Məhkəmə qərarları › İş №2(105)-913/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-913/2020

10.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-913/2020 10.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X11 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi X9 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3391/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3391/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı əmlakın özgənin qanunsuz sahibliyindən geri qaytarılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, 1998-ci il istehsallı, “BMW 328 minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı, sedan tipli nəqliyyat vasitəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq, İddiaçı qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək 1998-ci il istehsalı, “BMW 328 minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı, sedan tipli minik avtomobilinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “BMW 328 minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı, sedan tipli minik avtomobilinin cavabdehlərin qanunsuz sahibliyindən geri qaytarılaraq qanuni sahibinə təqdim edilməsi, “BMW 328 minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı, sedan tipli minik avtomobilinin əmtəə görünüşünün itməsinə görə cavabdehlərdən 3000 manat məbləğində pul tutulması, “BMW 328 minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı, sedan tipli minik avtomobilini icarəyə verməklə gəlir əldə edə bilmək hüququndan məhrum olduğu üçün cavabdehlərdən əldən çıxmış fayda kimi 5000 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul olunmasını, cavabdehlərin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin əlamətləri olduğundan barələrində xüsusi qərardad çıxarılmaqla, prokurora xəbər verilməsini xahiş etmişdir. Onun iddia tələbi “BMW 328 minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı, sedan tipli minik avtomobilinin cavabdehlərin qanunsuz sahibliyindən geri qaytarılaraq qanuni sahibinə təqdim edilməsi hissəsində qismən təmin edilmişdir. Lakin qətnamə qanuni qüvvəyə mindikdən sonra məlum olmuşdur ki, mübahisəli nəqliyyat vasitəsi Cavabdeh istifadəsindədir və cavabdeh kimi işə cəlb olunmamışdır. Bu baxımdan həmin qətnamədən iş üzrə maraqlı şəxs Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və şikayət təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin edərkən hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən Cavabdeh kimi işə cəlb etməmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Eyni zamanda apellyasiya məhkəməsi iddiaçıya Cavabdeh qarşı ayrıca iddia tələbi qaldırmaq hüququnu da izah etmişdir. Belə olan halda hesab edir ki, “BMW 328 minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı, sedan tipli minik avtomobili cavabdehin qanunsuz sahibliyindən geri qaytarılaraq qanuni sahibinə təqdim edilməlidir. Həmçinin hesab edir ki, əgər doğrudan da Cavabdeh “BMV 328 minik” markalı, ** OR *** dövlət qeydiyyat nişanlı, sedan tipli minik avtomobilini əldə edərkən hər hansı məbləğ ödəmişdirsə, dəymiş zərərlə bağlı cavabdeh şəxslərə qarşı mülki qaydada iddia qaldırmaq hüququna malikdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan faktlara düzgün qiymət verməmişdir. Belə ki, qətnamədə avtomobilin İddiaçı qanuni sahibliyində olması, onun öz əmlakından sərbəst istifadə etməsinin başqa şəxslərin hüquqlarını pozmadığı, hüquqdan suiistifadə olmadığı göstərilmişdir. Halbuki iddiaçının faktiki olaraq özünə məxsus olmayan, razılıq əsasında digər şəxsə sataraq dəyərinin müəyyən hissəsini aldığı avtomobillə bağlı digər üçüncü şəxslə arasında olan pul mübahisəsinə görə avtomobili ondan geri tələb etməsi onun hüquqlarını pozmaqla yanaşı, iddiaçının özü tərəfindən ona verilmiş hüquqdan suiistifadəyə gətirib çıxarır. Hazırki mübahisə üzrə iddiaçı avtomobilə dair mülkiyyət hüququnun qeydiyyatının onun adında qaldığından istifadə edərək Rəşad Vəliyevlə arasında olan pul mübahisəsinə görə, Rəşad Vəliyevin həbsdə olması səbəbi ilə ona şəxsən özü tərəfindən etibarnamə verərək satılmasını təsdiq etdiyi avtomobili ondan geri tələb edərək, əsassız varlanmaqla yanaşı, digər şəxslə arasında olan pul mübahisəsini onun hüquqlarını pozmaqla həll etməyə çalışır. Qeyd etdiyi hallar işdə olan sübutlarla yanaşı, iddiaçının özü tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsində, həmçinin məhkəmə iclasında iddiaçı tərəfin verdiyi izahatla da öz təsdiqini tapmışdır. Qətnamədə onun nəqliyyat vasitəsinə hər hansı hüququnun olmadığı göstərilmişdir. Halbuki o, “BMW 328 minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx xxx 2016-cı il tarixdə X12 və X10 6000 manata dəyərini ödəməklə satın almış və avtomobil həmin gündən onun faktiki sahibliyində və istifadəsində olmuşdur. Avtomobilin alqı-satqısını onlar etibarnamə verilməsi yolu ilə rəsmiləşdirmişlər. Sonradan həmin etibarnamənin müddəti bitdiyindən İddiaçı özü şəxsən həmin nəqliyyat vasitəsinə dair ona xx.xx.2017-ci il tarixli etibarnamə vermişdir. Həmin etibarnamədə avtomobili yalnız idarə etmək deyil, həmçinin satmaq və digər formada özgəninkiləşdirmək səlahiyyətləri də ona verilmişdir. Göründüyü kimi, iddiaçının özü tərəfindən şəxsən avtomobilə dair sərəncam vermək hüququ ona verilməklə, avtomobil faktiki olaraq onun mülkiyyətinə verilmişdir. İddiaçı tərəfindən ona etibarnamə verildiyindən, sonradan belə bir problemlə üzləşəcəyini güman etməmiş, buna görə də iddiaçıya inanaraq avtomobil üzərində mülkiyyət hüququnu rəsmiləşdirməmişdir. Bütün bu müddət ərzində avtomobilə onun tərəfindən şəxsi əmlakı olduğu üçün xərclər çəkilmiş, yaxşılaşdırılması üçün işlər görülmüşdür. Lakin sonradan, yəni xx xxxxxx 2018-ci il tarixdə avtomobilin əvvəlki sahibi İddiaçı və X14 avtomobilin geri qaytarılmasına dair X13 və X8 qarşı iddia qaldırmalarını, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin qismən, nəqliyyat vasitəsinin geri qaytarılması hissəsində təmin edilməsini bilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(103)-6138/2019 saylı qətnaməsinə əsasən onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmuş, həmçinin iddiaçılara cavabdehlərə qarşı öhdəliyin icra olunmayan hissəsinə münasibətdə onun icrasına - pul tələbinə dair və ya əsl olan tərəfə qarşı hazırki tələblərlə bağlı ümumi qaydada birinci instansiya məhkəməsində iddia vermək hüququnun olması izah edilmişdir. Həmin qətnamədə həmçinin iddiaçıların geri qaytarılmasını tələb etdikləri “BMW 328” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmi olaraq hazırda iddiaçıların adına qeydiyyatda olsa da, iddiaçıların maşını satmaq niyyətlərinin olması və iradələrinə uyğun, lakin baş etibarnamə verilməsi qaydasında satılması, iddiaçıların maşını X2, sonuncunun isə maşını X1, onun da öz növbəsində xx.xx.2016-cı il tarixdə qüvvədə olan baş etibarnamə əsasında həmin maşını 6000 manata ona satması, bu özgəninkiləşdirmələrin də baş etibarnamə verilməsi yolu ilə həyata keçirilməsi, ona verilmiş etibarnamə qüvvədə olduğu müddətdə maşını öz adına sənədləşdirə bilmədiyi, bu səbəbdən də iddiaçılara müraciət etməyi, xx.xx.2017-ci ildə iddiaçının maşına dair ona yeni baş etibarnamə verməsi, maşının xx.xx.2016-cı il tarixdən onun sahiblik və istifadəsinə keçməsi, iddiaçının maşının ona satılmasından məlumatlı olması işin mübahisəsiz halları kimi müəyyən edilmişdir. Həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir və qətnamə qanuni qüvvəsini almışdır. Bununla belə, iddiaçının cavabdehlərə qarşı öhdəliyin icra olunmayan hissəsinə münasibətdə icrasına, yəni pul tələbinə dair iddia qaldırmağı ədalətli və əsaslı olacağı halda, formal olaraq adında qeydiyyatda qalmış əmlakın ona geri qaytarılmasına dair iddia qaldırmaqla artıq özünə məxsus olmayan əmlakın geri qaytarılmasına nail olmaqla, əlavə xeyir əldə etməyə çalışır. Məhkəmə tərəfindən iddiaçının iddia tələbi təmin edilərək, faktiki olaraq ona məxsus olan əmlakın iddiaçının adında qeydiyyatda qaldığı əsası ilə geri qaytarılmasının əsaslı hesab edilməsi, onun dəyərini ödəyərək aldığı və uzun müddətdir daimi istifadəsində olan əmlakından məhrum olmağına səbəb olacaqdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı nümayəndəsi X14 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən mübahisəli nəqliyyat vasitəsinin iddiaçıya məxsus olmasına, iddianın təmin edilməsi üçün əsasların olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı və X14 iddia ilə məhkəməyə müraciət edərək “BMW 328 minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X15 və X5 alınıb ona geri qaytarılması, avtomobilin əmtəə görünüşünün itməsinə görə cavabdehlərdən 3000 manat məbləğində pul tutulması, avtomobili icarəyə verməklə gəlir əldə edə bilmək hüququndan məhrum olduğu üçün cavabdehlərdən əldən çıxmış fayda kimi 5000 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul olunmasını, cavabdehlərin hərəkətlərində cinayət əməlləri mövcud olduğundan barələrində xüsusi qərardad çıxarılmaqla, prokurora xəbər verilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(011)-7251/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək “BMW 328 minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X15 və X5 alınaraq İddiaçı qaytarılması qət edilmiş, iddia tələbləri qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2019-cu il tarixli, 2(103)-6138/2019 saylı qətnaməsinin surətindən görünür ki, maraqlı şəxs Cavabdeh apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7251/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı və X9 cavabdehlər X15 və X8 qarşı maşının geri qaytarılması və sairə dair iddia tələbləri təmin edilməmiş, iddiaçıların hazırki cavabdehlərə qarşı öhdəliyin icra olunmayan hissəsinə münasibətdə onun icrasına-pul tələbinə dair və ya əsl olan tərəfə qarşı hazırki tələblə bağlı ümumi qaydada birinci instansiya məhkəməsində iddia vermək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 36 saylı notariat kontorunda xx xxxxxx 2017-ci il tarixdə təsdiq edilərək 7E-1182 sayla reyestrdə qeydə alınmış etibarnamənin surətindən görünür ki, İddiaçı “BMW 328 minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyə, bağışlamağa, ipoteka qoymağa, onun üzərində sərəncam verməyə, qeydiyyata salmağa, qeydiyyatdan çıxarmağa, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyə və digər hərəkətlər etməyə dair, etibarnamə ilə səlahiyyəti başqa şəxsə vermək hüququ ilə 1 il müddətinəxx.xx.2018-ci il tarixə kimi Cavabdeh etibarnamə vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “BMW 328 minik” markalı, **- OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı oğludur, həmin avtomobil onun mülkiyyətindədir, iddiaçı sonradan avtomobili etibarnamə əsasında Cavabdeh vermiş, etibarnamənin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir, hazırda qeyd edilən avtomobil Cavabdeh faktiki sahibliyindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə görə mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində avtomobili etibarnamə əsasında xx.xx.2016-cı il tarixdə X3 6000 manata satın almasını qeyd etsə də, məhkəmə kollegiyası hesab edir ki, onun bu dəlili iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MM-nin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əmələ gəlməsi üçün mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqısatqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Cavabdehin mübahisəli avtomobili rəsmi qaydada alması iş materialları ilə sübut olunmur, eləcə də cavabdeh apellyasiya şikayətinə buna dair hər hansı sənəd əlavə etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3391/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar