Məhkəmə qərarları › İş №2(105)-92/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-92/2023

25.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-92/2023 25.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 qarşı istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(060)- 6957/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Aynur Behbudova) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 9Q nömrəli evin, 47 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 9Q nömrəli evin, 47 saylı mənzili İddiaçı ASC-nin mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 hal-hazırda İddiaçı ASCnin mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. Bunun nəticəsində mülkiyyətçinin qanunla qorunan daşınmaz əmlaka dair mülkiyyət hüququ,yəni əmlaka sahiblik, ondan istifadə etmək və sərəncam vermək hüquqları məhdudlaşır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onların iclaslarda iştirakını qərəzli şəkildə məhdudlaşdırmış, formal olaraq mübahisə edilən və yaşamadığı ünvana poçtun çatmayacağını bilə-bilə bildiriş göndərmişdir. Halbuki məhkəmədə “elektron məhkəmə” informasiya sistemi mövcuddur, ən sonuncu halda belə iddiaçı bankda onların mobil nömrələri mövcuddur. Sms bildiriş göndərilə və ya zəng edib məlumat verilə bilərdi. Onlara lazımi qaydada məlumat verilmədən məhkəmə işə baxmışdır və bu da həmin məhkəmə qərarının ləğvi üçün əsasdır. Məhkəmə tərəfindən mübahisə edilən mənzilin mülkiyyət hüquqlarının iddiaçı tərəfindən necə əldə olunması araşdırılmamışdır. Əgər məhkəmə iclaslarında iştirakı təmin edilsə idi, hətta məhkəmənin keçirilməsi ilə bağlı hər hansı məlumatı olsa idi bu barədə sübutları məhkəməyə təqdim edə bilərdi. Mənzilin açıq hərracda satılması ilə bağlı hərracların yeri və vaxtı barədə ona məlumat verilməmişdir. Hesab edir ki, bu hissədə qanunvericiliyin tələbi pozulmuş, onun hərrac prosesslərində iştirakı təmin olunmamışdır. Bu barədə “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və iş hal-hazırda hakim İlkin Rüstəmli tərəfindən araşdırılır, məhkəmə prosesi davam edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddianın təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni cavabdehlərin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməməsi ilə əsaslandırmışdır. Cavabdeh1 bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmiş və şikayətinin dəlillərindən biri də məhkəmə iclası barədə məlumatlandırılmaması olmuşdur. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası keçirilmiş, Cavabdeh1 məlumatlandırılmadan, xəbərnamə əldə edilmədən, onun iştirakı olmadan iddia tələbinə baxaraq qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). İşdən göründüyü kimi mübahisəyə baxılarkən cavabdehin iştirakı lazımı qaydada təmin edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, mübahisəli mənzil kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit borcu üzrə tutma mübahisəli mənzilə yönəldilmiş və mənzil hərrac nəticəsində iddiaçının mülkiyyətinə keçmişdir. Baxılan iş üzrə iddia tələbi isə cavabdehlərin istifadə hüququna xitam verilməsi barədədir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun 59.4-cü maddəsinə görə, həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi qeyd olunan mənzil hərracın nəticəsində iddiaçının mülkiyyətinə keçdiyindən cavabdehlərin həmin mənzilə istifadə hüquqları itirilmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə istifadə hüquqlarının qalması iddiaçının həmin əmlak üzərindəki mülkiyyət hüququnun həyata keçirilməsinin məhdudlaşdırıldığını qaçılmaz etdiyindən, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar