Məhkəmə qərarları › İş №2(105)-905/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-905/2021

10.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-905/2021 10.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4508/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4508/2020 saylı qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilib, 5000 (beş min) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4508/2020 saylı qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehi 1 ildən artıqdır ki, tanıyır. Tanışlıqlarına səbəb cavabdehin köməkliyi ilə onun bacısına staj yazdırmaq istəyi olmuşdur. Cavabdehlə 2020-ci ilin yanvar ayında görüşüblər ki, həmin vaxt o, cavabdehə guya onun xalası qızına 12-18 aylıq hüquqşünas stajı yazdırmaq lazım olduğunu və bunun müqabilində cavabdehə müəyyən məbləğdə pul verəcəyini bildirmişdir. Cavabdeh ona “STP” zavodunda baş mühasib vəzifəsində işləyən şəxslə yaxın münasibəti olduğunu bildirirək, onun xahişini yerinə yetirə biləcəyini vəd vermişdir. Hətta bu vasitə ilə belə mümkün olmasa zavodun digər vəzifəli şəxsinin yardımı ilə onun xahişini yerinə yetirəcəyinə söz vermişdir. 2020-ci ilin fevral ayında cavabdeh ona zəng edərək, onun xahişinin yerinə yetirilməsinin mümkün olduğunu bildirmiş, lakin bunun üçün ümumilikdə 5500 manat pul lazım olduğunu bildirmişdir. Bu məqsədlə o, Sumqayıt şəhərində ailəvi dostu olan Gülnarə xanımla birlikdə cavabdehlə görüşmüş və həmin vaxt cavabdehə 5300 manat pul vermişdir. Bundan sonra aralarındakı razılaşmaya uyğun olaraq fevral ayının 25-nə qədər cavabdehdən xəbər gözləmişlər. Cavabdeh isə pulu alandan sonra onun və xalasından müxtəlif bəhanələrlə uzaqlaşmışdır. Belə olan halda o, cavabdehə xalası ilə problem yaşadığını bildirmiş və bir nəfərdən faizlə pul götürəcəyəni bunun üçün isə iltizam imzalayacağını bildirərək, cavabdehin də oxşar məzmunlu iltizamı imzalayaraq ona olan borcu etiraf etməsini istəmişdir. o, cavabdehə demişdir ki, aldığı pulun üstünə 200 manat da əlavə edib qaytarar və o da faizi bağlayar. Cavabdeh də razılaşmış və ondan aldığı pulu etiraf edən iltizamı imzalamışdır. Lakin cavabdeh ondan aldığı pulu qaytarmamışdır. Ona görə də, cavabdehdən 5300 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia həcminin artırılması barədə ərizə verərək Cavabdeh 7550 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, iddiaçıdan ümumilikdə 2250 manat pul almış ki, həmin pulu iki dəfəyə 1000 manat bir dəfə, 1250 manat bir dəfə olmaqla faizə almış və həmin pulu da faizi ilə birlikdə qaytarmışdır. Bundan başqa pulu alan zaman həmin məbləğə böyük ehtiyac olduğundan iddiaçının tələbi ilə həqiqəti əks etdirməyən məbləğə dair qəbzə imza atmışdır. Təəssüflər olsun ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı bu halı dəfələrlə qeyd etsə də buna əhəmiyyət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan cavabdeh adından imzalanmış yazılı iltizamda iddiaçıdan 5000 manat məbləğində pulu 2 ay müddətinə qaytarmaq şərti ilə almasını etiraf etmişdir iltizamda cavabdehin adı, soyadı əlyazma şəklində qeyd edilmiş və imzalanmışdır. İltizamın tarixi xx.xx.2020-ci il kimi göstərilmişdir. Birinci instnsiya məhkəməsinin araşdırması zamanı X2 şahid qismində ifadə verərək bildirmişdir ki, onlar iddiaçının ailəsi ilə ailəvi dostdurlar və mütəmadi olaraq bir birlərinə qonaq gedirlər. 2020-ci ilin fevral ayında iddiaçının evinə onun anasının xəstə olması səbəbindən getmişlər. Yolda olan zaman iddiaçı ona bildirmişdir ki, bir nəfərə pul verməlidir. Yolda avtomobili saxlayıb avtomobildən düşmüş və cavabdehlə görüşmüşdür. Hhəmin vaxt o, hava almaq üçün avtomobildən düşmüş və iddiaçının 5300 manat pulu sayaraq cavabdehə verdiyini görmüşdür. İş materialları ilə müəyyən olur ki, iddiaçı bacısına staj yazılması məqsədi ilə cavabdehə 5300 manat, daha sonra isə borc olaraq 2250 manat pul verdiyini iddia edərək həmin pulların geri qaytarılmasını tələb edir. Cavabdeh isə iddiaçıdan borc olaraq 2250 manat pul aldığını və həmin pulu geri qaytardığını bildirir. Lakin, cavabdeh iddiaçının bacısına staj yazılması ilə bağlı aralarında hər hansı razılaşmanın olmadığını, sadəcə iddiaçının təkidi ilə ondan 5000 manat pul aldığına dair qəbzi imzaladığını bildirir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan yazılı qəbzdə cavabdeh iddiaçıya borcu olduğunu etirafı üçün həmin qəbzə borcun etirafı haqqında müqavilə kimi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2020-ci il tarixdəki qəbzdə olan imza cavabadeh Cavabdeh məxsus olduğundan və onun tərəfindən mübahisə doğurmadığından sonuncunun iddiaçıya məxsus qəbzdə göstərilən 5000 pulun onun tərəfindən alınmasını təsdiq edilir və cavabdeh həmin vəsait hesabına əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. sHəmin Məcəllənin 386.1-ci maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 441.4-cü maddəsinə əsasən, əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 5000 (beş min) manat pulun Cavabdeh tutularaq İddiaçı verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4508/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar