Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-911/2023 31.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X12 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, onun vəkili X1, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə və maraqlı şəxs Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi, borcun ödənilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(060)-237/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) İddiaçı cavabdehlər Cavabdeh3 və Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə və maraqlı şəxs Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi, borcun ödənilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh3 və Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə və maraqlı şəxs Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi, borcun ödənilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh3 arasında bağlanmış 25 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən borc almış olduğu 14.000 manat borc pulun Cavabdeh3 tərəfindən tam, hətta artıqlaması ilə ödənildiyi üçün Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X2 30 iyul 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi, borcun Cavabdeh3 ödənilmiş hesab edilməsi və iddia ərizəsinə görə ödədiyi dövlət rüsumlarının, cəmi 100.80 (yüz manat səksən qəpik) manatın Cavabdeh3 aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə bir orta məktəbdə oxumuş, eyni zamanda onunla daha yaxından ümumi tanışları Aqil Süleymanov vasitəsi ilə tanış olmuşdur. Belə ki, o, həmişə onun yaşadığı əraziyə yaxın kafedə, bəzən də onun süfrəsində əyləşmişdir. Ona müəyyən işləri həll etmək üçün 14.000 (on dörd min) manat pul lazım olduğundan, borc axtarmış, həmin ərəfədə İlham onun borc axtardığını bilib, 14.000 (on dörd min) manat borc pulun müqabilində aya 1400 (bir min dörd yüz) manat faiz ödəməklə borc verə biləcəyini bildirmişdir. O razılaşıb, cavabadehə təklif etmişdir ki, ona 14.000 manat borc verməsi barədə notariat kontorunda rəsmi qaydada kredit müqaviləsi bağlasınlar. İlham da razılaşmış, onlar birlikdə 25 iyun 2021-ci il tarixdə, Sumqayıt şəhəri 3 saylı notariat ofisinə getmişlər. Orada İlhamla onun arasında kredit müqaviləsi tərtib edilmiş və Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən 0, xx.xx.2021-ci il tarixədək borcu geri qaytarmağı öhdəlik götürmüşdür. Lakin işləri yaxşı getmədiyindən vəd verdiyi vaxta qədər o, hissə-hissə,1400 manat bir, 1400 manat bir, 1400 manat bir, cəmi 4200 manat borcu İlhama ödəsə də, qalan məbləği geri qaytara bilməmişdir. Sonuncu 1400 manatı ödəyəndə əvvəlcə 900 manat şəxsən tanışı Fuadın iştirakı ilə İlhama vermiş, qalan 500 manatı isə səhərisi gün tanışı Vüsaldan borc alaraq Fuadın vasitəsilə İlhama göndərmişdir. Fuadın bildirdiyinə görə ödənişlə bağlı İlham öz dəftərində qeyd aparmışdır. 3 ay tamam olduğu üçün İlham 14.000 manatı tam şəkildə ödəməyini tələb etmiş, hətta yaşadığı ünvana gəlib, üstünə bıçaq çıxardaraq pulu ödəməyini bildirmişdir. Bunu qonşuları, ailəsi təsdiq edə bilər. Bununla bağlı aralarında mübahisə yaranmışdır. Hətta İlham Sumqayıt şəhər Pİ-nin 5-ci Polis Bölməsinə, daha sonra İlhamın anası Kainat əvvəlcə Sumqayıt şəhər Pi-nin 4-cü Polis Bölməsinə, sonra Sumqayıt şəhər Pİ-nin 5-ci Polis Bölməsinə, daha sonra İlham özü Sumqayıt şəhər Polis İdarəsinə şər-böhtan xarakterli şikayətlər etmişdir. İlhamın etdiyi şikayətlə bağlı Sumqayıt şəhər Polis İdarəsində o və Fuad 48 saat saxlanılmış, sonra şikayət əsassız olduğu üçün izahat alıb azad etmişlər. Bundan sonra o, faizi dayandırdığını, yalnız aldığı borc məbləğini İlhama ödəyəcəyini bildirib, tanışı X7 vasitəsi ilə 3000 manat bir, 3000 manat bir, 2000 manat bir, 650 manat bir, cəmi 8650 manat verib X3, Azər və Namiq adlı şəxslərin şahidliyi və iştirakı ilə İlhama göndərmişdir. Fuad bildirmişdir ki, İlham pulları aldıqca öz dəftərində qeydiyyat aparmışdır. Bunu adlarını qeyd etdiyi şəxslər şahid qismində təsdiq edə bilər. Daha sonra İlhama qalan borcun toplam qaytarılmasını təklif etsə də, İlham borcu xırda xırda hər dəfə müxtəlif səbəblər göstərərək tələb etmişdir. Ona görə də Fuad ona X3, Azər və Namiq adlı şəxslərin iştirakı ilə 200 manat bir, 200 manat bir, 200 manat bir, 200 manat bir, 60 manat bir, 60 manat bir, 50 manat bir, 50 manat bir, 50 manat bir, sonunda 100 manat bir olmaqla ödəmişdir. Yəni İlham xırda-xırda əlavə 1170 manatı da geri almış və bununla bağlı Fuadın bildirdiyinə görə hər dəfə öz dəftərində qeydiyyat aparmışdır. Beləliklə İlhama onun tərəfindən kredit müqaviləsində qeyd olunan məbləğdən 20 manat artıq olmaqla, cəmi 14.020 manat pul ödənilmiş və onun İlhama heç bir borcu qalmamışdır. Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin xüsusi notariusu X4 isə bütün bunları onunla və İlhamla araşdırmadan 30 iyul 2022-ci il tarixli icra qeydi ilə Cavabdeh1nə müraciət edərək 14.000 manat əsas borcun və tələbkarın ödəmiş olduğu 25 manat dövlət rüsumunun, cəmi 14.025 manat pulun ondan tutulmasını tələb etmişdir. Sumqayıt şəhəri 3 saylı notariat ofisinin icra qeydi ilə bağlı Cavabdeh1 icra məmuru X8 tərəfindən 8İ-8788 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 02 avqust 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar çıxarılmış, qərar və bildiriş poçt vasitəsi ilə 26 avqust 2022-ci il tarixdə ona təqdim edilmişdir. O, notariusun icra qeydi ilə yuxarıda qeyd olunanlara əsasən razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi o, İddiaçı Cavabdeh3 ilə aralarında bağlanmış 25 iyun 2021 -ci il tarixli kredit müqaviləsi üzrə borclu olduğu 14.000 manatı Cavabdeh3 artıqlaması ilə ödəmişdir. Cavabdeh3 heç bir borcu qalmamışdır və onun göstərdiklərini təsdiq edən sübutları (şahidləri) vardır. Hazırda yaranmış mübahisənin məhkəmədən kənar həlli qeyri-mümkündür. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün 30.40 (otuz manat qırx qəpik) manat dövlət rusumu ödəmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin iş № 2(060)- 6348/2022, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddia ərizəsi geri qaytarılmış və ona izah edilmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 (yüz) manat dövlət rüsumu ödəmək əvəzinə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Hal-hazırda qeyd olunan nöqsan tərəfindən aradan qaldırılmış, yəni o əlavə 70.40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumu ödəməklə, cəmi 100 (yüz) manatı iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödəyərək iddia ərizənə əlavə etmişdir. Yuxarıda sadalananlara əsasən hesab edir ki, məhkəmə tərəfindən onunla Cavabdeh3 arasında bağlanmış 25 iyun 2021-ci il tarixli kredit müqaviləsinə almış olduğu 14.000 (on dörd min) manat borc pul Cavabdeh3 tərəfindən tam, hətta artıqlaması ilə ödənildiyi üçün Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X2 30 iyul 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi, borcun Cavabdeh3 ödənilmiş hesab edilməsi və iddia ərizəsinə görə ödədiyi dövlət rüsumlarının, cəmi 100.80 (yüz manat səksən qəpik) manatın Cavabdeh3 aid edilməsi barədə qətnamə qət edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İşə baxan məhkəmə sözügedən qətnaməni qət edərkən ədalət mühakiməsinin hamının qanun və məhkəmə qarşısında bərabərliyi, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini kobud şəkildə pozmuş, öz qətnaməsini məhkəmə iclasında verilmiş izahat və sənədlərlə əsaslandırmamış, eyni zamanda işə baxan məhkəmə onun xeyrinə olan sübutlara (şahid ifadələrinə) hüquqi qiymət verməmiş, digər şahidi X5 dindirilməsinə şərait yaratmamış, son olaraq əsassız olaraq İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni kredit müqaviləsi üzrə borcun onun tərəfindən cavabdehə tam məbləğdə ödənilməsini sübut edə bilməmiş, məhkəməyə bu və ya digər halları təsdiq edən hər hansı sübut təqdim etməməsini əsas olaraq göstərərək, nəticədə qanunsuz, əsassız və analoqu olmayan məhkəmə qətnaməsi çıxarmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə və maraqlı şəxs Cavabdeh1nə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, cavabdeh ünvan 1 ünvanlayaraq prosesə iştirakları olmadan baxılmasını xahiş etmiş, Cavabdeh1 isə iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin və maraqlı şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni kredit müqaviləsi üzrə borcun onun tərəfindən cavabdehə tam məbləğdə ödənilməsini sübut edə bilməməsi, məhkəməyə bu və digər halları təsdiq edən hər hansı sübut təqdim etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, şikayətin təmin edilərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən Sumqayıt şəhəri 3 saylı Notariat Ofisi tərəfindən 8İ-8788 saylı icra qeydinin aparılması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi icra qeydinin ləğvi, borcun ödənilmiş hesab edilməsi barədədir. İddia tələbinin qanuni əsasını “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76 və 79-cu maddələri təşkil edir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən notarius tərəfindən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddətləri keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Notarius tərəfindən icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılmalıdır. Göründüyü kimi qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda – notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissəhissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. Hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə olan borcunu cavabdehə tam məbləğdə ödədiyinə istinad edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1. və 76.2. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə əsasən iddiaçının icra qeydinin ləğvi barədə ərizəsində göstərdiyi halı təsdiq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq icra qeydinin ləğv edilməsi və borcun ödənilmiş hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-911/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-911/2023
31.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver