Məhkəmə qərarları › İş №2(105)-9/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-9/2025

12.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-9/2025 12.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı tikilinin müvafiq hissəsinin sökülməsi, zərərin əvəzinin tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) İddiaçı Cavabdeh2 qarşı ona məxsus olan ev ilə Cavabdeh2 məxsus tikilən bina arasında qanunvericiliyə uyğun olaraq ara mərafəsinin saxlanılması məqsədi ilə həmin tikilinin müvafiq hissəsinin sökülməsi, onun evinə dəyən zərərin əvəzində cavabdehdən 10000 manatın onun xeyrinə tutulması, cavabdehin qanunvericiliyinin tələblərini pozaraq binanı tikməsi səbəbindən evinin bazar dəyərinin kəskin şəkildə azalması, habelə onun və ailəsinin həyat və sağlamlığını təhlükə altında qoyması səbəbindən 100000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, cavabdehdən 160 manat vəkil xərcinə və 30 manat məhkəmə xərcinin onun xeyrinə tutulması tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər G.F.Tağızadə, (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) 22 noyabr 2021-ci il tarixli, 2(105)-1851/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, e-2(012)-694/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 aprel 2022-cu il tarixli qərarı ilə (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və A.Hüseynov) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2021-ci il tarixli, 2(105)-1851/2021 nömrəli qətnaməsi zərərin əvəzinin ödənilməsinə dair tələblərin rədd edilməsi hissələrində ləğv edilməsi və həmin hissələrdə iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ev ilə X2 məxsus tikilən bina arasında qanunvericiliyə uyğun olaraq ara məsafəsinin saxlanılması məqsədi ilə həmin tikilinin müvafiq hissəsinin sökülməsi, onun evinə dəyən zərərin əvəzində cavabdehdən 10000 manat onun xeyrinə tutulması, cavabdehin qanunvericiliyin tələblərini pozaraq binanı tikməsi səbəbindən evinin bazar dəyərinin kəskin şəkildə azalması, habelə onun və ailəsinin həyat və sağlamlığını təhlükə altında qoyması səbəbindən 100000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, ödədiyi 160 manat vəkil xərci və 30 manat məhkəmə xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 1 mərtəbəli 2.4 sot torpaq sahəsinin üzərində tikilən və ümumi sahəsi 88 kv.metr olan fərdi yaşayış evi ona məxsusdur. Belə ki, cavabdeh qanunsuz olaraq tikinti apararaq tikinti məcəlləsinin müddəalarını pozmuş və qanunda nəzərdə tutulandan daha yaxın məsafədə tikinti aparmışdır. Məlumat üçün bildirir ki, cavabdehin inşa etdiyi bina ilə onun evi arasındakı məsafə 2 metrdən azdır. O, yeni tikinti başlayanda Fövqəladə Hallar Nazirliyinə məktub ilə müraciət etmiş və Fövqəladə Hallar Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən, tikintinin dayandırılmasına dair göstəriş verilmiş və bu səbəbdən də qarşı tərəf cərimə edilmişdir. Əlavə olaraq, məktubda 3 mərtəbəli yaşayış binası qeyd edilsə də, icra hakimiyyətinin tikintiyə icazə barədə sənədində 6 mərtəbəli yaşayış binanın tikintisinə icazə verilmişdir. Hal-hazırda eyni binaya dair 2 ədəd fərqli sənəd mövcuddur. Eyni zamanda bina dövlət reyestrində heç bir qeydiyyatı yoxdur. Həmçinin binanın tikintisi nəticəsində evinə maddi olaraq zərər dəymiş və evinin divarlarında çatlar yaranmışdır. Hətta bundan başqa binada işləyən ustaların yuxarı mərtəbələrdən atdığı tullantılar nəticəsində az yaşlı övladları da təhlükə altındadır. Məhz buna görə də bundan bir neçə gün əvvəl evinin şiferinə zərər dəymiş və 10 şiferi dəyişməli olmuşdur. Ustaların səs-küyü nəticəsində də evdə oturmaq dözülməz hala gəlmişdir. Belə ki, ustalar səhər tezdən işə başlayıb həddən artıq səs yaratdıqları bu vəziyyət daha da gərginləşdirmişdir. O, mənzilə dəyən zərərini tələb edir. Belə ki, halhazırda mənzilini 200.000 manata satmağa razıdır. Mənzilin alğı-satqısı ilə bağlı onunla heç bir danışıq olmamamışdır. Cavabdeh qonşuluqda olan 35 kv metr olan fərdi yaşayış evinə 65.000 manat və digər oxşar sahəli evə isə 80.000 manat ödəyərək satın almışdır. Bu evlərlə müqayisədə isə onun evinin bazar qiyməti qat-qat yüksəkdir. O, hal-hazırda evini satmaq istəmir və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tikilinin neçə mərtəbədən ibarət olduğunu müəyyən etməmişdir. İş materiallarında olan 09 dekabr 2020-ci il tarixli 014 nömrəli «Obyektin tikintisinə icazə»dən görünür ki, sifarişçi Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 6 mərtəbəli mansardlı evin tikintisinə icazə verilmişdir. İddianın təmin tədbirinə dair ərizəsi iş materiallarından yoxa çıxarmaqla, iddianın təmini tədbiri barədə heç bir tədbir görməməklə evi tikib başa çatdırmaqla cavabdehə şərait yaratmışdır. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil, cavabdeh tikinti normalarını pozaraq, lazımi ara məsafəsi saxlamadan evinin yanında ev tikib və ona maddi ziyan vurmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil3 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə zərərin əvəzinin ödənilməsinə dair tələblərin rədd edilməsi hissələrində ləğv edilməli və həmin hissədə iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçının cavabdeh tərəfindən tikilinin sökülməsinə dair subyektiv hüququnun olmamasına istinad etmişdir. Bu nəticədən narazı qalan İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli e-2(012)-694/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni qismən, yəni zərərin əvəzinin ödənilməsinə dair tələblərin rədd edilməsi hissələrində ləğv edib, həmin hissələrdə işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə baxan apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən (cavabdehin apardığı inşaat işləri arasında səbəbli əlaqənin olub-olmaması, habelə zərərin həcminə dair) sualların ekspert tərəfindən cavablandırılması üçün lazımi tədbirləri görməmiş, iddiaçının təqdim etdiyi sübutları müvafiq qiymətləndirmə ilə təkzib etmədən iddianın sübuta yetirilmədiyi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnaməni zərərin əvəzinin ödənilməsinə dair tələblərin rədd edilməsi hissəsində qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 dekabr tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş, 09 dekabr 2020-ci il tarixli, 014 №-li obyektin tikintisinə icazə sənədi ilə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ümumi sahəsi 3309,8 kv.m olan, altımərtəbəli, mansardlı, çoxmənzilli yaşayış binasının tikintisinə icazə verilməsi İşin mübahisə olunmayan halıdır. Mövcud iş üzrə mübahisələndirilən hissədə iddia tələbi zərərin əvəzinin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1096.1., 1097.1-ci maddələri təşkil edir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (Mülki Məcəllənin 170.1, 170.2. maddələri). Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin (Mülki Məcəllənin 171.3, 172.1.maddələri). Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə mülki iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-10/5713/2024 nömrəli, 20 fevral 2025-ci il tarixli ekspert rəyinə əsasən qeyd edilmişdir ki, mülki iş materiallarında olan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, “Azərinşaatlayihə” DBLKTİ tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin giriş hissəsində qapı boşluğunun sol tərəfində və sol tərəfdəki divarda pəncərə boşluğunun üstdən kürsü hissəsinə qədər maili istiqamətli (keçici (açılı eni 5-8 mm-lik) çatlar yaranmışdır. Bundan əlavə daxildə orta arakəsmə divarda qapı boşluğunun üst hissəsində şaquli istiqamətli açılış eni 2-4 mm çat yaranmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 26-cı məhəllədə inşa olunmuş Cavabdeh2 məxsus yeni tikili ilə iddiaçıya məxsus fərdi yaşayış evi arasındakı məsafə təqribən 2.7-3.0 metr təşkil edir. Həmçinin iddiaçının mənzili ilə yaxın məsafədə demək olar ki, ona bitişik daha dördmərtəbəli tikili mövcuddur. Hər iki tikilinin iddiaçının fərdi yaşayış evinə yaxın yerləşməsi səbəbindən və onların özülləri üçün bünövrə çalası qazılarkən (həyətyanı sahədən təqribən 2.0-2.5 metr aşağı səviyyədə) çala divarlarında müvafiq bərkitmə tədbirləri yerinə yetirilməyibsə fərdi yaşayış evinin bünövrələrində çökmə proseslərinə səbəb ola bilməsi ehtimalı var. Mübahisə predmeti olan fərdi yaşayış evinin bərpa edilməsinə dair müvafiq layihə smeta sənədləri sənədləri təqdim edildikdən sonra həmin fərdi yaşayış evinə dəymiş zərərin məbləği müəyyən edilə bilər. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində AzDTN 1.7-1 “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi Qaydaları”na əsasən tikinti konstruksiyalarının yükdaşıma qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən binada gücləndirmə işlərinin müvafiq layihə smeta sənədləri əsasında yerinə yetirilə bilər. Məhkəmə kollegiyası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü təkrar məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 07-80/25 nömrəli, 02 may 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dəymiş ziyanın aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin təqribi dəyəri 12216,4 manat məbləğində müəyyən olunur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 02-152/25 nömrəli, 07 iyul 2025-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin bazar dəyəri 59.000 (əlli doqquz min) manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin araşdırılmış hallarına əsasən belə qənaətə gəlir ki, iddiaçıya məxsus fərdi yaşayış evində çatların və zədələnmələrin yaranmasına səbəb cavabdeh tərəfindən ona məxsus yeni tikilinin inşa edilməsidir. İlk öncə qeyd olunmalıdır ki, cavabdehin qanunvericiliyinin tələblərini pozaraq binanı tikməsi səbəbindən evinin bazar dəyərinin kəskin şəkildə azalması, özünə və ailə üzvlərinə təhlükə yaratması ilə bağlı tələb etdiyi zərərin məbləği ilə yaşayış evinə dəymiş zərərin məbləği iddiaçı tərəfindən fərqli göstərilsə də, əslində iddiaçı hər ikisində evinə dəymiş zərəri tələb edir. Bu mənada məhkəmə kollegiyası bu tələblərə ayrılıqda qiymət verilməsini məqəsədəuyğun hesab etmir. İş üzrə verilmiş mütəxəssis rəylərinə əsasən fərdi yaşayış evinə dəymiş ziyanın aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin, eləcə də fərdi yaşayış evində yaranmış çat və zədələnmələr evin bazar dəyərində azalmaya səbəb olması, ümumilikdə götürəndə iddiaçının evinə dəymiş zərərin təqribi dəyəri 12216,4 manat məbləğində müəyyən olunmuşdur. Həmçinin iş üzrə keçirilmiş ekspert rəyində iddiaçının mənzili ilə yaxın məsafədə ona bitişik cavabdehə məxsus olmayan daha dördmərtəbəli tikili mövcud olması müəyyən olunmuşdur. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, mübahisəli fərdi yaşayış evinə dəymiş zərərin dəyəri 12216,4 manat vəsaitin yarısı, 6108,20 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaranmış çat və zədələnmələr evin bazar dəyərində azalmaya səbəb olduğundan "xxxx" MMC-nin 07-80/25 nömrəli, 02 may 2025-ci il tarixli rəyində əks olunan smetada göstərilən 12216,4 manat məbləğində pulun yarısı, yəni 6108 (altı min yüz səkkiz) manat 20 (iyirmi) qəpik Cavabdeh2 İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22), daşınmaz əmlakın qiymətləndirilməsi üçün xidmət haqqı olaraq 300 (üç yüz) manat və ekspertiza xərci 400 (dörd yüz) manat "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş ekspertiza xərci 1000 (bir min) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi zərərin əvəzinin ödənilməsinə dair tələblərin rədd edilməsi hissələrində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaranmış çat və zədələnmələr nəticəsində dəymiş zərərin əvəzi olaraq 6108 (altı min yüz səkkiz) manat 20 (iyirmi) qəpik Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Cavabdeh2 keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22), daşınmaz əmlakın qiymətləndirilməsi üçün xidmət haqqı olaraq 300 (üç yüz) manat və ekspertiza xərci 400 (dörd yüz) manat "xxxx" MMC-nin hesabına ödənilsin. İddiaçı tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş ekspertiza xərci 1000 (bir min) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar