11742/2016 saylı qətnaməsi ipoteka predmeti olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2 saylı evin 90 saylı mənzilinin ilkin satış qiymətinin 21000 (iyirmi bir min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmişdir. İpoteka predmeti olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2 saylı evin 90 saylı mənzilinin hərracda ilkin satış qiyməti 25000 (iyirmi beş min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
2. Cavabdeh1 xx.xx.2021-ci il tarixli Qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3640/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu şəxslər X12, X10, X5, İddiaçı, X2, onların yetkinlik yaşına çatmayan ailə üzvləri xx.xx.2009-cu il təvəllüdlü X13 və xx.xx.2009-cu il təvəllüdlü X6 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 2 saylı evin 90 saylı mənzilə istifadə hüquqlarına xitam verilməli və həmin mənzil onlar tərəfindən boşaldılmalıdır. İcra işi Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən tam icra olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3640 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir.
3. İİ-JQ №494385 saylı, xx.xx.1983-cü il tarixli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 ilə Bayramova Cəmilə Babaverdi qızı xx.xx.1983-cü il tarixdə nikaha girmişlər və sonuncuya “Dadaşova” soyadı verilmişdir.
4. AZ-İİ №079620 saylı, xx.xx.2020-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 26 iyun 2020-ci il tarixdə ölmüşdür.
5. Cavabdeh1 "xxxx" MMC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)- 13/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraatda X1 mülkiyyətində olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəs, S.Bəhluzadə küç, ev 2, 90 saylı mənzilin qiymətləndirilməsi keçirilmiş və həmin mənzilin hərracın keçirilməsini xahiş etmiş və bu barədə X11 və İddiaçı Babakərim qızına məlumat vermişlər.
6. X17 saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 39/03 nömrəli protokolun surətindən görünür ki, İpoteka predmetinin (mənzil) “İpoteka Haqqında” Azərbaycan Respublikası qanun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 15937,50 manat qiymətlə tələbkar əldə etmək hüququ bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2(105)-704/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən tərtib edilməyən Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixli, xx/xx/215630 saylı Hərracın Keçirilməsinə dair “Sifariş”in etibarsız hesab edilməsi, "xxxx" MMC tərəfindən keçirilmiş Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 2, mənzil 90 əmlakına dair 124/22 saylı, xx.xx.2022-ci il tarixli hərracın nəticələri barədə protokolun etibarsızlığı və onun əsasında DƏDRX tərəfindən verilmiş çıxarışın etibarsızlığı barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşmə verərək, cavabdeh "xxxx" MMC-ni əsl cavabdeh "xxxx" MMC hərrac mərkəzi ilə əvəz edilməsini, Cavabdeh1 16/31 saylı, xx.xx.2020-ci il tarixli hərracın keçirilməsi haqqında sifariş məktubuna əsasında həyata keçirilmiş Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 2 saylı evin 90 saylı mənzilin əldə edilməsinə dair 39/03 saylı, xx.xx.2020-ci il tarixli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında "xxxx" Kommersiya bankı ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3640/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsin əsasən onun və 4 nəfər ailə üzvünün Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 2 saylı evin 90 saylı mənzilindən istifadə hüquqlarına xitam verilmiş və həmin mənzilin boşaldılması qət edilmişdir. Buna səbəb həmin mənzilin icra məmurunun sifarişi əsasında hərrac vasitəsilə ipoteka qoyulmuş bank ("xxxx" ASC) vasitəsilə alınması olmuşdur. Yaranmış işsizilik, maddi sıxıntılar və borclunun ani səhhəti ilə əlaqədar olaraq yaranmış vəziyyət səbəbi ilə qeyd edilən borc öhdəliyinin icrasında məhkəməyə qədər və məhkəmə prosessləri zamanı çətinliklər yaranmış və bu haqda "xxxx" ASC-yə təsdiqedici sənədlərlə birlikdə dərhal məlumat verilsə də hec bir ortaq razılığa gəliniməsinə dair cəhdlər Bank tərəfindən qarşılanmamışdır. İpoteka qoyuan və kredit borcu götürən şəxs-X14 xx.xx.2020-ci il tarixdə beyin xərçəngindən vəfat etmişdir. Cavabdeh1 tərəfindən məktubla İpoteka predimeti olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 2 saylı evin 90 saylı mənzili açıq hərrac vasitəsi ilə realizə edilərək tələbkar "xxxx" ASC-nin kredit borcunun qaytarılması üçün hərrac keçirən təşkilata sifariş vermişdir. İcra məmurunun sifarişindən, hərracın keçirilməsindən, əmlakın hansı qiymətə özgəninkiləşdirilməsindən heç bir məlumatları olmamışdır. Bunun nəticəsində əmlak çox ucuz qiymətə satılmış, kredit borcunun tam ödənilməsinə imkan verilməmiş, son nəticədə isə vaxtilə borcdan ikiqat qiymətə baha olan mənzil ucuz satılaraq onlardan yenə də kredit borcu tələb edilmişdir. Bundan savayı Sifariş məktubunda “İpoteka haqqında” qanunda qeyd edilən ipoteka predmetinə məxsus əmlaklar barədə məlumatlar dolğun göstərilməmiş və bu da alıcı kütləsinin olmamasına gətirib çıxarmaqla nəticələnib. Hesab edir ki, bu sifariş etibarsiz hesab edilməli və məlum icra vərəqəsinə uyğun tərtib edilməli və tərəflərin istəyinə uyğun başqa hərrac təşkilatına göndərilməlidir. Verilmiş sifariş əsasında ixtisaslaşdırılmış hərrac təşkilatı olan "xxxx" MMC, sifarişi “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunun və digər qanunvericilik aktları tələblərinin kobud pozulması ilə icra etmişdir. Bunlarla yanaşı ipoteka qoyan olaraq konstitusion hüquqlarından məhrum edilmişdir. Əmlak özgəninkiləşdirilməsi olduqca ucuz qiymətə həyata keçirilmişdir. Bu kateqoriyadan olan mənzillərin hazırki likvid dəyəri hərracdakı qiymətdən olduqca yuxarıdır. Buradan belə məlum olur ki, hərracı sifariş verən qurumla hərracı həyata keçirən qurum və mənzilin alıcı olan bankın nümayəndəsi öncədən əlbir olaraq mülki qanunvericiliyin tələblərinə uyğun gəlməyən əqd bağlamışlar ki, bu da qanunla qadağandır. İlk hərrac xx.xx.2020-ci ildə olmuş amma elanları (keçirilmə və baş tutmama) olmamışdır. Buna baxmayaraq heç bir hərracın baş tutmaması barədə elan belə verilməmişdir ki, buda ipoteka haqqında qanunun tələbi kobud pozulmuşdur. İkinci hərrac xx.xx.2020-ci il tarixində olmuş amma elanları (keçirilmə və baş tutmama) olmamışdır. Həmçinin hərrac bildirişlərinin ipoteka qoyana göndərilmə/qəbul haqqında hər hansı qəbz olmamışdır. Belə ki, hərracın açıqlığı ilə yanaşı konstitusion hüquqları pozulmuşdur. Əgər birinci hərrac baş tutmamışdırsa, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özündə rəsmi internet saytında məlumat hərrac mərkəzi tərəfindən dərc etdirilməli olduğu halda dərc etdirilməmişdir. Xüsusən qeyd etmək istərdi ki, qeyd etdikləri ilə yanaşı ona və ünvanına heç bir hərrac keçirilməsi ilə bağlı bildiriş/hər hansı sənəd daxil olmamışdır. Abşeron rayonu üzrə İcra və probasiya şöbəsindən edilmiş müraciətlə ondan xəbərsiz ona məxsus əmlakın artıq satıldığını bilmişdir. Qeyd olunan və qanunvericilik normalarına əsasən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 2, mənzil 90-a dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracların nəticələri qanunvericiliklə müəyyənləşdirilmiş qaydaların pozulması ilə keçirildiyindən, hərracların hazırlanma müddətləri və keçirilmə qaydası pozulduğundan, ipoteka saxlayana məlumat verilmədən keçirildiyindən birinci hərrac və təkrar hərracların baş tutmaması barədə elan verilmədiyindən bu barədə tərtib edilmiş protokol etibarsız elan edilməli və onun əsasında DƏDRX tərəfindən verilmiş çıxarış ləğv edilməlidir. Hərracın keçirilməsi üçün sifariş verən cavabdeh təşkilat olan Cavabdeh1 Sumqayıt şəhəri, 9-cu mkr, ev 64 ünvanında yerləşir. Bundan savayı, ipoteka predmeti olan əmlak da Sumqayıt şəhəri ərazisində yerləşir. Bundan savayı, ipoteka predmeti olan əmlak da Sumqayıt şəhəri ərazisində yerləşən üçün işin obyektiv, əsaslı araşdırılması və hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət etmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-337/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 340.1, 340.2, 416.1, 416.2-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1, 41.5, 42.1, 42.3, 42.6, 42.8, 43.1, 43.4, 43.5, 43.6, 43.7, 43.8, 44-cü maddələri, “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyi, “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-337/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına düzgün əməl etməmişdir. Məhkəmə qətnamə qəbul edərkən hesab etmişdir ki, iddiaçı hərracın etibarsızlığı ilə bağlı tələbi 1 ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, iddia müddətinin ötürülməsi iddia tələbinin rədd edilməsinə əsas verir. O, məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmır. Məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin 337.2-ci, 339.6-cı, 354.1-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 4, 14, 88-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-13/2019, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X1 mülkiyyətində olan Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 2, mənzil 90 kreditin təminatı kimi "xxxx" KB ASC tərəfindən açıq hərraca çıxarılmışdır. xx.xx.2020-ci ildə ilkin hərrac, xx.xx.2020-ci ildə təkrar hərrac keçirilmişdir. Təklif məktubu X4 və İddiaçı göndərilmişdir. Qətnaməyə görə iddiaçılara hərracın keçirilməsi barədə məlumat xx.xx.2020-ci ildə verilmişdir. Bildirir ki, hərracın keçirilməsi barədə ona və digər cavabdehə heç bir məlumat verilməmişdir. xx.xx.2020-ci il tarixli, 39/03 saylı Protokoldan xəbərsiz olmuşdur. Beləliklə icra məmurunun sifarişindən, hərracın keçirilməsindən, əmlakın bankın adına özəlləşməsindən məlumatsız olmuşdur. Hərraclar barədə məlumat verilməmişdir. Mülki Məcəllənin 415.2-ci maddəsinə görə “Hərracın keçirilməsinə 30 gün qalmış hərracın təşkilatçısı bildiriş verməlidir”. Qətnamədə qeyd edilir ki, Y.B.Dadaşov və İddiaçı xx.xx.2020-ci ildə təklif məktubu verilmişdir. Hərrac belə olan halda xx.xx.2020-ci ildə keçirilməli olduğu halda, hərrac təklifdən əvvəl yəni, xx.xx.2020-ci ildə, təkrar hərrac isə xx.xx.2020-ci ildə keçirilmişdir. Qeyd edilənlər təsdiq edir ki, hərrac keçirilmədən mülkiyyətçisi olduğu əmlak cavabdehə verilmişdir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(060)-337/2024 saylı qətnaməsinin ləğv olunması, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər.
16. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
17. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
19. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
20. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
21. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
22. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
23. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.
24. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
25. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
26. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
27. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
28. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
29. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
38. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-337/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirmişdir.
39. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Kollegiya birinci instansiyası məhkəməsinin qiymətləndirməsi ilə razılaşır.
42. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar ipoteka predmetinə dair hərracın keçirilməsini mübahisələndirdikləri halda hərracın keçirilməsini qanun pozuntusu ilə olduğu kimi qələmə versələr də, iş materiallarından həmin hallar müəyyən olunmur.
43. Məhkəmə kollegiyası izah edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
44. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
45. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
46. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, hazırki halda sübutetmə yükü üzərinə düşən iddiaçı öz dəlillərinin əsasını təşkil edən halları sübut etməyə borclu olduğu halda bunu edə bilməmişdir.
48. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarını özündə əks etdirən məcburi göstərişlərin, normativ hüquqi aktların, ümumiyyətlə qanuvericiliyin tələblərin pozulması halı müəyyən edilmədiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən hərracın etibarsız sayıla bilməsi üçün əsaslar mövcud deyildir.
49. Digər tərəfdən, Cavabdeh1 xx.xx.2021-ci il tarixli “Qərar”ın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3640/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu şəxslər X12, X10, X5, İddiaçı, X2, onların yetkinlik yaşına çatmayan ailə üzvləri xx.xx.2009-cu il təvəllüdlü X13 və xx.xx.2009-cu il təvəllüdlü X6 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 2 saylı evin 90 saylı mənzilə istifadə hüquqlarına xitam verilmişdir və həmin mənzil onlar tərəfindən boşaldılmışdır.
50. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlillərini qanuni qüvvəyə minmiş və artıq icra olunmuş məhkəmə aktlarının ləğv edilməsinə, təkrar hərracın keçirilməsinə yönələn cəhd kimi qiymətləndirir və əsassız hesab edir.
51. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “Affirmanti, non neganti, incumbit probatio” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”.
52. Avropa İnsan Hüquqları Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
53. Daha öncə qeyd olunduğu kimi iddiaçı məhkəməyə heç bir mötəbər, legitim, əsaslı, şübhədən kənar sübutlar təqdim edə bilməmişdir. Hazırda hərracın nəticələrinin etibarsız hesab edilməsi və ya ləğv olunması üçün iş materiallarında əsaslı sübut yoxdur.
54. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır.
55. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-337/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-337/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.