Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-899/2022 20.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı: İddiaçı2, İddiaçı və digər iddiaçıların nümayəndəsi: İddiaçı1, Cavabdeh: Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər X6 və Cavabdeh2 qarşı kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh R.C.Ağayevin vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia ərizəsinin təmin edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********14- 10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu Saray qəsəbəsi 0.06 ha torpaq sahəsi üzərində yerləşən R.Əzimov küçəsi ümumi sahəsi 124.60 kv.m olan 58 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7000 manat məbləğində kompensasiya verilməklə, uşaqları xx.xx.2014-cü il təvəllüdlü X9 oğlu və xx.xx.2017-ci il təvəllüdlü X10 oğlu ilə birlikdə fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5000 manat kompensasiya verilməsi yolu ilə övladları xx.xx.2014-cü il təvəllüdlü X9 oğlu və xx.xx.2017-ci il təvəllüdlü X10 oğlu ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7000 (yeddi min) manat kompensasiya verilməsi yolu ilə övladları xx.xx.2014-cü il təvəllüdlü X9 oğlu və xx.xx.2017-ci il təvəllüdlü X10 oğlu ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3ndə yerləşən 58 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona və digər iddiaçılar İddiaçı3 və İddiaçı2 məxsusdur. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş üzrə cavabdehlər onun qardaşı və qardaşının arvadıdır. Cavabdehlər mütəmadi olaraq təhqiramiz ifadələr işlədir, atası Ağayev Rasim Qardaşxan oğluna əsassız böhtanlar atır, onu söyür, təhqir edirlər. Bu səbəbdən də, onlarla birgə eyni evdə yaşamaq mümkünsüz hala gəlmişdir. Cavabdehlər onları dəfələrlə əsassız olaraq polisə vermişlər. Qeyd olunanlar onu göstərir ki, onların cavabdehlərlə birlikdə yaşamaqları qeyrimümkündür. Belə olan halda hesab edir ki, cavabdehlər onlara kompensasiya verilməklə fərdi yaşayış evindən çıxarılmalıdırlar. Onlara məxsus evin yerləşdiyi ərazidə oxşar şəraitli evlərin kirayə haqqı 100 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, cavabdehlərə 7000 manat kompensasiya verilməsi yolu ilə övladları 2014-cü il təvəllüdlü T.Ağayev və xx.xx.2017-ci il təvəllüdlü T.Ağayev ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdırlar. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, mübahisəli ev onun anası tərəfindən qız övladlarına bağışlanılmışdır. Cavabdehlərin onlarla münasibəti yoxdur. Cavabdehlər xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşdur. O, ayrı yaşayır. Valideynləri yaşlı və xəstədirlər. Bu səbəbdən də cavabdehlərlə birlikdə yaşamaq mümkün deyildir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 vəkili Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Abşeron rayonu Saray qəsəbəsi 0.06 ha torpaq sahəsi üzərində yerləşən R.Əzimov küçəsi ümumi sahəsi 124.60 kv.m olan 58 saylı fərdi yaşayış evi iddiaçılar-onun bacılarının paylı mülkiyyətindədir. Onun atasının cavabdeh-həyat yoldaşı Cavabdeh2 döyməsi ilə bağlı cinayət işi açılmış və bu barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixdə 1(012)-254/2021 saylı hökmü çıxarılmışdır. Atası 1998-ci ilədək işləmiş, sonra təqaüdə çıxmışdır. Sözügedən ev onun və bacısının vəsaiti hesabına tikilmişdir. Sonra o, ailə quranda yaranmış əlavə artımları da öz vəsaiti hesabına etmişdir. Sonra atası ona birlikdə yaşamanın qeyri-mümkün olduğunu bildirmişdir. Hesab edir ki, atasının ona həmin evdə yaşamağa imkan verməməsi onun qeyd olunan evi kirayə vermək niyyətinin olması idi. Bundan sonra o, 2017-ci ildə ailəsi ilə birlikdə həmin ünvandan köçmüş və Sumqayıtda qayınanasının evində üç il yaşamışdır. Halbuki, həmin evə dair qaz, su, işığın çəkilməsini və bütün təmir xərclərini o, öz hesabına etmişdir. Cavabdeh1 mübahisəli evə köçürülməsi barədə qətnamə mövcud olsa da, istifadə hüquqları tanınmamışdır. Belə olan halda cavabdehlərə kompensasiya verilməsi qanunsuzdur və onlar orada yaşamaq niyyətindədirlər. Cavabdehlər öz hesablarına evin yanında əlavə tikili tikmişlər və orada yaşayırlar. Həmin ərazi iddiaçıların çıxarışlarında göstərilən əraziyə aid deyil. Məhkəmə bu halları araşdırmadan iddianı təmin etmişdir. Kompensasiya məbləginə gəlincə isə qeyd edir ki, həmin məbləğ cavabdehləri qane etmir. Həmin məbləgə onlar ev tapıb ora köçə bilməzlər. 15.000 manat olacağı təqdirdə cavabdehlər özlərinə şərait yarada bilərlər və özlərinə inşa etdikləri tikilini də iddiaçılara verərlər. Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(012)-4747/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini qəbul etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı2 və İddiaçı1 həm öz adından, həm də digər iddiaçıların nümayəndəsi adından apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia ərizəsinə uyğun izahat verdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, mübahisəli evin iddiaçıların mülkiyyətində olmasına və tərəflərin birgə yaşamasının mümkün olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 vəkili Vəkil apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 6567 inventar nömrəli **********14-10301 saylı reyestr nömrəli texniki pasportun surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsi 0.06 ha torpaq sahəsi üzərində yerləşən R.Əzimov küçəsi ümumi sahəsi 124.60 kv.m olan 58 saylı fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı1 adına, 1/3 hissəsi İddiaçı2 adına, 1/3 hissəsi İddiaçı3 mülkiyyətindədir. Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-ti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsi 0.06 ha torpaq sahəsi üzərində yerləşən R.Əzimov küçəsi ümumi sahəsi 124.60 kv.m olan 58 saylı fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı1 adına, 1/3 hissəsi İddiaçı2 adına, 1/3 hissəsi İddiaçı3 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********14-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(060)-3526/2015 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər Ağayev Rasim Qardaşxan oğlunun və X1 istifadələrində olan ünvan 3 ünvanında yerləşən 29 saylı evə köçürülmələri qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(105)-1529/2015 nömrəli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(060)3526/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-779/2016 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(105)-1529/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə əlavə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(012)- 254/2021 saylı hökmündən görünür ki, Ağayev Rasim Qardaşxan oğlu Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla, 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması, Ağayev Rasim Qardaşxan oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)- 3480/2021 saylı qətnaməsindən görünür ki, iddiaçılar R.Q.Ağayevin və G.F.Ağayevanın övladları Cavabdeh1 hər biri üçün 196 manat olmaqla, cəmi ümumilikdə 392 manat alimentin tutularaq onlara verilməsinə dair iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(105)-412/2021 saylı qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Ağayev Rasim Qardaşxan oğlunun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Abşeron rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 1(012)-254/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Abşeron Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X1, Ağayev Rasim Qardaşxan oğlunun və İddiaçı1 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. AB Consulting MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki bazar dəyəri və aylıq kirayə haqqının müəyyən edilməsi üçün qiymətləndirmə işi keçirilmiş və həmin əmlakın xx.xx.2021-ci il tarixinə bazar dəyəri 62000 manat, aylıq kirayə haqqı 150 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri K.Kotec qəsəbəsi M.F.Axundov küçəsi 2 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Ağayeva X3 rayonu İstisu kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Abşeron rayonu Saray qəsəbəsi R.Əzimov küçəsində yerləşən 58 saylı fərdi yaşayış evi hazırda iddiaçılar paylı mülkiyyətində olmaqla həmin evə dair tərəflər arasında uzun müddətli məhkəmə çəkişmələri olmuşdur. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, tərəflər arasında münasibətlər gərgindir, birgə yaşamaqları qeyri-mümkündür. Fərdi yaşayış evindən istifadə ilə bağlı tərəflər arasında mübahisə olduğundan, hazırda, iddiaçılar cavabdehlərə 7000 manat məbləğində kompensasiya verilməklə azyaşlı uşaqları ilə birlikdə evdən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmçinin, Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli Qərarında eyni zamanda qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə mülki iş materiallarına əlavə olunmuş AB Consulting MMC-nin xx.xx.2021ci il tarixli qiymətləndirmə rəyinə istinad edərək həmin rəyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən digər sübutlarla paralel qiymətləndirib belə qənaətə gəlir ki, həmin qiymətləndirmə rəyi əsas sübut növü kimi götürülməli və qiymətləndirilməlidir. Belə ki, həmin rəydən göründüyü kimi, xx.xx.2021-ci il tarixinə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 62000 manat, aylıq kirayə haqqı isə 150 manat müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçılar isə fərdi yaşayış evindən cavabdehlərə 7000 manat kompensasiya verilməklə azyaşlı uşaqları ilə birlikdə evdən çıxarılmalarını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası Cavabdeh1 mübahisəli evə köçürülməsi barədə qətnamə mövcud olsa da, istifadə hüquqları tanınmaması barədə və belə olan halda onlara kompensasiya verilməsi qanunsuz olması barədə gətirdiyi dəlilə qiymət verərək, hesab edir ki, həmin dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, mülkiyyətçilər tərəfindən müəyyən olunan kompensasiyanın məbləği cavabdehlərin mülkiyyətçilərin hesabına davamlı surətdə müəyyən müddət ərzində başqa mənzildə yaşamasını təmin edə biləcək məbləğ olduğundan cavabdehlərə 7000 manat məbləğində kompensasiya verilməsi onların ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması üçün yetərli vəsaitdir. Belə ki, yuxarıda istinad olunan maddi hüquq normalarının tələbinə əsasən kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsi qənaətinə gəlmək üçün əsas deyildir. Mülkiyyətçi mülkiyyətində olan mənzilə istifadə hüququ olan şəxslərə kompensasiya ödəməklə sonda özü yaşayış sahəsindən məhrum olmamalıdır. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İş materiallarından görünür ki, cavabdehlər xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X9 oğlu və xx.xx.2017-ci il təvəllüdlü X10 oğlu anadan olmuşdur. Yetkinlik yaşına çatmayan uşaqlar cavabdehlərin himayəsində olmaqla onlarla birlikdə yaşadıqlarından, hazırki iddia tələbi təmin edildiyindən cavabdehlərlə birlikdə onların uşaqları da cavabdehlərlə birlikdə fərdi yaşayış evindən çıxarılmalıdır. Belə ki, istinad olunan qanunvericilik normasının tələbinə əsasən həmin uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılmaqla, məhkəmənin yetkinlik yaşına çatmış cavabdehlərə münasibətdə gəldiyi hüquqi nəticə onların azyaşlı uşaqlarına da şamil edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 19 oktyabr 2021-ci il tarixli 2(012)- 4747/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-899/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-899/2022
20.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver