Məhkəmə qərarları › İş №2(105)-884/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-884/2024

06.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-884/2024 06.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-973/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı işə götürən tərəfindən əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində işçiyə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ona dəymiş zərərin əvəzi olaraq 20000 manat mənəvi ziyanın və 10000 manat fiziki zərərin, cəmi 30000 manat pulun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-973/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir (hakim Nərmin Abiyeva). Qərardaddan narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və İddiaçı Cavabdeh MMC-yə qarşı işə götürən tərəfindən əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində işçiyə dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsinə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2(067)-2581/2021 nömrəli iş üzrə irəli sürdüyü iddia tələbinin hüquqi əsası ilə hazıki iş üzrə irəli sürdüyü iddia tələbinin hüquqi əsası eynilik təşkil etmir. Hazırki iş üzrə iddianın verilməsinə hüquqi əsas kimi şikayəti üzrə Xaçmaz Rayon Prokurorluğunda araşdırma zamanı alınmış məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 31 may 2023-cü il tarixli rəy olmuşdur ki, bu rəydə Cavabdeh MMC tərəfindən “işçilərin əməyin mühafizəsi üzrə təlimatın təşkili” qaydalarının pozulması göstərilmişdir.Həmin rəyin nəticəsi olaraq zavodda onunla bağlı məlum hadisə baş vermişdir, yəni sol əlinin 3, 4 və 5-ci barmaqlarının iç hissəsi kəsilmişdir. 2(067)- 2581/2021 nömrəli iş üzrə verdiyi iddia ərizəsində göstərmişdir ki, cavabdeh X4” MMC-nin rəhbərliyi əvvəllər həmin zavodda işləmiş və qanunsuz olaraq işdən çıxarılmış, atası Nümayəndə ilə qərəzçiliyin davamı kimi qəsdən ağızları sındırılmış şüşə bankaları transpartyorla qabağına buraxmış və nəticə etibarı ilə istehsalatda bədbəxt hadisə baş vermişdir. Hazırki iddia ərizəsində isə o, konkret olaraq şikayəti üzrə Xaçmaz Rayon Prokurorluğunda aparılmış araşdırmanın materiallarına, o cümlədən rayon prokuroru Rəşad Məmmədovun qərarına istinad etmişdir. Həmin materiallarda iş üzrə keçirilmiş məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının rəyi mövcuddur ki, X5 MMC-də onunla bağlı istehsalatda bədbəxt hadisənin baş verməsində zavodun rəhbərliyinin təqsiri olmuşdur, yəni o, işçi olaraq işə götürən tərəfindən qoruyucu vasitələr, xüsusi geyimlə təmin olunmadığı üçün istehsalat vaxtı bədən xəsarətləri almışdır. Beləliklə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-973/2024 nömrəli qərardadda göstərilən əsaslarla mülki iş üzrə icraata xitam verilməsi tamamilə əsassızdır. Onu da qeyd etmək istəyir ki, o, milliyətcə türkdür, X5 MMC-də Türk əsilli işçilərə qarşı milli ayrı seçkilik münasibəti göstərilmişdir. Belə ki, zavodda işləmiş atası Nümayəndə qanunsuz olaraq xx.xx.2015-ci ildə işdən çıxarılmış, bundan sonra o, məhkəmədə işə bərpa olunması barədə iddia qaldırmış,xx.xx.2015-ci il tarixdə məhkəmənin qərardadı qəbul edilmiş və xx.xx.2015-ci il tarixdə isə zavodda işdə olarkən onun sol əlinin barmaqları kəsilmişdir. Onu da qeyd etmişdir ki, Beridze babası Qara Bilal oğlunun ləqəbi olmuşdur. O, Gürcüstan Respublikasının Axıska rayon deputatlar sovetinin deputatı olmuşdur. Sadəcə olaraq ona həmin vaxt təklif olunmuşdur ki, vəzifə saxlayırsa soyadı Beridze göstərilsin. Babası da bu təkliflə razı olmuş və rəsmi sənədlərdə onun soyadı Beridze yazılmışdır. 2015-ci ildə Cavabdeh MMC-də işləmiş 468 nəfər işçisindən cəmi üç nəfəri türk əsilli olmuşlar. Onlardan biri o, olmuş, digər türk İskəndər Əhmədovu da əvvəllər zavodda istehsalat müdiri işləmiş Tələt Qarasu ilə telefon əlaqəsində olması bəhanəsi ilə işdən azad etmişlər. Xaçmaz Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(067)-973/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı işəgötürən tərəfindən əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində işçiyə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(067)-973/2024 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Nərmin Abiyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X3 iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək “X6” MMC-dən maddi ziyana görə 5000 manat və mənəvi ziyana görə 3000 manat, cəmi 8000 manat və ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin və dövləöt rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq oan verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-2581/2021 nömrəli qətnaməsi ilə iddiaçı X2 "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilmişdir (hakim Sərxan Səmədzadə). Qeyd edilən mülki işdən apellyasiya şikayəti verilməmiş və iş qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi icraata xitam verilməsini qərardadında onunla əsaslandırmışdır ki, sözügedən iddia tələbinin adını iddiaçı pul tələbi kimi qeyd etsə də, faktiki olaraq, Cavabdeh MMC-dən işəgötürən tərəfindən əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində işçiyə dəymiş zərərin əvəzinin ödənilməsi tələb etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-2581/2021 nömrəli qətnaməsi ilə hazırda mübahisələndirilən işəgötürən tərəfindən əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində işçiyə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinin tələbinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, “İddiaçı Cavabdeh MMC-yə qarşı işəgötürən tərəfindən əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində işçiyə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata mülki işə xitam verilməsi tamamilə qanuni və əsaslı olmuşdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsi üzrə icraata xitam verərkən düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-973/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar